Matryoşka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Matryoşka

"Matryoşka" — ən geniş yayılmış suvenirlərdən biri, rus istehsalı olan oyuncaq növü[1].[2]

“Matryoşka”nın yaranma tarixi 1890-cı ilə təsadüf edir. Hesab olunur ki, bu oyuncaqlar ilk dəfə həmin il Moskvada uşaq təhsil emalatxanasında düzəldilib. Bu oyuncağın adı “Matryona” sözündən götürülüb, mənası “ailənin anası” deməkdir[1].

Bu oyuncaq taxtadan əl işi olaraq düzəldilir və üzərinə müxtəlif rəngli boyalarla naxışlar vurulur. Xüsusilə ənənəvi rus paltarı olan sarafan geymiş körpələr şəklində boyanır. İç-içə keçən, getdikcə kiçilən, dekorativ bir suvenir olaraq istifadə edilə bilən və ya uşaqların maraqla tək-tək açıb oynadıqları bu oyuncaqların xüsusilə işləmələri göz oxşayır. Naxışların hər biri incə iş tələb edən diqqətlə hazırlanır. Oyuncağın özü 6 və daha çox sayda olur. Hər birinin içərisində özündən balacası yerləşir. Belə ki, oyuncaqların ortasından açdığınızda başqa bir oyuncaq çıxır, başqasını açanda yenə başqa biri çıxır və beləcə davam edir. Ən axırıncı balaca matryoşka isə açılmır. “Matryoşka”ların üzərinə vurulan xüsusi bəzək növü “xoxloma” adlanır. Başlanğıcını XVII əsrdən götürmüş bu rəngkarlıq nümunəsi, əsasən qızılı fonda qara və qırmızı boyalarla quşüzümü, dağ çiyələyi, müxtəlif çiçək və budaq rəsmləri çəkməkdən ibarətdir. Hərdən quş, heyvan və balıq şəkilləri də çəkilir[1].

“Matryoşka” oyuncaqları həm oymaçı, həm də şəkil sənəti baxımından bu gün Rusiyanın imici və ruhu sayılır[1].

Düzəldilməsi

[redaktə | mənbəni redaktə et]

İlk növbədə uyğun ağac növü seçilir. Yumşaqlığı səbəbindən əsasən cökə, daha az isə qızılağac istifadə olunur. Ağaclar ən çox yazın əvvəlində kəsilir. Qabığı soyulur, amma tam yox. Beləliklə, odun quruyanda çatlamır. Sonra odunlar yaxşı havalandırılan yerdə bir neçə il saxlanılır.

Ağac o zaman emal olunur ki, o nə tam nəm, nə də tam quru olsun. Hər bir parça bir neçə mərhələdən keçir. Birinci ən balaca matryoşka düzəldilir. Onun içi dolu olur. Növbəti prosesdə birincinin girə biləcəyi boyda 2-ci matryoşka düzəltmək lazımdır. Alt və üst tərəflər kəsilir, ilk öncə alt tərəf hazırlanır. Alt və üst tərəfin içi yonularaq boşaldılır və kiçik matryoşka daha böyük olanının içərisinə yerləşdirilir. Bu proses bir neçə dəfə daha böyük matryoşkalar üçün təkrarlanır.

  1. 1 2 3 4 Rusiyanın simvolu: Matryoşka Arxivləşdirilib 2018-07-22 at the Wayback Machine. libre.az, 20.07.2018  (az.)
  2. "Xalq Oyuncaq-Matryoşka". 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • [1]  (az.)
  • Матрешку часто дарят в подарок и печатают на майки и футболки[1]
  1. (#empty_citation)