Yusif İzzəddin Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yusif İzzəddin Əfəndi
türk. Yusuf İzzeddin Efendi
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1857(1857-10-10)
Doğum yeri
Vəfat tarixi 1 fevral 1916(1916-02-01)[1] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası Əbduləziz
Anası Dürrünəv Qadınəfəndi
Həyat yoldaşları Çeşmiahu xanım
Əminə Cavidan xanım
Aliyə Nazikəda Avcı
Faiqə Tazəndə Yücesan
Ləman Ünlüsoy
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini sünni islam
Rütbəsi Müşir, Feldmarşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yusif İzzəddin Əfəndi (10 oktyabr 1857, Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası1 fevral 1916[1], İstanbul) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu, Osmanlı şahzadəsi.[2]

Şahzadə Yusif İzzəddin Əfəndi 1857-ci ildə Dolmabağça sarayında doğuldu.[3][4] Atası Osmanlı şahzadəsi Şahzadə Əbdüləziz (Sultan Əbdüləziz), anası isə onun ilk xanımı Dürrünəv xanım idi.[5][6] Dünyaya gəldiyi əsnada əmisi Sultan Əbdülməcid taxtda idi və şahzadələrin övlad sahibi olması qadağan olduğu üçün Məkkə mollası Mehmed Qədri bəyin Əyyubsultandakı evində gizlicə böyüdüldü. 4 yaşına gəldikdə isə atası taxta çıxmış, bundan sonra ictimaiyyətə təqdim olunmuşdur.[7] 26 sentyabr 1862-ci ildə atasının İzmit səyahətində, 3 aprel 1863-cü ildə isə Misir səyahətində iştirak etdi. Bu səyahətlərə onunla yanaşı əmisi oğlanları Murad, ƏbdülhəmidRəşad da qatıldı.[8]

Gənc İzzəddin Əfəndi, 1873-cü il

İlk təhsilini uşaqlıq illərində gizlədildiyi Mehmed Qədri bəyin köşkündə onun övladlarıyla birlikdə aldı. 10 yaşında ikən 21 iyun 1867-ci ildə atasıyla birlikdə Avropa səyahətinə çıxdı. Fransa, Belçika, Prusiya, Avstriya-Macarıstan üzərindən davam edən və 7 avqustda başa çatan səyahətin ardından atasının istəyilə fransızca dərsləri aldı və vəliəhdlik dövründə də bu təhsilini davam etdirdi.[9] Atasının tələbiylə Fransa imperatoru III Napoleon tərəfindən bir müəllim göndərildi və fransız dilini miralay Nökedən öyrəndi. 20 iyun 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, Cəlaləddin ƏfəndiMünirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi.

Bir çox saray və dövlət mərasimlərində iştirak edən İzzəddin Əfəndi bu mərasimlərə atası və ya nənəsi Pərtəvniyal Validə Sultanla birlikdə qatılırdı. Bu ziyarətlərinə 12 mart 1863-cü ildə Sultanəhməd meydanında keçirilən sərgi ziyarətini və 5 aprel 1872-ci ildə Pərtəvniyal Validə Sultan məscidinin açılış mərasimini nümunə göstərmək olar.

Vəliəhdlik illəri

[redaktə | mənbəni redaktə et]

Atası saray çevrilişi ilə taxtdan endirilib, bir neçə gün sonra da şübhəli olaraq öləndə 19 yaşı vardı. Digər qardaşları kimi, o əsnada birinci ordu müşiri olan İzzəddin Əfəndinin də bütün hərbi rütbələri ləğv edildi və hərbi karyerasına son qoyuldu. Atasının vəfatından sonra Osmanlı sülaləsinə mənsub şahzadələr arasında ən böyüyü olan əmisi oğlanları V Murad, II ƏbdülhəmidV Mehmed Rəşad taxta çıxdı. Bu dövrdə elmlə məşğul olan İzzəddin Əfəndi tarix, hüquq, iqtisad, musiqi, rəsmsufizmlə maraqlandı.[10]

V Mehmed Rəşadın 27 aprel 1909-cu ildə taxta çıxmasıyla taxt namizədliyində birinci yerə gələn İzzəddin Əfəndi Vəliəhd-i Səltənət ünvanıyla ölkə daxilində və xaricində bir çox dövlət mərasimində iştirak etdi. Bunlara 1 sentyabr 1909-cu ildə baş tutan və 4 gün davam edən Bursa səyahəti,[11][12] 27 oktyabrında baş tutan və 2 gün davam edən İzmit səyahəti,[13][14] 26 oktyabr 1910-cu ildə baş tutan və 1 həftə davam edən Ədirnə,[15] 4 noyabr 1912-ci ildə baş tutan Çatalca,[16] 28 iyul 1913-cü ildə ikinci dəfə Ədirnə,[17][18] 17 iyul 1915-ci ildə baş tutan Çanaqqala,[19] 22 iyul 1915-ci ildə baş tutan üçüncü dəfə Ədirnə[20][21] səyahətləri nümunə göstərilə bilər. Bir çoxunda Sultan Rəşadın şəxsən iştirak etdiyi bu səyahətlərə vəliəhd İzzəddin Əfəndiylə yanaşı bəzi hallarda taxt sıralamasındakı digər şahzadələr - Vahidəddin, Ziyayəddin, Nəcməddin, Ömər Hilmi də qatıldı. Ölkə xaricinə etdiyi səyahətlər isə 20 may 1910-cu ildə Londonda baş tutan VII Eduardın cənazə mərasimi, 22 iyun 1911-ci ildə Londonda baş tutan V Corcun tacqoyma mərasimi, həmin ilin sentyabrında hərbi məqsədlərlə göndərildiyi Almaniya səfəri, 1912-ci ildə müalicə məqsədilə getdiyi Avstriya-Macarıstan səfəridir.

Xəstəliyi və ölümü

[redaktə | mənbəni redaktə et]

Durmadan xərçəng xəstəliyinə tutulduğunu və bunun ondan gizlədildiyini deyən İzzəddin Əfəndi saray həkimlərinə inanmadı və səhhətinin pisləşməsinin ardından 20 avqust 1912-ci ildə Sultan Rəşadın xüsusi icazəsiylə müalicə üçün İsveçrəyə yollandı. İki gün sonra Vyanaya çatan İzzəddin Əfəndi burada Avstriya-Macarıstan imperatoru I Frans İosifin xüsusi həkimi professor Herman Schlesinger tərəfindən müayinə edildi. Ancaq bu həkim də vəliəhdin xərçəng olmadığını, narahatçılığının səbəbinin əsəb sistemiylə bağlı olduğunu bildirdi. Üstəlik müalicəsi üçün Vyana yaxınlığındakı Edlah sanatoriyasını məsləhət gördü. Həkimin tövsiyəsiylə səyahət proqramında dəyişiklik edən İzzəddin Əfəndi 11 oktyabra qədər bu sanatoriyada müalicə aldı və 16 oktyabrda İstanbula döndü.

Vyanadakı 3 aylıq müalicə vəliəhdin səhhətində yaxşı nəticə verdi. Ancaq gərgin siyasi mühit və Birinci Dünya Müharibəsinin hər an çıxa bilmə ehtimalı səbəbilə, Sultan Rəşad vəliəhdin əcnəbi ölkədən dərhal dönməsini istəmişdi. Üstəlik həkimlərin ən az 6 ay olaraq planladıqları bu müalicə prosesi 3 ay da tamamlanmış, bu səbəblə İzzəddin Əfəndi tam olaraq sağalmadığına inanmışdı. Bu səbəblə, əsəb sistemi tamamilə alt-üst olan İzzəddin Əfəndi müayinəsindən keçdiyi bütün həkimlərin dilindən kağız alaraq, xəstə olmadığına dair təminat istəmiş, hətta bəzi hallarda onların Quran-ı kərim üzərinə and içmələrini istəmişdir.

Serbiya kralı I Pyotrun İstanbul səyahəti əsnasında vəliəhd İzzəddin Əfəndiylə görüşü, 14 aprel 1910

Ancaq xərçəng olduğuna inanan və bu səbəblə, taxtdan məhrum edilməkdən qorxan İzzəddin Əfəndinin sonunu da elə bu qorxuları gətirdi. Belə ki, 1 fevral 1916-cı ildə Zəncirliquyu səmtindəki köşkündə biləyini kəsərək intihar etdi. Cənazəsi ertəsi gün Dolmabağça sarayına gətirildi və burada keçirilən cənazə mərasiminin ardından Sultan Mahmud türbəsində atasının yanına dəfn olundu. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var.

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

Atasının istəyilə olduqca kiçik yaşlarında hərbi təhsil almağa başladı. Bundan şahzadə olmasının da mühüm rolu vardı. Hələ 4 yaşında ikən ordu sıralarına adı yazıldı. Hərb məktəbindəki ibtidai təhsilini tamamladıqdan sonra 7 fevral 1864-cü ildə əmisi oğlu Nurəddin Əfəndiylə birlikdə təhsilini davam etdirdi və həmin ilin mayında kapitan, 17 noyabr 1865-ci ildə qolağası, 2 iyul 1866-cı ildə mayor, 1867-ci ilin sentyabrında kaymakam, 15 iyul 1868-ci ildə miralay, 1870-ci ilin mayında mirliva, 2 noyabr 1871-ci ildə ferik, 14 aprel 1872-ci ildə Məcidiyyə ordeniylə birlikdə müşir rütbəsinə yüksəldildi. Beləcə, hələ 15 yaşında ikən Osmanlı tarixində ən yüksək hərbi rütbəyə yüksələn yeganə şahzadə olaraq adı tarixə düşdü.

Hərbi karyerası boyunca tez-tez kazarmalara ziyarət edib, burada əsgərləri təftiş edən İzzəddin Əfəndi bir çox dövlət mərasimlərində və hərbi paradlarda da iştirak etdi. Ancaq atasının taxtdan endirildiyi 1876-cı ildən etibarən bütün vəzifə və rütbələrindən azad olundu. Sultan Əbdülhəmid səltənətində isə hərbi karyerası müşir ünvanı saxlanılmaq şərtilə, rəsmi olaraq dayandırıldı.

İlk evliliyi əslən çərkəz olan Çeşmiahu xanımla (ö. noyabr 1912) baş tutdu. 1879-cu ildə evlənən cütlüyün bir oğlu doğuldu. 1912-ci ildə vəfat edən Çeşmiahu xanım Validə Pərtəvniyal Sultan türbəsinə dəfn edildi:

İkinci evliliyi əslən abxaz olan xalası Kəmalifər xanımla Ömər İzzət Paşanın qızı Əsma Sürəyya Cavidan xanımla (12 yanvar 1870, İstanbul - 21 sentyabr 1935, İstanbul) baş tutdu. 20 may 1885-ci ildə Çırağan sarayında evlənən cütlüyün övladı olmamışdır.

Üçüncü evliliyi Sultan Vahidəddinin xanımlarından Nazikəda xanımın dayısı qızı əslən abxaz Aliyə Nazikəda xanımla (30 may 1872, Suxumi - 18 mart 1945, Sivas) baş tutdu. 6 iyul 1886-cı ildə Dolmabağça sarayında evlənən cütlüyün övladı olmamışdır. 1934 tarixli Soyad qanunu ilə Avcı soyadını almışdır.

Dördüncü evliliyi əslən çərkəz olan Faiqə Tazəndə xanımla (10 oktyabr 1875, Poti - 17 iyun 1950, İstanbul) baş tutdu. 15 oktyabr 1892-ci ildə Çırağan sarayında evlənən cütlüyün övladı olmamışdır. 1934 tarixli Soyad qanunu ilə Yücesan soyadını almışdır.

Beşinci evliliyi isə Ləman xanımla (6 iyun 1888, Batumi - 3 avqust 1953, İstanbul) baş tutdu. 4 fevral 1902-ci ildə Çamlıca köşkündə evlənən cütlüyün 3 övladı doğuldu. 1934 tarixli Soyad qanunu ilə Ünlüsoy soyadını almışdır.


  1. 1 2 Deutsche Nationalbibliothek Record #142727105 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Bedî ŞEHSUVAROĞLU, “Veliahd Yusuf İzzeddin Efendi”, Hayat Tarih Mecmuası, Doğan Kardeş Matbaacılık Basımevi, İstanbul 1974, c. 1, sayı 6, s. 13
  3. ÖRİK, Bilinmeyen Yaşamlarıyla Saraylılar, s.194
  4. Jamil ADRA, Genealogy Of The Imperial Ottoman Family, Paris 2005, s. 15
  5. Cemal KUTAY, “Babasına Benzeyen Kanlı Ölümü İçinde Veliaht Yusuf İzzeddin Efendi”, Tarih Konuşuyor, Halk Basımevi, İstanbul 1968, c. 8, sayı 55, s. 3842
  6. Cemal KUTAY, “İttihad ve Terakki’nin Vahidüddin Efendi’yi Veliahd Yapmamak İçin Teşebbüsü ve Sonrası”, Tarih Konuşuyor, Halk Basımevi, İstanbul, 1967, c. 7, sayı 37, s. 3029
  7. Ahmed Cevdet Paşa, Tezâkir, yay. haz. Cavid BAYSUN, TTK Basımevi, Ankara 1991, c. 2, s. 146-147
  8. MERCAN, “Osmanlı Padişahlarının İzmit ve Hereke’ye Yaptığı Geziler”, s. 694-695
  9. Cemal KUTAY, Avrupa’da Sultan Aziz, Geçmişten Günümüze Türk Kitaplığı, İstanbul 1970, s. 43
  10. AKSÜT, “Yusuf İzzeddin’e Dair Yeni Vesikalar”, s. 62
  11. “Seyahat-i Şahane”, Tanin Gazetesi, 2 Eylül 1909, no: 360, s. 1.
  12. “Seyahat-i Şahane ve Burusa’ca Merasim-i İstikbaliye”, Tanin Gazetesi, 29 Ağustos 1909, no: 356, s. 2.
  13. Haluk SELVİ, “Sultan V. Mehmed Reşad’ın İzmit Seyahati (27-28 Ekim 1909)”, Uluslararası Kara Mürsel Alp ve Kocaeli Tarihi Sempozyumu-II Bildirileri, Kocaeli Büyükşehir Belediyesi Kültür ve Sosyal İşler Dairesi Başkanlığı Yayınları, Kocaeli 2016, s. 926, 932.
  14. “İzmid’e Seyahat-i Padişahi”, Tanin Gazetesi, 26 Ekim 1909, no: 412, s. 2
  15. “Seyahat-i Padişahi: Azimet-i Şehriyari”, Tanin Gazetesi, 27 Ekim 1910 Perşembe, no: 773, s. 2
  16. “Çatalca’ya Azimet”, Sabah Gazetesi, 5 Kasım 1912 Salı, no: 8308, s. 2
  17. Tayyib GÖKBİLGİN, “Edirne”, DİA, İstanbul 1994, c. 10, s. 427
  18. “Veliahd Hazretleri İle Ziyaeddin Efendi Hazretleri”, Tanin Gazetesi, 27 Temmuz 1913 Pazar, no: 1673, s. 1
  19. “Veliahd Hazretleri Saha-i Harbde”, Sabah Gazetesi, 18 Temmuz 1915 Pazar, no: 9283 s. 3
  20. “Veliahd Hazretleri Edirne’de”, Sabah Gazetesi, 24 Temmuz 1915 Cumartesi, no: 9289, s. 4
  21. “Veliahd-ı Saltanat Hazretlerinin Avdetleri - Edirne’de Resm-i Geçid”, Tanin Gazetesi, 24 Temmuz 1915 Cumartesi, no: 2370, s. 3