Zəngibasar mahalı
Zəngibasar mahalı | |
---|---|
Zəngibasar mahalı — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) ərazisində, İrəvan quberniyasına daxil olan ən böyük mahallardan biri.[1]
Mahal öz adını bu yerləri kəsib gedən Zəngiçayın adından götürüb. Zəngiçay İrəvan şəhərinin Qərbindən keçib, Ağrı vadisindən (dəyişdirilmiş adı Ararat düzənliyi) axaraq Zəngibasar mahalı ərazisində Araz çayına tökülür. Ağrı vadisi boyu Zəngiçayın hər iki tərəfində azərbaycanlı kəndləri mövcud olub. 1930-cu illərin repressiyaları zamanı Zəngibasar mahalının Arazqırağı kəndlərinin əhalisinin böyük bir hissəsi baş götürüb Türkiyəyə köçüb.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Araz çayının sol qolu olan Zəngiçay Göycə (Sevan) gölündən başalayaraq Ağmanqan (Geğam) sıra dağlarının cənub-qərb qurtaracağı yamaclarını yarıb, yaratdığı dərin dərə ilə axaraq 1000-1200 metr mütləq yüksəklikdə İrəvan (Orta Araz) çuxuruna çıxır. Orta dağlıq ərazinin düzənlikdə qovuşduğu hissədən cənub-qərbə, Araz çayının sol sahilinə qədər uzanan düzənlikdə Zəngibasar mahalı yerləşirdi. İlin yaz və payız aylarında vaxtaşırı daşan Zəngiçay yataqboyu yerləşən düzənlik ərazini basırdı. Ona görə də bu yerlər — Zəngiçayın daşqın sularının basdığı ərazi «Zəngibasar» adlandırılmışdı. «Zəngi» coğrafi adı isə türk tayfalarının birinin adından götürülmüşdür. Zəngibasar rayonunun ərazisi şimalda İrəvan şəhər sovetliyi, cənub-şərqdə Qəmərli (Artaşat), cənub-qərbdə Eçmiədzin (Üçkilsə) rayonları ərazisi ilə həmsərhəd idi. Rayondan cənuba axan Araz çayı sağ sahili boyu Türkiyə dövləti ərazisi ilə sərhədlənir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Zəngibasarın (Masis) ərazisi Ermənistanda ən geniş sahəni əhatə edən rayonlardan biri idi. 1938-ci ildə yaranan inzibati rayon idi. 1948-ci ildə Stalinin qərarına əsasən Ermənistandan Azərbaycan SSR ərazisinə məcburi köçürülmüş soydaşlarımızın bir qismi 1960-cı illərdə yenidən vətənə qayıdılar.
1920-1988-ci illərdə azərbaycanlıların başının üstündən rus imperiyasının qılıncı asılmışdı. 1988-ci il noyabr ayının son dörd-beş günü ilə dekabr ayının ilk bir-iki günləri arasında azərbaycanlıların bütün Ermənistanda olduğu kimi Zəngibasardan da qovulnası və kütləvi qırğınlara məruz qalması baş verdi..
Zəngibasar rayonu ərazisində 37 kəndin ancaq dördündə (Azadaşen, Kələley, Yenicə və Cəlilabad) ermənilər yaşayırdılar. Zəngibasar rayonunun mərkəzi Uluxanlıda (Masis) erməni əhalisi ancaq 1950-ci ildən başlayaraq məskunlaşmışdı. Buna səbəb ermənilərin 1948-1949-cu illərdə köçürülmüş Uluxanlı azərbaycanlılarının ev-eşiyini ələ keçirməsi olmuşdu.
Zəngiçayın sağ sahilində yerləşən Göykümbət kəndində azərbaycanlılarla yanaşı, ermənilər də yaşayırdılar. Burada da ermənilər 1918-ci ildən sonra kənddən qovulmuş azərbaycanlıların bir qisminin evini zəbt etmişdilər.
Zəngibasar inzibati rayonu ərazisinə daxil olmuş 37 kəndin siyahısı aşağıda verilir:
- Çobankərə
- Çöllü Mehmandar
- Rəhimabad
- Qaraqışlaq
- Zəhmət (Xaçaparaq və ya Haçaparaq)
- Azadaşen
- Göykümbət
- Cəfərabad
- Dəmirçi Şöllü
- Böyük Şöllü
- Yuxarı Necili
- Aşağı Necili
- Sarvanlar
- Uluxanlı
- Ağhəmzəli
- Rəncbər
- Sarıcalar
- Seyidkənd
- Həbilkənd
- Reyhanlı
- Qulucan
- Hacıhəsən evləri
- İlxı Qoruğu
- Oruclular
- Kələley (Kələrə)
- Zəngilər (Donuzyeyən)
- Hacıelləz
- Ağcaqışlaq
- Arbat
- Xərrətli
- Cəbəçili
- Təzəkənd
- Qaradağlı (sonralar Qəmərli rayonu tabeliyinə verildi)
- Yenicə
- Xaraba Kolanı
- Həsənli (İlxı Qoruğu kəndi dağıldıqdan sonra salınmış kənd)
- Çarvax (sonralar İrəvan şəhər sovetliyinə verildi)
Əhalisi
[redaktə | mənbəni redaktə et]Zəngibasar rayonunun əhalisi 1948-ci ildə köçürülməyə başlayanda orada on minlərlə adam yaşayırdı. 1958-1960-cı illərdən sonra yenidən öz doğma yurdlarına qayıdan əhalinin sayı 1988-ci ilin noyabr ayında 29860 nəfərə çatmışdı. Əslində bu rəqəm də çox azaldılmışdı. Məsələn, 1980-ci ildə Yuxarı Necili kəndindəki orta məktəbdə 519 şagird oxuyurdu. 1988-ci ildə Zəngibasar rayonunda 32 orta məktəb vardı. Deməli, 32 orta məktəbi olan rayonun əhalisi 30 mindən xeyli çox olmalı idi. Şübhəsiz ki, siyahıyaalmada ermənilər azərbaycanlıların sayını az göstərirdilər.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Zəngibasar mahalının Uluxanlı kəndində 1880-ci ildə, Çobankərə kəndində isə 1890-cı ildə rus məktəbləri açılmışdı. O vaxt həmin məktəbləri «şkula» adlandırırdılar. 1887-ci ildə Cəlil Məmmədquluzadə ilk müəllimlik fəaliyyətini məhz Uluxanlı kəndindəki məktəbdə başlamışdı.
İrəvan şəhərindən olan Məmməd Qazıyev (çox ehtimal ki, o, tarix elmləri doktoru, ADU-nun professoru Məmməd Qazıyevin babası idi), Vedili Şəmidi bəy və başqaları Uluxanlı rus məktəbinin direktoru olmuşlar. XX əsrin ilk illərində Uluxanlı rus məktəbində dərs deyən müəllimlərdən biri əslən iranlı olan Məmmədcəfər idi.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Zəngibasar əhalisi əsasən həyətyanı təsərrüfatla (bostançılıq, tərəvəzçilik, maldarlıq, bağçılıq və s.) məşğul olubdur. Zəngibasarlıların əli daim torpaqda olduğundan onlar ən ağır illərdə belə çörəyə möhtac qalmayıblar. [2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995.