Qaradağlı qətliamı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaradağlı qətliamı
Dağlıq Qarabağ müharibəsi
Tarix 17 fevral 1992
Yeri Qaradağlı kəndi, Xocavənd rayonu, Azərbaycan Respublikası
Səbəbi Qaradağlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi
Nəticəsi 66-90 nəfər mülki şəxs qətlə yetirildi.
Kənd işğal edildi, əhalisi əsasən qətlə yetirildi.
Münaqişə tərəfləri

Ermənistan Ermənistan Silahlı Qüvvələri
Arabo və Aramo birləşmələri
Rusiya 366-cı motoatıcı alay

Azərbaycan Qaradağlı kəndinin özünümüdafiə dəstəsi

Komandan(lar)

Ermənistan Monte Melkonyan

bilinmir

Qaradağlı qətliamı və ya Qaradağlı faciəsi-Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRI silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahil və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi..[1] Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı.[2]

Qətliam aktı Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış,[3] 66–90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir.[4][5] AzərTacın verdiyi məlumata görə, ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər — kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.[6] Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.[6]

Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülmüşdür. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılmış, 2 nəfərin isə başı kəsilmişdir.[7] Kəndin yerdə qalan sakinləri isə dağlıq əraziləri keçərək Ağdama getmişdirlər.[8][9][10]

1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icarə etməyə davam etdi. Rəsmi olaraq, yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağda separatçılarla açıq olaraq hər hansı bir silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təmin olunmasını təkzib edirdi. Lakin, Levon Ter-Petrosyan sonra separatçılarının maaşlarının ödənilməsi və maddi-texniki təchizatı ilə təmin edilməsini etiraf etsə də, lakin döyüşə öz vətəndaşlarının göndərilməsini təkzib edirdi. Ermənistan artıq Azərbaycan Respublikasının, zəiflədici blokada, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi ilə üz-üzə idi.

Kəndin belə ağır vəziyyətində əslən Qaradağlıdan olan, Rusiya ordusunda zabit kimi xidmət edən, baş leytenant Ədalət Məmmədov 1988-ci il mart ayında həmkəndlilərinin müracətinə cavab olaraq öz doğma kəndinə qayıtdı. Kəndin müdafəsinin təşkilində Ədalət Məmmədova kənd məktəbində hərbi hazırlıq müəllimi, Məhəmmədəli Bayramov və ehtiyatda olan zabit Telman Tağıyev, Məmməd Məmmədov və digər vətənpərvər insanlar yaxından kömək etmişdilər. Qaradağlıda AXC özəyinin sədri Ağalar Məmmədov və Bayramov Məhəmmədəli-nin könüllü müdafiə dəstəsinin yaradılmasında mühüm rolu olmuşdur. Onların təşkil etdiyi özünümüdafiə dəstəsinin Ədalət Məmmədovun sərəncamına keçməsi kənddə müdafiə batalyonunun yaradılmasına yaxından kömək etdi. Kəndin könüllüləri hərbi hazırlıqlara başlasalar da, kəndi müdafiə etmək üçün silahın olmaması ciddi çətinliklər yaradırdı. Dağlıq Qarabağda erməni təxribatları başladıqdan sonra 1988–1989-cu illərdə rəsmi strukturlar Qaradağlı kəndində üç dəfə silahyığma əməliyyatı keçirmiş, əhalidə olan adi ov silahlarını belə tamamilə müsadirə edilmişdir. Vəziyyətdən çixmaq üçün Qaradağlılar ətraf rayonlarda yaşayan dostlarına, tanışlarına müracət etmiş, onlar da müəyyən qədər ov tüfəngi taparaq Qaradağlının müdafiəçilərinə göndərmişlər.

Qaradağlının ətraf erməni kəndləri və rayon mərkəzi ilə əlaqəsi kəsilmiş, işləyənlər işdən qovulmuşdular. Problemi həll etmək üçün kənddə çörək sexi, maqazalar, yeməkxanalar fəaliyyətə başladı. Qaradağlıda Bakı şəhəri 1 saylı tikiş fabrikinin və Gəncə Xalça Zavodunun sexləri, Bakı soyuducular zavodunun filialı açıldı. Bundan başqa məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və xəstəxana binalarının inşasına başlanıldı. Gənc ailələrə ayrılmış həyətyanı torpaq sahələrində 60-a qədər yeni evlər tikildi. Bundan başqa Qaradağlının müdafiəsi ilə bağlı da müəyyən işlər görüldü. Azərbaycan SSR Daxili İşlər Nazirliyi 30 nəfər Qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə göndərməsi, Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə gücünü bir qədər artırmışdı.

Qaradağlıya hücum

[redaktə | mənbəni redaktə et]

Hücumun iştirakçıları

[redaktə | mənbəni redaktə et]

Qaradağlıya hücumda AraboAramo birləşmələri, Monte Melkonyanın dəstəsi iştirak etmişdir.[11][12] Həmçinin, kəndə hücum zamanı 366-cı motoatıcı alayın da qüvvələrindən istifadə edilmişdir.[13]

366-cı motoatıcı alayın rolu

[redaktə | mənbəni redaktə et]

366-cı motoatıcı alayın komanda heyəti, əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiyini qeyd edirdi.[14] Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar.[15][16][17] Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.[18]

Bu qüvvələr Qaradağlı və Xocalı soyqırımlarında iştirak etdilər.[19] Qaradağlı soyqrımının şahidləri soyqırım aktında 366-cı motoatıcı alayın iştirakını təstiqləyirlər.[13][20]

Əvvəlki hücumlar

[redaktə | mənbəni redaktə et]

1989-cu ildən etibarən kənd üzərinə ermənilərin hücumu başlamışdı. Həmin ilin dekabrında ermənilər kənd yaxınlığındakı fermaya hücum etmiş və oranı yandırmışdılar. 1990-cı il yanvarın 15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb kəndin kənarındakı evləri atəşə tutmuşlar. Özünü hadisə yerinə çatdıran müdafiəçilər ilk açıq silahlı döyüşə girirərək düşməni geri oturtmuşdular. Erməni quldurları 10 aprel 1990-cı il tarixdə yenidən kənddə hücüm etmişdilər. Atışma zamanı kənd sakini İlqar Əliyev ağır yaralanmışdı.1990-cı il noyabr ayının 24-də saat 17–00 radələrində Qaradağlıdan Ağdama gəlin aparan maşın karvanı, kəndin 5 kilometrliyində rus hərbi paltarı geymiş ermənilərin təcavüzünə məruz qalmış, həmin hadisədə 3 nəfər qaradağlılı həlak olmuşdu. Ermənilər hadisə yerini mühasirəyə alaraq meyidləri aparmağa gələnləri irəli buraxmır, prezident Ayaz Mütəllibovun gəlməsini tələb edirdilər. İki saatdan sonra, çətinliklə də olsa, camaat meyidləri ermənilərin əlindən ala bilmişdi. Bu hadisədən sonra Qaradağlı müdafiəçiləri kəndin ətrafında güclü müdafiə postları, istehkamlar və səngərlər qurmaq qərarına gəldilər. Kəndin ətrafında 5 post yaradılıb etibarlı müdafiə qurğuları ilə təchiz olundu. Xankəndindən gələn yolu üstündə üç post qurulmuşdu. Xocavənd rayonu istiqamətində, kəndin girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab olunurdu. Bu postun keşikçilərlə təmin olunmasını məktəb direktoru Nobil Zeynalov öz üzərinə götürmüşdü. Orada əsasən Nobil Zeynalovun şagirdləri olmuş gənclər və məktəblilər keşik çəkirdilər. Asfalt yoldan azca aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş post ikinci hesab olunurdu. Mirzəli və Zahir bu postun məsuliyyətini daşıyırdılar. Kəndin çıxışında asfalt yolun üstündə qurulmuş 3-cü postda Nazim, Qərib, Telman, Vidadi və başqaları dayanırdılar. Kəndxurə istiqamətində qurulmuş 4-cü post da mühüm postlardan biri idi. Kənddə olan basqınların əksəriyyəti bu istiqamətdən olurdu. Burada Faiq, Rabil, Xudayat və onların dostları keşik çəkirdilər. Nəhayət, 5-ci post kəndin ortasında keçən Xonaşen çayının üstündə, Zinki dərəsinin qarşısında yaradılmışdı. Zinki postunun qorunması Məmməd, Şamil, Əlqəmə və Ələddinə tapşırılmışdı. 1990-cı ilin noyabr ayından başlayaraq bütün postlarda fasiləsiz olaraq silahlı müdafiəçilər keşikdə dayanırdılar. 1991-ci ilin əvvəllərində baş vermiş faciə vəziyyəti daha da gərginləşdirdi. Yanvarın 10-da kəndin sakinlərindən olan Sultan Bayramov ermənilərə qarşı birgə mübarizə tədbirləri hazırlamaq üçün qonşu Əmrallar kəndinə getmişdi. Sultan Qaradağlıya qayıdanda kəndə çatmamış birinci postdan 4 kilometr məsafədə onun mindiyi "UAZ-469" markalı 53–55 AQT dövlət nişanlı minik maşını ermənilər tərəfindən qəfil atəşə tutulur. Maşının sürücüsü Kərəm Tağıyev maşını sürüb kəndə çatdırsa da, Sultan Bayramovun həyatını xilas etmək mümkün olmur. O, iki saatdan sonra aldığı yaralardan dünyasını dəyişir. Sultanın dəfn günü Laçın-Şuşa yolunda jurnalist Salatın Əsgərovanın ermənilər tərəfindən öldürülməsi xəbəri kəndə yayıldı.[21]

Bu faciəli hadisədən sonra qaradağlılar əməliyyat planı hazırladılar. Əməliyyata Ədalət Məmmədov rəhbərlik edirdi. Əməliyyat qrupuna – İlqar Hüseynov, Elmidar Bayramov, Telman Tağıyev, Eldar Dadaşov, Rafiq Quliyev, Qərib Mustafayev, Məmməd Məmmədov və Məmməd Mustafayev daxil idi. Onlar iki dəstəyə ayrılıb Xankəndi-Xocavənd yolunu həm girişdən, həm də çıxışdan nəzarətə aldılar. Kəndin müdafiəçiləri tərəfindən Xankəndindən Xocavəndə tələsən, içində 6 erməni quldurun olduğu "UAZ" markalı maşın ələ keçirilərək, məhv edildi. Ermənilər ancaq üç gündən sonra rus hərbçilərinin müşayiəti ilə gəlib meyidlərini meşədən apardılar. Bundan sonra Xankəndi – Xocavənd yolunda ermənilərin hərəkəti dayandı. Bu qisas əməliyyatında Qaradağlı müdafiəçiləri altı ədəd xarici avtomat, bir ədəd ov tüfəngi və xeyli patron ələ keçirdilər. 1991-ci il martın 9-da erməni quldurları kəndin yaxınlığındakı mal fermasına qəfildən silahlı basqın edib iki nəfəri qətlə yetirdilər. Həmin il, iyun ayının 28-də isə gecə saat bir radələrində Qaradağlı kəndi ermənilər tərəfindən toplardan, pulemyotlardan və avtomatlardan şiddətli atəşə tutuldu. Kəndin bir neçə evini alov bürüdü, bir neçəsi isə mərmi zərbəsindən dağıldı. Qadınlar, qocalar və uşaqlar düşmən atəşindən qorunmaq üçün zirzəmilərə sığınmağa məcbur oldular. Həmin gecə ən böyük faciə kəndin 5 kilometrliyində Vərəndəli sahəsində yerləşən fermada baş vermişdi. Quldurlar kəndi atəşə tutmaqla yanaşı eyni zamanda fermadakı evlərə soxularaq altı nəfər günahsız ferma işçisini də güllələmiş və izi itirmək üçün onları yanan evlərdən birinin içinə atmışdılar. Bundan sonra onlar kənara çəkilərək ferma tam yanana qədər oranı atəş altında saxlamışlar. Bəyverdi Novruzov başda olmaqla faciə yerinə gələn kənd camaatı yanan otaqların birində üç nəfərin güllədən dəlik dəlik olmuş, odun-alovun içində yanmış meyidlərini çıxara bilmişlər. Başqa bir otağın odu sönduruldukdən sonra isə tamamilə yanmış digər üç nəfərin cəsədləri aşkar edilmişdi. Şəhidlərin dəfnindən üç gün sonra Ruzigar Məmmədov Ağdam polis batalyonunun 2 nəfər əməkdaşı ilə birlikdə əməliyyat planı hazırlayır. Onlar silahlanıb gecə erməni kəndi Kəndxurda tərəf gedir və nəzarət postlarının birinin yaxınlığında mövqe tuturlar. Gecə erməni yaraqlılarının komandiri üç nəfərlə postları yoxlamağa çıxarkən atasının və dayısının intiqamını onlardan alırlar. Qaradağlı kənd sakinləri Çingiz Məmmədov, Kərəm Ağalarov və Şəfqət Məmmədova Qaradağlının ağır günləri haqqında aşağıdakı məlumatı vermişlər:

1991-ci il sentyabr ayının 8-də Ayaz Mutəllibovun prezident seçilməsi günü idi. Qaradağlılar səhər tezdən seçki məntəqəsinə gəlib səs verirdilər. Səsvermədən sonra bazarlıq etmək üçün kənd sakinləri seçki məntəqəsinin qarşısında dayanmış avtobusa minərək Ağdama getmişlər. Geri qayıdarkən avtobus Xocavənddən 3 kilometr aralıda hər tərəfdən avtomat atəşinə tutulmuş, avtobusda olan 40 nəfərdən 2 oğlan, 6 qadın qətlə yetirilmiş, 23 nəfər ağır yaralanmışdır. Yaralılar təcili olaraq Ağdam xəstəxanasına çatdırılmışdır.[22]

Avtobus faciəsindən sonra Qaradağlıdan olan Elnur Süleymanov, Xanalı Hüseynov və Rayət Quliyev sentyabr ayının 25-də gecə silahlanıb, ermənilərin tutduğu Aşan kəndinin arxa hissəsinə keçmişlər. Onlar kəndə yaxınlaşıb onun kənarı ilə gəzən üç nəfər silahlı erməni hərbçisini atəşə tutub qətlə yetirmişlər. Bu əməliyyat zamanı Rayət ağır güllə yarası alsa da, yoldaşları onu gizli meşə yolu ilə kəndə gətirib oradan Beyləqan xəstəxanasına çatdıraraq həyatını xilas etmişlər. 8 sentyabr 1991-ci il hadisəsindən sonra qaradağlıların nümayəndələri Məzahir Ağalarov, Nobil Zeynalov 20 nəfərlə Bakıya gedərək, prezident Ayaz Mütəllibovla görüşmüş, ona Qaradağlının ağır vəziyyəti barədə məlumat vermişlər. A. Mütəllibovla qaradağlılara kəndin müdafiəsi ilə şəxsən özü məşğul olacağına söz vermiş və bundan 3–4 gün sonra 11 nəfərdən ibarət bir qrup hərbçi Qaradağlıya göndərilmişdi. Onlar kəndin yuxarı hissəsində Abbasovun evində yerləşmişdilər. Kəndin müdafiəçiləri həmin dəstə ilə birlikdə bir qisas əməliyyatı hazırlayıb həyata keçirməyə müvəffəq oldular. 21 nəfərlik dəstə Vərəndətiyə gedən yolun kənarında yerləşən çoxlu erməni quldurlarının toplaşıb keşik çəkdiyi, hərbi əhəmiyyətli məntəqə olan fermaya hücum edərək üç nəfəri öldürmüş, qalanlarını isə qonşu erməni kəndlərinə çəkilməyə məcbur etmişlər. Lakin təxminən 1 aydan sonra kəndin mühafizəsinə kömək üçün göndərilmiş hərbçilərin müəmmalı şəkildə geri çağırılması Qaradağlının ağır olan vəziyyətini daha da ağırlaşdırdı. Ümumiyyətlə, ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində isə kənd sakinləri itkilər vermişlər. Ermənilərin Qaradağlıda insanlığa sığmayan vəhşiliklər törətməsinə şərait yaradan əsas səbəblərdən biri kəndin Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq əlaqəsinin kəsilməsi və dörd tərəfdən mühasirəyə alınmış kəndin səmasında Azərbaycan helikopterlərinin mütəmadi atəşə məruz qaldığından hava xətti ilə də heç bi köməyin göstərilməməsi idi.[23]

Kəndə son hücum 17 fevral 1992-ci ildə səhər saat 5:00 radələrində başladı. Kənd uğrunda döyüş 11 saat davam etmiş və Qaradağlı kəndinin erməni silahlı dəstələri tərəfindən işğal edilməsi ilə nəticələnmişdir.[24] İşğal nəticəsində kənddə qalmış mülki şəxslər, eləcə də qadınlar, uşaqlar erməni silahlı dəstələri tərəfindən qırğına məruz qalmışdır.[25]

Kəndin Bəylik dağı adlanan yüksəkliyində girov götürülənlərdən içərisində 8-i uşaq olmaqla 23 nəfəri ermənilər tərəfindən güllələndi. Öldürülən və ağır yaralılar silos quyularına atılaraq üstü torpaqlandı. İki nəfər Zəki bulağında, iki nəfər isə Cəmiyyət kəndində qətlə yetirildi. XankəndiƏsgəranda saxlanılan 54 nəfərdən bir neçəsi sonralar Beynəlxalq Qırmızı Xaç və Qızıl Ayparanın xətti ilə əsirlikdən azad edildi. İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik məktəb binası və digər obyektlər dağıdıldı. Kəndin sağ qalan tək-tük adamları isə Ağdamda və respublikanın başqa yaşayış məntəqələrində məskunlaşdı.[26]

Nəticədə 117 azərbaycanlı mülki şəxs, 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri girov götürülmüş və 56–90 nəfər qətlə yetirilmişdir.[4][5] Girovların əksəriyyəti geri alınsa da çoxunun taleyi hələ də məlum deyil. Qaradağlı sakinlərinin hər 10 nəfərindən biri bu soyqırım zamanı həyatını itirmişdir.[25] Sağ qalanlar isə fevral ayında dağları aşaraq özlərini Ağdam rayonuna çatdıra bildilər.[8]

Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülmüş və hamının gözü qarşısında güllələnmişdi. Daha sonra isə 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.[13]

Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi. Əsrlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxardılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi.[13]

Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.[27] Kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar.[13]

Soyqırımın qurbanları

[redaktə | mənbəni redaktə et]

1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 66 nəfəri öldürülmüş, 52 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Əsirlikdən xilas edilənlərin böyük əksəriyyəti əsirlikdə verilən ağır işgəncələrdən, onlara vurulmuş naməlum tərkibli iynələrin təsirindən qısa zamanda vəfat edib.[28]

Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnmışdır.[25]

AzərTacın verdiyi məlumata görə isə ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər qətlə yetirilmişdir.[6]

Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün olub.[28]

Əsirlikdə olarkən qətlə yetirilənlər

[redaktə | mənbəni redaktə et]

Kənd işğal edildikdən sonra əsir götürülənlərin bir qismi elə kəndin ətrafındaca qətlə yetirilmiş, bir qismi isə Xankəndi həbsxanasında işğəncə verilərək öldürülmüşdür. Onlardan bir qismi bunlardır:[29]

Sıra nömrəsi Ad Şəkil Məlumat
1 İmran Əhməd oğlu Hüseynov 1936-cı ildə Qaradağlı kəndində doğulmuşdur. Əsirlikdə verilən işgəncələrin, döyülmə və təhqirlərin sonucu olaraq Hüseynov 1992-ci il fevral ayının 27-də Xankəndi həbsxanasında dünyasını dəyişmişdir
2 Böyükkişi Lələ oğlu Şirinov 1931-ci ildə Xocavənd rayonunun Vərəndəli kəndində doğulmuşdur. Şirinov mart ayının 24-də Xankəndi həbsxanasında dünyasını dəyişmişdir.
3 Kamil Sərdar oğlu Tağıyev 1973-cü il avqust ayının 31-də Qaradağlı kəndində doğulmuşdur. Xankəndi şəhərinə gətirilərək, burada həbsxana və soyuq zirzəmilərə yerləşdirilmişdir. Burada gördüyü işgəncə və əzabların sonucu olaraq, 25 mart 1992-ci ildə Kamil Tağıyev də həlak olmuşdur.
4 Fazil Cavad oğlu Vəliyev 1957-ci il noyabr ayının 14 — də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbində oxumuş, ardınca 125 saylı Texniki Peşə Məktəbində dülgər ixtisasına yiyələnmişdir. Əsir götürülmüş digər həmkəndliləri kimi Fazil Vəliyev də Xankəndi şəhərinə gətirilmiş və burada həbsxana ortamında hər gün gördüyü işgəncə və əzablardan 20 mart 1992-ci ildə dünyasını dəyişmişdir.
5 Əlastan Nəriman oğlu Quliyev – 1944-cü ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd məktəbində təhsil almışdır. 1992-ci il mart ayının 21-də — Novruz bayramı günü Xankəndi həbsxanasında qəddarlıqla döyülərək qətlə yetirilmişdir.
6 Şura Avdıhüseyn oğlu Hüseynov 1934-cü ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd yeddi illik məktəbini bitirmişdir. Şura Hüseynov, 1992-ci il mart ayının 31-də Xankəndi həbsxanasında vəfat etmişdir.
7 Şura İbad oğlu Nazarov 1925-ci ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndində ibtidai təhsil almışdır. Nazarov, 1992-ci il mart ayının 21-də döyülərək qətlə yetirilmişdir.
8 Kamal Bəylər oğlu Quliyev –1927-ci ildə aprel ayının 1-də Qaradağlı kəndində doğulmuş, burada ibtidai təhsil almışdır. 1992-ci il aprel ayının 2-də Xankəndi həbsxanasında qətlə yetirilmişdir

Taleləri naməlum olan şəxslər

[redaktə | mənbəni redaktə et]
Sıra nömrəsi Ad Şəkil Məlumat
1 Vətən Əmirxan oğlu Əliyev 1972-ci il aprel ayının 13-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbini bitirmişdir. Erməni təcavüzü başlayan tarixdən Vətən buna qarşı silahlanmışdı. Qaradağlı ermənilər tərəfindən işğal olunanda, o və özündən böyük qardaşı Şahruz da əsir götürülənlərin arasında idi. Vətən digər əsir götürülənlərlə yanaşı Xankəndi şəhərinə

aparılmış, həbsxanaya atılmışdı. 1992-ci il fevral ayının 19-da səhər saatlarında o və digər dörd gənc azərbaycanlı əsir Xankəndi həbsxanasından çıxarılıb, naməlum istiqamətə aparıldılar… Onların sonrakı taleləri bu günə kimi bəlli deyil.

2 Hafiz Elmaz oğlu Axundov 1973-cü il yanvar ayının 10-da Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd kənd orta məktəbində oxumuşdu. Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. O, Qaradağlıya düşmən həmlələrinin qarşısının alınmasında yaxından iştirak edirdi. Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunanda Hafiz də girov götürülmüş, Xankəndinə aparılmışdı. 19 yaşı təzəcə tamam olmuş Hafiz, 1992-ci il fevral ayının 19-da səhər saatlarında digər dörd gənc həmkəndlisi ilə birgə Xankəndi həbsxanasından çıxarılmış və naməlum istiqamətə aparılmışdır. Digərləri kimi onun da sonrakı taleyi bu günə kimi dəqiq müəyyən edilməmişdir.
3 Mikayıl İslam oğlu Dadaşov 1970-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd kənd orta məktəbinin səkkizinci sinfini bitirmişdi və təhsilini 125 saylı Texniki Peşə Məktəbində davam etdirirdi. Mikayıl doğma kəndinin müdafiə olunmasında çox yaxından iştirak edirdi. Qaradağlı ermənilər tərəfindən işğal olunanda, kəndin sağ qalmış sakinləri ilə yanaşı Mikayıl da əsir götürülmüş, Xankəndinə aparılaraq həbsxanaya atılmışdı. 1992-ci il fevral ayının 19-da səhər saatlarında həbsxanadan çıxarılmış və naməlum istiqamətə aparılmış gənc azərbaycanlılardan biri də Mikayıl idi. Sonrakı taleyi bu günə kimi dəqiq müəyyən edilməmişdir.
4 Əbülfət Mehman oğlu Hüseynov 1975-ci il iyul ayının 1-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbində təhsil almışdır. Qaradağlı ermənilər tərəfindən işğal olunanda, kəndin sağ qalmış sakinləri ilə bərabər o da əsir götürülmüş, Xankəndinə aparılaraq həbsxanaya atılmışdı. 1992-ci il fevral ayının 19-da səhər saatlarında həbsxanadan çıxarılıb, naməlum istiqamətə aparılanlardan biri də Əbülfət idi. Onların sonrakı taleləri bu günə kimi dəqiq müəyyən edilməmişdir.
5 Füzuli Cavad oğlu Vəliyev 1968-ci il aprel ayının 15-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd kənd orta məktəbində təhsil almışdır. Ermənilərin torpaq iddiası başlanan gündən Füzuli də digər vətənpərvər kənd sakinləri ilə birgə doğma yurdunun müdafiəsinə qalxmış, silahlı həmlələrin qarşısının alınmasında yaxından iştirak etmişdir. Füzuli 1991-ci ildən Qaradağlı kənd Milis Bölməsinin əməkdaşı idi. Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunanda əsir götürülənlərdən biri də Füzuli idi. 1992-ci il fevral ayının 19-da səhər saatlarında ermənilərin Vətən, Hafiz, Mikayıl və Əbülfətlə birlikdə Xankəndi həbsxanasından çıxarıb naməlum istiqamətə apardığı beşinci azərbaycanlı Füzuli idi. Sonrakı taleyi bu günədək dəqiq müəyyən edilməmişdir.
6 Nəsir Əmrahov Sonrakı taleyi bu günədək dəqiq müəyyən edilməmişdir.
7 Firdovsi Kərimov Sonrakı taleyi bu günədək dəqiq müəyyən edilməmişdir.
8 Malik Mustafayev Sonrakı taleyi bu günədək dəqiq müəyyən edilməmişdir.

Əsirlikdən azad edildikdən az sonra vəfat edənlər

[redaktə | mənbəni redaktə et]
  • Familət Gəray oğlu Şirinov
  • Zülümxan Miriş öğlu Hüseynov
  • Yusif Nəriman oğlu Quliyev
  • Minayə Səməd qızı Əmirxanova
  • Sitarə Səməd qızı Hüseynova
  • Məhəmməd Hüseyn oğlu Həsənov (oğlu şəhid olub)
  • Qulu Əyyub oğlu Xəlilov (qardaşı şəhid olub)
  • Şəmil Alı oğlu Məmmədov
  • Sərdar Qaçay oğlu Tağıyev (oğlu və qardaşı şəhid olub)
  • Əvəz Qaçay oğlu Tağıyev (qardaşı şəhid olub)
  • Mirvari Təhməz qızı Hüseynova
  • Güllər Dostu qızı Tağıyeva
  • Mina Mirxudar qızı Sadıqova
  • İlqar Qasım oğlu Əliyev (atası şəhid olub)
  • Tevon Həbil oğlu Tağıyev (oğlu şəhid olub)
  • Atlıxan Fərman oğlu Hüseynov
  • Firudun Hümbət oğlu Hüseynov

Qətliamda şəhid olan və itkin düşənlərin tam siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Abbasov Ayaz Əkbər oğlu
  • Abbasov Sərvər İldırım oğlu
  • Abdullayev Abdulla Habil oğlu
  • Axundov Hafiz Elmaz oğlu
  • Arazov Eldar Kamal oğlu
  • Bayramov Arif İbrahim oğlu
  • Bayramov Elmidar Rəşid oğlu
  • Bayramov Rəşid Həşim oğlu
  • Bayramov Soltan Rəşid oğlu
  • Dadaşov Manaf İslam oğlu
  • Dadaşov Mikayıl İslam oğlu
  • Dadaşov Uğur Eldar oğlu
  • Dolxanov Rəhim Möhkəm oğlu
  • Əlişov Həsən Sədaqət oğlu
  • Əliyev Xaliq Məhərrəm oğlu
  • Əliyev Vətən Əmirxan oğlu
  • Əliyev Zahid Zeynal oğlu
  • Əmrahov Nasir Nürəddin oğlu
  • Əzizov Alov Əfqar oğlu
  • Əzizov Atəş Əfqar oğlu
  • Hacıyev İbrahim Çərkəz oğlu
  • Həsənov Altay Məhəmməd oğlu
  • Həsənov Xəyal Zeynal oğlu
  • Hüseynov Dəmir Musa oğlu
  • Hüseynov Əbülfət Mehman oğlu
  • Hüseynov Əscər Səməd oğlu
  • Hüseynov Fehruz Mahmud oğlu
  • Hüseynov Fədail Zülfüqar oğlu
  • Hüseynov Həbib Həmzə oğlu
  • Hüseynov Xanalı Həbib oğlu
  • Hüseynov İbiş Həbib oğlu
  • Hüseynov İmran Əhməd oğlu
  • Hüseynov Nahid Adil oğlu
  • Hüseynov Niftalı Bakir oğlu
  • Hüseynov Şahmurad Alıhüseyn oğlu
  • Hüseynov Şura Hüseynalı oğlu
  • Xəlilov Zahid Əyyub oğlu
  • Kazımov Nəsimi Kazım oğlu
  • Kərimov Əliqismət Qara oğlu
  • Kərimov Firdovsi Azay oğlu
  • Quliyev Əlaslan Nəriman oğlu
  • Quliyev Heydər Qurban oğlu
  • Quliyev Kamal Bəylər oğlu
  • Quliyev Mirzəli Müslət oğlu
  • Quliyev Nəbi Mütalif oğlu
  • Quliyeva Nazənin Rəşid qızı
  • Mahmudov Akif Məhəmməd oğlu
  • Məmmədov Ədalət Şahmar oğlu
  • Məmmədov Ərəstun Ağalar oğlu
  • Məmmədov Məmməd Əmirxan oğlu
  • Mirzəyev Məhəmməd Hüseyn oğlu
  • Mustafayev Qərib Həsrət oğlu
  • Mustafayev Malik İslam oğlu
  • Mustafayev Talıb Yaqub oğlu
  • Nağıyev Aftandil Xanlar oğlu
  • Nazarov Şura İbad oğlu
  • Rəhimov Məhi Surxay oğlu
  • Rüstəmov Azad Həsənqulu oğlu
  • Rüstəmova Zibər Alıhüseyn qızı
  • Şirinov İltifat
  • Şirinov Böyükkişi Lele oğlu
  • Tağıyev Fayaq Həsrət oğlu
  • Tağıyev Kamil Sərdar oğlu
  • Tağıyev Telman Tevon oğlu
  • Tağıyev Zakir Gülüm oğlu
  • Vəliyev Fazil Cavad oğlu
  • Vəliyev Füzuli Cavad oğlu
  • Vəliyev Mobil Mürsəl oğlu
  • Zeynalov Nobil Əliş oğlu

Qaradağlı sakinlərinin əmlakı

[redaktə | mənbəni redaktə et]

Kənddən çıxan Qaradağlı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Qaradağlıdan çıxardıqları sakinlərə heç olmasa əşyalarının bir hissəsini götürməyə imkan verilmədi. Onların əmlakı ermənilər tərəfindən talan edildi və evləri ermənilər arasında paylaşdırıldı.

Markar Melkonyanın qeydləri

[redaktə | mənbəni redaktə et]

Markar Melkonyan öz əsərini qardaşı, "ASALA" beynəlxalq erməni terror təşkilatının rəhbərlərindən biri olmuş Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalındakı iştirakına həsr edib. XX yüzilin 70–80-ci illərində Monte Melkonyan Avropanın bir sıra ölkələrində, o cümlədən Fransada dinc insanlara qarşı bir sıra qanlı aksiyalar təşkil etmişdir.[30][31][32][33][34][35][36][37][38] 1983-cü ildə Melkonyanın və onun silahdaşı Vazgen Sisliyanın təşkilatçılığı və rəhbərliyi ilə Fransanın Orli hava limanında "Türk hava yolları" şirkətinə məxsus təyyarəyə qarşı terror aktı həyata keçirilmişdir.[39][40][41] Bu aksiyadan sonra Fransanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Melkonyan 1989-cu ildə erməni terror təşkilatlarının rəsmi Parisə çoxsaylı hədələri və təzyiqləri nəticəsində azadlığa buraxılmış və "persona-non-qrata" elan edilmişdir. Monte Melkonyanı şəxsən tanıyan və Fransa həbsxanasında onunla görüşmək imkanı qazanmış tanınmış erməni publisisti və rejissoru Ted Boqosyan Amerikanın "Radio Open Source" radiosuna müsahibəsində demişdir:[12]

" Monte, demək olar ki, mənimlə eyni ildə Böyük Kaliforniya vadisində anadan olmuşdur. O, özünəməxsus şəkildə erməni həqiqətləri ilə bağlı axtarışlarda idi. O, radikallaşdı, gizli fəaliyyətə başladı, erməni terror təşkilatına qoşuldu, həmçinin silah və narkotik maddələrin alveri ilə məşğul olmağa başladı. Montenin sifarişi ilə Fransada əsasən türk səfirlikləri, biznes nümayəndəliklərinə qarşı çoxlu sayda dinc insanların ölümü ilə nəticələnmiş qanlı aksiyalar həyata keçirildi.[12] "

1989-cu ildə Monte Melkonyan Ermənistana dəvət olunmuş və burada Azərbaycana qarşı işğalçılıq kampaniyasının fəal iştirakçılarından biri olmuşdur. O, Qaradağlı, Xocalı və Azərbaycanın bir sıra digər yaşayış məntəqələrində dinc insanlara qarşı soyqırım cinayətlərinə bilavasitə rəhbərlik edən şəxslərdən olmuşdur.

Markar Melkonyan "Mənim qardaşımın yolu" kitabında Montenin Qaradağlının işğalında iştirakı ilə bağlı bunları yazır:

" O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi və tətiyi basdı. Birinci mərmi gurultu ilə ikinci mərtəbədəki künc pəncərədən içəri daxil oldu, içəridə hər şeyi yandırdı. Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum edənlər kəndi güllə yağışına tutdu....Günorta saat 5-də dəstələr tapşırığı yerinə yetirdi. Həmin gün erməni tərəfdən cəmi bir döyüşçü öldürülmüşdü. Düşmən tərəfdən isə iki nəfər öldürülmüş, əsir götürülmüş 48 nəfər azərbaycanlı isə yük avtomobilinə tərəf irəliləyirdi. Əsirlər Xankəndinə aparıldı və azərbaycanlıların əlində olan erməni əsirləri ilə dəyişdirilənə qədər orada saxlanıldı...Arabo və Aramo dəstələrinin döyüşçüləri kəndin kənarında içərisində dinc insanların, o cümlədən qadınların da olduğu 38 əsiri xəndəyə atdılar. Arabo və Aramo dəstələrinin əsgərləri əsirləri güllələməyə başladılar və bıçaqları ilə, istisnasız olaraq, hamısını doğradılar. Aştarakdan olan vətənpərvər dəstəsinin 5 üzvündən biri olan Edo bir neçə nəfərin üzərinə benzin tökdü və yandırılmış kibriti onların üstünə atdı. Monte xəndəyə yaxınlaşanda orada yanmış meyitlərin qalıqları var idi...Ümumilikdə, iki gün ərzində Qaradağlıda və onun ətrafında 53 azərbaycanlı qətlə yetirilmişdi...[42][43] "

Qaradağlı soyqırımı zamanı şahidlərin xatirələri

[redaktə | mənbəni redaktə et]

İlqar Hüseynov Qaradağlı müsibətini görmüş kənd sakiblərindən biridir. O, ailə üzvlərilə birlikdə 1992-ci ilin fevral ayında ermənilərə girov düşüb. İlqar Hüseynov iki ay erməni girovluğunda qalarkən olmazın müsibətlərə düçar olub. İlqar Hüseynovun dediklərindən:

" Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyindən öz nəsibini almasın. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunub. Amma hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Sentyabr ayının 8-də ermənilər Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. 8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı.

1992-ci il fevral ayının 15-də ermənilər Qaradağlını dörd bir yandan atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak olmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları da götürüb yola düzəldik. Aramızda 10 qadın və iki uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimət göstərə bilmirdik.

Ermənilər hamını əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayırdılar və bizi ayrı-ayrı maşınlara mindirdilər. Bizi erməni qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü aşağı düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun bu hərəkti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə yüksəldi. Sonra bizi Xankəndinə apardılar. Bizi iki ay Xankəndi həbsxanasında saxladılar.

Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta insanın iliyinə işləyirdi. Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara çörək verirdilər.

Ermənilər bizi gündə ən azı beş-altı dəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrə dözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiz nəfərin qabırğalarını qırmış, ayaqlarını sındırmışdılar. İki nəfəri isə divara çırpıb beynini partlatmışdılar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Qızıl Xaç Cəmiyyətinin köməkliyi ilə bizi azad etdilər. Mənimlə birlikdə girovluqda olmuş bir neçə nəfər azadlığa çıxından sonra dünyasını dəyişdi. Həmin vaxtdan 19 il keçsə də, ermənilərin verdiyi işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb.[27]

"

Hüseynova Həqiqətin dediklərindən:

" Erməni silahlıları bizi mühasirəyə almışdılar. Gözümüz nələr görmədi? – Kəndçimiz Eldarı gözümüzün qabağında ağacnan öldürdülər. – Ağacnan, döyə-döyə. Kənddə yolun, asfaltın qırağında “Pir” deyilən yerdə öldürdülər onu. Töküldülər, ağacnan döyüb öldürdülər. Sonra da mənim gəlinimin atasını öldürdülər. Heç bilmədim nə ilə vurdular amma kişinin başı iki yerə paralandı. Sonra da qoydular maşının altına əzib tanınmaz hala saldılar. Cəmiyyət (Ningi) kəndi yanında Zahid adlı kəndçimizi öldürdülər. Qardaşı qışqırmaq istəyəndə əlimi tutdum ağzına ki, səsi eşidilməsin. Əlimi qan çıxana qədər dişləmişdi. Vaqif idi adı... Allah ölənlərinizə rəhmət eləsin, həmin əzablara dözmədi öldü.[44] "

Nofəl Əliyevin dediklərindən:

" Xankəndi türməsində əsir idik. Bir cavan kəndçimiz vardı – Vətən adında, onu gözümün qabağında öldürməyə apardılar. Türmədə bizə nəzarət edən ermənidən soruşdum ki, o uşağı hara apardılar? Dedi ki, apardılar qəbirstanlığımıza, qəbir üstündə başını kəsməyə... Belə vəhşiliklə öldürmüşdülər onu...

Bizi kameralarda beş-beş, altı-altı saxlayırdılar. Hər beş nəfər əsirə gündə bir parça çörək verirdilər, bir də balaca stəkanla bir su. O balaca stəkandakı su ilə sadəcə dodağımızı isladırdıq ki, ölməyək...

Bizə bütün günü işgəncə verirdilər. Ermənilər kimin qızıl dişləri var idisə onu zorla əsirlərin ağzından çıxarırdılar. Kim müqavimət göstərmək istəyirdisə döyüb öldürürdülər. Mənim də dişlərimi zorla çəkib çıxardılar.[45]

"

Azərbaycan Milli Ordusunun qadın zabitlərindən biri olan Sabirə Mahmudova da soyqırım aktının şahidlərindən biridir. O, bu sözləri demişdir:

" Uzun müddətdir mühasirədə olan Qaradağlıya ərzaq daşıyan helikopter 12 yanvar 1992-ci ildə ermənilər tərəfindən vuruldu və kəndin əhalisi taleyin ümidinə buraxıldılar...Fevralın əvvəlində Erməni Silahlı Qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Qardağlıya yenidən hücum etdilər. Əhali müqavimətə davam etdi. 15 yanvarda olan elan etmişdilər ki, son damla qanlarına qədər döyüşəcəklər...1991-ci ilin yayından uşaqlar, yaşlılar və qadınlar kənddən helikopterlər vasitəsi ilə evakuasiya edilmişdilər. Təxminən kənddə oğlanlarına, ərlərinə baxmaq və əsgərlərə yeməy hazırlamaq üçün 11 qadın qalmışdı...14 fevralda ermənilər kəndə yenidən hücum etdilər...Mən hələ də silah səslərini və günahsız insanların qışqırıqlarını eşidə bilirəm...[20] "

Soyqırım aktından sonra Azərbaycanın müdafiə naziri Tacəddin Mehdiyevin vəzifəsindən uzaqlaşdırıldı. BMT-ə, müxtəlif beynəlxalq təşkilatlara Azərbaycan tərəfindən dəfələrlə hadisə barədə məktublar göndərilmişdir. Qırmızı Xaç Komitəsi azərbaycanlı mülki şəxslərin öldürülməsini qınamışdır.[5]

Qaradağlı kəndində baş vermiş bu dəhşətli hadisələrin araşdırılması ilə məşğul olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xüsusi istintaq qrupu erməni terrorçularının cinayət əməlləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırım maddəsi ilə cinayət işi açıb və cinayətkarlar müəyyənləşdirilərək barələrində beynəlxalq axtarış elan edilib.[42]

Rejissor Etibar Məmmədovun iyirmi dəqiqəlik "Soyqırım. Qaradağlı" filmini çəkmişdir.[46] Beyləqan rayonunun Yeni Qaradağlı qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi mövcuddur və hər il mütəmadi olaraq anim günlərində ziyarət edilir.[6] Qaradağlı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün həmçinin Yeni Xocavənd qəsəbəsində və Nərgiztəpə ərazisində abidə komleksləri ucaldılıb.[47]

  1. "Cause of shame of humankind: 28 years past since Balligaya massacre". apa.az. 16 noyabr 2020 tarixində arxivləşdirilib.
  2. Arye Gut. "The bloody massacre in Azerbaijani Garadagli village is a real manifestation of modern Armenian terrorism". www.jpost.com. 2018. 16 noyabr 2020 tarixində arxivləşdirilib.
  3. APA TV. "Qaradağlı qətliamı: Bir gecədə 43 dinc sakin güllələndi" (az.). Youtube.com. 17.02.2024. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  4. 1 2 "Letter dated 20 May 2005 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General" (PDF). 12 May 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: December 14, 2010.
  5. 1 2 3 "QARADAĞLI QƏTLİAMINDAN 18 İL KEÇİR". Yeni Musavat. February 17, 2010. May 21, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 14, 2010.
  6. 1 2 3 4 "Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb". azertag.az. 2019. 16 noyabr 2020 tarixində arxivləşdirilib.
  7. Erməni cinayətləri (sənədlər əsasında). I. Bakı: Vətən. 2004. səh. 130.
  8. 1 2 "NATO academic forum: Violence in NK area" (PDF). səh. 10. December 7, 2003 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 14, 2010.
  9. Əsgər Abdullayev. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən. Bakı: Elm. 1995. səh. 134.
  10. Christopher Thornton. . www.jstor.org https://www.jstor.org/stable/43662924?seq=1 (#bare_url_missing_title). 2022-07-14 tarixində arxivləşdirilib.
  11. "Garadaghly massacre". hostages.az. 16 noyabr 2020 tarixində arxivləşdirilib.
  12. 1 2 3 Paşayeva və Aslanov, 2013. səh. 100
  13. 1 2 3 4 5 Elçin Əhmədov. "Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi". azertag.az. 20 oktyabr 2020 tarixində arxivləşdirilib.
  14. . Салаев, Г. 40 дней Ходжалы: "героям" 366 — го полка посвящается. Молодежь Азербайджана.- 1992.- 4 апреля.- С.2
  15. Литовкин, В. Десантники будут прикрывать вывод 366-го полка из Степанакерта. Известия.- 1992.- 3 марта.- С.1
  16. Vəliyev, X. 366-cı alayın hərbi quluqçularının və digər şəxslərin Xocalı Soyqırımında iştirakı tam sübuta yetirilib. Yeni Azərbaycan.- 2011.- 26 fevral.- S.11.
  17. Əlioğlu, S. Xocalı: ["366-ci" diviziyanın törətdiyi qırğından 366 gün keçir]. 525-ci qəzet.- 1993.- 26 fevral.- S.4.
  18. Məmmədov, E. Xocalı dörd ay tam mühasirədə qaldı: 366-cı motoatıcı alayın qərargahında əməliyyat planı hazırlandı. İki sahil.- 2008.- 26 fevral.- S.5.
  19. "26 years pass since Garadaghly massacre". defence.az. 2018 fevral. 16 noyabr 2020 tarixində arxivləşdirilib.
  20. 1 2 "Garadaghly Massacre through the eyes of witness". en.azvision.az. 2018. 16 noyabr 2020 tarixində arxivləşdirilib.
  21. Məhərrəm Zülfüqarlı, 2010. səh. 8
  22. Məhərrəm Zülfüqarlı, 2010. səh. 9
  23. Məhərrəm Zülfüqarlı, 2010. səh. 10
  24. "Газ. "Бакинский рабочий", Т. Чалалзе. Сострадание. 1995". February 18, 1992. (#cite_web_url)
  25. 1 2 3 "Qaradağlı soyqırımı". Xocavənd İH. 16 oktyabr 2020 tarixində arxivləşdirilib.
  26. Rəsmiyyə RZALI. "Qaradağlı faciəsi". Azərbaycan q. 16 oktyabr 2020 tarixində arxivləşdirilib.
  27. 1 2 2-ci Xocalı soyqırımı – Qaradağlı faciəsinin 19-cu ili tamamlandı [ölü keçid]
  28. 1 2 Paşayeva və Aslanlı, 2013. səh. 5
  29. Paşayeva və Aslanlı, 2013. səh. 86
  30. John E. Jessup. An encyclopedic dictionary of conflict and conflict resolution, 1945–1996. Greenwood Publishing Group, 1998. ISBN 0-313-28112-2, ISBN 978-0-313-28112-9, p. 39
  31. Michel Wieviorka, David Gordon White. The making of terrorism. University of Chicago Press, 1993. ISBN 0-226-89650-1, ISBN 978-0-226-89650-2, p. 256
  32. Bruce Hoffman. Inside terrorism. Columbia University Press, 2006. ISBN 0-231-12699-9, ISBN 978-0-231-12699-1, p. 71
  33. Göçek, Fatma Müge. The Transformation of Turkey: Redefining State and the Society from the Ottoman Empire to the Modern Era. I.B. Tauris. 2011. səh. 151.
  34. "Terrorist Organizations". 2013-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
  35. Political dissent: an international guide to dissident, extra-parliamentary, guerrilla, and illegal political movements, by Henry W. Degenhardt, Alan John Day, Gale Research Company, 1983, p. 489
  36. Remembering with Vengeance, by Pico IyerTime, № 32, 8 August 1983
  37. The Caucasus: an introduction, by Frederik Coene, 2009 – 238 pages, p. 221
  38. The history of Turkey, by Douglas Arthur Howard – 2001 – 241 pages, p. 161
  39. Brian Forst, Jack R. Greene, James P. Lynch. Criminologists on Terrorism and Homeland Security. Cambridge University Press, 2011. ISBN 0521899451, 9780521899451, p. 431
  40. Council of Europe, Documents, Vol. 1, may 1984, Report by Amadei, p. 9
  41. "Incident Summary for GTDID: 198307150003". www.start.umd.edu. 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
  42. 1 2 Paşayeva və Aslanov, 2013. səh. 101
  43. Melkonian, Markar. My brother's road: an American's fateful journey to Armenia. I.B. Tauris. 2005. 211–212. ISBN 978-1-85043-635-5.
  44. Paşayeva və Aslanov, 2013. səh. 105
  45. Paşayeva və Aslanov, 2013. səh. 109
  46. "Qaradağlı faciəsi "Soyqırım. Qaradağlı" filminin təqdim olunması ilə yad edilmişdir". idp.gov.az. 2011. 16 noyabr 2020 tarixində arxivləşdirilib.
  47. ARB24 TV. "Qaradağlı faciəsindən 29 il ötür" (az.). Youtube.com. 17.02.2021. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]