Baqramyan adına erməni batalyonu
Baqramyan adına erməni batalyonu | |
---|---|
erm. Բաղրամյանի անվան գումարտակ | |
Növü | könüllü |
Yaranma tarixi | 1990-1995 |
Ölkə | Abxaziya |
Sayı | 1.500 |
Müharibələr | Gürcüstan vətəndaş müharibəsi |
Döyüşlər | Suxumi döyüşü |
Komandanlıq | |
Məşhur komandirləri |
Vağarşak Kosyan Sergey Matosyan |
Baqramyan adına erməni batalyonu (erm. Բաղրամյանի անվան գումարտակ) və ya Marşal İvan Baqramyan adına motoatıcı batalyon — 1993-cü ildə gürcü-abxaz münaqişəsi zamanı abxaz silahlı qüvvələrinin tərkibində SSRİ marşalı İvan Baqramyan adına yaradılmış separatçı batalyon. Üzvləri əsasən erməni terrorçulardan və hemşinlilərdən ibarət olub. Batalyon gürcü silahlı qüvvələrinə qarşı döyüşüb. Müharibədən sonra batalyon dağılıb[1].
Qısa tarixçə
[redaktə | mənbəni redaktə et]SSRİ-da həyata keçirilən 1989-cu il siyahıyalınmasına əsasən 525.061 minlik Abxaziya əhalisinin cəmi 95.853 nəfəri abxaz 76.541 nəfəri isə erməni olmuşdur[2]. Gürcüstandakı vətəndaş müharibəsindən sonra bölgədə olan gürcü çoxluq oranı tərk edir və nəticədə ermənilər sayca ikinci yerdə qərarlaşırlar.
Batalyonun yaradılması
[redaktə | mənbəni redaktə et]Gürcüstanda vətəndaş müharibəsi yeni başladıqda ilkin olaraq Qaqrada silahlanan ermənilər təxribatçı qruplar təşkil edərək, gürcü qüvvələrinə və mülki əhaliyə qarşı basqınlar edirdi. Qruplar sürətlə silahlanaraq demək olar ki, hər yerdə qurulurdu. Nşan Karagözyan Mexadrda, Sarkis Karekyan Salmada, Karapet Raqanyan Xapuşsedə, Vağarşak Kosyan Baqnaridə, Eduard Melkonyan rayonun Lenin adına kolxoz idarəçiliyində, Eduard Kiviryan Açmardada, Sergey Zabelyan Tsandripş qəsəbəsində və Dəmirçiyan Baranovkada gürcülərə qarşı təxribat xarakterli əməliyyatların həyata keçirmələri ilə seçilirdilər. Baqramyan batalyon qərargah rəisi Levon Markaryan aparılan təxribatçı fəaliyyətləri bu şəkildə təsvir edir:
...1992-ci ilin oktyabrında Qaqra rayonunun erməni kəndlərinin əhalisi əsasında bir-birindən fərqli qruplar yaradıldı. Bu qruplar rəsmi xarakterli deyildi. Onların adı belə müəyyən edilməmişdi. Onlar bir qayda olaraq kəndlərini qorumaq üçün silahlı qruplar yaratdı və mürəkkəb daxili vəziyyətdən istifadə edərək, müxtəlif bəhanələrlə mülki əhalinin talan etməyə çalışdı... |
Separatçı rejim daxilində yüksək qüvvələrdən istifadə edən Suxumidəki Krunk icmasının rəhbərliyi, Qaqradakı erməni Maştots diasporunun nisbi müstəqilliyinə razı deyildi. Baqramyan batalyonunun ideya tərtibatını öz üzərinə götürən və Abxaziyadakı erməni icmasının siyasi lideri kimi tanınan (həmçinin separatçı rejimin "silahlı qüvvələri"nin sədr müavini) Albert Topolyan batalyona bütövlükdə nəzarət etmək üçün Vağarşakı Qandiat batalyonunu qeyd-şərtsiz Krunka tabe etməyə çağırdı. Cavabında, Qaqra icmasının Maştots liderlərindən biri, açıq-aşkar ona qoşulmaqdan imtina etdi. Nəticədə, Qudautda vəziyyət təcili şəkildə ağırlaşdı və yaranan münaqişə sonunda Albert Topolyanın bir mühafizəçisi ölüdürüldü.
Baş verən münaqişələrə baxmayaraq, ermənilər batalyonun formalaşdırılması üçün separatçı rejimin müdafiə nazirliyinə lazımi sənədlərin hazırlanmasını səngitmirdi. Araşdırmalara görə, bunun üçün Andrey Davtyan və Vartan Asatryan adlı erməni nümayəndələri separatçı rejimin müdafiə nazirliyinə – Qudauta göndərilib. Nümayəndə heyətini Ardzinba qəbul edir və lider ermənilərin münaqişə zamanı həlledici rola malik olduğunu bildirir. Nəticədə, 1993-cü il yanvarın sonundan etibarən, separatçı qüvvələr ermənilərin bir çox hissəsini toplayır və ayrı bir erməni batalyonunun formalaşdırılması ideyasını dəstəkləməyə başlayır.
Baqramyan batalyonu formalaşdırılan zaman diaspor təcili şəkildə maliyyə toplamağa başlayıb. Maşots nümayəndələrinin bir qrupu, demək olar ki, Rusiyanın bütün erməni icmasını ziyarət edərək, o zaman tanınan nüfuzlu insanlarla görüşlər keçirib. İkinci qrup isə müxtəlif kanallarla silah satın alınması və çatdırılması ilə məşğul olub. Onların əsas məqsədi Rusiyadan vəsait toplamaq və xaricdən silah tədarük etmək olub. Araşdırmalara görə, 1993-cü il mart ayının ortalarında Maştots erməni batalyonu üçün yeni silahlar və texnikalar əldə edə bilib. Bununla yanaşı, Maştots rəhbərliyi yerli ermənilərin təşəbbüsü və əsasən də Ermənistanın diktəsi ilə batalyon üçün Eçmiədzindən göndərilən keşişi qəbul edib.
Sovet İttifaqı marşalı İvan Baqramyanın adına olan motoatıcı batalyon 9 fevral 1993-cü ildə qondarma rejimin rəhbəri Vladislav Ardzinbanın "55 nömrəli əmrinə" əsasən, qeydiyyata alınır və separatçı qurumun "silahlı qüvvələrinin" bir hissəsinə çevrilir. İlkin olaraq 40–50 nəfərdən ibarət olan bölmələrin sayı artaraq tədricən 300 və daha sonra isə 500 nəfərə çatır[3]
Döyüş yolu
[redaktə | mənbəni redaktə et]Batalyon ilk döyüşünü 15 – 16 mart 1993-cü ildə Suxumiyə olan ikinci hücumda keçirib. Onlara Qumista çayının üzərindəki körpünü ələ keçirmək tapşırılıb və onlar bunun öhdəsindən gəliblər.
Sonradan Qarabağ müharibəsindən geri dönən ermənilər Abxaziyaya gələrək buradakı əsgərlərə təlimlər keçməyə başlayırlar. Onlar əvvəlki müharibədə yetəri qədər təcrübə toplamışdılar və burada müqaviləli əsgər kimi xidmət göstərirdilər. Batalyondakı əsgərlərin sayı 350 nəfərə çatdıqdan sonra Qaqrda ikinci erməni batalyonu da formalaşdırılır. Ümumilikdə abxaz hərbi birləşmələrində döyüşən ermənilərin sayı 1500 ətrafında dəyişirdi[4].
1993-cü ilin sentyabr ayında hər iki erməni batalyonu Suxumiyə hücumda iştirak edirlər. Bu döyüş zamanı 25 nəfəri əsir alırlar.
Suxuminin alınmasından sonra ermənilər Kodor dərəsi ətrafına göndərilirlər. Onların buradakı vəzifəsi erməni kəndlərini qorumaq olur. 1994-cü ildə isə Lata kəndinin alınması əməliyyatında iştirak edib burada da svanları məğlub edirlər.
Bölgəyə sülhməramlılar gəldikdən sonra onlar öz silahlarını təhvil verirlər və batalyon dağıdılır. 20 erməni qondarma Abxaziya Respublikasının qəhrəmanı adına layiq görülür. 200-dən artıq erməni əsgər isə münaqişə zamanı öldürülür. Batalyon dağılmağıma baxmayaraq bölgədə baş verən 1998, 2001, 2008-ci il hadisələri zamanı yenidən toplanmış və döyüş əməliyyatlarında iştirak etmişlər.
Etdikləri vəhşiliklər
[redaktə | mənbəni redaktə et]Şota Tetvadze və Otar Tetvadzenin "Gürcüstanda ermənilər" kitabında batalyon haqqında bunları qeyd edir:
Baqramyan batalyonu Kodor dərəsində gürcülərin Amtkeli, Çampali, Kvemo Lata, Zemo Lata və digər kəndlərini dağıdaraq yerlə bir etmişdir. Qulripşidə törədilən ağlagəlməz cinayət faktlarının – qətl, vandalizm, sadizm aktlarının 90-95%-nin məsuliyyəti Baqramyan batalyonunun və bu yaşayış məntəqəsində yaşayan ermənilərin üzərinə düşür. Bu batalyonun güclənməsində erməni diasporu mühüm rol oynamışdır… Daxil olan məlumatlara əsasən, abxaz separatçıları, muzdlular və Abxaziyada yaşayan ermənilər yalnız milli mənsubiyyətlərinə (gürcü olduqlarına) görə 7000 nəfərədək gürcünü asmış, güllələmiş və diri-diri yandırmışlar. Onların arasında 50 tibb işçisi, 200 müəllim, 100 incəsənət xadimi var idi. Yüzlərlə gürcü şikəst edilmişdi. Gürcülərə məxsus yüzlərlə ev yandırılmış, 300 min nəfər əhali vətənindən qovulmuşdu… Leselidze kəndində 50 gürcüyə işgəncələr verilmiş və sonra onlar elektrik dirəklərindən asılmışdılar. Ermənilər stadionda gürcülərin kəsilmiş başları ilə futbol oynamış, insanların bədən üzvlərini kəsmiş və sonra onları güllələmişlər…[5] |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ABKHAZIA ARMENIANS: HOLDING A HOME IN AN UNSTABLE TERRITORY" (ing. ). agbu.org. 11 yanvar 2004. 17 oktyabr 2007 tarixində arxivləşdirilib.
- ↑ "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР ([[Azərbaycan dili|azərb]]. 1989-cu il Ümumittifaq siyahıyalınması. SSRİ-nin respublikalar üzrə əhalisinin milli tərkibi.)" (rus. ). demoscope.ru. 2012-01-06 tarixində arxivləşdirilib.
- ↑ Şahin Qocayev. "Tiflisə qarşı Baqramyan hərbi strukturu". axar.az. 27 may 2016. 2 July 2023 tarixində arxivləşdirilib.
- ↑ Səxavət Həmid. "3-cü və 4-cü erməni respublikasının yaradılması..." teleqraf.com. 11 dekabr 2017. 2018-02-27 tarixində arxivləşdirilib.
- ↑ "Ən qanlı cinayətləri Baqramyan batalyonu törədib - Gürcü alim". musavat.com. 14 mart 2017. 2023-07-02 tarixində arxivləşdirilib.