Məhr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir.

Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır.

Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır.

Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur. Şəki və Zaqatalada bu deyim "mihir" kimi, başqa yerlərdə isə "mehriyyə" və "mehrpulu" tək tələffüz edilır.