Efemera

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
ABŞ Milli Tibbi Kitabxanasının təşkil etmiş olduğu efemera sərgisinin afişası.

Efemera (ingiliscə: Ephemera) gündəlik həyata aid olan və “trivia” (əhəmiyyətsiz əşyalar) olaraq ifadə edilə bilən qısa ömürlü kiçik və müvəqqəti sənədləri ifadə edən termindir. Efemeraları yığanlara “efemeraçı” və ya “efemera kolleksiyaçıları” deyilir.

Bu söz qədim yunan dili mənşəlidir və “bir gündən çox yaşamayan” mənasını verən “ephemeron” sözünün cəm formasıdır. Etimoloji olaraq, Qədim Yunan dilindən tərcümədə ephēmerón (εφημερόν) “Bir günlük həyatı olan May böcəyi” mənasını verən bir sözdür. Bu sözdən yaranmış ephēmerós (εφημερός) sözünün tərcüməsi “gündəlik”, ēméros (ἡμέρος) isə “gün” deməkdir. Bu iki sözün birləşməsindən yaranan və ingilis dilinə daxil olan “efemera” (ephemera) isə bu dildə qısa ömürlü şeyləri, qalıcı olmayan nəşrləri təsvir etmək üçün istifadə olunur. Bu materiallar yığılmaq məqsədi ilə istehsal olunmayan, qısa ömürlü olan və başlanğıcda çox dəyər daşımayan, lakin sonradan bəzi kolleksiyaçılar tərəfindən kolleksiyaya çevrilən “əhəmiyyətsiz” məhsulların ümumi adıdır. Bu məhsullara adətən çap materialları daxildir.

Bu efemera məhsullarının arasında məktəb diplomları, hesabat kartları, avtobus və kino biletləri, lotereya biletləri, idman və mərc kuponları, qəzet nüsxələri, təbliğat broşüraları, məktublar, vizit kartları, restoran menyuları, mülkiyyət sənədləri, notarius sənədləri, bank qəbzləri, şokolad və saqqızlardan çıxan kartlar, siqaret kağızları, afişalar, pasportlar, fotoşəkillər, açıqcalar, toy dəvətnamələri kimi gündəlik həyatın təfərrüatlarını sənədləşdirən materialları saymaq olar.

Bu gün şəxsi kolleksiyaçılardan başqa, böyük milli kitabxanalar və muzeylərdə tarixin müəyyən sahəsinə işıq sala bilən efemera kolleksiyalarının yığılması işində maraqlıdırlar.