Lipid metabolizmi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Lipid metabolizmi hüceyrədə lipidlərin sintez və parçalanma reaksiyaları bütünüdür. Bu mexanizmlərə enerji əldə etmək üçün yağların parçalanması və ya ehtiyat olaraq saxlanması, membran kimi hüceyrəvi strukturlardakı lipidlərin, eləcə də, funksional lipidlərin biosintezi daxildir.[1]

Ümumi "lipidlərə" neytral yağların bir qrupu və lipoidlər aiddir. Bu sinfə daxil olan birləşmələrin əsas fiziki xassəsi üzvi həlledicilərdə (benzol, petrolein efiri, xloroform, benzin, aseton, dietilefiri və s.) yaxşı, suda isə çox pis həll olmasıdır. Lipidləri kimyəvi tərkiblərinə görə aşağıdakı qruplara bölürlər:a) yağlar (neytral yağlar, yaxud triqliseridlər); b) böyükmolekullu alifatik turşular; c) fosfatitlər (fosfolipidlər); ç) serebrozidlər, sterin və steridlər; d)qanqliozidlər; ə) mum və mumabənzər maddələr. Yağlar və lipidlər insan və heyvan orqanizmində böyük rol oynayır. Ehtiyat yağları orqanizmin enerji mənbəyidir. Onlar hüceyrə protoplazmasının struktur komponentlərindən biridir.[2]

Lipid metabolizmi

[redaktə | mənbəni redaktə et]

Yağların hidrolitik parçalanması bir neçə mərhələdə davam edir. Lipaza, əsasən, triqliserid molekulunun alfa-efir birləşməsinə təsir göstərir. Bu zaman ilk növbədə qliserinlə alfa vəziyyətində birləşmiş alifatik turşular ayrılır və qliserin-2-alifatik turşular əmələ gəlir, onlar da son parçalanmadan əvvəl qliserin-1-alifatik turşulara çevrilir. Adətən, bütün toxumalarda yağların parçalanması və sintezi prosesləri daim davam edir. Bu proseslərdən hansı birinin üstünlük təşkil etməsi müxtəlif amillərin təsiri və fizioloji tələbatla əlaqədardır. Toxumalarda da yağların parçalanması prosesi toxuma lipazasının təsiri ilə başlanır.Burada parçalanma prosesi davam edərək, alınan qliserin və alifatik turşuların müxtəlif yollarla karbon qazı və suya qədər oksidləşməsi nəticəsində çoxlu enerji əldə edilir. Reaksiyanın istiqamətindən asılı olaraq qliserindən qlikogen də sintez oluna bilər və ya əksinə. Karbohidratlardan bəzi hallarda qliserin əmələ gəlir. Fosfolipidlərin hidrolizi fosfolipaza fermentlərinin (A, B, C, D), xolesterinlərin katalitik parçalanması isə xolesterolesteraza fermentlərinin fəaliyyəti nəticəsində baş verir. Fosfolipidlər fosfatitlərə aid olub, qliserinin mürəkkəb efirlərindən, alifatik turşulardan, fosfat turşusundan və azotlu birləşmə olan xolindən ibarətdir. Fosfolipidlər tərkiblərindəki qliserinə görə müxtəlifdir. Onlarda 60–70% lesitinlə bərabər, sfiqnomielin, lizolesitin, az miqdarda kofein vardır. Son zamanlaradək fosfolipidlərə lesitin deyilirdi, lakin onların quruluşu nəzərə alınaraq tibb aləmində onlar üçün ümumi fosfolipidlər termini qəbul edilmişdir. Fosfolipidlər hüceyrə daxilində gedən yağ mübadiləsində, yağların sorulmasında, onların nəql edilməsində və alifatik turşuların oksidləşməsi prosesində fəal iştirak edir. Fosfolipidlər xolesterinlərin bir növ sabitləşdiricisi sayılmaqla, onların məhlulda kolloid maddə halında saxlanmasına şərait yaradır. Bundan əlavə, orqanizmdə xolesterinin miqdarı artdıqda, fosfolipidlər onun orqanizmdən çıxarılmasına kömək edir.

  1. "Overview of Lipid Metabolism". Merck Manuals Professional Edition. 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  2. Hüseynov. İ və Əliyev. T, Biokimyəvi tədqiqat üsulları və onların linik əhəmiyyəti. Bakı, 1979.