Nuru Paşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nuru Paşa
Nuri Killigil
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul,  Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri Sütlüce, İstanbul, Türkiyə Türkiyə
Dəfn yeri
Vətəndaşlığı Osmanlı İmperiyası
Azərbaycan AXC
Türkiyə Türkiyə
Hərbi fəaliyyəti
Qoşun növü Piyada
Xidmət illəri 1911–1920
Rütbəsi General-leytenant
Komandanlıq edib
Döyüşlər
Əlaqələri Ənvər paşa (qardaşı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nuru Killigil və ya Nuru Paşa (türk. Nuri Killigil; 1889, Konstantinopol, Osmanlı imperiyası2 mart 1949, Sütlücə, İstanbul, Türkiyə) — Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar.

O, 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olmuşdu.

Hərbi karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Rus-yapon müharibəsi

[redaktə | mənbəni redaktə et]

Artilleriya Zabitləri məktəbində xidməti

[redaktə | mənbəni redaktə et]

Birinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda xidməti

[redaktə | mənbəni redaktə et]

Türkiyəyə qayıdışı

[redaktə | mənbəni redaktə et]

Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı.

Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı. Bir tərəfdən də dolanışıq çətinliklərinin mövcudluğu Nuru paşanın həyatında ağrılı səhifələrdən birini açdı. Yeni şəraitdə Nuru paşanın ailə üzvləri də pərən-pərən düşmüşdü. Qardaşı Ənvər paşa ingilis təqiblərindən qaçaraq Rusiyaya sığınmış, anası Aişə İstanbulda tək qalmış, digər qardaşı Kamil və bacısı Mediha da yeni şəraitin çətinlikləri ilə üzbəüz qalmışdılar.

1920-ci il sentyabr ayının 12-də Xəlil paşanın Ərzurumdan Ənvər paşaya yazdığı məktubunda Nuru paşanın da onun yanında olduğunu qeyd edirdi. Xəlil paşa həmin məktubunda Nuru paşanın mənəvi və fiziki yorğunluqlar içərisində olduğunu, sıxıntılı günlər keçirdiyini, istirahətə ehtiyac duyduğunu və nəhayət ailə üzvlərinin maliyyə problemləri ilə qarşılaşmalı olduğunu yazırdı:

" ...Qardaşım Nuru ilə bərabər buradayız. O da olduqca güc və sıxıntılı günlər keçirirdi. İndi həmd olsun, salamat və afiyətdir. Pək yorulmuş olduğu üçün artıq bir müddət istirahət edərək dinlənməyə qərar vermişdir...[1] "

Sentyabr ayının 12-də Nuru paşa da Ənvər paşaya məktub yazdı. Həmin məktubda o özünün və ailə üzvlərinin rastlaşdığı çətinlikləri də qısaca qələmə aldı. Nuru paşa bu məktubunda hətta hərbi və siyasi fəaliyyətlə vidalaşcağını da Ənvər paşanın nəzərinə çatdırırdı. Eyni zamanda rəssamlıqla məşğul olmaq barədə fikir söyləyirdi:

" Ağabəy (Ənvər paşaya müraciət forması),

Ailəmizin hər fərdi ki, siz de epeyicə sıxıntılar çəkdiniz. Çox şükür ki, təhlükəsiz keçdi. Erkəklərdən məada ailəmizin qadınlarına da təziq edilir. İlk təcrübəni Medihada yapdılar.

Ənvər Paşa, atası Əhməd Bəy, qardaşı Nuri (Killigil)

Sultan əfəndi (Ənvər paşanın həyat yoldaşı nəzərdə tutulur), ilə ablamın Berlinə və ya Vyanaya keçmələri iyi oldu. Biçarə anam nə edəcək? Kazım bəy Medihanı Ərzuruma gətirir. Ehtimal anam də gəlir. Fəqət geçmək pək müşgül. Burası o qədər bahalı ki, mən ən son vaqiədən sonra artıq siyasət və əsgərliklə qəti-əlaqə edirəm. İyi bir rəssam ola bilsəydim şimdi keçinəcək qədər (fəqət bizdə rəssamlıqla geçinmək qeyri-mümkün ya nə isə) para qazana bilirdim, sanıram. Məmafih, sizə nəzərən mənim yüküm xəfif. Tək başına olduqdan sonra nərədə olsa qarnımı doyura bilirəm. Azərbaycan vaqiəsindən dolayı yanınıza gələməyəcəyimi təxmin edirəm. Medihadan bir xəbər aldıqdan sonra Kazım bəy də nəzdinizə gedəcəkdir. Mən də baxalım. Hörmətlə əllərinizdən öpərim. Nuru.[1]

"

1920-ci il sentyabr ayının sonlarında Nuru paşa Türkiyənin azadlıq mübarizəsinə qoşuldu və Sarıqamış ətrafında döyülərə qatıldı. Nuru paşa bu döyüşə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə daxil oldu və bir daha Azərbaycana bağlılığını nümayiş etdirdi. Onun qatıldığı döyüş də uğurlu oldu və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışı ələ keçirdi. 1920-ci ilin oktyabrında Nuru paşa Azərbaycan süvari alayı ilə artıq Ərzurumda idi. Tarixi ədəbviyyatda, habelə Ənvər paşanın yazışmalarında olan məlumatlara görə 1920-ci ilin sonlarında Nuru paşanın birdəfəlik ordudan ayrıldığını söyləmək mümkündür.

1921-ci ilin əvvəllərindən Nuru paşa öz biznesini qurmağa çalışır. O özünün emalatxanalarını qurmaqla silahların, hərbi təchizatın təmiri ilə məşğul olurdu. Bunu o, 1921-ci il aprel ayının 1-də Ənvər paşaya yazdığı məktubunda da qeyd edirdi:

" Əziz Ağabəyim,

Ərzurumda iş ocağı namı ilə metruk makinaları təmir etdirərək böyük bir emalatxana təsis etdirməkdəyəm. Metruk malzəmə o qədər çoxdur ki, Anadolu sənayesini tərəqqi etdirmək üçün lazım olan bu malzəməni işlədərək təmini mümkündür. Ocağın Trabzon və Erzincanda birər şöbələrinin təsisini və qırıq avtomobilləri təmir etdirərək Ərzurum-Trabzon, Xorasan-Qarakilsə arasında avtomobil qolları işlətməsini və Sarıqamışda metruk bulunan bir kaç hezar fabrikasının Rizə ormanlarına nəqlini təklif etdim. Nəqliyyədən gələcək karı göstərmək üçün Ərzurumdan Trabzona altı okka üçün 95 quruş nəqliyyə ücrəti alındığını və şehri üç yüz min kilo nəqliyyta olduğunu söyləmək kafidir.

Palantökən yanındakı qaz mədəni də işlədiləcək bir haldadır. Toplanılacaq sərmayə ilə qumaş və dəri fabrikaları təsisi üçün də lazım olan makinaları Avropadan gətirmək mümkün olacaqdır. Yalnız bunların həpsini yapacaq qədər oturmaq istəyirəm. Səlahiyyətlər və zehniyyət başqadır. Haqqımdakı təklifinizi bir müddət üçün mən də müvafiq buluram. Rəssamlıq və türk tarixi əsaslarını tədqiq etməyi məslək olaraq qəbul edirəm. Burada başladığım işin əsasını qəsir müddətdə bitirəcəyimə qaniyəm. Ərzurumda iş ocağı quruldu. Ermənilərdən iğtinam edilən 12 milyon ingilis fişəngini təhlil üçün bir makina yapdım. Müvəffəqiyyət hasil oldu. Boş qovanları imha etmək üçün də makinalar yapılmaqdadır. Tökməxanamız gündə 120 metr qumaş çıxarır. Hər gün təzayüd etməkdə. Ərzincandakı xarab fabrikdən bir miqdar makina təmin etdirə bilərsək qumaş hasilatı daha çox artacağına qaneyəm. Berlinə getmək üçün bir az müşkülat çəkəcəyəm. Əvvəla yol parası lazım.

Dairə müdiri İbrahim bəylə mənim anlaşmam uzun sürəcək. Şükrü yerini dəyişdirmək üçün sizin yazmanız daha səri və əmin olur. Mürəssa saatı satmış. Trabzon sansur məmuru Fuad əfəndi Xəlil paşanın əski parasını birisi vasitəsiylə göndərmiş. Vapurla İtaliyanı dolaşaraq getməkdən başqa yol yox. Varna tarixi varsa da, hənuz tədqiq etmədim.

Rusiyadan getmək də bir türlü bizcə kolay başqa bir yol olursa lütfən yazarsınız. Mən bir buçuq, iki ay sonra Trabzon şöbəsinin təsisi üçün oraya getmək istəyirəm. Cavabınızı orada alacağıma ümid edirəm.[1]

"

Bu məktubda da Nuru paşa qeyd edirdi ki, o, emalatxana açsa da, onun maliyyə sıxıntıları qalmaqda idi və hətta Berlinə getmək üçün onun lazımi qədər pulu yenə də yox idi. Sonra da işlətdiyi emalatxanaların Rusiyada da şöbəsini açmaq fikrinə düşmümüşdü. Amma məlumdur ki, Nuru paşa Almaniyaya səfər etsə də Rusiyaya səfər etmədi.

1921-ci ilin əvvəllərindən başlayaraq Ənvər paşanın ailəsinə və yaxınlarına qarşı təzyiqlər bir qədər də artdı. Çünki 1921-ci il mart ayının 12-də Türkiyə Böyük Millət Məclisi Nuru paşanın və Ənvər paşanın Anadoluya gəlməsini qadağan edən qərar qəbul etdi. Ona görə Ənvər paşanın yaxınlarına qarşı da müəyyən sıxıntılar möcud idi. Ənvər paşanın yaxınlarından bəziləri Avropaya köçmüşdülər. Nuru paşanın Ənvər paşaya yazdığı məktubuna görə demək olar ki, Nuru paşanın da Avropaya köçmək məsələsi qalxımışdı. Ənvər paşa kiçik qardaşı Kamilə 1921-ci il avqustun 10-da yazdığı məktubunda da Nuru paşanın Berlinə gələ biləcəyinə işarə edilir. Amma Nuru paşa uzun müddət Berlində qalmağı qəbul etməyib. Ənvər paşaya 22 avqust tarixli məktubunda Nuru paşa yazırdı:

" Möhtərəm Ağabəyim,

Dünən bir məktub göndərdim. Bugün emin vasitə bulunduğumdan təkrar göndərirəm. Kazım bəy Ankarada. Mediha və uşaqlar, mən, anan buradayıq. Anan 15 gün sonra İstanbula dönəcək. Mən yarın Ankaraya mütəvəccihən hərəkət edirəm. Bir vəzifə ilə mükəlləf deyiləm. Ankarada qalmaq niyyətində deyiləm. Ancaq Avropada yaşamaq üçün ya Sultana (Ənvər paşanın xanımı nəzərdə tutulur), ya eniştəmə yük olmaq xoşuma gəlmir.

Buradakıların bizlərə qarşı pər hüsnü-nəzər yox. Ancaq mənə bir şey dedikləri də yox. Bu son mücadilə əsasında kəndi istəyimlə məmləkəti tərk etmək istəmirəm. Məcburiyyət görürsəm tərk edəcəyim təbiidir. Anan maaşının qət olacağını zənn edir. Mən kəndisinə məalasef baxacaq halda deyiləm. Bunun üçün kəma fis-sabiq kəndisinə para verilməsini istəyir. Avropaya keçməyəcək olursam evlənmək istəyirəm. Karçıbaşıların Həmidə xanımın qızı varmış. Gözəlçə və daha gənc olduğu üçün hoppalaşmamış. Mən də başqa dürlüsü ilə yaşayamam. Babası Tahir paşanın tügəngçilərindən ana tərbiyəsi iyi. Paraları yox. Prinses İffət xanımın qızı da var. Amma həvayi meşreb olmuş...[1]

"

1921-ci ilin avqust ayında Nuru paşa Ankaraya gələndə səhhətində problemlər var idi. Ənvər paşanın yazışmalarından aydın olur ki, bir müddət sonra Nuru paşanın səhhətinin yaxşılaşmışdır. Amma görünür Nuru paşanın xəstəliyi ciddi idi və Berlində olarkən səhhətinin müalicəsi ilə də məşğul olmuşdu. Onun Berlinə gəlməsi 1922-ci ilin ilk aylarına təsadüf edir. Nuru paşanın Berlinə gəlməsinin nə ilə bağlı olduğunu söyləmək çətindir. Çünki Nuru paşa xəstəliyini müalicə edəndən dərhal sonra heç də Türkiyəyə qayıtmadı və bir də 1923-cü ildə Türkiyəyə döndü.

Məlumdur ki, Ənvər paşanın xanımı Naciyə xanım, Ənvərin uşaqları və qardaşı Kamil bəy Berlində yaşayırdılar. Ənvər özü bu zaman artıq Orta Asiyada idi və burada bolşeviklərə qarşı mübarizə aparırdı. Ənvərin qardaşı Kamil bəy Ənvərin ailəsinin qayğısını öz üzərinə götürmüşdü. Nuru paşa Berlinə gələndə Naciyə xanımla Kamilin yanında qaldı. Səhhətinin müalicəsini Nuru paşa Münhendəki sanatoriyada davam etdirdi.

Berlində olarkən Nuru paşa qardaşı Ənvər paşa ilə də məktublaşırdı. Bu məktublaşma fəal olmasa da, hər halda onların arasında əlaqə qırılmamışdı və Nuru paşa qardaşı Ənvər paşanın türkçülük uğrunda bolşevizmə qarşı mübarizəyə qoşulmasını rəğbətlə qarşılayırdı. Eyni zamanda öz həyatını və fəaliyyətini də Ənvər paşanın tövsiyələri əsasında qurmağa çalışırdı.

Ənvər paşanın yazışmaları arasında Nuru paşanın ona 1922-ci il iyul ayının 10-da yazdığı məktub da vardır. Bu məktub Nuru paşanın Ənvər paşaya yazdığı sonuncu məktub sayılır. Çünki Ənvər paşa həmin ilin avqust ayında Orta Asiyada şəhid oldu. Nuru paşanın Berlindən Ənvər paşaya yazdığı məktub aşağıdakı kimidir:

" Sevgili Ağabeyciyim.

Dünən bir məktub göndərdim. Bugün emin vasitə bulunduğumdan təkrar göndərirəm. Kazım bəy Ankarada. Mediha və uşaqlar, mən, anan buradayıq. Anan 15 gün sonra İstanbula dönəcək. Mən yarın Ankaraya mütəvəccihən hərəkət edirəm. Bir vəzifə ilə mükəlləf deyiləm. Ankarada qalmaq niyyətində deyiləm. Ancaq Avropada yaşamaq üçün ya Sultana (Ənvər paşanın xanımı nəzərdə tutulur), ya eniştəmə yük olmaq xoşuma gəlmir.

Şimdiyə qədər sizdən bir məktub alamadım. Ala bilsəydim xətti-hərəkətimi ona görə tənzim edərdim. Pək əski bir məktubunuzla Trablusa getməyi müvafiq görmüşdünüz. Məncə boşuna yorğunluq idi. Getmədim. Şimdi yanınıza gəlməyə hazıram. Hər nə qədər azərbaycanlılar və dağıstanlılar məndən yardım bəkliyorlarsa da oralarda ancaq Anadolunun və ya Avropanın yardımı ilə bir iş yapmaq mümkün olduğu üçün şimdilik fiili bir təşəbbüsdə bulunmayı zaid görüyorum.

Başladığınız işin müvəffəqiyyətlə nəticələnməsi halinda Qafqasyanın qurtarılacağı təbiidir. Bu halda əvvəla yanınıza gələrək məqsədi-müştərikin hüsuluna çalışmağı daha müvafiq buluyorum. Amcam da buraya gəldi. Kəndisi ilə birlikdə gələcəyim təbiidir. Kamilə yazdığınız məktub və istədiyiniz hər şey hazırlandı. Bu postayla göndərilir. Mən də bilxassə Zeppelin işini əhəmiyyətlə davam edirəm. İmkan daxilində cəbbəxanasıyla birlikdə 5000 silah, 50 qədər zabit, böyücük bir təmirxana, hətta bir iki də təyyarə bir dəfədə nəql oluna biləcəkdir. Bunun üçün hər şeydən əvvəl para lazımdır. Siz 30 ila 50 min altun göndərə biləcəkmisiniz? Zeppelin və sairənin nə qədər mal olacağını təxmin edəmiyorum. Netice-yi təhqiqatımı bu postayla yetişdirməzsəm gələcək postayla göndərərəm. Alman hökuməti Dövləti-İtilafiyyə tərəfindən sıx kontrol altında olduğundan bu kimi şeylər ancaq fazla para sərfiylə təmin oluna biləcəkdir. Almanların ekserisi Sovet Rusiyası ilə dost yaşamaq tərəfdarı olduğundan hərəkətinizin əleyhinədirlər. Hofmanlar da bunlar miyanındadır.

Zeppelin məsələsini etimadınızı qazanmış zevat vasitəsiylə həllə çalışıram. Paranı təmin etdiyiniz təqdirdə mən də bu vasitə ilə gələcəyəm. Mən Berlində pək sərbəst dolaşmıram. Ermənilər təqib edir. Biz də bir birimizdən geri durmuruq. Sizin cavabınızla birlikdə paranı və ehtiyac listəsini dörd gözlə müntəzirəm. Tanıdıqlarınızdan yanınıza gəlməsini arzu etdiyiniz zevat varsa yazınız. Bərabər gətirərim. Onlar üçün də para lazım olduöunu unutmayınız. Qardaşın.[1]

"

Məktubdan görünür ki, Nuru paşa Azərbaycan və Dağıstanla əlaqələrini kəsməyibmiş və bu bölgələrin sovet işğalından azad olması onu hələ də düşündürürdü. O, Ənvər paşanın Orta Asiyada bolşeviklərə uğurlu mübarizəsini də Azərbaycan və Dağıstanın Sovet işğalından qurtarılması üçün bir zəmin kimi qiymətləndirirdi. Ona görə də Nuru paşa həm Ənvər paşanın Orta Asiyada bolşeviklərə qarşı mübarizəsini dəstəkləyir, həm də özü də ora yollanaraq bu mübarizəyə qoşulmaq istəyirdi. Bunun üçün Nuru paşa hətta silah və sursat hazırlaması işləri ilə də məşğul oludru. Nuru paşanın bu məktubundan az bir müddət sonra Ənvər paşa Orta Asiyada şəhid oldu və Nuru paşa yəqin elə buna görə daha Orta Asiyaya getməyi lazım bilmədi. Ənvər paşanın şəhid olması xəbərini Nuru paşa Berlində aldı və onun bu xəbəri necə qarşıladığını söyləmək çətindir. Lakin məlumdur ki, Nuru paşa qardaşı Ənvər paşaya sonsuz ehtiramla yanaşırdı, onu nəslinin böyüyü bilirdi, bütün məktublarında ona isti sözlərlə müraciət edirdi.

Nuru paşa özəl fəaliyyətini uğurla qurduqdan sonra Ənvər paşanın övladlarına xüsusi qayğı göstərirdi. Ənvər paşanın Naciyə sultandan üç övladı var idi və onlar xaricdə yaşamalı olurdular. Nuru paşa tez-tez onları Türkiyəyə dəvət edərək onlara mümkün qayğını göstətirdi. Naciyə sultan bu barədə öz xatirələrində də yazırdı:

" Sənələr keçiyor. Çocuqlar təhsillərinə davam ediyor və böyüyürlərdi. Həmd olsun həpsi səhətli və qabiliyyətlidirlər... Günün birində onların məmləkətə dönə biləcəklərini ümid edirdim. Çocuqlarımdan ayrılmaq mənə çox güc gələcəkdi. Sənələr keçdikcə bu ehtimal yaklaşırdı. Vətəndaş olaraq məmləkətə dönmələri üçün mənim qayın bəradərim Nuru paşa çox çalışdı. Bir xeyli müraciətlərdə bulundu. Nəhayət çocuqlarım üçün 1939-da özəl bir qanun çıxdı. Babalarının soyadı və vətəndaşlığın bütün haqlarına sahip olaraq məmləkətə dönə biləcəklərdi. Bunu kəndilərinə amcaları Nuru paşa təmin etdi. Nuru paşa dürüst, namuslu, pək hörmət etdiyim və sevdiyim bir insandı Çocuqlarıma sənələrcə həm analıq, həm də babalıq etmişdir. Kəndisinə çox şey borcluyam...[1] "

Ənvər paşanın ailə üzvlərinə Türkiyəyə qayıtmaq qadağan olunmudu. Naciyə sultan məktubunda buna işarə edirdi. Nuru başa dövlət orqanlarına müraciət edərək, Ənvər paşanın övladlarının vətənə qayıtması barəsində icazə ala bilmişdi. Nuru paşa Berlində erməni terrorçuları tərəfindən təqib olunurdu. Ermənilər Tələt paşa hökumətinin rəhbərlərinin və fəallarının terror edilməsi üçün kütləvi fəaliyyətə başlamışdılar. Bu baxımdan onlar Nuru paşanı da Azərbaycanda erməni daşnaklarına qarşı mübarizə aparmasına görə qətlə yetirmək istəyirdilər. Ona görə də Berlində Nuru paşanın izinə düşə bilmişdilər. Ənvər paşanın xanışı Naciyə sultan Nuru paşanın Berlində ermənilər tərəfindən təqib olunmasını belə xatırlayırdı:

" ...Hər bazar özəl bir avtomobillə aile ile gəzməyə gedirdik. Nuru paşa da bizimlə bərabər gəlirdi. Bir bazar günü avtomobili bəkliyirdik. Arabada bir arizə olduğunu və o sabah şoferin gəlməyəcəyini öyrəndik. Bəlli bir saətdə dışarıya da çıxamadıq. Megerse o gün sui qəsdçilər hərəkətə keçəcək və Nuru paşanı vuracaqlarmış. Bizi qorumaq məqsədiylə düşmənlərimizi gözləyən polis xəfiyyələri gizlənmiş olduqları yerdən bütün tərtibatı seyr etmişlər. Bizə sonradan nəql etdilər. Düşmənlər qayət qüvvətli və şücaətli geden bir mersedes avtomobillə evin qarşısındakı ormanın bir yoluna gizlənmişlər. Orada bizim avtomobilin gəlməsini bəkliyorlarmış. Arabanın içindəkilər iki kişiymiş. Bizim tutduğumuz xəfiyyələr eyni ormanın başqa bir yolunda saxlanaraq həm evi, həm də düşmənləri gözləmişlər. Mersedesdəkilərin üzlərindən, qaş və gözlərindən erməni olduqları belli imiş. Polislər vermiş olduğumuz rəsmlərdən bunların kimliklərini də təsbit etmişlər. Vaxt keçib bizim araba gəlməyincə düşmənlərimiz sinirlənməyə başlamışlar. Ağacların arxasında saxlanaraq evdən çıxmamızı bəkləmişlər.Nəhayət artıq arabanın gəlməyəcəyini və evdən kimsənin çıxmayacağını anlayan düşmənlər çəkilib getmişlər. Məmurlarımız bizə hadisəni bütün ayrıntılarıyla

anlatdıqlarından da mühəqqəq bir ölümdən qurtardığımızı anlayaraq şükür etdik. Erməni terrorçuları Nuru paşanın qətlə yetirilməsi ilə bağlı Berlində öz niyyətlərinə yetişə bilmədilər.[1]

"

Nuru paşanın Ərzrum və Trabzonda işə saldığı emalatxanaların da fəaliyyəti görünür uğurlu olmamışdır. Çünki Nuru paşa sonradan öz fəaliyyətini Ankara və İstanbulda davam etdirməli olmuşdu. Ankarada bir müddət ticarət işləri ilə məşğul olmuş, sonra isə İstanbula gələrək burada iş qurmağa çalışmışdı. Bu, artıq XX əsrin 30-cu illərinə təsadüf edir. 1918-ci ildən başlayaraq Nuru paşa hərbi pensiya almağa başlamışdır. Nuru paşa Türkiyə Müdafiə Nazirliyinə müraciət edərək Azərbaycanın süvari alayı ilə birlikdə Milli Mücadilədə iştirak etdiyini bəyan etmiş və ona Milli Mücadilə veteranı kimi pensiya kəsilməsini xahiş etmişdi. Aparılan müəyyən yoxlamalardan sonra Nuru paşanın bu məlumatı təsdiq olunmuş və ona Milli Mücadilə veteranı kimi pensiya kəsilmişdi. 1929-cu ildə isə ona Milli Mücadilədə iştirak etdiyi üçün İstiqlal medalı verilmişdir. Qeyd etmək lazımdır ki, Nuru paşa hərbidən yarbay rütbəsində tərxis edilmişdir. Bu rütbə onun Qafqaz İslam Ordusu komandanı təyin edilməzdən əvvəl malik olduğu rütbə idi. Generallıq (paşalıq) rütbəsi isə ona Qafqazda xidmət etməli olması ilə əlaqədar fəxri rütbə kimi verilmişdir. Bununla belə, Nuru bəy bütün tarixi ədəbiyyatda Nuru paşa kimi xatırlanmaqdadır. Nuru paşanın İstanbulda qurduğu iş daha uğurlu alınmışdır. O, 1933-cü ildə İstanbulda Zeytunburnu fabrikini açdı və bu fabrikin fəaliyyəti 1946-cı ilə kimi davam etdi. Zeytunburnu fabriki hərbi xarakterli fabrik idi və burada top, minaatan, təyyarə mərmiləri, tapançalar və digər silah və sursat istehsal olunurdu. Eyni zamanda bu fabrikdə mərmilərin, hərbi silahların və təchizatın təmiri işləri də aparılırdı. Nuru paşanın fabriki hətta II Dünya müharibəsi illərində Türkiyədə əsas tapança istehsal edən fabrik idi. Fabrik təkçə tapanca üçün yox, digər silahlar üçün də Türkiyə Müdafiə Nazirliyindən böyük sifarişlər alırdı. Nuru paşa Sütlücədə yeni bir fabriki təsis etdikdən sonra Zeytunburnu fabrikinin fəaliyyəti tədricən həmin fabrikə keçirilmişdi. Sütlücə fabrikinin təsis edilməsi isə 1938-ci ilə təsadüf edir. Bu fabrik başqa bir şəxsə mənsub idi və göstərilən ildə Nuru paşaya satıldı. Nuru paşa bu fabriki ciddi şəkildə yenidən təchiz edərək onu silah və sursat istehsal edən bir fabrikə çevirdi. Burada istehsal olunan silahlar Türkiyənin ehtiyacına istifadə edildiyi kimi, həm də xaricə ixrac olunurdu. Bu da Nuru paşanın istehsal etdiyi silahların yüksək keyfiyyətdə olmasından xəbər verir. Nuru paşa hətta öz məhsulları ilə müxtəlif sərgilərdə də iştirak edirdi. O, istehsal etdiyi məhsulların satışının təşkil edilməsi üçün bir sıra xarici ölkələrdə də olmuşdu. Nuru paşanın həyatını tədqiq edən Necdət Karakösenin tədqiqinə görə Nuru paşa Sütlücə fabrikinin işini qurandan sonra aşağıdakı ölkələrdə olmuşdu: — 1938-ci ilun martında Nuru paşa Vyana, Berlin və Parisdə olmuşdu, 1939-cu ilin əvvəlində yenidən Almaniyaya yollanmış və orada kiçik qardaşı Kamil bəylə də görüşə bilmişdi. 1939-cu ilin avqustunun 20-də yenidən Almaniyaya yollanmışdır. 1940-cı ilin əvvəlində Nuru paşa İsveçrə və Fransada , 1948-ci ilin mayında Misirdə, 1948-ci ilin avqust-oktyabrında Suriyada olmuşdu. Avropaya səfəri zamanı Yunanıstanda olarkən Nuru paşanın zəhərlənməsi baş vermiş və hətta bir müddət yaddaşını da itirmişdi. Bütün bunlar göstərir ki, Sütlücə fabriki kifayət qədər məhsuldar bir fabrik idi və onun işinin tənzimlənməsində Xəlil paşa da Nuru paşaya müəyyən köməklər göstərirdi. Ənvər paşanın həyatının tədqiqatşısı olan Şövkət Sürəyyə Aydəmir Sütlücə fabrikini işlədərkən Nuru paşa ilə görüşmüş və Xəlil paşanın ona kömək etməsi ilə bağlı öz xatirələrində də yazmışdı. Bu xatirələrin bir maraqlı məqamı var ki, Sürəyyə Aydəmir Nuru paşa ilə görüşündə Qafqaz xatirələrinə daldıqlarını qeyd edirdi. Yəni, aradan illər keçməsinə, həyatın tamamilə yeni qayğıları ortaya çıxmasına baxmayaraq Nuru paşa Azərbaycandakı xidmətini həmişə kövrək xatirələrlə anırdı. Ş. Sürəyya Aydəmir yazır: Mən artıq Ankarada dövlət xidmətindəyəm. İqtisad vəkalətində Sənaye dairəsi rəisliyim sırasındaydı. Bir gün Nuru paşa məni görmək istədiyi xəbəri verildi. Nuru paşanı bilirdim, eşidirdim, amma heç görməmişdim. Nuru paşa odaya girərkən rəhmətlik Ənvər paşanı görür kimi oldum. Ənvər paşayla qardaşı Nuru paşanın üzlərində müştərək xətlər və müştərək ifadələr vardı. Müraciəti iş üzərindəydi. Xəlicdə bir fabrika qurmaq məsələsi. Bir taqım çapraşıq münasibətlərə düşmüşdü. İşi üçün az konuşduq. Yapıla bilən yapılacaqdı. Amma biz daha çox Qafqaz hekayətlərinə daldıq. Ondan sonra da bir gün Xəlil paşanı odamda qarşıladım. Artıq bütün əsgəri və siyasi hərəkətləri dışındaydı. Yeğəni Nuru paşanın işlərində ona yardımçı oluyordu. Ziyarətinə də bu işlər vəsilə vermişdi. Ondan sonra bu ziyarətlər hər vəsilə ilə təkrarlandı. Onunla da konuşmamız eyni şəkildə yürüdü. İşlər qısaca anlatılırdı. Fəqət əsil və uzun konuşmalarımız ondan sonra başlardı. Necə uzaq ölkələrdə, necə hərəkətli günləri, hadisələri dilə gətirən necə rəngli xatirələr. Sütlücə fabrikini işlətməklə bərabər Nuru paşa Pendikdə mərmi emelatxanasına və Qaraburunda civə mədəninə sahib olmuş və onların da işlərini qurmuşdu. Qeyd etmək lazımdır ki, Nuru paşa öz həyatını da məhz qurduğu istehsalat sahəsində başa vurdu.

1949-cu il mart ayının 2-də Nuru paşa sahibi olduğu Sütlücə hərbi fabrikində baş vermiş partlayış nəticəsində həlak oldu. Partlayış kapsulların saxlandığı otaqda texniki normalara əməl edilməməsi nəticəsində baş vermişdi.[1] Kapsullar saxlanılan otaqda havanın temperaturu 80 dərəcəyə qədər qalxsa da, heç kim bu yüksək dərəcənin partladıcı maddələr üçün təhlükəli olduğuna diqqət yetirməmişdi.[1] Kapsul saxlanılan otaqda baş verən partlayış güclü olduğu üçün qonşu sexlərdə saxlanılan kimyəvi və partlayıcı maddələrin də partlamasına səbəb olmuşdu.[1] İlk partlayış baş verəndə Nuru paşa fabrikin dəftərxanasında idi.[1] Partlayış baş verən kimi özünü hadisə yerinə çatdırır və sexlərdə olan işçilərdən tələb edir ki, dərhal təhlükəsiz yerə çəkilsinlər.[1] Özü isə minaatan minalarının saxlandığı anbarın təhlükəsizliyini yoxlamaq üçün həmin anbara yollanır.[1] Bu anbarda Suriyanın sifarişi ilə istehsal edilmiş 2 min ədəd mina saxlanılırdı.[1]

Kimyəvi və partladıcı maddələrin partlaması baş verən otağın zirzəmisində də tez alışan maddələrin, o cümlədən barıttrotilin saxlandığı anbarı idi.[1] Kimyəvi maddələrin partlayışından sonra otağın döşəməsi çökdü və zirzəmidə olan maddələr də partladılar.[1] Bu partlayış son dərəcə güclü bir partlayış idi və hətta baş verən yanğının söndürülməsi üçün gəlmiş yanğınsöndürənlər partlayışın zərbəsindən həlak oldular.[1] Nuru paşa da bu partlayış zamanı həlak olmuşdu.[1] O, minaların saxlandığı anbara gedib çıxa bilməmişdi.[1]

Yanğının söndürülməsi üçün bütün şəhərdən axışıb gələn yanğınsöndürənlər minaların saxlandığı anbarın partlayacağı təqdirdə daha böyük fəlakətin ola biləcəyini gördükləri üçün yanğının yayılmasının qarşısını almağa çalışdılar. Eyni zamanda 2 kilometr məsafədə ətrafda yaşayan əhali təhlükəsizlik baxımından evlərindən köçürüldülər.[1] Lakin yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını ala bildilər və minaların saxlandığı anbarın təhlükəsiliyi təmin edildi.[1]

Sütlücə fabrikində partlayışın baş verməsini Xəlil Kut belə xatırlayırdı:

" Bizzat təhqiqatla məşğul oldum. Mütəəssüf yügənim də 150 əmələsini qurtara bilmək qayəsi ilə təhlükənin gözünə atıldığı və bərhava olmaq sürətiylə şəhid düşdüyünə qənaət gətirmiş bulununuyorum. Mərhumun ağabəyisi Ənvər paşa mərhum bilindiyi kimi qəbri olmayan bir şəhiddir. Qardaşı da tibği onun kimi qəbirdən məhrum bir halda şəhadət mərtəbəsinə ihraz etmiş bulunuyor. Təhərriyata yarın müsaidə edəcəklərdi. Fəqət ben bu gün vaqiə məhəllinə getdim. Anlatdıqlarına görə yegenimin qurtulması ehtimalı mində bir belə mövcud deyildir. Sağ qalsa idi, indiyə kimi əlbəttə ki, meydana çıxardı. Nuru paşa sakin zəvahiri altında çox cəsur və iddiasız bir ürək bütünlüyünə sahib idi. Onun üçün təhlükəni görür-görməz fabrikanın sahib və müdrü sifətiylə məhzənə atılmış və cəsarətinin qurbanı olmuşdur.[1] "

Sütlücə fabrikinin işçilərindən olan İsmayıl Saylav baş verən partlayışı belə xatırlayırdı:

" Paşa bombaların yerini sordu. Cavab alır-almaz da o tərəfə səgirtdi. Bir yandan da – buraya kimsə gəlməsin – deyə bağırırdı. Bu sırada kimyaxananın altında partlayıcı maddə bulunduğundan xəbərsiz olan itfaiyyə ərləri nərdivanlarda saçaklara dırmanmışlar, içəriyə su sıxırlardı. Kəndilərinə - pək soxulmayın, içəridə məvadi-infilağiyyə var - deyə söylədim. Fəqət duymadılar belə...Birdən sanki yer-göy qarışdı, ayağım altındakı torpaq sarsıldı və kəndimi bir kənara savrulmuş buldum. İtfaiyyə ərləri paramparça bir halda havada uçurlardı. Toz, torpaq, göy üzünə fırlamış divar parçaları. İştə o əsnada gördüklərim bunlar oldu.[1] "

Nuru paşa kimyəvi əşyaların olduğu otağın zirzəmisində tez alışan maddələrin olduğunu bilirdi və bu anbarın da təhlükəsizliyinin təmin edilməsini istrəyirdi.[1] Əvvəlcə bu otağa baş vurmaq istəyəndə ikinci güclü partlayış baş verir.[1] Bu partlayış elə güclü olur ki, Nuru paşanın və onun yanında olanların cəsədlərini tapmaq belə mümkün olmur.[1] Fabrikin daxilində və hətta ətrafında yanıb kömürə dönmüş qol, qılça, baş və başqa insan əzaları tapılmışdı.[1] Onların da kimə məxsusluğunu müəyyənləşdirmək mümkün olmamışdı.[1] Sonrakı axtarışlar zamanı Nuru paşaya məxsus olan tək ayaqqabı, paltarından qopmuş qumaş parçalar, Nuru paşaya məxsus yaddaş dəftəri tapılmışdı.[1] Bununla da belə bir qənaətə gəlinmişdi ki, Nuru paşanın bu böyük partlayışdan salamat çıxması mümkün deyil.[1]

Mart ayının 7-də Sütlücə fabrikində həlak olanların dəfn mərasimi təşkil edildi.[1] Bu mərasim zamanı 10 nəfər dəfn edildi.[1] Onlardan yeddi nəfərinin kimliyi müəyyən edilmiş, üç nəfərin kimliyi isə müəyyən edilməmişdi. Nuru paşa da bu müəyyən edilməmişlər sırasında idi.[1] Dəfn mərasimində Türkiyənin daxili işlər naziri, əmək naziri və digər rəsmi şəxslər iştirak etdilər.[1] Dəfn mərasimi İstanbul Şəhidliyində aparıldı. Sütlücə fabrikində partlayış baş verən günü Nuru paşanın həyat yoldaşı Misli Mələk xanım Misirə uçmuşdu.[1] Nuru paşa günortadan sonra özü onu yola salaraq Sütlücə fabrikinə qayıtmış və faciə ilə üzləşmişdi.[1] Nuru paşanın həlak olması Misli Mələk xanıma çatdırılmamışdı.[1] O, bir də mart ayının 16-da İstanbula qayıtdıqdan sonra Nuru paşanın həlak olması barəsində xəbər tutmuşdu.[1]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Nuru paşa həyatının sonlarına yaxın ailə həyatı qurmuş və həyatının böyük bir hissəsini tək yaşamışdır.[1] Nuru paşa Bakıda olarkən Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımla ailə həyatı qurmaq istəyirdi.[1] O uzaqda olduğu üçün Hacı Zeynalabdin Tağıyeev Sara xanımı ona verməkdən imtina etdi.[1] Nuru paşa Bakıda olarkən Hacı Zeynalabdin Tağıyev onu böyük təntənə ilə qarşılamışdı və Xəlil Kuta da Bakıda qaldığı günlərdə evində yer vermişdi.[1] Nuru paşa da ona Sara xanımla ailə həyatı qurmaq istədiyini demişdi. Sara xanım bu hadisəni belə xatırlayırdı:

" Adı dillər əzbəri olan İslam türk ordusunun baş komandanı Nuru paşa Bakını almışdı. Bir neçə dəfə görüşmüşdük. Hər şeyi başa düşürdüm. Romantik, şairanə arzularla yaşayırdım...Paşa bir neçə dəfə ziyafətdə olmuşdu. Bağımıza gəlmişdi...Gözlərimdə, elə hamının nəzərində qeyri-adi qəhrəman kimi görünürdü... Tək mənim yox, elə hamının... Hacıya ağız açıb mənə evlənmək istədiyini demişdi...Atam ona da Buxara əmirinə verdiyi cavabı vermişdi...[1] "

O zaman Nuru paşanın 29 yaşı var idi.[1] Hacı Zeynalabdin Tağıyev Nuru paşaya dərin ehtiram bəsləsə də, övladının gözündən uzaqda olmasına razılıq vermədi.[1] Nuru paşa ilə Sara xanımın görüşləri zamanı Nuru paşa ona şeir oxuyardı.[1]

1921-ci ildə Nuru paşa bir də ailə həyatı qurmaq barədə fikirləşməyə başladı.[1] Yuxarıda qeyd edildiyi kimi, 1921-ci il avqust ayının 22-də Ənvər paşaya göndərdiyi məktubunda ailə həyatı qurmaq istəməsindən söz açır və onun nəzərində olan xanımlar barəsində Ənvər paşaya məlumat verirdi.[1] Nuru paşa iki xanımın adını çəkir.[1] Biri Karçıbaşılardan olan Həmidə xanımın qızı, bir də İffət xanımın qızı.[1] Əlavə olaraq Nuru paşa Həmidə xanımın qızının gənc və gözəl bir xanım olduğunu bildirirdi.[1] Amma həmin ildə Nuru paşa ailə həyatı qurmadı.[1] O bir də 1946-cı ildə, həlak olmasından 3 il əvvəl Ənvər paşaya məktubunda adını çəkdiyi İffət xanımın qızı Misli Mələk xanımla ailə həyatı qurdu.[1] 1901-ci ildə doğulmuş olan Misli Mələk xanımın anası İffət xanım Misir şahzadəsi idi.[1] Nuru paşa ilə Misli Mələk xanımın övladı olmamışdı.[1] Nuru paşanın həlak olmasından sonra Misli Mələk xanım uzun bir həyat yaşamış və 1989-cu ildə dünyasını dəyişmişdi.[1]

Azərbaycanda

Bakı, Xankəndi, BeyləqanAstara şəhərlərində küçələrdən biri Nuru Paşanın adını daşıyır.

Bakı, İsmayıllı, Balakən, Zaqatala, Naxçıvan, Şəki, Xaçmaz, ŞabranŞirvan şəhərlərində Nuru Paşanın adını daşıyan parklar mövcuddur.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlınskinin Nuru Paşa haqqında sənədli filmi mövcuddur.[2]

● Mehman Süleymanov və Güləmail Muradın Nuru Paşa haqqında yazılmış kitabları mövcuddur.[3]

Xaricdə

Türkiyənin İstanbulAnkara şəhərlərində küçələrdən biri Nuru Paşanın adını daşıyır.

Türkiyənin İstanbul şəhərində bir ibtidai məktəb Nuru Paşanın adını daşıyır.

Türkiyənin Qars şəhərində bir kişi tələbə yataqxanası Nuru Paşanın adını daşıyır.

Suriyanın Dəməşq şəhərində bir meydan və bir kitabxana Nuru Paşanın adını daşıyır.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 Süleymanov, Mehman. Nuru paşa və silahdaşları. Bakı. 2014. 360. (#accessdate_missing_url)
  2. https://www.medeniyyet.az/page/news/4406/-Nuru-Pasa-haqqinda-film.html?lang=az (#bare_url_missing_title). 2024-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
  3. https://web.archive.org/web/20240521032821/https://kitabal.az/book.php?book=11694 (#bare_url_missing_title). Archived from the original on 2024-05-21. İstifadə tarixi: 2024-09-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]