Overlord əməliyyatıİkinci dünya müharibəsi ərzində Antihitler koalisiyası tərəfindən almanların işğalı altında olan Qərbi Avropa ərazilərinin geri qaytarılması məqsədilə həyata keçirilmiş hücum əməliyyatıdır. Əməliyyat 6 iyun 1944-cü il tarixində başlamışdır. 6 iyunda 160,000 nəfərə yaxın qoşun hissələri La-Manşı keçmiş, bununla da Fransada yerləşən müttəfiq qoşunlarının sayı iki milyona çatmışdır.
Bu hücum əməliyyatını həyata keçirmək barədə razılıq 1943-cü ilin may ayında ABŞ-nin Vaşinqton şəhərində baş tutmuş konfrans zamanı əldə olunmuşdur. General Dvayt Eyzenhaver döyüş əməliyyatına cəlb edilmiş müttəfiq qoşunların Baş Qərargah rəisi, ingilis general Bernard Montqomeri isə 21-ci Ordu Qrupunun komandiri vəzifəsinə təyin olunmuşdu. Əsas hücum mövqeyi Normandiya sahilləri olaraq müəyyən edilmişdi. Hücumun başlamasına hələ bir neçə ay qalmışdan etibarən müttəfiqlər aldadıcı hərbi manevrlərdən istifadə etməyə başladılar. Bu, həm elektronik, həm də vizual dezinformasiya xarakteri daşıyırdı. Bu cür aldadıcı manevrlər nəticəsində almanlar hücumun hansı istiqamətdən və nə vaxt başlayacağını təxmin etməyə çətinlik çəkirdi. Hücumun başlayacağını təxmin edən Adolf Hitlergeneral-feldmarşalErvin Rommeli bütün "Atlantik divarı" boyunca müdafiə-istehkam işlərinin aparılmasına rəhbər təyin etmişdi.
Müttəfiqlər hücumun ilk günündə öz məqsədlərinə nail ola bilmədilər, lakin 26 iyunda Şerburq-Oktevil limanını və 21 iyulda isə Kann şəhərini ələ keçirməyə nail oldular. 8 avqust tarixində almanlar əks-hücuma cəhd etsə də, bu cəhd uğursuzluqla nəticələndi. Bu əks-həmlə zamanı alman 7-ci Ordusunun 50 min nəfərə yaxın şəxsi heyəti Falez şəhəri yaxınlığında müttəfiqlərin mühasirəsinə düşdü və ciddi itkilərə məruz qaldı. 30 avqust 1944-cü ildə alman qoşunlarının Sen çayı üzərindən geri çəkilməsi ilə birlikdə Overlord əməliyyatı da uğurla başa çatdırıldı.