İbn əl-Ərəbi
MÜHYİDDIN İBN ƏL-ƏRƏBI | |
---|---|
Mühyiddin İbn əl-Ərəbi | |
Doğum adı | محمد بن علي بن محمد بن عربي الحاتمي الطائي الأندلسي |
Doğum tarixi | |
Doğum yeri | Mursiya, İspaniya |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Dəməşq, Suriya[1] |
Elm sahəsi | sufilik |
Tanınmış yetirməsi | Sədrəddin Konəvi |
Vikianbarda əlaqəli mediafayllar |
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[2][3][…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər xilafəti[4]) — İslam alimi.
Həyatı
İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır.
İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir.
Fəaliyyəti
Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir.
Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi. İbn Ərəbinin mənsub olduğu qəbilənin ərəb mənşəli olması səbəbilə İbn Ərəbi və ata-babası Ərəbi (ərəb) deyə tanınmışlar. İbn Ərəbinin atası Əli ibn Məhəmməd dindar olmaqla yanaşı, həm hökmdarın, həm də məşhur filosof İbn Rüşdün dostu idi. Mühyiddinin anası da saleh bir qadın idi. Ərəbinin əmisi Abdullah ibn Məhəmməd və onun oğlu Əli ibn Abdullah dövrünün məşhur sufilərindən olmuşlar. İbn Ərəbinin dayısı Yəhya ibn Yağan Tlemzan vilayətinin valisi olduğu halda sonralar dünyəvi mənfəətdən vaz keçərək ömrünü sufiliyə həsr etmişdir.
Mühyiddin ibn Ərəbinin digər dayısı Əbu Müslim Hövlani də zəmanəsinin abidlərindən idi. Buradan belə məlum olur ki, İbn Ərəbi cəmiyyətdə xüsusi çəkisi olan etibarlı, dindar, sayılıb – seçilən, zahidlik və sufiliyə yaxın bir ailədən gəlmişdir. Qeyd etmək lazımdır ki, o zamanlar Əndəlüsdə sufi təriqətləri mövcud deyildi. Ancaq İbn Ərəbinin heç bir sufi təriqətə mənsub olmaması onun sufi həyat sürməsinə əngəl törətməmişdir.
İbn Ərəbi ilk təhsilini doğulub boya – başa çatdığı Mursiya şəhərində almışdır. Daha sonra təhsilini Sevilyada davam etdirən Ərəbi bir müddət sonra Kordovaya gələrək İbn Rüşd ilə tanış olmuşdur. Bir müddət ədəbiyyat və ovçuluqla da maraqlanan Ərəbi sonralar bu şəkildə keçirdiyi illərin cahiliyyə illəri olduğunu bildirmişdir. 1185-ci il Ərəbinin qəti bir şəkildə təsəvvüfə (sufiliyə) daxil olduğu il kimi əlamətdar olmuşdur. Əvvəllər də sufilərlə dostluq edən və onların söhbətlərində iştirak edərək təsəvvüf həyatı ilə yaxından tanış olan Ərəbinin 20 yaşında ikən sufiyanə həyat tərzi sürmə yönündə seçim etdiyi müşahidə edilir. O, bu barədə: "Bu il Allahın əl–Bədi (yaradan) ismi sayəsində kəşf yolu ilə ağıl (Əql əl – Əvvəl) məqamına nail oldum" deyir. Həyatı boyu 300–dən çox alim və şeyxlə görüşən Ərəbinin sufiliyə meyl etməsini çox ehtimal ki, Əbül Abbas Əhməd əl–Üreyni təmin etmişdir. Ərəbi məhz Üreyninin məclisində tövbə edərək təsəvvüf yoluna daxil olmuşdur. Ərəbi bu dövrdə müxtəlif hökmdarların və dövlət xadimlərinin katibi olmaqla yanaşı, fiqh, təfsir, hədis, qiraət, kəlam və fəlsəfə kimi elmləri də müəyyən səviyyədə öyrənmişdir. Ərəbi Davudi Zahiri tərəfindən qurulan və Əndəlüslü İbn Həzm tərəfindən daha da inkişaf etdirilən zahiri məzhəbinə bağlı olmuş, buna görə də onun barəsində "ibadətdə zahiri, etiqadda (təsəvvvüfdə) isə batini idi" deyilmişdir. Əməldəki məzhəbi zahiri olan və qiyası rədd edən Ərəbinin etiqaddakı məzhəbi isə maturidilik və əşarilik olmayıb sələfilik idi. O, bu mənada Əhli Sünnət vəl Camaat məzhəbinə sadiq qalmışdır.
Ərəbi ilk dəfə Bəni Abdun qəbiləsindən olan Məryəm adlı bir qadın ilə evlənmişdir. Görkəmli sufi alimin bildirdiyinə görə, bu qadın mənəvi təcrübəyə sahib dindar və fəzilətli bir xanım idi. Ərəbi özünü ibadət və zahidliyə həsr etmiş, inzivaya çəkilərək zikr və təfəkkürlə məşğul olmuş, ilahi həqiqətin ancaq kəşf və ilham yolu ilə bilinməsinin mümkünlüyü qənaətinə gəlmiş, hətta bilikləri bu yolla əldə etdiyini söyləmişdir. İlahi ilhamı və feyz almağı Musa ibn İmran əl-Mirtəlidən öyrəndiyini bildirən ibn Ərəbi bəşəri nəfsin hesaba çəkilməsi xüsusunda isə İbn əl–Mücahid və Əbu Abdullah ibn Qəysumdan faydalanmışdır. Gənclik illərində xüsusilə Şeyx Əbül Abbas əl–Üreyninin təsirində olan Ərəbiyə görə, Allahla rabitə qurmaq fərdi iradənin rədd edilib ilahi iradənin əsas götürülməsi və insanlarla olan əlaqənin kəsilməsi əsasına dayanır.
Ərəbi saleh, zahid və vəli kimi təqdim etdiyi dindar qadınların da söhbətlərində iştirak etmiş, onlardan feyz almış, onları şeyxləri və mürşidləri qəbul etmişdir. Bunlardan biri Əndəlüsün Zeytun qəsəbəsində yaşayan Yasəmən adlı qadın idi. Ərəbi bu qadının əvvah (ah edən vəli) olduğunu qeyd edir. Məşhur sufi aliminə görə, oxunan Fatihə surəsinin nəfəs ağızdan çıxarkən maddi şəkilə bürünməsi, ona xitab edilməsi və bəzi xariqüladə işlər görə bilməsi mümkündür. Yəni, İbn Ərəbi mənəvi xüsusiyyətləri maddi qəliblərə tökən, mücərrəd məfhumlara maddi şəkillər verən qüvvətli xəyal gücünə və təsəvvür qabiliyyətinə sahibdir. Onun əsərlərində bir çox mənəvi xüsuslar maddi, ruhani şeylər cismani, xəyallar həqiqət şəklində təsvir edilir. Bu məşhur sufi alimi dəfələrlə Xızırla görüşdüyü barədə bunları bildirir: "Bəzi fəqihlər bunun əksini iddia etsələr də, mən Xızırı dəfələrlə gördüm və onunla söhbətləşdim". Ərəbi ruhlarla danışmağı bacardığını da söyləmişdir.
Ərəbinin adı və təxəllüsü barəsində bir sıra mübahisələr mövcuddur. Makkari bu barədə aşağıdakıları qeyd edir: "Ərəbi əsasən dostları və düşmənləri ilə tanınan bir alimdir. Dostları onu ucaltmaq üçün Mühyiddin (dini yenidən canlandıran), Şeyx əl–Əkbər, İbn Əflatun (Əflatunun övladı) kimi xatırlayırlar. Düşmənləri isə ona Məh əl – Din (dini məhv edən), Şeyx əl–Əkfər (qoca kafir) və zındıq (dinsiz) kimi adlar qoymuşdular. Düşmənlərinin fikrincə, Ərəbi İslama zidd bir təlim meydana gətirdiyi üçün peyğəmbərin rəqibi hesab edilir".
Əsərləri
- Fütuhat əl – Məkkiyyə fi Mərifə əl – Əsrar əl – Məlikiyyə vəl Mülkiyyə
- Fusus əl – Hikəm
- Əl – Tənəzzülat əl – Mövsiliyə fi Əsrar əl – Təharat vəs Salavat
- İsra ilə Məqam əl – Əsra
- Kitab əl – Əsfar
- Kələm əl – Əbədilə
- Ruhul Qüds fi Muhasəbə əl – Nəfs və s.[5]
İstinadlar
- ↑ "The Meccan Revelations". World Digital Library. 1900–1999. 2015-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ http://www.poemhunter.com/poem/listen-o-dearly-beloved/.
- ↑ G. W. T. Ibn 'Arabƒ´ (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 14. P. 219.
- ↑ Deutsche Nationalbibliothek Record #1049514602 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "MÜHYİDDİN İBN ƏRƏBİ (Nəzəri irfanının banisi) // İlahiyyat jurnalı, 2021, № 4, səh.26–38". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
Xarici keçidlər
- Download Books Arxivləşdirilib 2018-06-21 at the Wayback Machine (rus.) Дж. Григоре. 2011. Любовь в понимании Ибн Араби. Москва
- (ing.) Ibn Arabi society page about Ibn Arabi
- (ing.) Information about Ibn 'Arabi's life and works Arxivləşdirilib 2007-04-29 at the Wayback Machine
- (ing.) A column of Light
- (ing.) İbn Arabî ve Takipçilerinin Tanrı Anlayışı Arxivləşdirilib 2013-09-05 at the Wayback Machine
- Məlikov, Ə. MÜHYİDDİN İBN ƏRƏBİ (Nəzəri irfanının banisi)MÜHYİDDİN İBN ƏRƏBİ // İlahiyyat jurnalı, 2021, № 4, səh.26–38