Exinokokk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Exinokokk
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes.
???:
Exinokokk
Beynəlxalq elmi adı

Exinokokk (lat. Echinococcus granulosus) — siklofillidlər dəstəsinə (lat. Cyclophyllidea) aid olan lenşəkilli qurdlardır.

Ümumi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Exinokokk qurdu sestodların ən kiçik nümayəndəsi olub, bədənin uzunluğu 5–6 mm və bədəni təşkil edən buğumların sayı isə 3–4 ədəddir. Bədənin axırıncı buğumu strobilanın yerdə qalan bütün uzunluğundan bir qədər uzun olur. Başda iki cərgədə yerləşmiş qarmaqları olan xortum və 4 sormac vardır. Başda qarmaqların bir qismi iri, digər qismi isə nisbətən kiçik olub, sayı 35–38 ədəddir. Boyun hissə həddən artıq qısa olub, eni başın enindən fərqlənmir. Bədənin birinci buğumu, adətən heç bir diferensiasiya orqanına malik deyil. Cinsiyyət orqanlarının əmələ gəlməsi 2-ci buğumdan başlayır. Strobilanın 3-cü buğumu hermafrodit buğum hesab edilir. Bu buğumda kiçik kürəşəkilli toxumluqların sayı 40–50 ədəd olub, buğumda səpələnmiş haldadır. Onların çoxu buğumun ön hissəsinə yaxın yerləşir. Qıvrım formada olan toxum-çıxarıcı kanal buğumun kənarına yaxınlaşaraq ortada yaxşı inkişaf etmiş sirrusla qurtarır ki, bu da cinsi kloaka ilə xaricə açılır. Yumurtalıq 2 paydan ibarət olub buğumun arxa hissəsindədir. Yumurtalığın arxasında çox sıx yerləşmiş sarılıq vardır. Yumurtalığın ön hissəsində qısa balalıq yerləşir. Balalığın yan çıxıntıları vardır. Bədə-nin arxa buğumunda yalnız kisəşəkilli balalıq yerləşir. Balalıqda 4000–5000-ə qədər yumurta olur. Yumurtanın içərisində onkosfer inkişaf edir.

İnkişaf dövriyyəsi

[redaktə | mənbəni redaktə et]

Exinokokk qurdunun cinsi yetişkənliyə çatmış forması əsasən itin, pişiyin, canavarın, çaqqalın nazik bağırsağında parazitlik edir. Aralıq sahibi iri və xırda buynuzlu heyvanlar və insandır. Əsas sahibin bağırsağından exinokokkun axırıncı buğumunda yetişmiş yumurtalar nəcislə birlikdə xaricə düşür. Xaricə düşmüş yumurta otun, suyun və müxtəlif qida məmulatlarının üzərinə yayılır. Yumurtanın içərisində 6 qarmaqlı onkosfer inkişaf edir. Onkosferli yumurta xarici mühit amillərinə qarşı dözümlü olur. Belə ki, torpağın üstündə, kölgəli yerdə +10–26 °C-də 1 ay ərzində öz həyat qabiliyyətini saxlaya bilir, 60 °C-də onkosfer 10 dəqiqəyə məhv olur. Xarici mühitə düşmüş yumurta aralıq sahibə müxtəlif qida məmulatları ilə, ya da gigiyenik qaydalara riayət etmədikdə yoluxur. Aralıq sahibin bağırsağında sürfə yumurta qabığından azad olur, qarmaqları vasitəsilə bağırsağın selikli qişasından qan və limfa damarlarına keçir. Qan vasitəsilə sürfə müxtəlif orqanlara (qaraciyərə, ağciyərlərə, beyinə və s.) daxil olub qovuqcuğa çevrilir. Sürfə axırıncı sahibə yoluxandan 1 ay sonra 1 mm, 5 aydan sonra isə 1 sm diametrində olur. Qovuğun divan iki qatdan (xarici xitinəbənzər qat və daxili parenximatoz pərdə) ibarət olub, içərisi maye ilə dolu olur. Qovuğun daxili qatı olan parenximatoz və ya rüşeym qatında kiçik kapsullar inkişaf edir. Bu kapsullar içərisində yeni başcıqlar inkişaf edərək tədricən qız qovuqcuqları əmələ gətirir. Belə qız qovuqcuqların divarı dağıldıqda içərisində olan başcıqlar ilk qovuğun mayesinə düşür. Hər kapsula içərisində 10–30-dək başcıq ola bilər. Başcıqda 4 sormac və 30–40-a qədər tacşəkilli qarmaq yerləşir. Qovuq 6–15 ay ərzində yetişərək insanda yeni doğulmuş uşaq başı boyda, məməli heyvanlarda isə 64 kq-a kimi ola bilər. Qovuq aralıq sahibdə bir neçə il yaşaya bilir. Exinokokkun sonrakı inkişafı əsas sahibdə gedir. Əsas sahib (it, canavar, çaqqal) aralıq sahib heyvanların yoluxmuş orqanlarını yedikdə, qovuqla birlikdə içərisində olan başcıqları da udmuş olur. Udulmuş başcıq qarmaqları vasitəsilə bağırsağın selikli qişasına yapışaraq lentşəkilli formaya çevrilir. Cinsi yetkin formamın inkişafı üçün 2–3 aya qədər vaxt lazımdır. Əsas sahibdə müstəqil parazitlərin sayı udulmuş başcıqların sayı qədər olur. Exinokokk qovuğu aralıq sahibin müxtəlif orqanlarında yerləşib həcmcə tədricən böyüdüyü üçün, orqan və toxumalara mexaniki təsir edərək onun normal fizioloji funksiyasını pozur. Digər tərəfdən isə qovuq daxilində yerləşmiş maye qan dövranına keçdikdə çox ciddi intoksikasiya baş verir. Exinokokk qovuğu ilk inkişaf mərhələsində olduqda xəstə insanda və heyvanlarda müəyyən dəyişiklikləri aşkar etmək olmur. Aralıq sahibdə 2–3 ildən sonra parazitin qovuğu bu və ya digər yoluxmuş orqanın normal funksiyasında ciddi dəyişikliklər yaradır. Ana qovuq insanda və ya heyvanda partladıqda içərisindəki mayenin intoksikasiyası təsirindən plevrit baş verir və xaric olmuş başcıqlardan isə yeni qovuqcuqlar əmələ gəlir. İnsanda ən çox yoluxma halları qaraciyərdə (bütün yoluxma halları 50%-i) təsadüf edilir. Klinika şəraitində qaraciyər exinokokkunun üç inkişaf mərhələsi aşkar edilmişdir:

  • I mərhələ — 6 qarmaqlı onkosferin qaraciyərə daxil olduğu vaxtdan ilk xəstəlik əlamətinin meydana gəlməsinə qədər. Bu zaman qovuq qaraciyər toxumasının dərinliyində yerləşir.
  • II mərhələ — qaraciyərdə müxtəlif simptomlu xəstəliklərin meydana gəlməsi ilə başlayır. Bu mərhələdə xəstədə iştahasızlıq, iş qabiliyyətinin itməsi, tez yorulma, zəiflik, baş ağrıları, arıqlama və bəzən dəridə səpmə və qaşınma, qarın nahiyəsində çox kəskin küt ağrılar olur. Qaraciyərin həcmi normadan artıq böyüyür.
  • III mərhələ — exinokokk qovuğunun çürüməsi nəticəsində içərisindəki mayenin və başcığın qarın boşluğu orqanları arasına tökülməsi ilə əlaqədar kompleks allergiya xarakterli simptomlar, hətta huşitirmə hallarının olmasıdır.

Ağciyərlərin exinokokku insanda təsadüf edilən exinokokk xəstəliyi-nin təqribən 20%-ni təşkil edir. Bu 2 mərhələdə keçir:

  • I — açılmamış (dağılmamış) mərhələ. Bu zaman qovuq böyüyür, sinir-lərin, bronx və damarların sıxışdırması nəticəsində plevranın patologiyası baş verir. Xəstədə döş qəfəsindəki ağrıların olması əvvəlcə quru öskürək, sonra isə öskürdükdə irili-selikli bəlğəmlə, qismən qanın olması və təngnəfəslik şəklində özünü göstərir.
  • II — exinokokk qovuğunun dağılması mərhələsi. Xəstədə çox ciddi dəyişikliklər əmələ gəlir. Bu zaman qovuğun içərisindəki elementlərin bronxlara (20–40%) keçməsi ilə əlaqədar bərk öskürmə, boğulma simptomu və bəlğəmdə qanın artması müşahidə edilir. Dağılmış exinokokk qovuğu plevraya keçdikdə isə xəstəlik ölümlə qurtarır. İnsanda exinokokkun bəzən beyin, dalaq, sümük və əzələ formasına da təsadüf olunur.

İnkişafın ilk günlərində exinokokkun diaqnostikası böyük çətinliklər törədir. İnandırıcı diaqnoz ancaq kompleks tədqiqatlar, yəni klinik, rentgen və laboratoriya analizi ilə aydınlaşdırılır. Bu xəstəliyin əsas diaqnostikası Kasoni reaksiyasının nəticəsinə əsaslanır. Bu, immunoloji xarakter daşıyır. Bu məqsədlə sterilizə olmuş qoyun exnokokk qovuğu-nun mayesi (0,2 ml exinokokk mayesini qızdırıb sterilizə etdikdən sonra üzərinə 2%-ə qədər xloroform əlavə edilir), əlin dərisi altına yeridilir. Dəri alında kiçik bir qovuqcuq əmələ gəlir. Əgər bu qovuqcuq 3–5 dəqiqə müddətində öz həcminə görə 5 dəfə artarsa, müsbət reaksiya (yəni exinokokk vardır) hesab edilir. Heyvanlarda Kasoni reaksiyasına görə reaksiya müsbət olduqda, qoyunda exinokokk mayesi yeridilən nahiyədə qarışığın 2,5 sm, iribuynuzlu heyvanlarda isə 4,6 sm və bir qədər də çox böyüməsilə xarakterizə olunur. Xəstə itlərin aşkar edilməsi üçün onların nəcisləri analiz olunur. İnsanda müalicə ancaq cərrahi yolladır. Heyvanların müalicəsində müxtəlif dərmanlardan istifadə edilir.

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı — 2008, 839 səh.