Ş Ə R Q A R A Ş D I R M A L A R I, 2019, №1
UOT82-1.512.162
NİZAMİ GƏNCƏVİ VƏ “KƏLİLƏ VƏ DİMNƏ” MÖVZULARI
Təhminə BƏDƏLOVA*
Açar sözlər: “Kəlilə və Dimnə”,Nizami, “Xosrov və Şirin”, mövzu, süjet, ideya, müqayisə
Hikmətamiz və dərin fəlsəfi, tərbiyəvi-didaktik əhvalat və rəvayətlər Qədim Şərq ədəbiyyatının ən qədim örnəklərində yer almışdır. Müxtəlif dillərə tərcümə edilərək ayrı-ayrı ölkə və məmləkətlərə yayılıb dünya xalqlarının mədəniyyətinə təsir göstərərək lokal ədəbi-bədii ənənələrlə qaynayıb-qarışmış bu bədii söz nümunələri zaman-zaman nəsillərin və yayıldığı ölkələrin mədəni dəyərlərini də əxz edərək yeni süjet və obrazlarla zənginləşmiş, bəşəriyyətin ümumi sərvətinə çevrilmişdir. Təqribən III-IV əsrlərdə Hindistanda yaranmış və bu gün bütün dünyada məşhur olan “Kəlilə və
Dimnə” də Şərqin dünyanın fikir və söz xəzinəsinə bəxş etdiyi dəyərli bədii örnəklərdən biridir.
Alimlərin qənaətinə görə, “Kəlilə və Dimnə” “əvvəlcə xalq arasında yaranıb, sonra müxtəlif kahinlər və guşənişin müdrik filosoflar tərəfindən işlənmişdir” (İbrahimov, 1989, səh.3). Zamanla bu hikmətamiz rəvayətlər fars, ərəb, yunan və latın dillərinə tərcümə edilərək Şərqin sərhədlərini aşmış,
Avropada da yayılmağa başlamış və kitabın Azərbaycan dilinə tərcüməçisi professor Rəhim Sultanovun yazdığı kimi, “5 fəsildən 17-18 fəslə çatmışdır” (Sultanov, 1989, səh.6).
“Kəlilə və Dimnə”nin dünya ədəbiyyatına təsirini təsəvvür etmək üçün professor Rəhim Sultanovun rus alimi R.O.Şorun “Kəlilə və Dimnə”nin 1930-cu il Moskva nəşrinə (rus dilində) yazdığı
ön sözə istinadən verdiyi fikirləri xatırlamaq kifayətdir. “R.O.Şorun fikrinə görə, məşhur rus təmsilçisi Krılov, fransız Lafonten, İntibah dövrü italyan təmsilçiləri, orta əsrlərdə müxtəlif dillərdə yazılmış didaktik-əxlaqi əsərlər, qədim Rusiyada yaradılmış hikmətamiz hekayələr, XVIII əsrdə nəşr
edilmiş lətifələr və s. hamısı bu və ya başqa dərəcədə öz mənşələri etibarilə “Pançatantra” (“Kəlilə
və Dimnə”) ilə əlaqədardır. R.O.Şorun fikrinə görə, yalnız yazılı ədəbiyyat deyil, şifahi xalq ədəbiyyatı, ağızdan-ağıza gəzən təmsil və lətifələr də bu yol ilə əmələ gəlmişdir. O, hətta bunların hansı
yollarla yayıldığını belə göstərir. R.O.Şorun fikrinə görə, “Pançatantra” (“Kəlilə və Dimnə”) yazılı
tərcümə yolundan başqa şifahi şəkildə, əvvəlcə şimal və şərqə doğru yayılaraq Türküstan, Tibet,
Çin, Yaponiya, Seylon (Şri Lanka) və Hind-Çinə, digər tərəfdən bəzən köçəri tayfalar, bəzən isə tacir, səyyah, zəvvar və missionerlər vasitəsilə qərb istiqamətində - İran, Ərəbistan, Kiçik Asiya... buradan Aralıq dənizi sahilləri, Rusiya və Afrikaya, oradan qul zəncilər vasitəsilə Amerikaya aparılır”
(Sultanov, 1989, səh.9).
Qədim hind abidəsinin bəşər mədəniyyətinə, bədii-fəlsəfi və didaktik fikrinə təsirini elə təkcə
“öz nəhəngliyi, bədii dəyəri, dünya ədəbiyyatındakı inkaredilməz mövqeyi nöqteyi-nəzərindən “Kəlilə və Dimnə”dən heç də aşağı olmayan “Min bir gecə” kimi əsərlərin belə “Kəlilə və Dimnə” (Sultanov, 1989, səh.10) mövzularından kənarda qalmaması faktı da bir daha təsdiq edir. Daha sonrakı
dövrlərdə isə, demək olar ki, bütün dünya xalqlarının ədəbiyyatlarında eyni və oxşar mövzulu hekayə, təmsil və nağılların yaranması artıq ənənəyə çevrilir.
filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
e-mail:
[email protected]
*
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
53
FİLOLOGİYA
XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi özündən əvvəl yaranmış maddi-mədəniyyət
nümunələrini, şifahi və yazılı ədəbi örnəkləri dərindən öyrənmiş, mənimsəmiş və hər bir süjet xəttinə, hər bir obraza incəliklə yanaşmış, tamamilə orijinal, yaradıcı yanaşma sərgiləyərək əsrarəngiz
şedevrlər yaratmışdır. Professor Xəlil Yusiflinin də qeyd etdiyi kimi, “Nizami Gəncəvi özünəqədərki elm, mədəniyyət sahəsindəki uğurları yeni insani dəyərlər əsasında əlçatmaz bir yüksəkliyə qaldırmışdır” (Yusifli, 2014, səh.3).
Şübhəsiz ki, şairin yaradıcılığına təsir göstərən mənbələrdən biri də “Kəlilə və Dimnə”dir.
Qədim abidədəki hekayələrdən çıxarılan nəticələrə tezis kimi nəzər salsaq, eyni hökmlərin Nizami
Gəncəvinin yaradıcılığından da qırmızı xətlə keçdiyini görərik:
“İnsanların ən ağıllısı odur ki, müharibənin qarşısını ala bilsin.
...Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışır.
Xoşbəxtlik zəhmət və iradənin, əmək və səyin nəticəsində əldə edilir.
Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir.
Padşahlar üçün kin saxlamaq və yalan danışmaqdan böyük eyib ola bilməz” (İbrahimov,
1989, səh.4) və s.
Şərq ədəbiyyatında “Kəlilə və Dimnə”yə əsasən didaktika, öyüd-nəsihət üçün müraciət olunmuşdur. Maraqlıdır ki, Nizami Gəncəvinin yaradıcılığında şairin qədim hind abidəsinə bələdliyi ayrı-ayrı məqamlarda özünü büruzə versə də, “Kəlilə və Dimnə”yə birbaşa müraciətə “Xosrov və Şirin” məsnəvisində təsadüf edirik. Lakin digər poemalarında da “Kəlilə və Dimnə” ilə səsləşən müdrik kəlam və fikirlərə, hekayələrə rast gəlmək mümkündür. “Kəlilə və Dimnə” ilə tanış olub Nizamini oxuyan (və ya əksinə) diqqətli oxucuda bu məqamlar istər-istəməz assosiasiya yaradır. Məsələn, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasında “Öz oğluna nəsihət haqqında buyurur” hissəsindəki beytlərin, demək olar ki, hər biri ibrətamiz kəlam kimi bu gün də işlənməkdədir. Adı çəkilən bölmədə görkəmli şair Səməd Vurğunun tərcüməsində aforizmə çevrilmiş çox məşhur bir beyt
var: Bir inci saflığı varsa da suda, / Artıq içiləndə dərd verir su da (Nizami Gəncəvi, 2004, səh. 52).
Parçanın orijinal variantına baxaq:
آب ار چه همه زالل خیزد
(767.ص،2731،از خوردن پر مالل خیزد )کلّیات نظامی گنجوی
Sudan bütün zülali (maddələri) əmələ gəlsə də,
(Onu) çox içməkdən məlal (zərər) törəyir.(Nizami Gəncəvi, 1981, səh. 52)
Məlumdur ki, “Kəlilə və Dimnə” nəsrlə yazılsa da, əsərdə, yeri gəldikcə, nəzm parçaları da
verilmişdir. Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından gətirdiyimiz yuxarıdakı beyt
“Kəlilə və Dimnə”dəki “Şah, şahzadə və torağay quşu” hekayəsində işlənən aşağıdakı misralarla
çox yaxından səsləşir.
حیات را چه گوارنده ترزآب ولیک
(232. ص،2737 ،کسی که بیشترش خورد بکشد استسقاش)کلیله ودمنه
Sudan da dünyada saf, təmiz nə var?!
Lakin çox içilsə, insanı boğar. (Kəlilə və Dimnə, 1989, səh. 211)
54
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
Ş Ə R Q A R A Ş D I R M A L A R I, 2019, №1
“Kəlilə və Dimnə”dəki “Siçanlar və zahid” nağılında yuvasında gizlədilmiş qızılların üstə çıxanda cürətlənən və zahidin ərzağına qənim kəsilən siçanın əhvalatından danışılır. Nağılda siçanın
öz dilindən deyilir: “Mənim yuvamda min dinar pul var idi. Bilmirdim onu kim ora qoymuşdu. Lakin həmişə mən onun üstündə o tərəf-bu tərəfə dığırlanırdım, dığırlandıqca da kefim kökəlir, ürəyim
dincəlir, halım yaxşılaşır, fərəhim artırdı. O yadıma düşdükdə özümdə bir şadlıq, ruh yüksəkliyi və
cəsarət hiss edirdim” (Kəlilə və Dimnə, 1989, səh. 140). Bir gün əhvalatı eşidən qonaq siçanın bu
cürətinin səbəbini çözməyə çalışır. “Qonaq yeri qazmağa başladı. Qızıla çatdıqda ev yiyəsinə dedi:
- Siçanı cürətləndirən bu imiş: dövlət ağlın rövnəqi, qüvvətin mənbəyidir. Görərsən, bundan
sonra o siçan artıq hücum edə bilməyəcəkdir” (Kəlilə və Dimnə, 1989, səh. 141). Bu sözləri eşidəndə siçan bədənində bir zəiflik, ruhunda bir süstlük hiss edir.
Zənnimizcə, Nizaminin “Sirlər xəzinəsi” poemasındakı “Harun ər-Rəşid və dəlləyin hekayəti”nin motivlərinin məhz “Kəlilə və Dimnə”dəki bu rəvayətdən qaynaqlandığını söyləsək, səhv etmərik. “Sirlər xəzinəsi”ndəki hekayədə xəlifənin qızını istəyən dəlləyin cəsarətindən xəbər tutan vəzir onun bu hərəkətini “yəqin onun ayağı xəzinə üstündədir” - deyə izah edir. Nizaminin bu əhvalatdan çıxartdığı qənaət həm də bu idi ki, bəzən var-dövlət insanı ədəbsizliyə sürükləyə bilir:
چون قدم از منزل ا ّول برید
گونۀ حجاّم دگر گونه دید
کم سخنی دید دهن دوخته
)176. ص.2661 .چشم و زبانی ادب آموخته(نظاکی
Dəllək qədəmini əvvəlki yerindən götürən kimi
(Xəlifə) onun sifətini (tamamilə) başqa cür gördü.
O, ağzı tikilmiş, azdanışan bir adam gördü,
Onun gözlərindən və dilindən ədəb yağırdı. (Nizami, 2014, səh.226)
Nizamişünas alim R.Azadə yazır ki, “Sirlər xəzinəsi”ndəki bir çox hekayətlər (“Ovçu, it və
tülkü dastanı”, “Meyvə satanla tülkünün nağılı”, “Bülbül və qızılgülün dastanı” və s.) nəzərimizcə
məhz “Kəlilə və Dimnə”yə daxil olan bəzi parçalarla səsləşir” (Azadə R., 1979. səh.164).
Təbii ki, “Xəmsə”yə daxil olan poemaların hər birindən belə misallar gətirmək olar. “Xosrov
və Şirin”də isə müəllif bütöv bir fəsli “Kəlilə və Dimnə” nağıllarının bir növ “qısa nəqlinə” həsr etmiş, onlardan çıxan nəticəni incələmişdir. Akademik Teymur Kərimli “Sirlər xəzinəsi” kimi fəlsəfididaktik poemadan sonra məhəbbət dastanı yazmaq sifarişi alan və bu işin öhdəsindən məharətlə
gələn şairin istedadına yüksək qiymət verərək yazır: “...Nizaminin dahiliyi ondadır ki, qələmi janrın
formal tələbləri ardınca sürünmür, əksinə, janrı qələmin tələblərinə tabe etdirməyi bacarır. Nizaminin “Xosrov və Şirin”i həvəsnamə çərçivələrini vurub dağıdaraq ülvi, yaradıcı, dəyişdirici məhəbbət
haqqında mənzum bədii traktat, bəlkə esse səviyyəsinə qədər yüksələ bilmişdir” (Kərimli. 2018,
səh. 7). Qeyd edək ki, şair poemada “Kəlilə və Dimnə” nağıllarına müraciət etməklə həm bilik və
məlumat dairəsinin əhatəsi haqqında təsəvvür yarada bilmiş, həm də əsərin məzmununa xüsusi bir
rəng qatmışdır.
Poemada Şirin Xosrova nəsihət edərək onu ədalətə, ölkənin, xalqın qeydinə qalan bir hökmdar olmağa çağırır. Xosrov Şirinin niyyətini anlayır:
چو خسرو دید کان یارگرامی
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
55
FİLOLOGİYA
ز دانش خواهد اورانیک نامی
بزرگ ا ّمید را نزدیک خود خواند
(636.ص،2661،با ّمید بزرگش پیش بنشاند )نظامی گنجوی
Xosrov görəndə ki, o əziz sevgilisi
Onun üçün bilikdən yaxşı ad arzulayır.
Büzürgümidi öz yanına çağırdı,
Böyük ümidlərlə onu qarşısında oturtdu. (Nizami Gəncəvi, 1981, səh.308)
Xosrov Büzürgümidi yanına çağırıb onu düşündürən mətləblər barədə suallar verib cavablar
alır. Büzürgümidə təşəkkür edən Şirin ondan Xosrova “Kəlilə və Dimnə”dən də danışmağı xahiş edir:
چو شیرین دیدکان دیرینه استاد
در گنج سخن بر شاه بگشاد
ثنا گفتش کهای پیر یگانه
ندیده چون توئی چشم زمانه
چو بر خسرو گشادی گنج کانی
نصیبی ده مرا نیز ار توانی
کلیدی کن نه زنجیری در این بند
(311.ص،2661،فرو خوان از کلیله نکتهای چند )نظامی گنجوی
Şirin o qoca ustadın söz xəzinəsinin
Qapısını şaha açdığını görcək,
Afərin söyləyib dedi: “Ey yeganə qoca,
Sənin tayını zəmanənin gözü görməyibdir.
Xosrovun üzünə mədən xəzinəsi açdığın kimi,
Bacarsan, mənə də elə bir qismət ver.
Bu bəndə zəncir vurma, bir açar sal,
“Kəlilə”dən mənə bir neçə gözəl nağıl söylə. (Nizami Gəncəvi, 1981, səh.312)
Şirinin dilindən deyilən bu sözlərdən Nizaminin “Kəlilə və Dimnə”nin tərbiyəvi gücünə böyük əhəmiyyət verdiyi anlaşılır. Növbəti hissə isə “Büzürgümidin "Kəlilə"dən qırx incə mətləb söyləməsi” adlanır və maraqlıdır ki, abidədəki hekayətlər orijinaldakı ardıcıllıqla xatırlanır. Yəni, hekayələrin bilavasitə məzmunu danışılmır, onlardan hasil olan ibrətamiz qənaətlərə işarələr edilir.
Burada şair klassik Şərq poetikasının təlmih bədii fiqurundan istifadə etmişdir. AMEA-nın
müxbir üzvü Nüsabə Araslı yazır ki, “Nizami poetikasının şairin elmi-fəlsəfi görüşləri, Şərq xalqlarının mifoloji baxışları, müxtəlif rəvayət, dini-tarixi əhvalat, əfsanə və tarixi hadisələrlə bağlılığı kimi mühüm cizgisi onun işlətdiyi təlmihlərdə özünü daha parlaq göstərməkdədir” (Araslı, 2004,
səh.376). Qeyd edək ki, təlmih poetik fiquru bədii əsərlərin obraz zənginliyinin xüsusi önəm kəsb
etdiyi orta əsrlərdə klassik sənətkarların ən çox diqqət yetirdiyi və bəhrələndiyi ifadə vasitələrindən
biri idi. Çünki bu poetik fiqur müəllifin həm məlumat, elm və bilik dairəsinin, həm öyrənib mənimsədiklərindən istifadə bacarığının, daha əvvəl yaranmış ədəbi-bədii örnəklərə yaradıcı yanaşma istedadının və sair xüsusiyyətlərinin göstəricisi idi. Burada, eyni zamanda, işarə edilən tarixi-əfsanəvi,
ədəbi olaya müəllif münasibəti də özünü göstərirdi. Azərbaycan poeziya məktəbinin görkəmli davamçısı və ən mütərəqqi prinsiplərinin yaradıcısı olan Nizami Gəncəvi yaradıcılığında da, az öncə
deyildiyi kimi, elmin müxtəlif sahələrinə, nücum və tibbi biliklərə, coğrafi-geoloji kəşflərə, xalq əfsanə və rəvayətlərinə, daha əvvəl yaranmış yazılı bədii qaynaqlara işarələr edilmişdir. Yazıçının is56
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
Ş Ə R Q A R A Ş D I R M A L A R I, 2019, №1
tifadə etdiyi təlmihlərin bir mühüm əhəmiyyəti də oxucunun bilik dairəsini genişləndirməyə xidmət
etməsi idi. Nüşabə Araslının qeyd etdiyi kimi, təlmih həm də “məlum olanı təkrar etməmək üçün
poetik bir çıxış yolu” (Araslı, 2004, səh.380) idi. Bundan başqa, şair oxucusuna çatdırmaq istədiyi
ideyanı illüstrativ şəkildə göstərməklə tərbiyəvi-didaktik təsir gücünü daha da artırır, onu düşünməyə, nəticə çıxarmağa sövq edirdi.
Qeyd etdiyimiz kimi, Nizami Gəncəvi də “Xosrov və Şirin” məsnəvisində Büzürgümidin dili ilə qədim Şərq abidəsi “Kəlilə və Dimnə”dən əhvalatlar danışarkən bu abidənin məşhur hekayələrinə diqqəti məhz təlmih yolu ilə cəlb edir. “Belə təlmihlər əgər bir tərəfdən, Nizami əsərlərinin
məzmununu zənginləşdirirsə, digər tərəfdən, şairi uzun-uzadı təsvirlərdən çəkindirir” (Araslı, 2004,
səh.381).
بزرگ امید چون گلبرگ بشکفت
(312.ص،2661،چهل قصه بچل نکته فرو گفت )نظامی گنجوی
Büzürgümid gül yarpağı kimi güldü,
Qırx hekayəni qırx incə mətləb ilə söylədi. (Nizami Gəncəvi, 1981, səh., 313)
Bundan sonra bəhsin axırına kimi hər bir beytdə bir hekayənin məzmun və mahiyyətinə işarə
edilir və nəticə göstərilir. Lakin bir incə məqamı da qeyd edək ki, şairin çatdırmaq istədiyi fikri anlamaq üçün məhz “Kəlilə və Dimnə”dəki müvafiq hekayətin məzmununu bilmək şərtdir. Yəni Nizaminin oxucusu kifayət qədər mütaliəli və hazırlıqlı olmalıdır. Əslində şairin təfsilata ehtiyac duymamasının səbəblərindən biri də bu idi ki, hələ o dövrdə “Kəlilə və Dimnə” mövzuları çox geniş
yayılmışdı və məlumatlı, mütaliəli oxucu üçün adi bir işarə ilə onu xatırlamaq və anlamaq çətin deyildi. Deyilənlər barədə aydın təsəvvür yaratmaq üçün bunlardan birinə - “Balıqudan quş və xərçəng” ( )مرغ ماهی خوار و خرچنگhekayəsinin xatırlandığı beytə diqqət edək:
همان پاداش بینی وقت نیرنگ
(311.ص،2661،که ماهی خوار دید از چنگ خرچنگ )نظامی گنجوی
Hoqqabazlıq etsən, haman cəzanı görərsən ki, (onu)
Balıqudan xərçəngin çəngindən gördü. (Nizami Gəncəvi, 1981, səh.313)
Gördüyümüz kimi, şair əsərin məzmununu nəql etmir, amma ideyasından istifadə edərək fikrini orijinal şəkildə çatdıra bilir: bir çox adamlar öz hiylə və kələkləri üzündən həlak olurlar. Məlumdur ki, “Balıqudan və xərçəng” nağılında balıqları xilas etmək adı ilə onları bir-bir aparıb yaxınlıqdakı təpənin arxasında yeyən balıqudanın hiyləsinin üstü açılır və o, nəhayətdə kələkbazlığının
qurbanı olur. Şair bir beyt daxilində həm bu hekayəni “nəql edir”, həm də oxucusuna öyüd verir ki,
hoqqabazlıq etsən, sənin də aqibətin həmin bu balıqudan kimi olar.
Beləcə şair qırx beyt daxilində “Kəlilə və Dimnə”yə səyahət edir, orijinaldakı ardıcıllığı əsasən gözləməklə hekayədən hekayəyə keçir. Fəsil çox ibrətamiz sonluqla bitir. Bu hekayələri dinləyən Xosrov o zamanadək etdiyi zülmlərdən peşman olur, ölkəni ədalətlə idarə etməyə başlayır. Deməli, ibrətamiz söz öz işini görmüş, hökmdarın düşüncə və fəaliyyətinə təsir edə bilmişdir.
چو بر گفت این سخن پیر سخنسنج
دل خسرو حصاری شد بر این گنج
پشیمان شد ز بدعتهای بیداد
(313.ص،2661،سرای عدل را نو کرد بنیاد )نظامی گنجوی
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
57
FİLOLOGİYA
Söz tanıyan qoca bu sözü deyəndən sonra,
O xəzinədən Xosrovun ürəyinə bir hasar çəkildi.
Etdiyi zülmlərdən peşiman oldu,
Ədalət binasının bünövrəsini təzələdi. (Nizami Gəncəvi, 1981, səh.315)
Bir neçə kəlmə ilə də “Xosrov və Şirin” əsərinin sözügedən fəslinin filoloji tərcüməsindəki
bəzi mübahisəli məqamlara diqqəti yönəltmək istərdik. Məlumdur ki, poemanın filoloji tərcüməsi
professor Həmid Məmmədzadəyə məxsusdur. Gərgin əməyin nəticəsi olan və 1981-ci ildə nəşr olunan filoloji tərcümə, şübhəsiz ki, “Xosrov və Şirin”inin Azərbaycan dilinə sonrakı bədii tərcümələri
və elmi araşdırmalar üçün əsas mənbə olmuşdur və bu gün də öz qiymətini saxlamaqdadır. Lakin
qeyd edək ki, haqqında bəhs etdiyimiz hissədə bəzi cüzi qeyri-dəqiqliklər də vardır ki, bunları göstərmək lazımdır. Məsələn, “Qarğa və bayquş” ( )زاغ و بومhekayəsindən bəhs edən beytə diqqət edək:
رها کن حرص کاین حمال محروم
(317.ص،2661،نسازد با خرد چون زاغ با بوم )نظامی گنجوی
H.Məmmədzadə beytin filoloji tərcüməsini aşağıdakı kimi vermişdir:
Tamahdan əl çək, bu məhrum hambal (yəni dünya),
Qarğa ilə bayquş kimi ağılla uyuşmaz. (Nizami Gəncəvi, 1981, səh.314)
Məlumdur ki, adı çəkilən hekayətdə qarğalarla bayquşların düşmənçiliyinin tarixçəsindən –
quşların bayquşu özlərinə şah seçmək niyyətlərindən və qarğanın buna mane olmasından bəhs olunur. Bizcə, beytdəki “hambal” sözünün “dünya” kimi mənalandırılması doğru deyildir. Burada müəllif “bu məhrum hambal” deyərkən tamahı nəzərdə tutmuşdur. Yəni qarğa ilə bayquş kimi tamah
və hərislik də ağılla yola getməz.
Və yaxud “Zahidin sədaqətli rasunu öldürməsi” ( )کشتن زاهد راسوی امین راhekayəsində də eyni
vəziyyətlə rastlaşırıq:
به ار با عذر آن زاهد کنی پشت
(316.ص،2661،که راسوی امین را بیگنه کشت )نظامی گنجوی
Zahidin o hiyləsinə dal çevirmək lazımdır ki, o,
Doğru danışan rasunu günahsız öldürdü. (Nizami Gəncəvi, 1981, səh.314)
Əslində burada rasunun doğru danışmasından söhbət getmir. Evə qayıdan zahid qana bulaşmış gəlinciyi gördükdə elə bilir ki, heyvancıq oğlunu qətlə yetirmişdir. Ağlı başından çıxan zahid
heç bir sorğu-sual etmədən çomağı qaparaq gəlinciyin (rasunun – dələ cinsindən olan heyvan) başını əzir. Sonra isə uşağın salamat, ilanın parça-parça doğrandığını görüb məsələni anlayır. Saçını yolub sinəsini didir, lakin sonrakı peşmançılıq fayda vermir. Orijinalda da“ ”راسوی امینifadəsi işlədilmişdir ki, “ – ”امینsözünün hərfi mənası inanılmış, etibarlı, sədaqətli, vəfalı deməkdir. Hekayənin
məzmununa da məhz bu məna uyğun gəlir. Odur ki, beytin ikinci misrasının tərcüməsi belə olmalıdır: Sədaqətli rasunu günahsız öldürdü.
“Şirin ova getməsi və balalarının ovlanması” ( )های اورفتن شیر به شکار و شکار شدن بچهhekayəsindən bəhs edən beytin tərcüməsində də eyni hal ilə qarşılaşırıq:
به خونخواری مکن چنگال را تیز
(313.ص،2661،کز این بیبچه گشت آن شیر خونریز )نظامی گنجوی
58
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
Ş Ə R Q A R A Ş D I R M A L A R I, 2019, №1
Caynağını qan axıtmaqla itiləmə (necə ki)
O qaniçən şir belə etməklə caynaqsız qaldı. (Nizami Gəncəvi, 1981, səh. 315)
Nizami Gəncəvinin işarə etdiyi bu nağılda iki balası ilə yaşayan şirin əhvalatından bəhs
olunur. Bir gün şir ovdan qayıdarkən balalarının ovçu tərəfindən öldürülüb dərilərinin soyulduğunun şahidi olur. Ah-fəğan edən şirə çaqqal belə cavab verir: “Özünü öldürüb ah-fəğan qoparma,
sakit ol və öz elədiklərini gözlərinin qabağına gətir... Sən başqalarına daha ağır zülmlər edibsən.
...Əgər işin aqibətini fikirləşib qan tökməkdən əl çəksə idin, belə bir müsibət sənə üz verməzdi”
(Kəlilə və Dimnə, 1989. səh. 229). Gördüyümüz kimi, hekayədə şirin “caynaqsız” deyil, övladsız
( )بچهبیqalmasından söhbət gedir. Ona görə də beytin daha dəqiq tərcüməsi belə olmalıdır: Qan
içmək üçün caynağını itiləmə ki, / Bu üzdən o qanaxıdan şir övladsız qaldı.
Daha öncə də qeyd etdiyimiz kimi, poemada Büzürgümid “Kəlilə və Dimnə”dən qırx hekayə
nəql edir. Lakin bir maraqlı məqam da var ki, “Xosrov və Şirin”in elmi-tənqidi mətnlərində
(L.Xetaqurov, V.Dəstgirdi, B.Zəncani) və Azərbaycan dilinə filoloji və poetik (H.Məmmədzadə,
R.Rza), türk dilinə nəsrlə (S.Sevsevil) tərcümələrində də hekayələrin sayı eyni qalsa da, seçimdə
fərq vardır. Bəzən isə beytlərin yeri dəyişdiyindən hekayələrin ardıcıllığında da fərqlər yaranmışdır.
Belə ki, L.Xetaqurov, B.Zəncaninin müəllifləri olduqları elmi-tənqidi mətnlərdə, Azərbaycan dilinə
filoloji tərcümədəki aşağıdakı beyt V.Dəstgirdi variantında və S.Sevsevilin tərcüməsində yoxdur.
ز بیماری بدانائی رهد تن
(317.ص،2661،چو زان مرد پلید آن پارسا زن )نظامی گنجوی
Xəstəlikdən bədən biliklə qurtarar,
O murdar kişidən o təmiz qadın canını qurtardığı kimi. (Nizami. 1981. səh. 314)
Bu beyt “Kəlilə və Dimnə”dəki Mərzban adlı bir kişinin Bahariyə adlı gözəl və kamallı,
ismətli arvadının nökərin şərindən necə qurtulmasından bəhs edən hekayəyə işarə edir.
“Erkək göyərçinin dişi göyərçini öldürməsi” ( )کشتن کبوتر نر کبوتر ماده راhaqqındakı hekayə isə
L.Xetaqurov, B.Zəncaninin elmi-tənqidi mətnlərində və əsərin Azərbaycan dilinə edilmiş filoloji
tərcüməsində yoxdur, V.Dəstgirdi variantında və S.Sevsevilin tərcüməsində isə var.
مزن بیپیشبینی بر کس انگشت
(.نظامی گنجوی1372776.ص.) چنان کان نر کبوتر ماده را کشت
“Bir şeyi anlamadan kimseye fena zanda bulunma; erkek güvercinin dişi güvercini öldürməsi
gibi...” (Nizami, 2012, səh.369).
Nəticə. XII əsr Azərbaycan şairi Nizami Gəncəvi Qədim Şərq ədəbiyyatının bütün dünyaya yayılmış incisi olan “Kəlilə və Dimnə”dəki nağılları öz əsərlərində geniş təfsilatı ilə təsvir etməsə də, onların
ideyasından məharətlə bəhrələnmiş, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir insanda mənəviəxlaqi dəyərlərin tərbiyə edilməsində bədii-poetik sözün gücündən istifadənin ən gözəl nümunəsini əyani şəkildə göstərmişdir. Nizami Gəncəvinin yaradıcılığında şairin qədim hind abidəsinə bələdliyi ayrıayrı məqamlarda özünü büruzə versə də, “Kəlilə və Dimnə”yə birbaşa müraciətə “Xosrov və Şirin”
məsnəvisində təsadüf edirik. Məqalədə “Kəlilə və Dimnə” mövzularının Nizami Gəncəvinin yaradıcılığına təsiri məsələsinə toxunulmuş, dahi söz ustadının öz məşhur sevgi dastanında hind xalqının yaratdığı, yüksək tərbiyəvi-əxlaqi, didaktik əhəmiyyətə malik rəvayət və hekayətlərin yer aldığı müdrik xəzinəyə yanaşma orijinallığından, ondan bəhrələnmə özəlliklərindən bəhs edilmişdir. Yeri gəldikcə, məsnəviELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
59
FİLOLOGİYA
nin “Kəlilə və Dimnə” nağıllarından bəhs edən hissəsində əsərin filoloji tərcüməsi və elmi-tənqidi mətnlərindəki fərqlər də göstərilmişdir. Tədqiqat zamanı müqayisəli metoddan və hermenevtikadan istifadə
olunmuş, “Xosrov və Şirin” poemasının elmi-tənqidi mətnləri və filoloji tərcüməsinə, “Kəlilə və Dimnə”nin fars və Azərbaycan dillərindəki tərcümə mətnlərinə, mətnşünaslıq və Şərq poetikasına aid elminəzəri ədəbiyyata müraciət edilmişdir.
ƏDƏBİYYAT
1. Araslı Nüşabə. Nizaminin poetikası. Bakı, “Elm”, 2004. 454 səh.
2. Azadə R. Nizami Gəncəvi: həyatı və sənəti. Bakı, “Elm”, 1979. 211 səh.
3. İbrahimov Mirzə. Böyük ədəbi abidə. // Kəlilə və Dimnə. Bakı, Azərbaycan Sovet
Ensiklopediyasının Baş Redaksiyası, 1989. səh. 3-5.
4. Kəlilə və Dimnə. Bakı, Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1989. 328 səh.
5. Kərimli Teymur. Məhəbbət və insanlıq dastanı. // Nizami Gəncəvi. Xosrov və Şirin.
Tərcümə edəni Rəsul Rza. Bakı, “Şərq-Qərb”, 2018. səh. 7-12.
6. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə Rüstəm Əliyevindir. Bakı, Qanun
Nəşriyyatı, 2014. 328 səh.
7. Nizami Gəncəvi. Xosrov və Şirin. Tərcümə edən Rəsul Rza. Bakı, “Lider nəşriyyat”, 2004.
392 səh.
8. Nizami Gəncəvi. Xosrov və Şirin. Filoloji tərcümə Həmid Məmmədzadənindir. Bakı, “Elm
nəşriyyatı”, 1981. 376 səh.
9. Nizami Gəncəvi. Leyli və Məcnun. Tərcümə edəni Səməd Vurğun. Bakı, “Lider
Nəşriyyat”, 2004. 288 səh.
10. Nizami Gəncəvi. Leyli və Məcnun. Filoloji tərcümə Mübariz Əlizadənindir. Bakı, “Elm”
nəşriyyatı, 1981. 300 səh.
11. Nizami. Hüsrev ile Şirin. Çevirmen: Sabri Sevsevil. İstanbul, Kabalcı Yayıncılık, 2012.
418 səh.
12. Sultanov Rəhim. Misilsiz hind əfsanəsi. // Kəlilə və Dimnə. Bakı,Azərbaycan Sovet
Ensiklopediyasının Baş Redaksiyası, 1989. səh. 6-15.
13. Yusifli Xəlil. Nizami Gəncəvi və onun “Yeddi gözəl” poeması. // Nizami Gəncəvi. Yeddi
gözəl. Bakı, Nurlan, 2014. 408 səh.
14.. حسرو و شیرین." "خمسه.نظامیhttps://ganjoor.net/nezami/5ganj/khosro-shirin/sh109
11 .2731، تهران. مطابق نسخۀ تصحیح شدۀ وحید دستگردی.کلّیات نظامی گنجوی
11..2661 . باکو. متن علمی و انتقادی بسعی واهتمام عبدالکریم علی اوغلی علی زاده. مخزن االسرار.نظامی گنجوی
، باکو. الکساندروویچ خه تاقوروف11. ترتیب دهندۀ متن علمی و انتقادی له و.حسرو و شیرین.نظامی گنجوی
.2661
18. .2737 ،کلیله ودمنهElektron nəşr
11 . دکتر برات زنجانی: تصحیح و تعلیقات از.حسرو و شیرین.نظامی گنجوی
.2761 ،تهران
60
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
Ş Ə R Q A R A Ş D I R M A L A R I, 2019, №1
Резюме
|Низами Гянджеви и темы «Калила и Димна»
Тахмина Бадалова
Ключевые слова: «Калила и Димна», Низами, «Хосров и Ширин», тема, сюжет, идея,
сравнение
Азербайджанский поэт XII века Низами Гянджеви предпочитал в своих произведениях
не вдаваться в детальное изображение сказок, входящих в жемчужину древневосточной литературы «Калила и Димна». Однако это не помешало ему мастерски воспользоваться их
идеями, применить в должной мере силу художественно-поэтического слова для духовно-нравственного воспитания людей вне зависимости от их положения в обществе. Усилия эти
увенчались созданием прекрасного художественного творения. Интересно, что в отдельных
случаях в творчестве Низами Гянджеви заметно знакомство поэта с указанным древнеиндийским литературным памятником. Тем не менее, непосредственное обращение к произведению «Калила и Димна» прослеживается в его поэме «Хосров и Ширин». Автор статьи затрагивает вопросы, касающиеся влияния тематики «Калила и Димна» на творчество великого
Низами Гянджеви в его известной поэме о любви, оригинального подхода поэта к преданиям
и рассказам высокого нравственно-воспитательного, дидактического характера, нашедшим
отражение в сочинении индийского народа. Отмечены также детали, относительно воздействия этого произведения на творческую манеру поэта. В тех местах пьесы, которые связаны
со сказками «Калила и Димна», указана разница между отдельными филологическими переводами памятника и научно-критическими текстами, посвященными произведению. При анализе были использованы сравнительный метод и элементы герменевтики. Исследователь обратился также к научно-критическим текстам, посвященным «Хосров и Ширин» и его филологическому переводу. Было уделено внимание переводу произведения «Калила и Димна» на
персидский и азербайджанский языки, научно-теоретической литературе по текстологии и
восточной поэтике.
Summary
Tahmina Badalova
Nizami Ganjavi and Themes of “Kalileh and Demneh”
Key words: “Kalile and Dimne”, Nizami, “Khosrow and Shirin”, theme, plot, idea, comparison
Despite the fact that the 12th century Azerbaijani poet Nizami Ganjavi did not portray fairytales of “Kalileh and Demneh”, pearls of the ancient Oriental literature known all over the world in
detailed form in his works, he has skillfully utilized their idea and demonstrated the most beautiful
example to use the power of poetic speech to educate the spiritual-ethic values in each mankind. It
is known that the familiarity of great Nizami Ganjavi with the ancient Indian monument was proved
in separate moments, his direct address to “Kalileh and Demneh” is realized namely in the novel
"Khosrow and Shirin". The article touched upon the issue of influence of themes related to “Kalileh
and Demneh” to Nizami Ganjavi’s works and at the same time, the originality of approach of the
genius master to the sage treasury containing narrations and stories created by the Indian people
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL
61
FİLOLOGİYA
having highest educative and ethical importance in his famous love saga. In some fragments, the
differences between the philological translation and the scientific-critical text of the poem in the
part relating to the tales of “Kalileh and Demneh” have been demonstrated. During the research, the
author has used the comparative method and hermeneutics; he has also touched upon the scientifically-critical texts and philological translations of the poem “Khosrow and Shirin”, the texts of
“Kalileh and Demneh”, translated into Persian and Azerbaijani languages, as well as the scientifictheoretical literature related to the textual criticism and the Oriental poetics.
62
ELMİ-NƏZƏRİ JURNAL
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ ЖУРНАЛ
SCIENTIFIC-THEORETICAL JOURNAL