Yapon qrupu
Yapon qrupu (yun. Ὀμάς Ἰαπώνων) — 1906–1908-ci illərdə Yunanıstan Parlamentində siyasi qrupun qeyri-rəsmi adı.
Adı
[redaktə | mənbəni redaktə et]Qrup 1906-cı ilin iyununda həmin ilin parlament seçkilərindən sonra yaradılmışdır. Qeyri-rəsmi adı ona jurnalist Vlasis Qavrilidis 23 fevral 1907-ci il tarixli "Akropol" qəzetindəki məqaləsində vermiş, burada onların impulsunu Rusiya–Yaponiya müharibəsi zamanı Yaponiya əsgərlərinin inadkarlığı ilə müqayisə etmişdir.
Üzvləri
[redaktə | mənbəni redaktə et]Qrupun üzvləri bunlar idi:
- Stefanos Draqumis — Attika və Beotiya periferiyasının millət vəkili, Xarilaos Trikupisin partiyasının nümayəndəsi olmuşdur.
- Dimitrios Qunaris — Axeya periferiyasının müstəqil millət vəkili, əvvəlcə Georgios Teotokis partiyasının nümayəndəsi olmuşdur.
- Petros Protopapadakis — Kiklad adalarının millət vəkili, Teodoros Dilyannisin partiyasının nümayəndəsi olmuşdur.
- Xaralambos Vozikis — Kinuriya periferiyasının müstəqil millət vəkili, əvvəlcə Diliyannis və Aleksandros Zaimisin partiyalarının nümayəndəsi olmuşdur.
- Apostolos Aleksandris — Karditsa periferiyasının müstəqil millət vəkili, ilk dəfə 1906-cı ildə seçilmişdir.
- Emmanuel Repulis — Ermionida periferiyasının müstəqil millət vəkili, Diliyannisin partiyasının nümayəndəsi olmuşdur.
- Andreas Panagiotopoulos — Eyyaliya periferiyasının millət vəkili.
Yaşı nisbətən yuxarı olan Draqumis qrupun fəxri lideri idi, lakin onun əsl hərəkətverici qüvvəsi Fransa və Almaniyada təhsil almış, Bismarkın sosial qanunvericiliyindən təsirlənmiş gənc hüquqşünas Dimitrios Qunaris olmuşdur.[1] Protopapadakis mühəndis idi və bütün siyasi karyerası boyunca Qunarisin yaxın müttəfiqi olaraq qalmışdır. Vozikis 27 yaşında parlamentə seçilməklə tanınırdı.[2]
Qrupa müxtəlif partiyaların və siyasi dairələrin üzvləri daxil idi. Bu, ayrıca siyasi partiyanın yaradılmasına mane olurdu. Buna baxmayaraq, "Yapon qrupu"nun üzvlərinin özləri heç vaxt əsl kütləvi partiya altında birləşmək üçün ciddi cəhdlər göstərməmişdilər. Buna səbəb Qunarisin lider rolunu öz üzərinə götürmək istəməməsi idi.[2]
Məqsədlər
[redaktə | mənbəni redaktə et]"Yaponlar"ın əsas narahatlığı Yunanıstanda 1893-cü ildə dövlətin iflasına, 1897-ci il Osmanlı–Yunanıstan müharibəsində məğlubiyyətə və sonradan beynəlxalq maliyyə nəzarətinin tətbiqinə səbəb olmuş siyasi böhran idi. "Yaponlar" siyasi təbəqəni və partiyaların faydasız növbələşməsini tənqid edirdilər. Onlar radikal modernləşmə proqramları təklif etmiş, mənəvi dəyərləri müdafiə etməyə yönəlmiş antielitar və antikorrupsiya ritorikasını qəbul etmişdilər.
Fəaliyyətin dayandırılması
[redaktə | mənbəni redaktə et]Baş nazir Georgios Teotokis 1908-ci ilin iyununda Qunaris, Protopapadakis və Repulisə hökumət vəzifələrini təklif etmiş, ilk ikisi bunu qəbul etmişdir. Bundan sonra qrup fəaliyyətini dayandırmışdır. Qunaris maliyyə naziri olmuş, lakin büdcə müzakirəsi zamanı keçmiş tərəfdaşlarının sərt tənqidləri səbəbindən istefa vermişdir. "Yapon qrupu" öz məqsədlərinə çatmasa da, 1909-cu il Afina üsyanından və Elefterios Venizelosun hakimiyyətə gəlişindən sonra aparılan siyasi islahatların xəbərçisi olmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Llewellyn Smith, 1998. səh. 7
- ↑ 1 2 Llewellyn Smith, 1998. səh. 8
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Τάσος Βουρνάς, Ιστορία της νεώτερης και σύγχρονης Ελλάδας, εκδ. Παπαδήμα, Αθήνα 1997, Τόμος Α΄
- Ionian Vision: Greece in Asia Minor, 1919–1922. Ann Arbor: University of Michigan Press. 1998. ISBN 1-85065-368-2.