37°52′19″ şm. e. 122°15′30″ q. u.HGYO

Berkli Kaliforniya Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Berkli Kaliforniya Universiteti
UC Berkeley[1], UCB[1], Cal[1], Cal Berkeley[2][3], Berkeley University[4][5][…], Berkeley[6][3][…]
Loqonun şəkli
Xəritə
37°52′19″ şm. e. 122°15′30″ q. u.HGYO
Əvvəlki adı Kaliforniya Universiteti (1868-1958)
Şüar
  • Fiat lux (Latın)
  • "İşıq olsun"
Əsası qoyulub 23 mart 1868
Tip Dövlət torpaq qrant tədqiqat universiteti
Tələbə sayı 40.173, 45.057 şəxs[7], 41.155[8]
Ölkə
Sayt berkeley.edu

Berkli Kaliforniya Universiteti (ing. University of California, Berkeley) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Berkli şəhərində yerləşən ali təhsil müəssisəsi.

Berkli Kaliforniya Universiteti Amerika Universitetləri Assosiasiyasının yaradıcılarından biridir.

1866-cı ildə özəl Kaliforniya Kolleci maliyyə çətinliyi səbəbindən dövlət tabeliyindəki Kənd Təsərrüfatı, Dağ-Mədən Sənayesi və Mexaniki İncəsənətlər kollecləri ilə birləşdirilərək Kaliforniya Universiteti yaradılır. 1868-ci il martın 23-də Kaliforniya ştatının qubernatoru Henri Heyt Kaliforniya Universitetinin yaradılması haqqında nizamnaməni imzalayır. 1870-ci ilədək universitetin prezidenti vəzifəsini professor Con Le Kont icra etsə də, həmin ildən etibarən Regentlər Şurası bu vəzifəyə özəl Kaliforniya Kollecinin yaradıcısı Henri Dyurantı seçir.

Universitetin açılışı 1869-cu ilin sentyabrında müvəqqəti olaraq Oklend şəhərində yerləşən binada baş tutur. Regentlər Şurasının qərarına əsasən qızlar oğlanlarla birgə universitetdə təhsil almaq hüququna malik olurlar. 1873-cü ildə universitet 167 oğlan və 222 qız tələbəsi ilə Berkli şəhərində yeni tikilən Cənub və Şimal binalarına köçür. Universitet tədricən inkişaf edir, yeni-yeni korpuslar açılır, proqramlar qəbul edilir.

II Dünya müharibəsi zamanı Qlenn Sibborq gizlincə plutoniumu kəşf etdikdən sonra Kaliforniya Universitetinin fizika üzrə professoru Ernest Orlando Lourens Amerika ordusu ilə saziş imzalayaraq Radioloji Laboratoriyasında atom bombası hazırlamağa başlayır. 1942-ci ildə universitetin professoru Robert Oppenqeymer Manhetten Layihəsinə elmi rəhbər təyin edilir. Lourens Berkli Milli Laboratoriyası ilə yanaşı universitet 1943-cü ildən Los-Alamos Milli, 1952-ci ildən isə Lourens Livermor Milli laboratoriyaları ilə əməkdaşlıq edir. Kaliforniya Universitetində oğlan tələbələrə mütləq hərbi hazırlıq keçilirdi, II Dünya müharibəsi dövründə isə bu ənənə daha da möhkəmləndirilir.

1949-cu ildə Regentlər Şurası antikommunist andı içirlər və universitetin bütün işçi heyətini də buna məcbur edirlər. Buna etiraz edən müəllimlərin isə maaşı kəsilir. Yalnız 10 il keçdikdən sonra onlar pullarını almağa müvəffəq olurlar.

1952-ci ildə Kaliforniya Universitetinin kampusları nisbi sərbəstlik qazanır. Berkli şəhərindəki kampus da müstəqil fəaliyyət göstərməyə və Berkli Kaliforniya Universiteti adlandırılmağa başlayır. Professor Klark Kerr Berkli Kaliforniya Universitetinin ilk kansleri olur.

1960-cı illərdə Berkli Kaliforniya Universiteti söz azadlığının təmin olunduğu məkan kimi tanınmağa başlayır. 1964-cü ildə burada Vyetnamda gedən müharibəyə, 1969-cu ildə isə Xalq Parkı üçün universitet ərazisinin istifadəsinə qarşı tələbə aksiyası keçirilir və ABŞ Milli Qvardiyasının köməyi ilə aksiyanın qarşısı alınır. Bununla yanaşı, yerli amerikalılar (hindular) ali məktəbin Antropologiya muzeyindən orada saxlanılan qalıqların repatriasiyasını tələb edir, heyvanların mühafizəsi ilə məşğul olan şəxslər professor-müəllim heyətini heyvanlar üzərində elmi təcrübə aparmaqda günahlandırır, yerli icmalar universitetin tikinti işlərinə və rəssam-heykəltəraşların istifadəsi üçün ağacların qırılmasına etiraz edirlər.

Hazırda Berkli Kaliforniya Universitetinin tələbələri siyasi baxımdan daha az aktivdirlər. Tələbələrin əksəriyyətini mötədil və konservantlar təşkil edir. Müəllimlər arasında isə demokratların respublikaçılara nisbəti 9:1-dir.

Büdcə və təhsil haqqı

[redaktə | mənbəni redaktə et]

2009–2010-cu tədris ilində Berkli Kaliforniya Universitetində bakalavr pilləsində təhsil alan yerli tələbələrin təhsil haqqı 5459, əcnəbi tələbələrin təhsil haqqı isə 16841 ABŞ dolları olub. MBA proqramı üzrə magistratura pilləsində təhsil yerli tələbələr üçün 18525, əcnəbi tələbələr üçün isə 23125 ABŞ dolları, hüquq fakültəsi — 18532 ABŞ dolları (yerli), 24655 ABŞ dolları (əcnəbi), tibb fakültəsi — 13398 ABŞ dolları (yerli), 19521 ABŞ dolları (əcnəbi) və s. olub.

Berkli Kaliforniya Universitetində maddi durumu çətin olan tələbələrə təhsil haqlarını ödəmələri üçün kredit və təqaüdlər təklif edilir. Bununla yanaşı əlaçı, yaradıcı, istedadlı tələbələr də müxtəlif məbləğli təqaüd və mükafatlara layiq görülürlər. İlkin olaraq təqaüdün məbləği 1544, 2000, 8000 ABŞ dolları təşkil edir.

2009-cu ildə Berkli Kaliforniya Universitetinin illik gəliri 1809000000 ABŞ dolları təşkil edib. Həmin məbləğin 28%-i dövlət vəsaiti, 20%-i təhsil haqqı, 19%-i tədqiqatlar, 18%-i icarəyə verilmiş ərazilər, qalan faizi isə digər vəsaitlər hesabına əldə olunan gəlirlərdir. Universitetin İanə fondunun gəlirləri isə həmin il 2,3 milyard ABŞ dollarına bərabər olub. Fond, əsasən, valideynlərin və məzunların maliyyə yardımı nəticəsində vəsait toplayır. Ümumiyyətlə, Berkli Kaliforniya Universiteti üçün fondun gəlirlərinin yüksək olması daha önəmlidir, şəxsi gəlirləri hesabına universitet sürətli inkişafını təmin edir.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Berkli Kaliforniya Universitetinin kampusu təxminən 5 km2 ərazini əhatə edir. Həmin ərazinin 3,2 km2 Ekologiya qoruğu, Botanika bağı və Strouberri Kanyonu istirahət mərkəzinə, 0,8 km2 Lourens Berkli Milli Laboratoriyasına aiddir. Əsas kampusun qərbində çoxlu sayda məşhur restoranlar var. Oradan şimalda isə müəllimlərin yaşadığı yüksək səviyyəli yaşayış rayonlarının olduğu Berkli-Hills, doktorant və tədqiqatçıların məskunlaşdığı Nortsayd rayonu yerləşir. Əsas kampusun cənubunda isə tələbə yataqxanalarının, mağazaların, restoran və kafelərin olduğu Teleqraf Avenyu rayonu mövcuddur. Bu ali təhsil ocağının kampusu meşə massivləri ilə zəngindir. Meşələrdə Şimali Amerikanın ən hündür yarpaqlı ağac növlərinə rast gəlmək mümkündür.

Berkli Kaliforniya Universitetinin ən qədim binaları 1873-cü ildə viktorian-empirik üslubda tikilmiş Sout Holl və Frederik Olmstedin inşa etdiyi Pidmont Avenyudur. Universitetin kampusundakı binaların 20-dən çoxu professor-memar Con Hovard Qalen tərəfindən inşa edilib. Burada klassik üslubda tikilmiş Herst Yunan Teatrı, Herst Memorial Dağ-mədən binası, Memorial kitabxana, Uiller, Le Kont, Gilman, Hevilend binaları, qotik üsluba aid Dvinell, Stivens və s. binaları mövcuddur. Məşhur Sater qapısı və 94 m hündürlüyündə Sater qülləsi Berkli Kaliforniya Universitetinin əsas kampusunun girəcəyində yerləşir. Universitet haqqında dərc olunan materiallarda məhz bu memarlıq nümunəsinin şəkilləri əksini tapır. Hovardın müəllifi olduğu tikililər tarixi memarlıq abidələri kimi dövlət tərəfindən qorunur.

Berkli Kaliforniya Universitetinin çoxlu sayda böyük yataqxanaları var və onlar tələbələrdən başqa işçi heyət üçün də nəzərdə tutulub. Əsas kampusdan cənubda birinci kurs tələbələri üçün 4 yataqxana kompleksi — Unit 1, 2, 3 və Klark Kerr yerləşir. Bu kompleksin yaxınlığındakı Çanninq-Bouditç və İda Cekson binalarında isə yuxarı kurs tələbələri qalır. Klark Kerr yataqxanasının yanında yerləşən geniş və rahat yataqxanalarda isə daha çox idmançı və fiziki qüsuru olan tələbələr məskunlaşır. Əsas kampusun şərqində Futhill, qızlar üçün Stern, oğlanlar üçün qədim Boulz yataqxanaları yerləşir. Ailəli tələbələr üçün iki qrup yataqxana mövcuddur: Universitet kəndi və Smit-Fernvald. Universitet kəndi Kaliforniya ştatının Olbani şəhərciyindədir, Smit-Fernvald yataqxanası isə köhnəldiyindən bu il onun sökülməsi planlaşdırılır. Yataqxanalarda yüksək sürətli İnternet şəbəkəsinə qoşulmuş 1, 2 və daha çox otaqlar, kitabxana, oxu zalı, kompüter otaqları, yeməkxanalar, idman, konsert zalları tələbələrin istifadəsindədir.

Berkli Kaliforniya Universitetinin nəzdində 14 kollec və məktəb fəaliyyət göstərir. Kolleclərdə bakalavrlarla yanaşı magistr və doktorantlar da təhsil ala bilərlər, məktəblər isə yalnız magistr və doktorantlar üçün nəzərdə tutulub.

Yazılar (Filologiya) və Elmlər Kolleci universitetin ən böyük kollecidir və burada biologiya, dəqiq, incəsənət və humanitar, sosial elmlərə aid 60 bölmə mövcuddur. Kollec universitet səviyyəsində İncəsənət Bakalavrı dərəcəsi verir.

Təbii Resurslar Kolleci kənd təsərrüfatı və resursları, ekologiya, siyasət və idarəetmə, qida haqqında elm və toksikologiya, bitki və mikroorqanizmlər biologiyası bölmələrindən ibarətdir. Kollecdə bakalavr, magistr və doktorluq dərəcələri verilir.

Ekoloji Dizayn Kollecinə memarlıq, landşaft memarlığı, şəhər və regional planlaşdırma bölmələri aiddir. Kollecdə hər üç elmi dərəcə təklif olunur.

Mühəndislik Kolleci biomühəndislik, vətəndaş və ekologiya mühəndisliyi, elektrotexnika və kompüter elmləri, sənaye mühəndisliyi və əməliyyat tədqiqatları, materialşünaslıq və mühəndislik, maşınqayırma, nüvə texnologiyası bölmələrindən ibarətdir. Kollec hesablama texnikası üzrə incəsənət bakalavrı və digər bakalavr səviyyələri təklif edir.

Kimya Kollecinə kimya və kimya texnologiyası bölmələri daxildir. Kollecdə bakalavr, magistr və doktorluq səviyyələri verilir.

Haas Biznes Məktəbi MBA proqramlarının təşkili üzrə ölkədə birinci yerləri tutur. Məktəb "İnnovasiyalar üzrə liderlik" təcrübəsi ilə tanınıb. Burada magistr və doktorluq dərəcələri təklif olunur.

Qoldman Dövlət Siyasəti Məktəbinin tədris proqramına siyasi elementlərin, mikroiqtisadiyyat nəzəriyyəsinin və statistik modelləşmənin hüquqi analizi, qərar qəbuletmə prosesi və s. daxildir. Proqram tələbələrə siyasətin konkret sahəsi üzrə fikrini cəmləşdirməyə və siyasət vasitələri toplamağa imkan yaradan beş fakültativdən ibarətdir. Məktəb Dövlət Siyasəti üzrə magistr və doktorluq səviyyələri verir. Burada bakalavr dərəcəsi verilməsə də, təhsilin ilkin proqramları da təklif olunur.

Hüquq Məktəbində hüquqşünaslıq, ictimai siyasət, biznes, hüquq və iqtisadiyyat, müqayisəli hüquq tədqiqatları, ekologiya hüququ, beynəlxalq hüquq, hüquq və texnologiya, ictimai ədalət və digər proqramlar öyrədilir, magistr və doktorluq dərəcələri verilir.

Optometriya Məktəbi optometriya (oftalmologiya ilə yanaşı göz problemlərinin aradan qaldırılması ilə məşğul olan tibbi sahə) və digər kliniki ixtisaslar, psixologiya, molekulyar və hüceyrə biologiyası üzrə proqramlar təklif edir. Məktəb Optometriya Doktoru (OD) dərəcəsi verir.

İctimai Səhiyyə Məktəbində stomatologiya, biostatistika, epidemiologiya, sağlam qidalanma, infeksion xəstəliklər və vaksinologiya, ana və uşaqların sağlamlığı, sağlamlıq ekologiyası, səhiyyə və ictimai davranış, səhiyyə siyasəti və s. üzrə mükəmməl təhsil almaq mümkündür. Məktəb İctimai Səhiyyə Magistri (MPH) və İctimai Səhiyyə Doktoru (Dr. PH) dərəcələri təklif edir.

Sosial Təminat Məktəbi ictimai fəaliyyət sahəsi üzrə yeni nəsil alimlər, hüquq müdafiəçiləri, siyasətçilər hazırlayır. Onlar dünyanın bir çox ölkələrində olan kasıb ailələrin, evsizlərin, ruhi xəstəlikdən əziyyət çəkənlərin, qocaların, əlillərin, zorakılıq qurbanlarının, bir sözlə, köməyə ehtiyacı olan hər bir şəxsin hüquqlarını müdafiə edir və onlara yardım göstərirlər. Məktəb bakalavr, magistr və doktorluq səviyyələri təklif edir.

İnformasiya Məktəbi informasiya sahəsi üzrə 48 magistr proqramı təklif edir. 2 il davam edən magistr pilləsinin birinci ili informasiyanın təşkili, axtarılması, analizi, informasiya hüququ və siyasətinin öyrənilməsinə, ikinci ili isə dərəcə almaq hazırlığına sərf olunur. Doktorluq pilləsində isə tələbə konkret ixtisaslaşma sahəsi seçir, kifayət qədər ədəbiyyat toplayır və tədqiqatlar aparır, yazılı və şifahi imtahanlar verir, nəticədə də yazılı dissertasiya müdafiə edir.

Jurnalistika Ali Məktəbində jurnalistikanın ilkin 7 sahəsi — qəzet, jurnal, fotomüxbirlik, sənədli film, radio, televiziya, KİV və yeni Kütləvi İnformasiya Vasitələri (İnternet, multimedia) öyrədilir. Burada jurnalistikaya praktik yanaşmaya xüsusi diqqət ayrılır, tələbələrin real təcrübə əldə etməsi üçün onların müxtəlif Kütləvi İnformasiya Vasitələrində təcrübə keçməsi təmin edilir. Tələbələrin məqalələri, hekayələri məktəbin İnternet saytında dərc olunur. Məktəb Jurnalistika Magistri (MJ) dərəcəsi verir.

Təhsil (Pedaqogika) Ali Məktəbi təhsil sahəsi üzrə müəllim və tədqiqatçılar hazırlayır, magistr və doktorluq elmi dərəcələri verir.

Berkli Kaliforniya Universitetinin kitabxana sisteminə 32 kitabxana daxildir. Bu, sahəsinə görə dünyanın ən böyük kitabxana kompleksidir. 2008-ci ildə Berkli Kaliforniya Universitetinin kitabxanası Şimali Amerika universitetləri kitabxanaları arasında ən yaxşı kütləvi elmi tədqiqatlar kitabxanası seçilib. Ümumilikdə kitabxana sisteminə 10 milyondan çox kitab, 90000 dövri nəşr, 415900 kitabça, 5 milyon mikrofilm, 410000 xəritə, 109000 hökumət sənədi, 60000 səsyazma və 6350 video daxildir. Əsas kolleksiya yeraltı Qardner Meyn Stek və Moffit Bakalavriat kitabxanalarında toplanıb. Universitetin üç əsas kitabxanası Doe, Moffit və Bankroftdur. Doe kitabxanasında universitetin iki ən böyük oxu zalı olan Şimali və Heyns (Şərqi) zalları yerləşir.

Berkli Kaliforniya Universitetində zəngin kolleksiyaya malik Fibi Herst Antropologiya, Essiq Entomologiya, Paleontologiya, Onurğalılar Zoologiya muzeyləri, İnsan Təkamülü Tədqiqat Mərkəzi, Botanika bağı, Universitet və Cepson Herbari Mərkəzi fəaliyyət göstərir. Sakit okean Film Arxivində 10000-dən çox film saxlanılır.

Berkli Kaliforniya Universitetinin kansleri hazırda fizika, materialşünaslıq və mühəndislik sahələri üzrə professor Robert Birgeneaudur. Corc Breslauer isə universitetin vitse-kansleri və baş elmi işçisidir. Ali məktəbin inzibati işlər üzrə vitse-kansleri Natan Brostromdur. Ümimilikdə universitetdə 2131 müəllim çalışır. Onların arasında 7 Nobel, 4 Pulitzer mükafatı laureatı, 28 MakArtur təqaüdçüsü var.

Berkli Kaliforniya Universitetində 2009–2010-cu tədris ilində 35843 nəfər tələbə təhsil alıb. Onların 25530 nəfərini bakalavr, 10313 nəfərini isə magistr və doktorantlar təşkil edib. Bakalavrların 53, magistr və doktorantların isə 55%-i qızlar olub.

Berkli Kaliforniya Universitetində 700-ə yaxın tələbə qrupu var. Burada müxtəlif millətləri təmsil edən tələbə qruplaşmaları mövcuddur. Bundan irəli gələrək universitetin kampusunda tez-tez irqçilik mübahisələri yaranır, xüsusən də asiyalı tələbələrə qarşı. Universitetdə "The Daily Cal" müstəqil tələbə qəzeti, 2005-ci ildə açılmış CalTV televiziya yayımı, KALX FM radiosu fəaliyyət göstərir.

Universitetin idman komandaları "Kaliforniyanın qızıl ayıları" adlandırılır. Onlar 100-dən çox Olimpiya qızıl medalına layiq görülüblər. İdman növlərindən burada xüsusi ilə futbol, basketbol, beysbol, softbol, gimnastika, su polosu, reqbiyə daha çox üstünlük verilir.

Berkli Kaliforniya Universitetinin müəllim və məzunları arasında ümumilikdə 65 Nobel mükafatına layiq görülmüş şəxs var. Məzunlardan "Apple", "Intel", "Google", "MySpace", "Adobe Systems", "Electronic Arts", "VMware", "HTC Corporation", "Qualcomm", "Sun Microsistems" kampaniyalarının yaradıcıları və rəhbərlərini qeyd etmək olar.

Berkli Kaliforniya Universitetinin kansleri, professor Robert Birgeneau rəhbərlik etdiyi ali təhsil ocağını belə xarakterizə edir:

"Berkli təpələrindən qərbə tərəf günəşin batmağını müşahidə edərkən qızılı rəngə boyanmış Sater qapısını, universitetin geniş qərb sərhədlərini görmək mümkündür. Lakin Berkli Kaliforniya Universiteti bu gün coğrafi sərhədlərindən daha çox intellektual sərhədlərinin genişləndirilməsində maraqlıdır. Nümunəvi dövlət universiteti kimi Berkli Kaliforniya Universitetinin rolu o qədər önəmlidir ki, onun ən yüksək səviyyəyə çatması üçün biz əlimizdən gələni etməliyik. Tədris və tədqiqatlarda yol verilən istənilən uğursuzluq təkcə universitetin nüfuzunun deyil, eləcə də dövlətin təhsil standartlarının aşağı düşməsinə səbəb olur".

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir.[10]

"Academic Ranking of World Universities"dəki yeri:[11]
2003[12] 2004[13] 2005[14] 2006[15] 2007[16] 2008[17] 2009[18] 2010[19] 2011[20] 2012[21] 2013[22] 2014[23] 2015[24]
4 4 4 4 3 3 3 2 4 4 3 4 4
"QS World University Rankings"dəki yeri:
2015/16[25] 2014/15[26] 2013/14[27] 2012/13[28] 2011/12[29] 2010/11[30]
26 27 25 22 21 28
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[31] 2014/15[32] 2013/14[33] 2012/13[34] 2011/12[35] 2010/11[36]
13 8 8 9 10 8

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]
  • Lourentin Brinkhorst — Niderlandın xanım şahzadəsi
  • Haakon Maqnus — Norveçin varis şahzadəsi
  • Zülfüqar Əli Bhutto — Pakistanın sabiq prezidenti
  • Fransisko Madero — Meksikanın sabiq prezidenti
  • Migel Anhel Rodriges — Kosta-Rikanın sabiq prezidenti
  • Sun Fo — Çin Respublikasının Baş naziri
  • Robert MakNamara — "Ford Motor" kampaniyasının prezidenti, ABŞ-nin sabiq təhlükəsizlik naziri, Dünya Bankının sabiq prezidenti
  • Stiv Vozniak — "Apple" kompüterinin həmtəsisçisi
  • Qordon Mur — "İntel" yarımkeçirici şirkətinin həmtəsisçisi
  • Erik Şmidt — "Google Inc" kampaniyasının icraçı direktoru
  • Qreqori Pek — məşhur aktyor, Oskar mükafatçısı
  • Natali Kaflin — bir neçə Olimpiya qızıl medalı qazanmış üzgüçü

Universitetin Nobel mükafatçıları

[redaktə | mənbəni redaktə et]
  • Oliver Uilliamson — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  • Karol Qreyder — tibb üzrə Nobel mükafatı laureatı
  • Endryu Faye — tibb üzrə Nobel mükafatı laureatı
  • Con Meter — fizika üzrə Nobel mükafatı laureatı
  • Tomas Şellinq — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  • Devid Qross — fizika üzrə Nobel mükafatı laureatı
  • Sidney Brenner — tibb üzrə Nobel mükafatı laureatı
  • Corc Akerlof — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  • Alan Higer — kimya üzrə Nobel mükafatı laureatı
  • Daniel MakFadden — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  • Amartya Sen — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  • Tomas Keç — kimya üzrə Nobel mükafatı laureatı
  • Çeslav Miloş — ədəbiyyat üzrə Nobel mükafatı laureatı
  1. 1 2 3 4 5 6 https://www.dailycal.org/2020/09/18/giving-uc-berkeley-a-bad-name-the-case-against-ucb/.
  2. 1 2 https://callink.berkeley.edu/organization/calberkeleydemocrats.
  3. 1 2 3 4 https://toppublicuniversities.admissionsconsultants.com/cal-berkeley/.
  4. 1 2 https://www.pinterest.com/berkeleyuniversity/.
  5. 1 2 https://marvelcinematicuniverse.fandom.com/wiki/Berkeley_University.
  6. 1 2 https://www.hypeandvice.com/collections/university-of-california-berkeley.
  7. https://opa.berkeley.edu/campus-data/uc-berkeley-quick-facts.
  8. U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
  9. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  10. Members Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine. iaruni.org  (ing.)
  11. "ARWU - University of California, Berkeley". Shanghai Ranking Consultancy. 2014. 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  12. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  15. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  16. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  17. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  18. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  19. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  20. "Academic Ranking of World Universities 2011". 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  21. "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  22. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  23. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  24. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  25. "QS World University Rankings (2015)". 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  26. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  27. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  28. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  29. "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  30. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  31. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  32. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  33. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  34. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  35. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  36. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]