Mahmud Nədim Paşa
Mahmud Nədim Paşa | |
---|---|
8 sentyabr 1871 – 31 iyul 1872 | |
Əvvəlki | Mehmed Əmin Əli Paşa |
Sonrakı | Əhməd Şəfiq Mithat Paşa |
26 avqust 1875 – 12 may 1876 | |
Əvvəlki | Əhməd Əsad Paşa |
Sonrakı | Mehmed Rüşdü Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Mehmed Nəcib Paşa |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Mahmud Nədim Paşa (d. 1818 - ö. 14 may 1883) — Sultan Əbdüləzizin səltənətində 2 dəfə - ümumlikdə 1 il 7 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Rusyönümlü siyasəti səbəbilə "Nədimov" ləqəbi qazanmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1818-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Bağdad hakimlərindən Gürcü Mehmed Nəcib Paşadır. Təhsilini tamamladıqdan sonra 1831-ci ildə sədarət məktubdarı olaraq xidmətə alındı. Qısa müddətliyinə sərdar Bursalı Səid Paşaya divan katibi oldu. Bir il Bağdadda atasının yanında qaldıqdan sonra 1841-ci ilin fevralında bu dəfə sədarət məktubdarının müavini təyin edildi. Bu vəzifədə ikən dövrün mühüm dövlət adamlarından Mustafa Rəşid Paşanın diqqətini çəkdi və onun ilk sədarətində ikinci dərəcəli sədarət məktubdarı təyin olundu (mart 1847). 23 mart 1854-cü ildə sədrəzəm müşaviri, 3 ay sonra 26 iyunda isə Xarici işlər nazirliyinin müşaviri seçildi. Krım müharibəsi əsnasında Ömər Lütfi Paşanın heyətiylə birlikdə 16 gün Bolqarıstanda qaldı. 25 fevral 1855-ci ildə yenə Mustafa Rəşid Paşanın yardımıyla vəzirlik rütbəsi aldı və Sayda hakimliyinə gətirildi. 14 dekabr 1855-ci ildə Dəməşq, 1857-ci ilin sentyabrında isə İzmir hakimi oldu. Ardından paytaxta çağırılaraq 1858-ci ilin martında Tənzimat məclisi üzvü, həmin ilin mayında isə Xarici işləri naziri Fuad Paşanın Parisə getməsi səbəbilə dil bilməməsinə baxmayaraq nazir vəkili olaraq təyin olundu. 30 avqust 1858-ci ildə Ticarət naziri olsa da, 1859-cu ilin dekabrında vəzifədən alındı. 9 iyul 1860-cı ildə öz istəyilə Trablusqərb hakimliyinə göndərildi. Sədrəzəm Mehmed Əli Paşaya müxalif olan Yeni Osmanlılar cəmiyyəti ilə əlaqəsi ortaya çıxmış, özünü müdafiə etmək üçün İstanbula gələrək sədrəzəmi günahsız olduğuna inandırmışdır. Ancaq 7 il boyunca xidmət göstərdiyi vəzifəyə geri dönmək istəmədiyi üçün istehfa verdi və ardından 18 iyun 1867-ci ildə məclis üzvlüyünə gətirildi.
Bundan sonrakı mərhələdə isə tutduğu vəzifələr sürətlə dəyişməyə başladı. 24 avqust 1867-ci ildə Dəaviyyə naziri (katiblik), 6 mart 1868-ci ildə ikinci dəfə sədarət müşaviri, bir həftə sonra isə 14 martda Bahriyə naziri olaraq təyin edildi. Maaşının artırılması ilə bağlı sədrəzəm Mehmed Əli Paşaya müraciət etmiş, ancaq bunun qəbul edilməməsinin ardından saraya müraciət edərək sədrəzəmlə münasibətlərinin pozulmasına səbəb oldu. Ancaq sədrəzəmin səhhətinin ağırlaşması nəticəsində sarayla olan əlaqələri daha da yaxınlaşdı.
Mehmed Əli Paşanın ölümünün ardından Sultan Əbdüləzizlə qurduğu yaxın münasibət nəticəsində 8 sentyabr 1871-ci ildə sədrəzəm oldu. Sələfindən fərqli olaraq Sultan Əbdüləzizin istək və arzularına uyöun hərəkət edən Mahmud Nədim Paşa sədarəti ələ aldıqdan dərhal sonra mərkəzdə və əyalətlərdə böyük bir təmizləmə əməliyyatına başladı. Tənzimatçı və yenilik tərəfdarı bütün dövlət adamları vəzifələrindən uzaqlaşdırıldı.[1] Digər əyalət hakimlərinin vəzifə yerləri isə dəyişdirildi. Özünə rəqib gördüyü mühüm dövlət adamlarını sürgünə və ya uzaq əyalətlərə vəzifəyə yolladı. Reformasiya tərəfdarlarının cəmləşdiyi Dövlət şurasındakı üzvlərin sayını azaltdı. Bəzi vilayətlərin ərazisini azaldaraq yeni vilayətlər təşkil etdi.
Ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə islahat komissiyası qurdu və bu komisiyanın fəaliyyəti nəticəsində bir çox vəzifəli şəxs haqqında cinayət işi açıldı. Əlavə olaraq maaşları 100 kuruşdan çox olan vəzifəlilərin maaşlarından 5% tutularaq dövlət xəzinəsinə əlavə edildi.[2] Evkaf nazirliyini ləğv edərək buranın tabeliyindəki işçilərin bir qismini şeyxülislamlığa, bir qismini isə Maliyyə nazirliyinin tabeliyinə verdi. Maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən bu tədbirlərə baxmayaraq dövlət xidmətindəki vəzifəlilərin maaşları aylarla ödənməmiş, bununla bağlı olaraq yeni borclanmalara gedilmişdi.[3]
Tənzimat dönəmində dövlət adamlarının apardığı Avropayönümlü siyasətdən uzaqlaşan Nədim Paşa öz istiqamətini Rusiyaya çevirdi. Ən yaxın tərəfdaşı olan isə Rusiyanın İstanbuldakı səfiri İqnatiyev idi. Üzərindəki rus təsiri səbəbilə xalq arasında Nədimov olaraq anılan Nədim Paşa Avropada Osmanlı əleyhinə yeni bir cəbhənin açılmasına səbəb olmuşdu.
Artan təzyiqlərin və şikayətlərin ardından Mahmud Nədim Paşanı müdafiə edə bilməyəcəyini anlayan Sultan Əbdüləziz 31 iyul 1872-ci ildə onu vəzifədən alaraq yerinə Mithat Paşanı sədarətə gətirdi. 20 min kuruş təqaüd maaşıyla vəzifədən alınan Nədim Paşa haqqında dönəmin qəzetlərində mənfi xəbərlər yayıldı və yaşadığı köşkün önündə nümayişlər təşkil edildi.
Sultan Əbdüləziz 1873-cü ildə yeni sədrəzəminin də təsiriylə Nədim Paşanı öncə Kastamonu hakimi təyin etsə də, iyul ayının ortalarında vəzifədən alaraq Trabzona sürgün etdi. Ancaq burda çox qalmadı və 15 oktyabr 1873-cü ildə Adana hakimliyinə gətirildi. 31 mart 1875-ci ildə vəzifədən alınan Nədim Paşa paytaxta çağırıldı və 20 avqustda Dövlət şurası rəisi təyin edildi. Bu əsnada uzun müddətdir davam edən Herseq üsyanını aradan qaldıracağını deməsinin ardından ikinci dəfə sədarətə gətirildi (26 avqust 1875).
Herseq üsyanını Rusiyanın dəstəyilə yatıracağına arxayın olan Nədim Paşa ilk öncəliyi davam edən maliyyə böhranına verdi. Yaxın adamı səfir İqnatiyevin də yardımıyla hazırladığı maliyyə planı ilə 5 il ərzində dövlətin bütün xarici borcunun yarıdan çoxunu ödəməyi öhdəsinə almışdı. 6 oktyabr tarixində bu maliyyə planını hökumət təsdiqlədi. Ancaq bu planının tədbiqinin ardından ölkədəki vəziyyət daha da ağırlaşdı.
Bu əsnada Herseqdəki üsyan Bosniyaya sıçramışdı. İqnatiyevin təsirindən çıxa bilməyən Nədim Paşanın əmriylə üsyan rəhbərləri ələ keçirilsə də, rus səfirinin araya girməsiylə azadlığa buraxıldılar. Üstəlik onları ələ keçirən dövlət məmurları fərqli əyalətlərə sürgün edildilər. Bölgəyə yeni hərbi birliklərin göndərilməməsi nəticəsində 1876-cı ildə çevriliş baş verdi. Fransız və alman konsullarının öldürülməsiylə vəziyyət daha qlobal hal aldı. Nədim Paşanı dövlət idarəsindən uzaqlaşdırmağı planlaşdıran Mithat Paşa və Hüseyn Avni Paşanın da təsiriylə İstanbuldakı mədrəsə tələbələri ayaqlandılar. Üsyançı tələbələr şeyxülislamın və sədrəzəmin vəzifədən alınmasını tələb edirdilər. İğtişaşların artması nəticəsində Nədim Paşa 11 may 1876-cı ildə vəzifədən alındı.
5 iyun 1876-cı ildə öz istəyilə öncə Çeşməyə, ardından Saqqız adasına göndərildi. II Əbdülhəmidin cülusundan sonra bağışlanması üçün saraya müraciət etdi və İstanbula çağırıldı. Səid Paşanın ilk sədarətində 19 oktyabr 1879-cu ildə Daxili işlər naziri təyin edildi. Ancaq yaşlılığı və səhhətinin pisləşməsi səbəbilə 28 fevral 1883-cü ildə 15 min kuruş maaşla təqaüdə ayrıldı. Çox keçmədən 14 may 1883-cü ildə vəfat etdi. Cənazəsi Cağaloğlundakı türbəsinə dəfn edildi.[4]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Mehmed Süreyya (haz. Nuri Akbayar) (1996), Sicill-i Osmani, İstanbul:Tarih Vakfı Yurt Yayınları ISBN 975-333-0383
- Buz, Ayhan (2009) "Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5
- Mir’ât-ı Hakîkat (Miroğlu), tür.yer.;
- Cevdet, Ma‘rûzât, tür.yer.;
- a.mlf., Tezâkir, I-IV, tür.yer.;
- Lutfî, Târih, XI, 82, 87, 88; XIII, tür.yer.; XIV, 24-25, 28-29, 51, 60, 68; XV, 48, 52, 57, 61, 65, 76;
- Mehmed Memduh [Paşa], Esvât-ı Sudûr, İzmir 1328, s. 22-28;
- Sicill-i Osmânî, IV, 336-337;
- Mehmed Zeki Pakalın, Mahmud Nedim Paşa, İstanbul 1940;
- İbnülemin, Son Sadrıazamlar (İstanbul 1940), İstanbul 1982, I, 259-314;
- Karal, Osmanlı Tarihi, VII, tür.yer.;
- Mufassal Osmanlı Tarihi, İstanbul 1963, VI, tür.yer.;
- Vahdettin Engin, Rumeli Demiryolları, İstanbul 1993, s. 56, 80, 83-91, 108, 177;
- Şerif Mardin, Yeni Osmanlı Düşüncesinin Doğuşu, İstanbul 1996, s. 74-77, 80-81, 88, 261;
- a.mlf., “Maḥmūd Nedīm Pas̲h̲a”, EI2 (İng.), VI, 68-69;
- Ziyad Ebüzziya, “Ali Efendi, Basîretçi”, DİA, II, 388.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Butrus Abu Manneh, “The Sultan and the Bureaucracy: The Anti-Tanzimat Concepts of Grand Vizier Mahmud Nedim Paşa”, Studies on Islam and the Ottoman Empire in the 19th Century (1826-1876), İstanbul 2001, s. 161-180;
- ↑ R. H. Davison, Osmanlı İmparatorluğu’nda Reform (trc. Osman Akınhay), İstanbul 1997, II, tür.yer.;
- ↑ S. J. Shaw – E. K. Shaw, Osmanlı İmparatorluğu ve Modern Türkiye (trc. Mehmet Harmancı), İstanbul 1983, II, 194-206;
- ↑ Yılmaz, Recep, "Mahmut Nedim Paşa",(1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.69-70 ISBN 975-08-0072-9