Qızıl geyimli adam
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Qızıl geyimli adam" (qaz. Алтын Адам) — 1969-cu ildə olan arxeoloji tapıntının şərti adı.[1][2] Alma-atanın 50 kilometrliyində, İssık çayının sahilində olan kurqanların birində tapılıb.[3] Kurqanın hündürlüyü 6 metr, diametri 60 metrdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Almatının 43 km şərqində yerləşən Esik ərazisində 800 hektarlıq bir sahədə 27 böyük və 55 kiçik kurqan mövcuddur. 1963-cü ildə İssıq-göl daşdığı üçün bir çox kurqan dağılaraq torpağa qarışır. 1970-ci ildə bu bölgədə yerləşən bir təpəlikdə tikinti üçün buldozerlər gətirilir və qazma işləri gedərkən işçilər yonulmuş qayaya rast gəlirlər. Bununla bağlı Almatı muzey rəhbəri Bekin Nur Muhamməd və Kamal Akşiyev bir heyətlə əraziyə gələrək ilkin bilgilər əldə edirlər. Beləliklə, ilk tədqiqatlar Orta Asiya tarixinin yenidən yazılacağını şərtləndirir. İttifaqa bu barədə məlumatı ilk olaraq "Komsomolskaya pravda" qəzeti verir. Sonralar 1978-ci ildə professor K. Akşiyev Esik tapıntısı barədə Moskvada rus dilində "Qazaxıstan saqalarının sənəti" adlı kitab çap etdirir.
Esik kurqanı İssıq məzarlığının güneyində yerləşir. Burada 1970-ci ildə dörd kurqanda qazıntı işlərinə başlanılır. Lakin kurqanların üçü soyğunçular tərəfindən qarət edildiyindən məzarlardan heç nə tapılmır. Fəqət sonuncu kurqan arxeoloqlara bütün bunların təəssüfünü unutdurur, çünki Altun tigin onların zəhmətini boşa çıxarmır. İlk tədqiqatçılardan Nur Muhamməd məzarı aşkar etməsini bu cür xatırlayır: "İnşaat əsnasında 6 metr yüksəklikdə, 60 metr genişlikdə iki quyu qazılırdı…Taxtanın üzərində kilim, kilimin üstündə qumaş vardı, onun üzərinə qoymuşdular, başı qərbə, ayağı şərqə dönükdü. İşləri dayandırdılar və tarixçi olduğum üçün mənə xəbər verdilər. Məzara çatdığımda torpağı əllərimlə qazmağa başladım. Öncə taxta parçalarını çıxardım, lakin taxtalar günəşi görüncə əlimdən düşdülər və toza çevrildilər. Bir az daha qazdıqda gözlərim parıltıdan qamaşdı və uzun müddət məzara baxa bilmədim. Yanımdakılar da baxa bilmədi. Gözlərimi ovuşdurduqdan sonra Altın geyimi gördüm…Taxta bir tabut içərisində Altun tigin dəfn olunmuşdu. Yanında, üzərində yazılar olan çanaq vardı. Əlində də bir üzük vardı. Üzüyü götürüb barmağına taxdım. Cəsədi altın geyim ilə birgə qaldırdıqda, altındakı ağac taxtalar və cəsəd toza çevrildi, sanki günəşi gördükcə yanırdı. Böyük bir həyəcan içərisindəydik…Dürüst hərəkət etdik. Ruslar gəldilər və sümük parçalarını apardılar…"
Beləliklə, 6 metr hündürlükdə yerləşən kurqanın içərisində daxili ölçüləri 290sm x 150sm, xarici ölçüləri 330sm x 190sm, hündürlüyü isə 150sm olan məzar aşkar edilir. Məzarın içi Tanrı dağlarında yerləşən küknar ağaclarının kötüklərindən hazırlanmışdı. Qalıqlardan anlaşıldığına görə cənazə mərasimi tamamlandıqdan sonra cəsəd yerləşdirilərək üstü qısa kötüklərlə qapadılmış və üzərinə çınqıllı torpaq yığılmışdı. Məzarın qərb divarının dibində ağacdan düzəldilmiş 10 ədəd kiçik masa yerləşirdi. Cəsəd otağın içərisindəki həsirin üzərinə yerləşdirilmişdi. Skeletin uzunluğu 165 sm-ə çatırdı.
Altun tiginin geyimi başından corabına qədər, o cümlədən kəməri və qılıncı da saf qızıldan idi. Cəsədin corabı ilə diz sümüyü arasında üçbucaq və dördbucaq şəkilli 4800 parça qızıl vardı. Bu, dünyada firon Tutanhamonun qəbrindən tapılan qızılların sayından sonra ikincidir. Döyüşçünün köynəyi əsasən qızıl ox uclarından və qızıldan tökülmüş şir başından ibarətdir. Qızıldan düzəldilmiş boyunbağı üst-üstə dörd dəfə dolanıbdır. Barmağında iki qızıl üzük vardır ki, bunların birinin üzərində börklü bir kişi motivi işlənibdir. Bu üzüklər alimlərdə cəsədin xaqan və ya tigin olma ehtimalını yaradır. Tiginin üst geyimi qırmızıya boyanmış dəridən ibarətdir, üzərində yıtıcı heyvan rəsmləri və dördbucaqlı formalı qızıllar yer almaqdadır. Dəridən hazırlanan şalvarının eni 20–25 sm-dir. Uzunluğu bir metrə yaxın olan kəməri dördbucaq formalı 16 parça qızıldan ibarətdir, üzərində 3 böyük yatmış formada təsvir edilmiş keyik və kiçik keyik rəsmləri yerləşir. Ayaqqabısı keçədən düzəldilmiş və üzəri üçbucaq formalı qızıllardan ibarətdir.
Tiginin başına taxdığı 60–65 sm hündürlüyündəki börk onun milli mənsubiyyətini əks etdirir. Belə ki, bu börk bir sıra türk xalqlarına məxsus olan bir geyimdir və üzərindəki əşyalar da totem (onqon) xarakterlidir. Börkdəki əşyaların təsvirləri bunlardır: dağ qoyunu (arxar), iribuynuzlu dağ keçisi, qanadlı at, quş qanadı (4 ədəd), aslan (4 ədəd), aslan dağda, şir başı (6 ədəd), at (2 ədəd), dağ keçisi (5 ədəd), quş heykəlləri (5 ədəd), diadema (tacşəkilli başlıq), kiçik quş qanadı (2 ədəd), uzun quş qanadı (4 ədəd), yarpaq (5 ədəd), kiçik yarpaq (7 ədəd), ox (4 ədəd), dağ zirvəsi (4 ədəd), ağac (5ədəd) və s.
Cəsədin sağ tərəfində qırmızı taxtadan bir qın içində qızıl qəbzəli dəmir qılınc mövcuddur. Bədəni ilə sol əli arasında taxta və dəri qını olan bir xəncər yerləşir. Sol dirsəyinin yanında ucu qızıldan olan bir ox, daha yuxarıda bir qamçı, içərisində tunc bir güzgü ilə qırmızı boya olan ipək çanta vardır. Bunlarla yanaşı məzardan tabaqlar, vazalar, güzgü və daraq qabları, gümüş qaşıqlar çıxır. Eyni zamanda məzardan içərisində yemək olan müxtəlif qablar aşkar edilir.
Fəqət gümüş qablardan biri 4800 ədəd qızıl parçasını kölgədə qoyacaq qədər önəmli idi. Çünki onun üzərində qədim türk yazısından ibarət işarələr vardı. Tapılan yazını Moskva və Leninqrad(indiki Sankt-Peterburq) universitetlərinə yollayırlar, fəqət orada oxuya bilmədiklərindən geri qaytarılır.
Sirli yazını oxuyan isə bütün ittifaqda tanınan Qazaxıstan Elmlər Akademiyasının bilginlərindən professor Qayneddin Əlioğlu Musabəy olur. Alim açıqlamasında Esik yazısının Orxon yazılarından 1000 il əvvəl olmasını və hər işarənin bir hərfi deyil, hecanı bildirməsini söyləyir. Geyimin türk xalqlarına məxsusluğunu isə mərhum professor, mifoloq Mirəli Seyidov türk inanc və mifləri çərçivəsində araşdıraraq sübut edir.
Burada maraqlı cəhətlərdən biri yazıların niyə adi bir gümüş qabın içərisinə yazılmasıdır. Çünki məzardakı əşyalara nəzər yetirdikdə yazının daha qiymətli və dəyərli bir əşyanın üzərinə yazılması düşünülə bilərdi. Bunun yeganə izahı digər türk xalqları kimi saqaların da Gök Tanrı inancında olmalarıdır. Belə ki, türk xalqlarında qab və ya bardaq göyün simvolu hesab edilirdi və magik təsir bağışladığına inanılırdı. Məhz buna görədir ki, ümumi rəy kimi qəbul edilən 25 əsr yaşı olan məktubun üzərində türk saqaların uzaq keçmişindən xəbər verən 26 hərfdən ibarət iki sətrlik yazıda deyilir: " Tigin 23 yaşında öldü. Esik xalqının başı sağ olsun". Məhz buna görədir ki, Oljas Süleymenov bədii dillə gümüş qabın Altun tigini həm bu dünyada, həm də axirətdə qoruduğunu bildirir.
Sovetlər dönəmindən bu yana tarixçilər tapıntının miladdan öncə VI–V yüzilliyə aid olduğunu müdafiə etməyə çalışırlar. Fəqət bunun əksinə olduğunu isbatlamağa çalışanlar da (məs; Kazım Mirşan) vardır. Çünki ilk tədqiqatçılardan bu yana tiginin yalnız geyimi üzərində tədqiqat aparılıbdır. Digər tərəfdən qazıntı zamanı məzardan tiginin skeleti əldə edilsə də, üzərində heç bir karbon təhlili edilmədiyindən həqiqi nəticəyə gəlindiyi bir qədər şübhəlidir. Tədqiqatçıların tapıntının yaşını miladdan 5 əsr əvvələ aid etmələrinin bir səbəbi də onun belindəki kiçik qılıncın yunan qılıncına bənzəməsidir. Çünki bu cür qılıncların istehsalının miladdan 500 il əvvələ aid edilir və bu yanlış məntiqlə Esik tapıntısını da bu dövrə məxsusluğu iddia edilir. Təbii ki, türk tarixinə kölgə salmaq istəyənlər üçün Orta Asiyada vaxtilə mövcud olmuş türk mədəniyyətinin yunan mədəniyyətini üstələməsi mümkünsüzdür. Halbuki, bu cür saf qızıldan hazırlanmış geyim başqa ərazilərdə tapılmamış və bu yalnız nə vaxtsa mövcud olmuş qədim türk incəsənətinin, mədəniyyətinin bir hissəsidir.
Alimlər tərəfindən qəbul olunmuş digər bir ortaq nəticə skeletin saqa türklərinə məxsusluğudur. Onların fikrincə, saqalar bu əraziyə Çin imperatorluğunun təzyiqi nəticəsində Altay dağlarını keçərək gəliblər. Altun tiginin Hun türklərinə aid olması barədə də fərziyyələr mövcuddur. Professor Firudin Ağasıoğlu Cəlilov "Saqa qamər boyları" kitabında tigini Altın geyimli saqa kimi qeyd edir. Hər halda yazıdan da anlaşıldığı kimi, Altun tigin türk boylarından birinə məxsusdur.
1993-cü ildə Qazaxıstanın şimal şərqində Altay dağlarında ikinci altın geyimli cəsəd tapılır. Üçüncü altun tigin məzarı isə yenə də Qazaxıstanda Atıray ərazisində aşkara çıxarılır. Esiklə yanaşı Türküstanın Talgar, Böyük və Kiçik Almatı, Kaskelen, Kurtı, İli, Karakemer, Çilik, Çarın, Kegen, Karkara, Karatal, Ağsu, Lepsı ərazilərində zəngin məzarlara rast gəlinir.
Hazırda Esikdən tapılmış altun tiginin geyimi və digər tapıntılar Almatı muzeyində qorunmaqla yanaşı, şəhərin Cumhuriyyət meydanında da bağımsızlıq abidəsi olaraq Altun tiginin heykəli ucalmaqdadır.