Böyükkişi Ziyadov
Böyükkişi Ziyadov | |
---|---|
Ziyadov Böyükkişi Əhəd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Şilyan, Ucar, Azərbaycan SSR |
Vəfat tarixi | (74 yaşında) |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist |
Mükafatları | "Qızıl qələm" mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Böyükkişi Ziyadov — Azərbaycan jurnalisti.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ziyadov Böyükkişi Əhəd oğlu 10 mart 1937-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində kolxozçu ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini doğulduğu Yuxarı Şilyan kənd məktəbində alan B. Ziyadov orta məktəbi bitirdikdən sonra bir müddət kolxoz işində çalışmışdır.
Sonra o, Bakı şəhərinə gəlmiş və Bakı Ticarət Texnikumunu bitirmişdir. O, bir müddət paytaxtın ticarət müəssisələrində çalışdıqdan sonra hələ ilk uşaqlıq illərindən qəlbində yuva qurmuş jurnalist olmaq arzusu ilə sənədlərini S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə verərək qəbul ounmuş və universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsini bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ tələbəlik illərində Böyükkişi Ziyadov imzası o dövrün qəzetlərində tanınırdı.
O, 1971-ci ildən taleyini «Azərbaycan gəncləri» qəzetinə bağlamışıdır. Ədəbi işçi kimi işə qəbul olunan B. Ziyadov az sonra qəzetin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və uzun müddət bu vəzifədə çalışmışdır.
Böyükkişi Ziyadov imzası ötən əsrin 70-80-ci illərində ziyalıların, jurnalistika ilə maraqlanan və məşğul olan yaradıcı insanların yaxşı xatırladığı və hörmət etdiyi bir imza idi. O, «Azərbaycan gəncləri» qəzetində sevilə-sevilə oxunan, xalq arasında çox populyar olan «Komsomol projektoru» və “Rəndə” rubrikalarının rəhbəri kimi həmin illərdə respublikamızın bütün bölgələrindən hazırladığı reyd materialları və felyetonları ilə hamını heyrətləndirirdi. Bu yazılar əsl peşəkar jurnalist araşdırmasının məhsulu idi. O, heç kəsin cəsarət etmədiyi və bacarmadığı sahələrə baş vururdu və istədiyinə nail olurdu. Onun hər məqaləsi, hər kiçik yazısı belə respublikada əks-səda yaradırdı.
O, həm də gözəl, lirik şeirlər müəllifi idi. O, öz incə və zərif duyğularını o dövrün nəşrlərində - «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət» qəzetlərində, «Ulduz» jurnalında və digər mətbu orqanlarda oxucularına Böyükkişi Atəşli imzasıyla təqdim edərdi. Bu şeirlərdə Vətənə, anaya, ataya, torpağa sevgi və məhəbbət hissləri tərənnüm edilirdi.
1976-cı ildə «Gənclik» nəşriyyatının nəşr etdiyi «Səhər şəfəqləri» ədəbi almanaxında verilmiş «Son xəbər», «Ömür payı», «Ləkəsiz vicdan», «Dözüm», «Sənin arzunla» və bir sıra digər şeirləri Böyükkişi Atəşlinin o illərdə yazdığı yüzlərlə şerlərindən bir neçəsi idi.
Onun jurnalistlər arasında böyük nüfuzu olduğu kimi, xalq arasında da hörməti, nüfuzu yüksək idi.
O, SSRİ Jurnalistlər İttifaqının üzvü idi. Mətbuat sahəindəki çoxillik xidmətlərinə görə Azərbaycan Jurnalistlərinin “Qızıl Qələm” Mükafatı laureatı adına layiq görülmüşdü.
O, ötən əsrin 80-ci illərinin sonuna qədər - «Azərbaycan gəncləri» qəzeti nəşrini dayandırdığı vaxta qədər orda vicdanla, namusla çalışdı, heç zaman qələminə xəyanət etmədi.
Ailəli idi. Dörd övladı – iki oğlu, iki qızı, on nəvəsi var. Övladlarının hamısı ali təhsilli mütəxəssislərdir və öz sahələrində vətənə şərəflə xidmət edirlər.
B.Ə. Ziyadov 2011-ci ilin may ayının 11-ində - ömrünün 74-cü baharında haqq dünyasına qovuşub.