Tofiq Qasımov
Tofiq Qasımov | |
---|---|
4 iyul 1992 – 26 iyun 1993 | |
Əvvəlki | Hüseynağa Sadıqov |
Sonrakı | Həsən Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 2020[1] (81 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi |
Tofiq Məsim oğlu Qasımov (10 aprel 1938, Ləki, Ağdaş rayonu – 25 yanvar 2020[1], Lütsern) — Azərbaycanın xarici işlər naziri (1992–1993).
Həyatı
[redaktə | mənbəni redaktə et]Tofiq Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində anadan olmuşdur.
1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.
1987-ci ildən siyasətlə məşğuldur. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir.
1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak etmişdir. 1989–1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvüdür.
Azərbaycan SSRİ xalq deputatı seçilmiş, Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak etmişdir. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilmişdir.
Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilmişdir. Orada olduğu müddətdə 100-dən çox Xarici televiziya, radio və mətbuat nümayəndələrinə Yanvar hadisələri, qaçqınlar, rus qaçqınları və s. hadisələrin mahiyyətini açıqlamışdır.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[2].
may 1992-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunmuş, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləmişdir. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil etmişdir.
Müsavat Partiyasının bərpaçılarından biri olub[3] və Heydər Əliyevin prezidentliyi zamanı da siyasi fəaliyyətini bu partiyada davam etdirib.
T. Qasımov 1995-ci il sentyabrın 19-da həbs edilmişdi. Ona qarşı qeyri-qanuni təşkilat yaratmaq, dövlət çevrilişinə çağırışlar etmək kimi ittihamlar irəli sürülmüşdü . Bundan əvvəl onun deputat mandatı da əlindən alınmışdı. 1996-cı il fevralın 22-də isə keçmiş nazir səhhətinə görə həbsxanadan buraxılmışdı. 1996-cı il mayın 22-də Ali Məhkəmə keçmiş nazirin sağlamlıq durumu barədə ekspertlərin rəyləri hazır olana qədər prosesin dayandırılması barədə qərar qəbul etmişdi. Haqqında məhkəmə prosesi dayandırılandan sonra T. Qasımov bir müddət Türkiyə universitetlərində dərs deyib. Sonra Norveçə mühacirət edib. Sonra isə İsveçrəyə köçmüşdü.[4]
2 qızı olub. Vəfat edənə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayıb[5].
Azərbaycan, ingilis, türk və rus dillərini bilib.
26 yanvar 2020-ci ildə ailəsiylə birgə yaşadığı İsveçrənin Lütsern şəhərində 81 yaşında vəfat edib[4][6] və 27 yanvarda Lütsern şəhər qəbiristanlığında[7] dəfn olunub.[8]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Tofiq Qasımov Arxivləşdirilib 2020-01-29 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azerbaijan's former foreign minister dies.
- ↑ "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Qasımov mühacirətdə vəfat edib". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
- ↑ 1 2 "Tofiq Qasımov vəfat edib". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
- ↑ Tofiq Qasımov mübarizə illəri haqqında xatirə yazmaq haqqında düşünür [ölü keçid]
- ↑ "Tofiq Qasımov vəfat etdi". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
- ↑ Azərbaycanın keçmiş xarici işlər naziri siyasi mühacirtədə vəfat edib
- ↑ "Tofiq Qasımov haqda maraqlı məlumatlar — SON FOTOSU". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
- 10 apreldə doğulanlar
- 1938-ci ildə doğulanlar
- Ağdaş rayonunda doğulanlar
- 25 yanvarda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 81 yaşında vəfat edənlər
- Lütserndə vəfat edənlər
- Azərbaycan Xalq Cəbhəsi üzvləri
- Müsavat Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Respublikasının xarici işlər nazirləri
- Azərbaycan alimləri
- Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri
- Lütserndə dəfn olunanlar
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Azərbaycan Xalq Cəbhəsinin sədr müavinləri
- Müsavat Partiyası Divanının üzvləri