Zabrat
Zabrat | |
---|---|
40°28′44″ şm. e. 49°56′52″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir.
Toponim
[redaktə | mənbəni redaktə et]Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir.[1] Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat.
Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar. Əvvəllər kəndin adı Sabirat-yəni sabirlərin yaşadığı yer adlanmışdı. Sonrakı əsrlərdə ad tədricən dəyişməyə başlamışdı. Yəni əvvəlcə S hərfi Z ilə əvəz olunaraq Zabirat kimi tələffüz edilməyə başlamış, sonralar isə Zabrat formasına düşmüşdür. Zabrat kəndi VII əsrlərdə yaranmışdır. Onlar Xəzər dənizinin şimal sahillərində yaşayan tayfalar idi. Sabirlər haqqında ilk dəfə yunan alimi Ptolomey (II əsr) məlumat vermişdir. Sabirlərin Sibirdə, İrtış çayı yaxınlığında yaşamaları ehtimal olunur. Mənbələrdə hunlardan sayılan bu tayfanın VI əsrdən Dərbənd keçidindən keçərək Qafqaz Albaniyası ərazisində məskunlaşması qeyd olunur. Müxtəlif tarixi hadisələrlə əlaqədar olaraq tayfalar bir yerdən başqa yerə köçmüşlər. Sabir tayfasının bir hissəsi Xəzər dənizi sahillərində məskunlaşaraq Zabrat yaşayış məntəqəsinin əsasını qoymuşdur.[2]
Mikro toponim
[redaktə | mənbəni redaktə et]XIX əsrin sonu-XX əsrin əvvəllərində məşhur azərbaycanlı neftxuda Murtuza Müxtarova məxsus neft mədəni və zavod ərazisində yaranmış fəhlə qəsəbəsi. 1936-cı ildə burada eyni adlı dəmir yol stansiyası açılmışdır. XX əsrin 50-60-cı illərində Zabrat kəndi ərazisində yaradılmış sovxoz-yaşayış məskəni, üzüm-meyvə bağıarı, qara-çınqıl taxıl sahələri, çöl bağları və s.mövcuddur. Ləəş bağları- Dəniz kənarında Nardaranla Kürdəxanı arasında çox böyük bağlıq ərazi. Təxminən 900 hektara qədər ərazini əhatə Ləəş bağlarının 2/3 hissəsi Zabrat əhalisinə, qalan hissəsi Maştağa, Balaxanı, Hökməli camaatına məxsusdur. Ləəş bağlarının özünəməxsus iqlimi, flora və faunası, şəfaverici xüsusiyyətə malik qumu vardır. Bu bağlarda yetişən əncir və üzümünün müxtəlif növləri Azərbaycanda məşhurdur.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Zabrat - Maştağa, Ramana, Sabuncu, Balaxanı, Məhəmmədi, Kürdəxanı qəsəbələrinin əhatəsindədir. Zabrat qəsəbəsi Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. 1806-1918-ci illərdə Zabrat kəndi Bakı quberniyası (1958-ci ilə qədər Şamaxı quberniyası) Bakı qəzası, Maştağa sahəsi adlanan inzibati bölgüyə aid edilirdi. Hazırda Zabrat qəsəbəsinə köhnə Zabrat kəndi, I Zabrat, Kaspiysk (Qəspişkə) Muxtarov və İstixana adlanan yaşayış yerləri aiddir. Zabrat torpaqları dəniz kənarı-Ləəş bağlarından başlamışdır, yəni kəndin birbaşa dənizə çıxışı olmuşdur.
İqlim şəraitinin formalaşmasına relyef və səth örtüyü ilə yanaşı Xəzər dənizi və Hava kütlələri də təsir edir. Region günəşli saatların və günlərin miqdarına görə fərqlənir. Regionda yağıntının paylanması Bakının cənub -qərbində 130–150 mm, şəhərdə və yarımadanın cənubunda 200 mm, şimala doğru artaraq 300 mm, Xızı dağlarında isə 300–500 mm-dək düşür. Yağıntının daha çox düşdüyü aylar ilin soyuq mövsümündə xüsusilə noyabr, oktyabr aylarında olur.[3]
Tarixi abidələr
[redaktə | mənbəni redaktə et]- XIX əsr Hacı Tağı Məscidi.-Məscid Bakının Zabrat kəndində yerləşib. XIX əsrdə inşa edilib. İç sahəsi 12x15,5 metrdir. Zabrat kənd məscidi yonulmuş mişar daşından tikilib. Həyətyanı sahəsi daş plitələrlə döşənib. Divarların qalınlığı 1 metrdir. Məscidin döşəməsi də daş plitədəndir. Əsas ibadət zalında baş pəncərə qoyulub. Mehrab yonulmuş daşlarla işlənib və mərkəz hissədə yerləşib. Minbər səkkizpilləlidir və taxtadan düzəldilib. Məscidin qadınlar şöbəsi kişilər şöbəsindən taxta hasarla ayrılıb. Tavan dörd sütun üzərində dayanıb. Sütunlar on iki tağla bir-birinə birləşib. Döşəmədən tavanadək hündürlüyü 7 metr, döşəmədən günbəzədək isə 11 metrdir. Günbəzin diametri 4,5 metrdir və onda səkkiz pəncərə qoyulub. Məscidin bir neçə yerində kitabə həkk olunub. Kitabələrin biri məscidin tarixi haqqında məlumat verir. Bu məscid yerli kənd sakini Hacı Tağı tərəfindən tikilib. Sovetlər dövründə bura anbar, fabrik, əmanət kassası və başqa məqsədlərlə istifadə olunub. 1990-cı illərdə onun fəaliyyəti bərpa olunub, habelə təmir edilərək abad vəziyyətə salınıb.
- Balaca Məscid.-Zabratın yaşı ilə bir olan Balaca məscid. Yerlilərin buna Balaca məscid adı qoymağının səbəbi var. Belə ki, Zabratda iki məscid var, sakinlər də onları bir-birindən asan seçib ayırmaq üçün belə bölgü aparıblar. Bu məscidin isə altı əsrdən çox yaşının olduğu bildirilir.Kəndin nüfuzlu ağsaqqallarından olan Hacı Kənan deyir ki, məsciddə son dəfə aparılan təmir işlərinin tarixi dörd əsr bundan əvvələ gedib çıxır. Həsənov Rüfət məscidin divarları üzərində artıq pozulmaq üzrə olan ərəb hərifləri ilə yazılmış yazıları göstərərək bunları deyir: Kənd ağsaqqalları da hesab edirlər ki, bu məscid Zabratın yaşı ilə birdir. Məscid dörd əsr bundan qabaq təmir olunub. Bunun üzərində yazılan yazılar da deyilənləri təsdiq edir. Qədimlərdə burada güclü zəlzələ olub. Zəlzələ nəticəsində bütün Zabratda hər yer dağılıb, həyat dayanıb. Bircə buradakı bu məscid və pir dağılmayıb. Buna da səbəb odur ki, məscid və onun yaxınlığındakı pir qayanın üstündə tikilib. Həmçinin onların altında yeraltı yollar var imiş. Buna görə də bu məscid və pir dağılmayıb. Düzdür, indi məscid fəaliyyət göstərir və insanlar bura ibadət etməyə gəlirlər. Ancaq həmin pirin yerində indi evlər tikilib, onun izləri də tamamilə itib. Buna görə də o müqəddəs məkan tarixin səhifələrindən silinib.
- Böyük Vətən Müharibəsində həlak olanlara xatirə abidəsi
- Qarabağ şəhidlərinin xatirə kompleksi
Əhali
[redaktə | mənbəni redaktə et]AzStat-ın 1 yanvar 2017-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə 27.912 nəfər əhali yaşayır.[4][5] Zabrat əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. 1735-ci ildə Nadir şah Zabrat və bir neçə kəndi Aşur xan Əfşara bağışlayır, o da əfşar tayfasından xeyli nəsilləri bura köçürür, Mehdixanlılar, Şoduqlular, Növbətlilər, Kəblə Rəşidilər, Xalxali nəsilləri bu tayfadan olmuşlar. Kəndin əhali sayı 1842-ci ildə 151 nəfər idi və Bakı kəndləri arasında əhali sayına görə axrıncı yerlərdə olsa da, sonrakı illərdə əhali sayı daha sürətlə artmış, 1886-cı ildə 779, 1904-ci ildə 942, 1913-cü ildə 4461 nəfər idi. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən biri olub, əhali sayına görə 7-ci yerdə idi. XIX əsrin sonunda kənddə neft hasilatı ilə bağlı fəhlə qəsəbələri Kaspiysk, Muxtarov, Həmşəhərlilər məhəlləsi və XX əsrin əvvəli alman muhacirlərinin saldığı Varovski məskənləri yaranmışdı (1941-ci ildə almanlar Qazaxstana sürgün edilir). 1926-cı ildə əhali sayı 7405 və 1939-cu ildə 2225 nəfər olmuşdur. 1920-ci illərdə əhalinin sürətli artımı, 1930-cu illərdə azalması prosesi baş vermişdir. 1936-cı ildə Zabrat kəndinə qəsəbə statusu verildi. Əhali sayı 1959-cu ildə 18,3 min, 1970-ci ildə 16,5 min, 1989-cu ildə 15,6 min, 1999-cu ildə 20,8 min, 2009-cu ildə min və 2017-ci ildə 29,1 min nəfər olmuşdur.
Əhalinin məşğuliyyəti
[redaktə | mənbəni redaktə et]Zabrat əhalisinin məşğuliyyəti əkinçilik, maldarlıq, qismən sənətkarlıq və ticarət olmuşdur. Zabratda taxılçılıqla yanaşı, xırçılıq, bostançılıq, bağçılıq, daha məhsuldar bitki növlərinin və sortların yaradılmasında böyük təcrübəyə malik olmuşıar.Zabrat özünün üzüm növləri və zəfəranı ilə seçilən kəndlərdəndir.Zəfəran sahəsi 250 hertar olmuşdur.[6] Zabratda əhalinin məşğuliyyətləri içərisində dəvəçiliyin özünəməxsus rolu vardı. Azərbaycan etnoqrafiyası kitabının dəvəçilik bölməsində Zabratda dəvə saxlanılması və Dəvədamlarının və ya Dəvəliyin yəni xüsusi tövlələrin tikilməsi haqqında izahlı məlumat verilmişdi. Zabratda əhali vaxtilə toxuculuq, xalçaçılıq, zərgərlik, dəmirçilik, silahsızlıq, pinəçilik, nalbəndlik,xarratlıq, qalayçılıq, tuluzçuluq, daşyonma, boyaqçılıq və s. sənətkarlıq növləri mövcud olmuşdur.
Sənaye müəssisələri
[redaktə | mənbəni redaktə et]- Zabrat Neftqazmaş ASC zavodu- 1930-cu ildə neft-mədən avadanlıqları və alətlərinin istehsalı və təmirindən ibarətdir.
- Zabrat maşınqayırma zavodu-Zabrat maşınqayırma zavodu 1921-ci ildən fəaliyyət göstərir. Ərazisi 4.6 ha olub, 118 nəfər işçi heyəti vardır. Zavod buruq qüllələrin istehsalı üzrə ixtisaslaşmışdır. Hal-hazırda özüllər, metal konstruksiyaların istehsalı ilə fəaliyyət göstərir. Zavod APİ və İSO beynəlxalq sertifikatlara malikdir. Zavod qüllə özüllərini Rusiyaya ixrac edir.
- Zabrat neft maşınqayırma zavodu- Bakı neft maşınqayırma zavodu TASC 2010-cu ildə Səttərxan adına maşınqayırma zavodu TASC və Bakı neft mədən maşınqayırma zavodu TASC-in birləşməsi nəticəsində yaranmışdır. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft mədən avadanlıqların istehsalı sahəsi üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları, siyirtmələri göstərmək olar. Zavodun ərazisi 19.6 ha-dır. Zavodda 314 nəfər işçi çalışır. Ukrayna və Rusiyaya fontan armaturları və kəmər başlıqları ixrac edir.[7]
Tanınmış şəxslər
[redaktə | mənbəni redaktə et]- Məşədixanım Nemətova — AMEA-nın müxbir üzvü.
- Nihan Əliyev — riyaziyyat üzrə elmlər doktoru, professor.[8]
- Ağayar Axundzadə — cüdo üzrə baş məşqçi.
- Gülmurad Bəbirov — rəssam.
Səhiyyə müəssisələri
[redaktə | mənbəni redaktə et]21 №-li Şəhər Poliklinikası, 22 №-li Uşaq Ruhi-əsəb Sanatoriyası, 37 №-li Kardiorevmatoloji Uşaq Sanatoriyası, Zabrat Müalicə Diaqnostika Mərkəzi.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Əvəz Paşayev adına Mədəniyyət Evi, 32 nömrəli musiqi məktəbi,Sabunçu rayon MKS-nin 4 və 12 saylı kitabxana filialları fəaliyyət göstərir.
Təhsil ocaqları
[redaktə | mənbəni redaktə et]- Tam orta məktəblər: 71, 75, 81, 192, 307
- İlk-peşə təhsil müəssisələri: 15 saylı Bakı Peşə Liseyi.
- Məktəbəqədər müəssisələri: 260, 282 saylı körpələr evi-uşaq bağçası, 197 saylı uşaq bağçası.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İlham Əliyev Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzlərinin və sığınacaqların açılışında iştirak edib
- Sabunçu rayonu Zabrat qəsəbəsinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi
- Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbə sakinləri ilə görüşü keçirildi
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Etnoqrafik məcmuəsi 4 cilddə. Bakı 1964-1980
- Səlimov Şağani İzahlı etnoqrafiya lüğəti Bakı-1996
- Abramov M.A. Abşeron təsərrüfatının coğrafiyası Bakı-1975
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана. (историко-этнографическое исследование) Баку Элм, 1986. 192 с.
- ↑ M.Nermətova. Əsrlərin daş yaddaşı B.1987, ГейбуллаевГ.А. К этногенезу Азербайджанцев Б 1991
- ↑ Etibar Bədəlov Abşeron iqtisadi-coğrafi rayonunda sosial-demoqrafik problemlər və məskunlaşma məsələləri. "Avropa" məşriyyatı-2016
- ↑ Bakı Şəhər Statistika İdarəsi Arxivləşdirilib 2015-02-07 at the Wayback Machine: Statistikanın bölmələri: Demoqrafik göstəricilər: Bakı şəhərinin rayonları və qəsəbələri üzrə əhalinin sayı Arxivləşdirilib 2016-09-29 at the Wayback Machine
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)
- ↑ А.С.Сумбатзаде.Сельское хозяйство Азербайджана в xıx веке.с.220
- ↑ Asif Hüseynli Zabrat və zabratlılar Nurlan 2007
- ↑ "Professor Nihan Əliyev, Şəxsi səhifəsi". 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2019.