Limfa sistemi
Limfa sistemi | |
---|---|
Limfa sisteminə aid damar, düyün və üzvlərin sxematik təsviri | |
Latınca | Systema lymphaticum |
Limfa sistemi - (lat. systema lymphaticum) damar sisteminin bir hissəsini təşkil edərək limfa sahələrindən, limfa adlanan rəngsiz maye toxuma daşıyan limfa yollarından və qanyaradıcı üzvlərdən ibarətdir.
Bunun mühit ucu qapalı olub, hüceyrəarası sahələrində limfa kapillyarları vasitəsilə başlayır və mərkəzi ucu azad bir surətdə venoz sistemə açılır; beləliklə, limfa sistemi ilə qan damar sisteminin fərqi bundadır ki, axırıncı dövran təşkil etdiyi halada, limfa sistemi mühitdə qapalı olur, mərkəzi ucu isə venoz sistemə açılır. Hüceyrəarası sahələrində toplanan toxuma mayesi (toxuma limfası) adsorbsiya vasitəsilə əvvəlcə limfa kapillyarlarına və sonra limfa damarlarına keçir və bunların birləşməsindən əmələ gələn limfa axacaqları vasitəsilə venoz sistemə daşınır, beləliklə limfa sistemi venoz sisteminin köməkçi aparatı hesab olunub, bir tərəfdən quruluşu (limfa damarlarında qapaqcıqların olması) və limfanın cərəyanı cəhətcə ona artıq dərəcədə oxşayır və digər tərəfdən xüsusi limfa düyünlərinin (lat. nodi lymphatici) olmasıilə venoz sistemdən fərqlənir.
Limfa sahələri
[redaktə | mənbəni redaktə et]Limfa sahələri müxtəlif olub, ölçüləri orada olan limfanın miqdarından asılıdır. Onlarda toplanan limfa adsorbsiya üsulu ilə limfa kapillyatlarına keçir.
Böyük limfa sahələri
[redaktə | mənbəni redaktə et]Bu növ limfa sahələrə seroz kisələr (ürək kisəsi, plevra və periton boşluqları), beyin mədəcikləri, onurğa beyninin mərkəzi kanalı, göz kameraları və qulaq labirintinin xarici və daxili limfa sahələri (perilimfatik və endolimfatik) aiddirlər. Bunlardan seroz kisə mezotel ilə; beyin mədəcikləri və mərkəzi kanal ependim ilə və yerdə qalanları müxtəlif növ epitel ilə örtülü olurlar.
Kiçik limfa sahələri
[redaktə | mənbəni redaktə et]Kiçik limfa sahələri yarıq şəklində olib daxildən endotel ilə örtülü olurlar. Bu növ sahələrə beynin sərt qişaüstü, sərt qişaarası, sərt qişaaltı, hörümçək torunabənzər qişaaltı, yumuşaq qişaarası və beyinüstü boşluqlar (lat. cavum epidurale, interdurale, subdurale, subarachnoidale, interiale et epicerebrale) aiddirlər.
Damarətrafı və perinevral limfa sahələri
[redaktə | mənbəni redaktə et]Damarətrafı limfa sahələri yarıq şəklində olub bəzi qan damarlarını, məsələn aortanı və beyin damarlarını xaricdən əhatə edirlər. Perinevral limfa sahələri isə sinir kötüklərini əhatə edirlər.
Sinovi boşluqları və limfa cibləri
[redaktə | mənbəni redaktə et]Sinovi boşluqlarına oynaq boşluqları, vətərlərin sinovial yataqları və selikli kisəciklər aiddirlər. Limfa cibləri kolba şəklində kor limfa damarı çıxıntılarına deyilir; bunlar artıq miqdarda nazik bağırsaq xovlarında, mədənin, yoğun bağırsağın və uşaqlığın selikli qişasında təsadüf olunur, özləri də endotel ilə örtülü olur.
Limfa yolları və düyünü
[redaktə | mənbəni redaktə et]Limfa
[redaktə | mənbəni redaktə et]Limfa sistemində dövran edən limfa qələvi reaksiyalı, şəffaf rəngsiz, və ya zəif sarımtıl, yapışqanabənzər maye toxumadır, limfa elementlərindən və plazmadan ibarətdir; xüsusi çəkisi 1017-dir və ümümi vəzni bədən vəzninin ¼-nə bərabərdir. Limfa elementlərinə limfositlər, leykositlər və bir az miqdarda eritoblastlar aiddir. plazmanın tərkibində isə su, duzlar, zülali maddələr, letsitin, yağlar, sidik cövhəri, ekstraktlı maddələr və karbon qazı vardır. bir gecə-gündüzdə limfa damarlarından axan limfanın miqdarı təxminən 50 litrə bərabərdir. Nazik bağırsaqların divarlarında və müsariqəsində olan limfa damarlarında həzm zamanı xilus - lat. chylus dövran edir. Bununadi limfadan fərqi, yağlılığın çox olmasındadır. Həzm prosesi olmadığı zaman həmin damarlarda adi limfa dövran edir. limfanın və xilusun damarlarda dövranı venoz qanın dövranını təmin edən qüvvələrdən (döş qəfəsinindəki mənfi təzyiqdən, əzələlərin yğılmasından və limfanın qeriyə axmasına qapaqların müqavimət göstərməsindən) asılıdır.
Əmələgəlməsi və cərəyanı
[redaktə | mənbəni redaktə et]Limfanın əmələgəlməsi aşağıdakı proseslər ilə izah olunur. Qanın su qismi və onda ərimiş malekullar kapillyar filtiratı və ya qan limfası adilə qan kapillyarlarından hüceyrəarası sahələrə filtirasiya olur. kapillyar filtiratı hüceyrəarası sahələrdə cərəyan edərək Hüceyrələrdən xaric olmuş hüceyrəxarici maye ilə qarışır və bunun ilə birlikdə toxuma mayesi ya toxuma limfası adlanır. toxuma mayesinin bir qismi venoz kapillyarlara, digər qismi isə qapalı limfa kapillyarlarına adsorbsiya olur (sorulur) və burada limfa ya damar limfası adlanır. limfa kapillyarlarına adsorbsiya olunmuş limfa ardıcıl olaraq limfa damarları, sonra limfa kötükləri və axacaqları ilə cərəyan edərək venoz sistemə tökülür. Beləliklə limfanın cərəyanı "qandan qanadır".
Sistemin vəzifələri
[redaktə | mənbəni redaktə et]Limfa sisteminin vücud üçün artıq dərəcədə əhəmiyyəti vardır. Bir tərəfdən hüceyrəarası sahələrdə maddələr mübadiləsindən sonra toplanmış toxuma limfasını və nazik bağırsaqlardan sorulan xilusu daşımaq ilə venoz sistemə kömək edir və digər tərəfdən limfanı düyünlərdən keçırərək zərəli maddələri və mikrobları saxlayıb vücudu mühafizə edir. Limfa sisteminin patologiyalarda da böyük əhəmiyyəti vardır, çünki xərçəng xəstəliyi və irinli proseslər limfa sistemi vasitəsilə bədənə yayılır. Buna görə cərrah bir üzvdə xərçəng xəstəliyinə görə əməliyyat edərsə həmin üzvün regionar limfa düyünlərini də çıxartmalıdır, əks surətdə limfa düyünlərində limfa vasitəsilə gətirilmiş xərçəng hüceyrələri yenə törəyib artacaqdır. Bundan başqa limfa düyünləri qan elementləri - leykositləri və limfositləri əmələ gətirir. beləliklə limfa sisteminin vəzifəsi bunlardır.
- hüceyrəarası sahələrdə toxuma limfasını venoz sistemə daşımaq;
- nazik bağırsağın divarlarından sorulan yağları (xilusu) qan damar sisteminə daşımaqdır,
- limfa düyünləri süzgəc vəzifəsi görərək limfada axan zərərli maddələri özündə saxlamaq;
- limfa düyünlərində yeni leykositlər və limfositlər əmələ gətirmək;
- yeni leykositlərin fəaliyyəti ilə limfa sisteminə daxil olan mikroblar ilə - infeksiya amillərilə mübarizə etmək (faqositoz - mühafizəçi vəzifə daşımaq)
Dolama limfa dövranı
[redaktə | mənbəni redaktə et]Limfa damarları kəsilərkən, ya onların mənfəzləri tutularkən, limfa düyünləri çıxarılarkən yao onlar xərçəng hüceyrələrilə tıxanarkən, qonşu limfa damarlarının hesabına ya yeni limfa kapillyarlarının əmələ gəlməsi nəticəsində dolama (kollateral) limfa yolları - dolama limfa dövranı əmlə gəlir. Bu dövranın yaman şişlərin və infeksion xəstəliklərin yayılma yollarını öyrənmək üçün böyük təcrübi əhəmiyyəti vardır. Dolama cərəyanının əmələ gəlməsində limfa cərəyanı istiqamətinin böyük əhəmiyyəti vardır. adişəraitdə limfanın cərəyan istiqaməti limfa damarlarında olan qapaqlar ilə ifadə olunur. Limfanın cərəyanı hər hansı bir maneə rast gəldiyi halda öz istiqamətini dəyişir və maneədən distal istiqamətdə durğunluq meydana çıxır, limfa damarları genəlir, nəticədə qapaqların çatmamazlığı əmələ gəlir və limfa retroqrad istiqamətdə axmağa başlayır, bu da limfanın kollateral cərəyanına səbəb olur.
Ontogenezi
[redaktə | mənbəni redaktə et]Mənbələr
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979
- Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)