Polimorf marşansiya
Polimorf marşansiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Növ: Polimorf marşansiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Polimorf marşansiya (lat. Marchantia polymorpha) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinin marşansiya dəstəsinin marşansiyakimilər fəsiləsinin marşansiya cinsinə aid bitki növü.
Bu bitki başqa bitkilərlə rəqabətdən kənar olaraq əsasən rütubətli yerlərdə, yanğın baş vermiş ərazilərdə, daşların üzərində inkişaf edir.
Polimorf marşansiya 15-20 sm uzunluğunda olub, lentşəkilli, dixotomik (haçavari) budaqlanmışdır. Tallomunun orta hissəsindən qalınlaşmış damar keçir, alt tərəfindən isə rizoidlə sıx örtülü olur. Tallomun üst hissəsi epidermis ilə örtülü olur, onun altında isə rombşəkilli hava kameraları yerləşir. Kameralar rəngsiz bir qat arakəsmə ilə ayrılırlar. Hər kameranın üst tərəfində dəlik vardır ki, o da 4 cərgədə düzülmüş 12 hüceyrə ilə əhatə olunmuşdur. Bu hüceyrələr həmin dəliyin diametrini tənzimləyə bilmədiyindən ağızcıqlar həmişə açıq qalır və qaz mübadiləsini həyata keçirir. Hava kameralarının alt tərəfində çox qatlı, əsasən nişasta tərkibli toxuma yerləşir. Tallomun alt tərəfindən nazik divarlı örtücü parenxim toxumadan sadə və dilcikşəkilli rizoid əmələ gəlir. Dilcikşəkilli rizoidlər əvvəlcə canlı olub, tallomla bərabər inkişaf edir, uzunıluğu 2 sm-ə çatır. Onların daxili qatından kiçik ölçülü dilciyəoxşar zoğ əmələ gəlir ki, (“dilcikşəkilli rizoid” sözü buradan yaranmışdır) sonradan zoğun zirvəsində olan qılaf əriyərək plazmanın tamlığını pozur və hüceyrələr ölməyə başlayır. Dilcikşəkilli rizoidlər kapilyarlıq prinsipi ilə rütubəti qəbul edir. Sadə rizoidlər tallomun böyümə nöqtəsinə yaxın damarların hər iki tərəfində əmələ gəlir, inkişaf edərək torpağa sancılıb suyu və suda həll olmuş mineral maddələri sorur, həm də böyümə nöqtəsini rütubətli torpağa yaxınlaşdırır. Bu rizoidlərin divarları hamardır və canlıdır. Dilcikşəkilli rizoidlərin kənarlarında birqat pulcuq – amfiqastr yerləşir. Amfiqastr böyümə nöqtəsini müdafiə edir və rizoidləri talloma sıxır.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Marşaniya mamırlarının əksəriyyəti ikievli bitkidir. Polimorf marşansiya da ikievli bitki olub, sporlarla və vegetativ yolla (törəmə tumurcuqlarrı) çoxalır. Müxtəlif tallomlarda xüsusui ayaqcıqların üzərində olan lövhəciklərdə anteridi və arxeqonilər formalaşır. Anteridi daşıyan ayaqcığın ucundakı lövhəcik üstdən azca basıqdır, kənarı yarımdairəvi dişlidir. Anteridilərin divarları birqat hüceyrədən təşkil olunmuşdur. Yaz və yay aylarında tallomun üst tərəfində 8 şüalı löpvhəciyin yuvacığında yerləşərək qurumaqdan qorunurlar. Spermatogen toxumanın hər hüceyrəsindən 2 ədəd ikiqamçılı spermatozoid əmələ gəlir. Xematoksis nəticəsində sulu mühitdə spermatozoidlər lövhəciklərin üzərinə çıxaraq su damcıları vasitəsilə dişi talloma yaxınlaşır və arxeqoniyə düşür.
Arxeqonilər ilk vaxtlar tallomun üst tərəfində çoxşüalı lövhəciyin üzərində yerləşir.
Lövhəciyin kənarları aşağıya doğru əyilmiş ulduzabənzər bölünmüşdür və yaşıl rənglidir. Arxeqonilər lövhəciyin alt tərəfinə, qarın hissəsi ilə birləşərək yerləşir və onların boğaz hissəsi aşağıya doğru vəziyyətdə durur. Arxeqonilər yetişərkən onların ayaqcıqları qısalır, şüalı lövhəcik ayaqcığa doğru sıxılır. Əmələ gələn kapilyar boşluğunda ikiqamçılı spermatozoidlər su ilə birlikdə alt tərəfdən arxeqoniyə doğru qalxır.
Arxeqoni ağızcıq, qarıncıq və boğaz hissədən ibarətdir. Boğaz hissəsində 4-5 ədəd boğaz-kanal hüceyrəsi olur, bu da arxeqoni yetişərkən əriyərək tərkibi alma turşusu olan seliyə çevrilir, spermatozoidləri cəlb etməyə, həm də onun sürüşməsinə xidmət edir. Spermatozoid boğaz kanalının seliyində hərəkət edərək arxeqoninin qarın hissəsində olan bir ədəd təknüvəli yumurtahüceyrəni mayalayır. Mayalanmış yumurtahüceyrədən ziqot əmələ gəlir. Ziqotun inkişafı nəticəsində arxeqoninin ayaqcığı uzanır, sporoqoniyə çevrilir. Sporoqoninin qutucuğu xaricdən arxeqoninin qarın hissəsinin divarı ilə örtülərək mühafizə rolunu yerinə yetirir. Sporoqoninin qutucuğunun içərisində olan arxespor hüceyrələr bölünərək ana hüceyrəni, ana hüceyrələr reduksion yolla ikiyə bölünərək haploid hüceyrəni, haploid hüceyrələr isə kariokinetik yolla bölünüb spor tetradasını əmələ gətirir. Sporlar yayda yetişir, sporoqoninin qutucuğu üst tərəfdən açılır və qutucuğun daxilində olan elaterlər vasitəsilə ətrafa yayılır. Rütubətdən asılı olaraq elaterlər burulmuş və ya spiral şəklində olur. Sporlar xaricdən ekzina, daxildən intina qatına malikdir. Ətrafa yayılmış sporlar rütubətli şəraitə düşdükdə onların ekzina qatı dağılır. İlk əvvəl sapabənzər şəkil alır, sonradan bölünmə nəticəsində protonema inkişaf edir və qametofit nəsil əmələ gətirir. Qametofit nəsil sporofit nəsil üzərində üstünlük təşkil edir.
Marşansiyada vegetativ çoxalma xüsusiləşmiş törəmə tumurcuqlarla gedir. Onların tallomun üst tərəfində xüsusi yerdə - səbətciklərin içərisində əmələ gəlir. Hər törəmə tumurcuq yumru lövhəcik şəklində olub, kənarlarında böyümə nöqtəsi olan ayaqcıqların üzərində inkişaf edir. Törəmə tumurcuqlar tam inkişaf etdikdən sonra ayaqcıqdan qopur və əlverişli şəraitə düşərək cücərib ana fərdə oxşar fərd əmələ gətirir. Marşansiya cinsinin bəzi nümayəndələrində tallomun alt tərəfində yumrular əmələ gəlir ki, bu da yeni bitkinin əmələ gəlməsinə başlanğıc verir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1137.