Texasın Fransa tərəfindən kolonizasiyası
Texasın fransızlar tərəfindən kolonizasiyalaşdırılması indiki Texasın cənub-şərqində müdafiə qalasının qurulması ilə başlamışdır. 1685-ci ildə Arenosa körfəzi və Mataqorda buxtası yaxınlığında səyyah Robert Kavalye de La Sall tərəfindən Fort Sen-Lui qalası inşa olunub və bununla ərazidə fransız müstəmləkəçiliyinin əsası qoyulub. O, əslində, Mississippi çayının mənsəbində koloniya qurmağı hədəfləsə də, qeyri-dəqiq xəritəçilik və naviqasiya xətaları səbəbindən gəmi hədəflənən ərazidən 640 km qərbdə, Texas sahillərində quruya oturmuşdu. Bununla belə, koloniya 1688-ci ilə qədər sağ qalmağı bacarır. İndiki İnez şəhəri bu qalanın ərazisi yaxınlığında yerləşir. Koloniya mövcud olduğu qısa müddət ərzində bir çox problemlərlə üzləşmişdi, hansı ki, bunlara Yerli amerikalı basqınları, epidemiyalar və sərt iqlim şəraiti daxil idi. La Sall bu bazadan istifadə edərək Mississippi çayını tapmaq üçün bir neçə ekspedisiyaya rəhbərlik edir. Yekunda o, öz istəyinə nail ola bilməsə də, Rio Qrande çayının çox hissəsi və Texasın şərq sahilləri haqqında ətraflı məlumat toplamağa müvəffəq olur.[1]
1686-cı ildə onun növbəti səyahətlərindən birində koloniyanın sonuncu salamat qalan gəmisi qəzaya uğrayır və nəticədə, heyətin Karib hövzəsindəki digər fransız koloniyalarından ehtiyac duyulan resursları əldə etməsi mümkünsüz hala gəlir. Resurs çatışmazlığı nəticəsində vəziyyətin getdikcə pisləşməsi ilə birlikdə La Sall bu qənaətə gəlir ki, onun və adamlarının sağ qalmaq üçün yeganə yol Mississippi və İllinoys çayları boyunca şimal istiqamətində hərəkət edərək İllinoys torpağındakı fransızlardan kömək istəməkdir. La Sallın son ekspedisiyası 1687-ci ilin əvvəlində Brazos çayı yaxınlığında baş tutur. Bu zaman La Sall və onun beş adamı üsyanı yatırmağa çalışarkən qətlə yetirilir. Koloniyadan bir neçə nəfərin İllinoys torpağına çatmasına baxmayaraq, geriyə kömək çatdırmaq mümkünsüz olur. Koloniyanın geridə qalan üzvlərinin əksəriyyəti 1688-ci ilin sonlarında Karankava yerlilərinin hücumunda həlak olur, basqından sağ çıxan dörd uşaq isə yerlilər tərəfindən himayəyə götürülür. Koloniya cəmi dörd il mövcudluğunu qorusa da, bu, Fransa hökumətinin indiki Texas adlanan həmin əraziyə iddia irəli sürməsinə mane olmur. Sonradan ABŞ da bu bölgədə əvvəllər mövcud olan fransız koloniyası səbəbindən ərazinin Luiziananın satın alınması məsələsinə daxil olduğunu iddia edir, lakin bu cəhd də uğursuz olur.[2]
İspaniya La Sallın missiyasından 1686-cı ildə xəbər tutur. Bu fransız koloniyasını Yeni İspaniya adlandırılan, İspaniyanın nəzarətindəki Amerikaya təhdid olaraq qəbul edən İspaniya kralı yaşayış məntəqəsinin aşkar edilməsi və məhv edilməsi üçün çoxsaylı yürüşləri maliyyələşdirir. Bunun üçün yola çıxan ekspedisiyalar əsas hədəfə nail olmaqda uğursuzluğa düçar olsa da, Amerikanın körfəz sahili bölgəsinin coğrafiyasını daha yaxşı tədqiq etməyə nail olurlar. 1689-cu ildə koloniyanın qalıqlarını tapan ispanlar geridə qalan silahları götürüb, tikililəri yandırırlar. Bir neçə il sonra ispan hökumətinin göstərişi ilə eyni ərazidə "presidio" (ispanların nəzarətində olan ərazilərdə tikilən müdafiə tipli qalalar) inşa olunur. Fransızların inşa etdiyi qalanın qalıqları 1996-cı ildə tarixçilər tərəfindən yenidən ortaya çıxarılır və ərazi həmin tarixdən etibarən arxeoloji məntəqə kimi fəaliyyətə başlayır. 1995-ci ildə isə Mataqorda buxtasında "La Belle" gəmisinin qalıqları tapılır.[3]
La Sallın ekspedisiyaları
[redaktə | mənbəni redaktə et]Birinci ekspedisiya
[redaktə | mənbəni redaktə et]17-ci əsrin sonlarına doğru Şimali Amerikanın böyük hissəsinə müxtəlif Avropa ölkələri tərəfindən iddialar qaldırılmışdı. İspaniyanın iddia etdiyi əraziyə Florida, həmçinin müasir Meksika və materikin cənub-qərb hissəsinin əksəriyyəti daxil idi. Materikin şimal və mərkəzi Atlantik Okeanı sahili İngiltərə tərəfindən On üç koloniya adı altında birləşdirilmişdi, Yeni Fransa isə mərkəzi İllinoys torpağı olmaqla indiki şərqi Kanada bölgəsini əhatə edirdi. Fransızlar qorxurdu ki, onların koloniyaları qonşulardan gələ biləcək istənilən təhdidə qarşı müdafiəsizdir. 1681-ci ildə fransız zadəgan Robert Kavalye de La Sall rəhbərliyində Sakit Okeana çıxış tapmaq arzusu ilə Yeni Fransa adlanan ərazilərdən Mississippi çayı boyunca ekspedisiya yola çıxır, lakin bu heyət Sakit Okean əvəzində Meksika körfəzinə yol tapmağa müvəffəq olur.[4] Əslində, ispan konkistador Hernando De Soto bu əraziləri 140 il əvvəl İspaniya Krallığına qatsa da, 9 aprel 1682-ci ildə La Sall Mississippi vadisinə Fransa kralı XIV Lüdovik adına iddia qaldırır və ərazini onun şərəfinə Luiziana adlandırır.[5][6]
Fransa Mississippinin mənsəbində özünə aid bir baza inşa etmədikcə, İspaniyanın bütün Meksika körfəzinə nəzarət etmək, hətta Yeni Fransanın cənub sərhədlərini daimi təhlükə altında saxlamaq riski var idi. La Sall inanırdı ki, Mississippi çayı Yeni İspaniyanın ucqar şərq ərazilərinə qədər çatır. Buna görə də 1684-cü ildə Fransaya qayıtdıqdan sonra çayın ağzında yeni koloniya qurmağı krala təklif edir. Yeni qurulacaq koloniya həm xristianlığın yerlilər arasında yayılmasında baza rolu oynaya, həm də qonşuluqdakı ispanların Nueva Vizkaya əyalətinə hücum edərək, buradakı məhsuldar gümüş mədənlərini ələ keçirməyə kömək edə bilərdi.[7] La Sall zənn edirdi ki, çox az sayda fransız kolonist ispanların onları köləliyə cəlb etməsinə qəzəbli olan 15000-ə yaxın hindilərlə müttəfiq olub, uğurla Yeni İspaniyanı işğal edə bilər. 1687-ci ilin oktyabrında İspaniyanın Fransaya müharibə elan etməsinin ardınca, kral La Sallın planı ilə razılaşır. İndi artıq onun hədəfi Şimali Amerikaya qayıtmaq və "hindilərin krala bağlılığını təmin edib, onları doğru yola çəkmək və qəbilələrarası sülhü təşkil etmək" idi.
İkinci ekspedisiya
[redaktə | mənbəni redaktə et]La Sallın orijinal planına əsasən onun ilk növbədə Yeni Fransaya lövbər salması, buradan cənub istiqamətində, İllinoys torpağı üzərindən Mississippi boyunca çayın mənsəbinə hərəkət etməsi gözlənilirdi.[8] Kral XIV Lui isə İspaniyaya baxmayaraq, La Sallın İspaniyanın eksklüziv mülkiyyəti hesab edilən Meksika körfəzi üzərindən hərəkət planını dəstəkləyirdi. Həmçinin, La Sall ilkin olaraq bir gəminin kifayət edəcəyini düşünsə də, 24 iyul 1684-cü ildə La Roşel limanını dörd gəmi ilə tərk edir: 36 toplu döyüş gəmisi "Le Joly", 300 tonluq yük daşıyıcı "L'Aimable", bark tipli yelkənli "La Belle" və keç tipli daha kiçik ölçülü yelkənli "San-Fransua".[9] "Le Joly" və "Le Belle" gəmiləri kral XIV Lui tərəfindən təmin edilsə də, La Sall daha çox yük daşımaq üçün sonradan digər iki gəmini də fransız tacirlərdən icarəyə götürür. Gəmilər və onları idarə edəcək ekipaja əlavə olaraq, 100 hərbçi ilə ekspedisiyaya ixtisaslı işçilərin qoşulmasını təmin etmək üçün əlavə vəsait ayrılır. La Sall özü isə qarşılaşacaqları yerlilərlə mübadilə etmək üçün əmtəələr alır.
Gəmilər ümumilikdə 300 nəfərə yaxın insan daşıyırdı, hansı ki, bunlara hərbçilər, tacirlər, gəmi ekipajı, altı katolik missioner, qadın və uşaqlar daxil idi. Gəmilərin limanı tərk etməsindən qısa müddət sonra Fransa və İspaniya arasındakı silahlı münaqişə sona çatmışdı və artıq kral La Salla əlavə dəstək göndərməkdə maraqlı deyildi. Səyahətin detalları gizli saxlanılmışdı ki, ispanlar bundan xəbərsiz qalsın və hərəkətin təhlükəsizliyi mümkün qədər təmin edilsin. Bununla belə, ekspedisiyanın donanma komandiri Siyö de Bejeü La Sallın yekun məntəqəni açıqlamama barədə niyyətinə etiraz edir. İkili arasındakı narazılıqlar onlar Haiti adasındakı San-Dominqo məntəqəsinə çatana qədər davam edir. Burada onlar arasındakı əsas narazılıq səbəbi gəmilərin harada lövbər salacağı ilə bağlı idi. Bu vaxt Bejeü göstərişlərin əksinə gedərək, adanın başqa hissəsində lövbər salmağa qərar verir və nəticədə, koloniya üçün nəzərdə tutulmuş lazımi təminat və təchizatla dolu olan San-Fransua gəmisi ispanların əlinə keçir.
58 günlük səyahət ərzində iki nəfər xəstəlikdən vəfat edir və bir qadın uşaq dünyaya gətirir. San-Fransua təchizat gəmisini itirdikdən sonra heyətin San-Dominqoya çatması gözləniləndən daha uzun çəkir. La Sallın yeni təminat üçün çox az vəsaiti qaldığına görə yekunda göyərtədə olan iki tacir özləri gətirdikləri əmtəələri adalılara satır və qazandıqları gəliri La Salla verir. Adaya çatdıqdan sonra bir neçə nəfər qaçdığına görə ekspedisiyaya yerlilərdən əlavə adamlar qəbul etməli olurlar.
1684-cü il noyabr ayının sonlarında, La Sall ağır xəstəlikdən tam sağaldıqdan sonra qalan üç gəmi Mississippi çayının deltası üçün axtarışlara davam edir. Heyət San-Dominqonu tək etməzdən əvvəl yerli dənizçilər xəbərdarlıq edir ki, əgər gəmilərə düzgün istiqamət verə bilməsələr, güclü körfəz cərəyanları onları şərqə, Florida körfəzlərinə doğru sürükləyə bilər. Dekabrın 18-də gəmilər Meksika körfəzinə çatır və İspaniya tərəfindən iddia olunan əraziyə daxil olurlar. Ekspedisiya üzvlərindən heç biri əvvəl burada olmadığına görə naviqasiya ilə bağlı problemlər ortaya çıxır. Qeyri-dəqiq xəritələrdən istifadə, La Sallın Mississippi çayının mənsəbinin yüksəkliyi ilə bağlı yanlış hesablamaları, cərəyanları nəzərə alaraq edilən əlavə lazımsız düzəlişlər yekunda ekspedisiyanın Mississippini tapma cəhdinin uğursuzluqla nəticələnməsinə səbəb olur. Beləliklə, onlar 1685-ci ilin əvvəllərində Mataqorda buxtasında, Mississippidən 640 km qərbdə sahilə çıxır.
İlk yaşayış məntəqəsi
[redaktə | mənbəni redaktə et]Kolonistlər San-Dominqonu tərk edəndən təxminən üç ay sonra, 20 fevral tarixində ilk dəfə torpağa ayaq basır və indiki Mataqorda adası mayakı yaxınlığında müvəqqəti düşərgə salır. Ekspedisiyanın salnaməçisi Anri Jutel Texası ilk görüşünü belə ifadə edir: "Torpaq mənə çox əlverişli kimi görünmədi. Hər yer düzənlik və qumlu idi, bununla belə, şərait ot yetişməsinə mane olmurdu. Bir neçə duz hövzəsi var idi. Bizim gəlişimizi gözləməyən bir neçə durna və Kanada qazından başqa heç bir vəhşi quş görmədik."
Bejeünün tövsiyəsini dinləməyən La Sall təchizatları düşərgəyə yaxınlaşdırmaq üçün gəmilərdən "La Belle" və "L'Aimable" üçün dar keçid yaradılmasına icazə almaq məqsədilə danışıqlar aparmağa qərar verir. "L'Aimable"ın yükünü azaltmaq üçün onun səkkiz topu və daşıdığı digər yükün kiçik bir qismi atılır. "La Belle" uğurla düşərgəyə çatdıqdan sonra La Sall gəminin pilotunu göndərir ki, digər təchizat gəmisi də keçirilsin, lakin "L'Aimable"ın kapitanı kömək təklifini geri çevirir. "L'Aimable" hərəkətə başlamağa hazırlaşdığı anda isə bir qrup karankava yaxınlaşır və adamlardan bir hissəsini qaçırır. Bunu görən La Sall bir qrup əsgərlə birlikdə onları xilas etmək üçün yerlilərin arxasınca düşür və bu vaxt "L'Aimable" gəmisini istiqamətləndirməyə arxada heç kim qalmır. Geri qayıtdıqlarında gəminin artıq bara oturduğunu görürlər.
Növbəti bir neçə gün ərzində adamlar gəmidən alət və əmtəələri xilas etməyə çalışsalar da, güclü tufan buna maneçilik törədir, yalnız müəyyən qədər ərzaq, top, barıt və ticari əmtəələrdən çıxarmaq mümkün olur. 7 martda gəmi batır. Fransızlar batan gəminin karankavalar tərəfindən qarət olunmasını izləməklə kifayətlənir. Bir müddət sonra fransız əsgərləri yaxınlıqda tərk edilmiş kənd tapır. Bu vaxt əsgərlər təkcə yerlilər tərəfindən qarət olunmuş əmtəələri götürməklə kifayətlənmir, həm də heyvan dəriləri və iki qayığı özləri ilə geri gətirir. Hadisədən xəbər tutan qəzəbli karankavalar düşərgəyə hücum edir, iki fransız həlak olur, başqaları yaralanır.
Kolonistləri okeanın o biri tayına keçirməklə missiyasını tamamlayan kapitan Bejeü 1685-ci il martın ortalarında "Joly" gəmisi ilə birlikdə Fransaya qayıdır. Kolonistlərin əksəriyyəti onunla birlikdə geri qayıtmağa qərar verir və arxalarında cəmi 180 nəfəri buraxırlar. Bejeü Fransaya gəldikdən sonra La Sallın əlavə təchizat istəyini çatdırsa da, İspaniya ilə müharibəni bitirən fransız hökuməti bu istəyi həmişəlik cavabsız buraxır. Texasda qalan kolonistlər isə dizenteriya və zöhrəvi xəstəliklər səbəbindən gündəlik olaraq itkilər verir, sağlam qalanlar isə Mataqorda adasında müvəqqəti qala inşa etməyi bacarır.
Qala
[redaktə | mənbəni redaktə et]24 martda La Sall 52 nəfəri beş qayığa bölüşdürərək yeni, daha təhlükəsiz məntəqə axtarışına başlayır. Bir müddət sonra təmiz su və balıqla zəngin, həmçinin daha yaxşı torpağa sahib Qarsitas buxtasını tapır və buranı yaxınlıqdakı bizon sürülərindən ilhamlanaraq "Bizon çayı" ("Rivière aux Boeufs") adlandırırlar. Buxtanın ağzından təxminən 8 km məsafədəki bir təpədə qala inşa etməyə qərar verilir. Burada olduqları müddətdə dəstədən iki nəfər həlak olur, biri ilan sancmasından, digəri isə balıq ovlayarkən boğulur. Bəzən gecə vaxtı karankavalar düşərgəni əhatəyə alsa da, əsgərlər bir neçə tüfəng atəşi ilə onları qorxudub, uzaqlaşdırmağı bacarır. Qalaya bəzən "Fort Sen-Lui" adı ilə istinad olunsa da, bu ad yaşayış məntəqəsinin mövcudluğu dövründə işlənmir və daha sonradan ortaya atıldığı güman edilir.[10]
Bütün hazırlıqlar başa çatandan sonra, iyunun əvvəllərində La Sall müvəqqəti düşərgədə qalan digər kolonistləri də yeni inşa etdikləri qalaya toplayır. 12 iyunda 70 nəfər 80 km-lik yürüşə başlayır. Missiyanın ən yorucu tapşırığı "Belle" gəmisindəki bütün təchizatın çıxarılıb qalaya gətirilməsi idi, hansı ki, bu proses də iyulun ortalarına qədər davam etdi. Ən son yük karvanı gəmini qorumaq üçün geridə qalan 30 nəfərdən ibarət idi. İyulun sonlarına doğru qrup üzvlərinin yarısı məhdud qida rasionu və həddən artıq fiziki iş ucbatından həlak olur.
Sağ qalanlar yaşayış məntəqəsinin mərkəzində iki mərtəbəli struktur inşa edir. Aşağı mərtəbə üç otağa bölünmüşdü: biri La Sall, biri din adamları və digəri də ekspedisiyanın zabit heyəti üçün nəzərdə tutulmuşdu. Yuxarı mərtəbə isə bütöv bir otaqdan ibarət idi və təminatların saxlanılması funksiyası daşıyırdı. Qalanın ətrafındakı daha kiçik ölçülü tikililər isə digər ekspedisiya üzvlərinin gecələməsi üçün idi. "L'Aimable" gəmisindən çıxarılan və hər birinin çəkisi 320 ilə 540 kq arasında dəyişən 8 top koloniyanı xaricdən gələ biləcək potensial hücumlardan mühafizə etmək üçün kənarlarda yerləşdirilmişdi.
Çətinliklər
[redaktə | mənbəni redaktə et]Daimi düşərgənin tikilməsindən bir neçə ay sonrakı müddət ərzində kolonistlər ətraf əraziləri öyrənmək üçün qısa məsafəli yürüşlər təşkil edir. 1685-ci ilin oktyabr ayının sonlarında La Sall daha uzun məsafəli ekspedisiyaya qərar verir və bu məqsədlə qalan təminatın çox hissəsini yenidən "Belle" gəmisinə yüklədir. Gəminin 27 nəfərlik ekipajından əlavə 50 nəfəri də özü ilə birlikdə götürür və geridə yalnızca 34 kişi, qadın və uşaqları buraxır. Səyahətə çıxanların çoxu qayıqlarla hərəkət edir, "Bell" isə onlara nisbətən sahil xəttindən daha aralıda həmin qayıqları izləyirdi. Üç günlük səyahətdən sonra ərazidə aqressiv yerlilərin mövcudluğundan xəbər tuturlar. Qrup üzvlərindən iyirmi nəfər yerlilərin kəndinə hücum edir və burada ispanlara məxsus artefaktlar tapılır. Ekspedisiya üzvlərindən bir neçə nəfər opunsiya kaktusu yediyindən vəfat edir. Sahildə düşərgə quran kiçik bir qrup isə karankavaların basqınına məruz qalır və bu hücum nəticəsində "Bell" gəmisinin kapitanı da daxil olmaqla əlavə bir neçə nəfər itki verməli olurlar.
1686-cı ilin yanvar ayından mart ayına qədər La Sall və adamları Mississippi çayını quru yolu ilə axtarıb tapmağa çalışsalar da, Rio Qrande çayı boyunca, Texasın indiki Lanqtri bölgəsinə qədər gəlib çıxırlar. Burada bir qrup gəmidən ayrılıb, yerli qəbilələrin adamlarını ispanlar və ispan mədənlərinin yeri haqqında müxtəlif hədiyyələr təklif edərək sorğu-sual edib, ispanları zülmkar düşmən, fransızları isə xoşməramlı kimi göstərməyə çalışsalar da, cəhdlər hər hansı əhəmiyyətli nəticə vermir. Hətta, həmin qrup geri qayıdarkən "Belle" gəmisinin yerini tapa bilmir.
Ekspedisiya üzvləri növbəti ay Mississipini tapmaq və Kanadaya qayıtmaq üçün bu dəfə şərq istiqamətində hərəkətə başlayır. Qrup səyahət ərzində başqa bir yerli qəbiləsi olan keddo xalqı ilə qarşılaşır. Keddolar fransızlara öz ərazilərini, qonşu xalqları və Mississippi çayının mövqeyini göstərən xəritə verir. Qonşu xalqlarla sülh içində yaşaması ilə tanınan keddolar eyni xoş məramı fransızlara da göstərir. Keddoları ziyarətdə olarkən fransızlar xumano qəbiləsinin tacirləri ilə görüşür və onlardan ispanların Nyu-Meksikodakı fəaliyyəti ilə əlaqədar məlumat əldə edirlər. Bu tacirlər sonradan gördükləri fransızlar barədə ispanlara xəbər verir.
Neçes çayına çatanda qrup üzvlərindən dörd nəfər fərarilik edir. La Sall və onun bir qardaşı oğlu yolda ağır xəstələndiyi üçün yürüş iki ay müddətinə ləngiməli olur. Onlar sağlamlıqlarına qovuşana qədər artıq qrupun əlində çox məhdud sayda qida və barıt qalmışdı. Avqust ayında ekspedisiya üzvlərindən sağ qalan səkkiz nəfər Sen-Lui qalasına qayıdır və heç vaxt Şərqi Texası tərk etməməyə qərar verir.
La Sallın düşərgədə olmadığı müddət ərzində "Bell" gəmisində qalanlardan altı nəfər Sen-Lui qalasına qayıtmağı bacarır. Sağ qayıdan həmin şəxslərin verdiyi məlumata görə yeni kapitan həmişə içkili vəziyyətdə olduğuna görə gəmini idarə etmək bu barədə heç bir təcrübəsi olmayan digər ekipaj üzvlərinin öhdəsinə düşüb və onlar da necə hərəkətə davam etməli olduqlarını bilmədiklərinə görə Mataqorda yarımadasında gəmini tərk edib, qayıqlarla qalaya qədər gəlməli olublar. Beləliklə, əllərində olan sonuncu gəmini də itirən kolonistlər Texas sahillərində ilişib qalır və Karib dənizindəki digər fransız koloniyalarından kömək almaq ümidlərini də itirir.
1687-ci ilin yanvarında koloniyada ilkin 180 nəfərdən 45 nəfər qalmışdı ki, onlar da daxili çəkişmə ilə mübarizə aparırdılar. La Sall inanırdı ki, qrupun sağ qalmaq üçün yeganə ümidi quru yolu ilə səyahət edib, Yeni Fransadan kömək istəməkdədir. Buna görə də o, elə yanvar ayında, dəqiq bilinməyən bir tarixdə İllinoys torpağına çatmaq üçün sonuncu ekspedisiya başladır. Ekspedisiya qrupu yola çıxanda Sen-Lui qalasında əksəriyyəti qadın, uşaq və yararsızlardan ibarət 20-dən az mülki şəxs, həmçinin La Sallın yaxşı yola getmədiyi yeddi hərbçi ilə üç missioner qalır. Ekspedisiya qrupunda isə La Sall, onun öz qardaşı və iki qardaşı oğlu da daxil olmaqla 17 nəfər yola çıxır. 18 martda indiki Navasota şəhəri yaxınlığında düşərgə qurarkən qrup üzvləri arasında bizon ətinin bölüşdürülməsi üstündə münaqişə çıxır. Həmin gecə bir ekspedisiya üzvü La Sallın qardaşı oğlanlarından birini və iki nəfər başqa qrup üzvünü yatdığı yerdə qətlə yetirir. Növbəti gün isə yoxa çıxan qardaşı oğlunu axtarmaq üçün düşərgəyə gələn La Sall öldürülür. Daxili toqquşma qısa müddət ərzində daha iki qrup üzvünün qətlinə səbəb olur. Sağ qalan üzvlərdən iki nəfər keddo xalqına qoşulur. Anri Jutel tərəfindən rəhbərlik edilən qalan altı nəfər isə İllinoys torpağına çatmağa müvəffəq olur. İllinoysdan Kanadaya qədər olan səyahətləri boyunca heç kimə La Sallın öldürülməsi barədə bir şey demirlər. Onlar 1688-ci ilin yayında Fransaya çatır və kral Luini La Sallın ölümü, həmçinin Texasdakı koloniyanın dəhşətli şəraiti haqqında məlumatlandırsa da, kral kömək göndərməkdən imtina edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Texas Historical Commission, La Salle Odyssey - 17th century thriller". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
- ↑ "Eugéne Maissin, The French in Mexico and Texas, 1838–1839 (Salado, Texas: Anson Jones Press, 1961)". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
- ↑ "After 17 Years, La Belle Shipwreck Now Complete". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
- ↑ Bannon, John Francis, The Spanish Borderlands Frontier, 1513–1821, Albuquerque: University of New Mexico Press, 1997, səh. 94, ISBN 978-0-8263-0309-7
- ↑ Weber, David J., The Spanish Frontier in North America, Yale Western Americana Series, New Haven Connecticut: Yale University Press, 1992, səh. 148, ISBN 978-0-300-05198-8
- ↑ Chipman, Donald E., Spanish Texas, 1519–1821 (revised), Austin: University of Texas Press, 2010 [1992], səh. 72, ISBN 978-0-292-77659-3
- ↑ Calloway, Colin G., One Vast Winter Count: The Native American West Before Lewis and Clark, History of the American West, Lincoln: University of Nebraska Press, 2003, səh. 250, ISBN 978-0-8032-1530-6
- ↑ Bruseth, James E.; Turner, Toni S., From a Watery Grave: The Discovery and Excavation of La Salle's Shipwreck, La Belle, College Station: Texas A&M University Press, 2005, səh. 76, ISBN 978-1-58544-431-1
- ↑ Weddle, Robert S., The French Thorn: Rival Explorers in the Spanish Sea, 1682–1762, College Station: Texas A&M University Press, 1991, səh. 13, ISBN 978-0-89096-480-4
- ↑ Weddle, Robert. "La Salle's Texas Settlement". Texas State Historical Association (ingilis). June 15, 2010. November 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2017.