Xosrov Axundzadə
Xosrov Axundzadə | |
---|---|
Xosrov Mirzəli oğlu Axundzadə | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Şuşa, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | şair |
Xosrov Axundzadə — pedaqoq, şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]Xosrov Mirzəli oğlu Axundzadə 1889-cu il iyul ayının 13-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzəli Aşiq Zeynalabdın oğlu müəllim olmaqla bərabər, şair və gözəl səsə malik məşhur musiqişünas olub, xalqımızın sevimli müğənnisi Cabbar Qaryağdı oğlunun və onun həmkarlarının müəllimi olmuşdur.
Xosrov Axundzadə Şuşada qorodskoy (şəhər (keçmiş "Nikolayski") məktəbində təhsil almışdır. O, bu məktəbdə üzeyir və Zülfüqar Hacıbəyov qardaşları ilə birlikdə oxumuşdur.
Xosrov Axundzadə şəhər məktəbində oxuyarkən atası Mirzəli Aşiq vaxtsız vəfat edir. Atasının vəfatından sonra altı nəfər ailə üzvünün ağırlığı onun üzərinə düşür. Gənc Xosrov 1905-ci ildə məktəbi bitirib, 1906-cı ildən dərs deməyə başlayır.
Xosrov Axundzadə 1906-cı ildən 1913-cü ilə kimi Şuşa "Nərimaniyyə", "Nəşri-maarif" və s. məktəblərdə müəllim olmuş, 1913-1917-ci illərdə Şuşada 5 nömrəli məktəbdə müəllimlik etmişdir. 1920-ci ildə Şuşada "Nərimaniyyə" və "Haşimiyyə" məktəblərinin təşkilində Hüseyn Qayıbov, Zülfüqar Abdullayev, Mircabbar Vəzirov, Hacı Zalov və başqaları ilə bərabər Xosrov Axundzadənin də xidməti olmuşdur.
Azərbaycanda Sovet hakimiyyəti qurulan gündən Xosrov Axundzadə də başqa müəllimlər kimi, bütün varlığı ilə işə girişmiş və qarşıda duran yeni vəzifələrin həllində yaxından iştirak etmişdir.
Xosrov müəllim Şuşada savadsızlığın aradan qaldırılmasında mühüm işlər görmüşdür. O, 1936-1938-ci illərdə Şuşa rayonu üzrə FKK sıralarına hazırlıqlı getmək üçün 6 nəfər savadsız çağırışçını bir ay müddətində savadlandırmışdır. O, həmin müddətdə "çağırışçılar məntəqəsi"ndə müdir vəzifəsində işləmişdir.
Xosrov Axundzadə 1935-ci ildə Şuşa şəhər kütləvi kitabxanasına müdir təyin olunmuşdur. 1956-cı ilə kimi Şuşada 7-illik və orta məktəblərinin ibtidai siniflərində dərs demişdir. 1956-cı ildən o, şəxsi təqaüdə buraxılır. Qocaman müəllim 1960-cı il may ayının 10-da Şuşada vəfat etmişdir.
Göründüyü kimi, Xosrov müəllim ömrünün 50 ilini maarif sahəsinə həsr etmişdir. Respublikamızın görkəmli alim, ədib, şair, rəssam, musiqişünas, bəstəkar, həkim və dövlət xadimləri arasında Xosrov müəllimin yüzlərlə yetirmələri vardır.
Xosrov müəllim 50-illik pedaqoji fəaliyyəti dövründə bilavasitə metodik rəhbərlik işinin məsuliyyətini yaxşı dərk edir, öz metodik və siyasi hazırlığı üzərində yorulmadan çalışır, öyrədə-öyrədə özü də öyrənərdi. Qocaman müəllim metodik ədəbiyyatı həmişə diqqətlə izləyər, gənc müəllimlərə məsləhətini bildirər və təcrübəsini öyrədərdi.
Xosrov Axundzadənin pedaqoji fəaliyyəti, onun təcrübəsi hələ sağlığında respublikamızın pedaqoqlarının diqqətini cəlb etmişdir. 1948-ci ildə professor Əhməd Seyidov və professor Mehdi Mehdizadə Xosrov müəllimə məktub yazmış və ondan öz təcrübə və xatirələrini instituta yazıb göndərməsini xahiş etmişdilər. Xosrov Axundzadə elmi-pedaqoji fəaliyyətinə dair yazıları – "Pedaqoji təcrübə və mülahizələri" 2000-ci ildə "Maarif" nəşriyyatı, 2-ci nəşri isə 2008-ci ildə anadan olmasının 120 illiyi münasibətilə "Adiloğlu" nəşriyyatı tərəfindən çap olunmuşdur. Əsər gənc müəllimlər üçün əhəmiyyətli bir metodik vəsaitdir.
Xosrov Axundzadənin yaradıcılıq fəaliyyətinin bir sahəsi də ədəbi irsimizlə əlaqədardır. O, 54 il ədəbi yaradıcılıqla məşğul olaraq, ədəbiyyat aləmində "Şaiq" təxəllüsü ilə tanınmışdır. Xosrov Şaiq ilk şeir təlimini atası Mirzəli Aşiqdən almışdır.
XIX əsrin qabaqcıl şair və yazıçılarından olan Xurşud Banu Natəvan, Mir Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə və üzeyir bəy Hacıbəyovun gənc Xosrova böyük təsiri olmuşdur.
Xosrov müəllim 1919-cu ilin fevral ayında Həmidə xanımın xahişi ilə Mirzə Cəlilin "ölülər" və "Anamın kitabı" əsərinin üzünü köçürüb Həmidə xanıma təqdim etmişdir. Bu barədə "Revolyuçiya i kultura" jurnalının 1-ci nömrəsində Həmidə Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim"də və filologiya elmləri doktoru Abbas Zamanovun redaktorluğu ilə hazırlanan "Cəlil Məmmədquluzadə" (məqalələr və xatirələr) əsərində qeyd olunmuşdur.
Xosrov Şaiqin Şuşada XIX əsr Azərbaycan yazıçı və şairlərilə əlaqədar olan tarixi yerlər barədə "Xatirələri" bir çox cəhətdən təqdirəlayiqdir. Bu əsərlərdə Azərbaycan maarif və mədəniyyətinin inkişafında böyük rol oynayan ziyalıların fəaliyyəti şirin bir dillə təsvir edilir.
Xosrov Axundzadə, eyni zamanda "Qarabağın tarixçisi" kimi də məşhurdur. Mərhum professor Əliyar Qarabağlı "Xosrov Axundov-Şaiq haqqında" xatirəsində yazırdı: – "C.Məmmədquluzadə və Həmidə xanımla, üzeyir bəylə və S.S.Axundovla şəxsən dost və tanış olan Xosrov müəllim ümumiyyətlə Qarabağ, xüsusən Şuşa haqqında ən dərin məlumata sahib idi. Buna görə də Şuşanın tarixi ilə maraqlananlar həmişə ona müraciət edər və aydın cavab alardılar".
Xosrov Şaiq ömrünün son günlərində böyük diqqət və həvəslə qəzəllərini və şeirlərini bir yerə toplayıb "Məcmueyi-əşarı" əsərinin (şeirlər məcmuəsinin) əl yazmasını xalqımıza nümunə qoyub. Şübhə yoxdur ki, Xosrov Axundzadənin pedaqoji və ədəbi irsi gənc və gələcək nəsillər üçün dəyərli mənbədir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Eşşək dağlıyan "Zənbur", 1909.
- "Şah İsmayıl" operasının librettosu
- "Seyfəlmülk" operası
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]http://www.muallim.edu.az/arxiv/2009/n29/ardi4.html Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine