Anna Politkovskaya
Anna Politkovskaya | |
---|---|
rus. А́нна Степа́новна Политко́вская | |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | Qətlə yetirilib |
Dəfn yeri | |
İxtisası | Jurnalist |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, insan hüquqları fəalı, yazıçı, sülh aktivisti, şair, aktivist |
Fəaliyyət illəri | 1982–2006 |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Stepanovna Politkovskaya (qızlıq soyadı: Mazepa; 30 avqust 1958[1][2][…], Nyu-York, Nyu-York ştatı – 7 oktyabr 2006[3][4][…], Moskva]) — Rusiyada baş verən siyasi hadisələr və xüsusən də İkinci çeçen müharibəsi haqqında məqalələr yazıb[5] reportajlar hazırlayan rusiyalı jurnalist, yazıçı və insan haqları müdafiəçisi.[6]
Daha çox Çeçenistan münaqişəsi ilə bağlı araşdırmalar aparan xanım jurnalist Rusiya ordusunun münaqişə bölgəsində törətdiyi özbaşınalıqlardan, adam oğurluqlarından və korrupsiyadan geniş məqalələr yazıb.[7] O, həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırovu da müxtəlif cinayətlərdə ittiham edib. Anna Politkovskaya "Putinin Rusiyası"[8] və "Putinsiz Rusiya", "Çeçenistan: Rusiyanın utancı" sənədli kitablarının müəllifidir. Həmin kitablarda prezident Vladimir Putinin siyasi kursu kəskin tənqid olunub.
Məhz Çeçenistanla bağlı reportajlarına görə o, ölkə və dünya miqyasında tanınmağa başlayır. 7 il ərzində bəzi qısnamalara və təhdidlərə baxmayaraq o, müharibə haqqında yazmaqdan çəkinməməmiş və fəaliyyətini əsasən bu sahəyə yönəltmişdir. O Çeçenistandakı rus hərbçiləri tərəfindən həbs olunaraq güllələnməsi imitasiya edilib. Daha sonra 2004-cü ildəki Beslan hadisələrini işıqlandırmaq üçün təyyarəyə minir. Burada içkisinə zəhər qatıldığı üçün zəhərlənir. Nəticədə Beslana gedə bilmir və Moskvada müalicə olunmağa başlayır.
Fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülən Politkovskaya 7 oktyabr 2006-cı il tarixində yaşadığı binanın liftində qətlə yetirilmişdir.[9][10][11][12] Onun ölümündə təqsirli bilinən beş nəfər 2014-cü ilin iyun ayında həbs cəzasına məhkum ediliblər, lakin bu günə qədər cinayəti kimin sifarişi olduğu, buna görə kimin ödəniş etdiyi haqda heç bir məlumat yoxdur.[13]
Həyatı
[redaktə | mənbəni redaktə et]Anna Mazepa 30 avqust 1958-ci ildə Nyu York şəhərində anadan olmuşdur. Onun atası Stepan Mazepa əslən Ukraynanın Kostobobrov kəndindəndir.[14] Valideynləri BMT-də işləyən SSRİ diplomatları olublar.[15] Anna öz uşaqlığının çox hissəsini Moskvada keçirib. Daha sonra 1980-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika məktəbini Marina Svetayevanın poeziyası ilə bağlı dissertasiyanı yazaraq bitirib.[16] Burada təhsil aldığı dövrdə öz qrup yoldaşı Aleksandr Politkovskiy ilə tanış olaraq ailə həyatı qurur. Onların bu evlilikdən Vera və İlya adlı iki övladları var. Uşaqlıq illərini çıxmaq şərtilə Anna Politkovskaya həyatı təhlükədə olduğu dövrlər belə ölkə xaricində bir neçə həftədən artıq vaxt keçirməyib. Amerika vətəndaşı olsa belə heç vaxt Rusiya vətəndaşlığından imtina etməyib.[5]
Jurnalistika fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1982–1993-cü illərdə "İzvestiya" və "Vozduşnıy transport" qəzetlərində, "ESKART" yaradıcı birliyində eləcə də "Paritet" nəşriyyatında fəaliyyət göstərib. 1994-cü ilə qədər gündəlik çıxan "Meqapolis Ekspress" qəzetində icmal yazarı olub. 1994–1999-cu illərdə "Obşaya qazeta" qəzetinin icmalçısı və fövqəladə hallar şöbəsinin redaktoru kimi fəaliyyət göstərib.[17]
1999-cu ildə "Novaya qazeta" qəzetinin xüsusi müxbiri və icmalçısı olub. O fəaliyyət göstərdiyi müddətdə dəfələrlə döyüş əməliyyatları keçirilən ərazilərdə olub. Çeçenistandakı hərbi əməliyyatlar haqqında çəkdiyi silsilə reportajlara görə 2000-ci ilin yanvar ayında Rusiyanın "Qızıl qələm" mükafatına layiq görülüb.[18][19]
Anna Politkovskaya Çeçenistanla bağlı bir sıra sənədli kitabların müəllifidir. "Cəhənnəmə səyahət Çeçen gündəliyi", "İkinci çeçen müharibəsi", "Çeçenistan Rusiyanın rüsvayçılığı" adlı kitablarla yanaşı "Razılaşdırılmış cəza", "İtən insanlar" kimi vacib məqalələri də mövcuddur. Onun "Novaya qazeta" qəzetindəki son məqaləsi "Razılaşdırılmış cəza" Rusiya federal qüvvələri tərəfindən döyüşən çeçen dəstələrinin fəaliyyətinə həsr olunub. Onun bir çox kitabları xarici dillərə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunub.[17][20]
Hüquq müdafiəçisi kimi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Jurnalistika fəaliyyəti ilə yanaşı Anna Politkovskaya həm də hüquq müdafiəçisi kimi də fəaliyyət göstərirdi. O, ölmüş əsgər analarına öz haqlarını məhkəmədə qorumağa, Müdafiə Nazirliyindəki korrupsiya hallarını araşdırmağa, Nord — Ost qurbanlarına kömək edirdi.[21][22]
Mövcud hakimiyyəti çox sərt və emosional şəkildə tənqid edirdi:[23]
Niyə mən Putini bəyənmirəm? Bax buna görə bəyənmirəm. Oğurluqdan betər olan sadəliyə görə. Həyasızlığa görə. İrqçiliyə görə. Sonsuz müharibəyə görə. Yalana görə. Nord-Ostda olan qaza görə. Bütün birinci prezidentlik dövrü ərzində öldürülmüş günahsızlara görə. Meyitlərə görə halbuki bu meyitlər olmaya da bilərdi. — "Putinin Rusiyası kitabı"
|
- fevral 2001-ci il — Anna Politkovskaya anti terror əməliyyatları keçirilən ərazidə akkreditasiyasız olduğuna görə Çeçenistanın Xottuni qəsəbəsində tutularaq çıxarılır. O bu ərazidə baş verən insan oğurluğu haqqında, özünü FTX əməkdaşı kimi təqdim edib insanlardan pul alanlar haqqında eləcə də 45-ci Hava Desant Qoşunlarının ərazisində olan və bəzi məlumatlara görə işgəncələrin də baş verdiyi düşərgə[24]
[25] [26] haqqında məlumatlar verirdi. Hərbçilər isə məlumatları təkzib edirdilər.[27]
- sentyabr 2001-ci il — Anna Politkovskaya öz "İtən insanlar" məqaləsində Çeçenistan DİN-ə ezam olunmuş polis işçilərini dinc əhalini öldürməkdə ittiham etmişdir. 2005-ci ilin mart ayında məqalədə adı keçən dırnaqarası qəhrəmanlardan biri 11 il həbs cəzasına məhkum edilmişdir.
- fevral 2002-ci il — Anna Politkovskaya Çeçenistana ezam olunur. Daha sonra isə yoxa çıxır və bir neçə gün sonra İnquşetiyanın paytaxtı Nazran şəhərində ortaya çıxır. Sonradan isə itməyinə səbəb kimi dinc əhalinin qətlini araşdırmağına mane olan FTX əməkdaşlarından gizləndiyini göstərmişdir.
- oktyabr 2002-ci il — Dubrovka faciəsi zamanı çeçen terrorçular ilə danışıqlar aparıb.
- 2003-cü ildən etibarən Anna Politkovskaya Ramzan Kadırovu və onun tabeliyində olanları insan oğurluğunda, zorakılıqda və digər cinayətlərdə ittiham etməyə başlayır.
- 2 sentyabr 2004-cü il — Beslan məktəbində əsirlərin alınması zamanı terrorçularla danışıqlar aparmaq üçün Beslana uçur, lakin təyyarədə içdiyi çaydan 10 dəqiqə sonra huşunu itirir və naməlum toksinlərdən zəhərlənmə diqanozu[28][29][30] ilə ağır vəziyyətdə Rostov-na-Don şəhərində xəstəxanaya yerləşdirilir. "Novaya qazeta" qəzetinin baş redaktoru Dmitriy Muratov iddi edir ki, Annanın xəstəxanaya yerləşdirildiyi vaxt ondan götürülən ilk analizlər məhv edilib. Onun qara ciyəri böyrəkləri və endokrin sistemi ciddi xəsarət almışdır.[31] Anna özü isə belə düşünürdü ki onu FTX əməkdaşları zəhərləmək istəyirdilər.[32] Bundan başqa o iddia edirdi ki, Rusiya KQB-nin zəhər düzəltməklə məşğul olan 12-ci laboratoriyasının işini yenidən bərpa edib. Annanın uçduğu hava yolları şirkəti isə zəhərlənmə iddiasını rədd edərək bəyan edib ki Politkovskayanın çayı heç bir halda zəhərlənmiş ola bilməz çünki çay bütün sərnişinlərə eyni çaydandan süzülür. Digər sərnişinlərdən isə heç biri şikayət etməyib. Zəhərlənməsinə baxmayaraq o, qəzetdə Beslan faciəsini əzmlə araşdırdı və həmin vaxt xeyli insan ölümünə görə məhz təhlükəsilik qüvvələrinin cavabdehlik daşıması barədə silsilə yazılar dərc elədi. Araşdırmaya görə buna səbəb, mühasirəni yarmağa çalışan təhlükəsizlik qüvvələrinin binaya qoyduğu partlayıcı olub.[33]
- sentyabr 2004-cü ildən etibarən Anna Politkovskaya "Novaya qazeta" qəzetində İnquşetiyanın prezidenti Murad Zyazikovu tənqid edən silsilə məqalələr yazmağa başlayır.
- "Novaya qazeta" qəzetinin baş redaktoru Dmitriy Muradov deyib ki, Politkovskaya öz ölüm günündə Çeçenistan hakimiyyəti tərəfindən insanlara qarşı edilən işgəncələrlə bağlı böyük bir iş təqdim etməyə hazırlaşırdı. Muradovun dediyinə görə məqalədə Çeçenistan Respublikasının hökumət sədri Ramzan Kadırovun mühafizə dəstəsi işgəncələrdən istifadə etməkdə günahlandırılırdı. "Novaya qazeta" qəzetinin redaktoru Vitaliy Yaroşevskiy məlumat verib ki, Politkovskayanın qətlindən sonra polis məqalənin olduğu sərt diski və materialları götürüb. Muradovun dediyinə görə işgəncə verməkdə təqsirli bilinən iki şəxsin şəkli itib.
Öldürülməsi və istintaq
[redaktə | mənbəni redaktə et]Anna Politkovskaya 7 oktyabr 2006-cı ildə Moskvada yaşadığı binanın liftində güllələnib. Polis əməkdaşları sonradan onun nəşinin yanında səsboğuculu Makarov tapancası və dörd ədəd güllə gilizi tapdılar. İlkin baxışda bu qətlin sifarişli olduğu bəlli olurdu çünki baş daxil olmaqla mərhuma dörd güllə vurulmuşdu. 27 avqust 2007-ci ildə FTX ŞTİBİ rəisi A. Kupryajin bəyan etdiki, Anna Politkovskayanın ölümündə Moskva Mərkəzi Dairəsinin FTX əməkdaşı polkovnik-leytenant Pavel Ryaquzov ittiham olunur.
Sonradan Moskva məhkəməsi beş kişini Anna Politkovskayanı 2006-cı ildə qətlə yetirməkdə təqsirli bilib. Bir kişi onu güllələməkdə, daha dörd kişi isə qətli təşkil etməkdə təqsirli sayılıb. Onlardan üçü Çeçenistandan olan qardaşlardır. 2009-cu ildə keçirilən məhkəmədə kişilərdən üçünə bəraət verilib.[34] İlkin qərar Rusiyanın Ali Məhkəməsi tərəfindən ləğv edilib, amma Ali Məhkəmə onların işinə yenidən baxılmasına göstəriş verib. Qardaşlardan biri, Rüstəm Mahmudov, tətiyi çəkməkdə, onun qardaşları isə hadisə yerindən qaçmaq üçün sürücülər olmaqda təqsirli bilinib. Onların daha bir qohumu və təqaüdə çıxmış polis işçisi qətli təşkil etməkdə günahkar elan edilib.[35]
2011-ci ilin may ayında müstəntiqlərin qətli törətməkdə birbaşa təqsirli bildikləri Rüstəm Mahmudovun həbsi ilə istintaqda canlanma baş verdi. Bir neçə aydan sonra qətli təşkil etməkdə günahlandırılan polis polkovnik-leytenantı Dmitriy Pavlyuçenkov həbs olundu. Pavlyuçenkov istintaqla razılığa gəlir ki təhlükəsizliyinin qarşılığında qətllə bağlı bildiyi hər şeyi onlara danışacaq. 2012-ci ilin dekabr ayında məhkəmə onun, 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. İttihama görə keçmiş zabit Dmitri Pavlyuçenkov jurnalistin hərəkət marşrutlarını izləyib və qatilə silah verib. Hökmə görə keçmiş polis zabiti jurnalistin ailəsinə də 3 milyon rubl – təxminən 98 000 dollar pul ödəməlidir.[36]
2013-cü ilin yay ayında Moskva Şəhər Məhkəməsi Anna Politkovskayanın ölümündə iştirakda şübhəli bilinənlərlə bağlı araşdırmalara başladı. Əvvəlcə bəraət almış İbrahim və Cəbrayıl Mahmudovlar, keçmiş polis işçisi Sergey Hacıqurbanov və Mahmudovların üşüncü qardaşı Rüstəm ilə əmiləri Lom Əli Qaydukaev həbs olundular. 12 il müddətinə azadlıqdan məhrum olunan İbrahim Mahmudov tutulanlar arasında ən az həbs cəzası alan oldu. İttihama görə o, Anna Politkovskayanın evindən bir neçə küçə uzaqda dayanmış və onun gəlişini qardaşı Cəbrayıl Mahmudova xəbər vermişdi. Cəbrayıl Mahmudov isə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası aldı. Prokurorların iddiasına görə o, cinayəti törədən öz qardaşı Rüstəmi cinayət törədilmiş yerə maşınla gətirmişdi. Qətli törətməkdə təqsirli bilinən Rüstəm Mahmudov və qətli təşkil etməkdə günahlandırılan Lom Əli Qaydukaev isə ömürlük həbs cəzasına məhkum edildilər. İttihamın yekun qərarına əsasən 2006-cı ilin yayında Qaydukaev Anna Politkovskayanın qətli üçün 150 min dollar alıb. O, qətlin bütün planını cızıb və bunun üçün öz qohumlarını Mahmudov qardaşlarını eləcə də keçmiş DİN əməkdaşları Dmitriy Pavlyuçenkovla Sergey Hacıqurbanovu da cəlb edib. Sergey Hacıqurbanov isə cinayətkar qrupun hərəkətini koordinasiya etdiyi üçün cəzasını sərt rejimli koloniyada çəkmək şərtilə 20 il azadlıqdan məhrum edilib.[37]
Qətldə təqsirləndirilənlər həbs olunsalar belə qətlin sifarişçisi hələ də tapılmayıb.[38] 10 iyun 2017-ci ildə isə qətli təşkil etməkdə təqsirli bilinən Lom Əli Qaydukaev xəstəxanada ölüb. Rəsmilər onun xroniki xəstəlikdən öldüyünü deyiblər, lakin onun həbsxanada döyülərək öldürüldüyü də iddia olunur.[39] Müttəhimlərin beşi də tamamilə günahsiz olduqlarını bəyan ediblər.[40] Qətli törətməkdə təqsirləndirilən digər məhbus Rüstəm Mahmudov isə 2019-cu ilin avqust ayında Yeva Merkaçevaya verdiyi müsahibəsində günahkar olmadığını və heç vaxt bir insana atəş açmadığını deyir. Bundan başqa o, əmisi Lom Əli Qaydukaevin artıq məlumat verməsin deyə türmədə döyülərək öldürüldüyünü də idda edib.[41]
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Çoxları hesab edirlər ki, Politkovskayanın oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin ad günündə qətl edilməsi heç də təsadüf deyil. Çeçenistanda hamı oğul Kadırovun özünü müstəqil elan etmiş İçkeriyanın lideri Aslan Masxadovun 2005-ci ildə öldürülməsini qadınlar üçün "8 mart hədiyyəsi" adlandırdığını yaxşı xatırlayır. Anna Politkovskayanın da qətlinin Ramzan Kadırovun Putinə hədiyyəsi olduğu idda edilir.[42]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 2000-ci il — Çeçenistan haqqında silsilə reportajlarına görə Rusiyanın "Qızıl qələm" mükafatı.
- 2001-ci il — Rusiya Jurnalistlər Birliyinin "Xeyirli addım — xeyirli ürək" mükafatı.
- 2001-ci il — Amnesty International təşkilatının İnsan hüquqlarının müdafiəsi mükafatı
- 2001-ci il — Artyom Borovik adına "Yaxşı jurnalist araaşdırmaları" mükafatı.
- 2001-ci il — Korrupsiya ilə mübarizə üçün dəlillərə görə Rusiya Jurnalistlər Birliyinin mükafatı.
- 2002-ci il — Andrey Saxarov adına mükafat.
- 2002-ci il — Çeçenistan müharibəsindəki reportajlarına görə Beynəlxalq Qadın Fondunun "Jurnalistikada cəsurluğuna görə" mükafatı.
- 2003-cü il — Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının "Jurnalistika və demokratiya üçün" mükafatı.
- 2003-cü il — "Çeçenistan Rusiyanın rüsvayçılığı" adlı fransızca nəşr edilmiş reportajlar toplusu olan kitaba görə "Lettre Ulysses" mükafatı.
- 2003-cü il — Hermann Kesten adına medal və mükafat.
- 2004-cü il — Olof Palme adına mükafat.
- 2005-ci il — "Mətbuatın azadlığı və gələcəyi" mükafatı.
- 2005-ci il — Tanınmamış çeçen respublikası İçkeriyanın "Azadlıq medalı".
- 2006-cı il (ölümündən sonra) — Artyom Borovik adına mükafat.
- 2006-cı il (ölümündən sonra) — Tisiano Tersiano adına beynəlxalq ədəbiyyat mükafatı.[43]
- 2007-ci il (ölümündən sonra) — YUNESKO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı.
- 2007-ci il (ölümündən sonra) — "Cəhənnəmə səyahət Çeçen gündəliyi" sənədli kitabına görə "Hans və Sofi Şoll" mükafatı.
- 2007-ci il (ölümündən sonra) — Erix Mariya Remark cəmiyyətinin fəxri üzvü.
- 2010-cu il (ölümündən sonra) — Tanınmamış çeçen respublikası İçkeriyanın "Millətin şərəfi" ordeni.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Anna Politkovskayanın xatirəsinə adı verilmiş yerlər:
- Brüsseldə yerləşən Avropa Parlamentinin mətbuat konfransı zalı;
- Romada yerləşən Villa Doria Pamfili parkında meydan;
- Gürcüstanın paytaxtı Tiflisdə küçə;
- İtaliyanın Ferrara şəhərində küçə;
- Fransanın Montrey bölgəsində meydan;
- İtaliyanın Genuya bölgəsində Azadlıq xiyabanı və ağac;
- Çexiyanın Karlovı Varı şəhərində park;
- İtaliyanın paytaxtı Milan şəhərində bağ;
- "Reach All Women in War" qeyri hökumət təşkilatının Anna Politkovskaya mükafatı;
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.britannica.com/EBchecked/topic/1263184/Anna-Politkovskaya.
- ↑ Anna Politkowskaja / Politkovskaya // FemBio database (alm.).
- ↑ http://www.timesonline.co.uk/article/0,,60-2394867,00.html.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Bekki Smit. "Azad jurnalistika Rusiyada öldürülüb / Independent journalism has been killed in Russia" (ing. ). theguardian.com. 11 oktyabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ The Editors of Encyclopaedia Britannica. "Anna Politkovskaya" (ing. ). britannica.com. 31 dekabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ Devid Herst. "Anna Politkovskaya" (ing. ). theguardian.com. 8 oktyabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Путинская Россия" (rus. ). politkovskaya.novayagazeta.ru. 9 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ Daria Solovyova. "Politkovskaya's Death, Other Killings, Raise Questions About Russian Democracy" (ing. ). worldpoliticsreview.com. 31 oktyabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ Aleksandra Odinova. "Rusiya jurnalistlərin öldürülməsinə görə Avropada liderlik edir / Russia Leads Europe In Reporter Killings" (ing. ). moscowtimes.ru. 16 iyun 2009. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ Amnesty International. Amnesty International Report 2009 (PDF). Şərqi Sasseks: Amnesty International Publications. 2009. səh. 272-273. ISBN 978-0-86210-444-3.
- ↑ "Anna Politkovskaya: Putinin Rusiyası / Anna Politkovskaya: Putin's Russia" (ing. ). bbc.co.uk. 9 oktyabr 2006. 7 yanvar 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ Endryu Ros. "Jurnalistin ölümünə görə 5 həbs / Prison for 5 in Murder of Journalist" (rus. ). nytimes.com. 9 iyun 2014. 28 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ "Anna Politkovskaya biography" (ing. ). annapolitkovskayafund.co. 5 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ "Anna Politkovskaya Biography" (ing. ). notablebiographies.com. 13 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ "Politkovskaya, Anna Stepanovna" (ing. ). russiaprofile.org. 20 fevral 2009. 10 mart 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ 1 2 ""Novaya qazeta"-nın jurnalisti 2006-cı ilin oktyabrında öldürülüb / Журналист "Новой газеты", убита в октябре 2006 года" (rus. ). lenta.ru. 9 noyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ "На традиционном Балу прессы были объявлены лауреаты премии Союза журналистов России" (rus. ). novayagazeta.ru. 1 fevral 2001. 9 noyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ "Лауреаты Журналистских Конкурсов Союза Журналистов России 2000 Года" (rus. ). ruj.ru. 1 fevral 2001. 11 oktyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2019.
- ↑ "Anna Politkovskayanın bioqrafiyası / Биография Анны Политковской" (rus. ). ria.ru. 7 oktyabr 2012. 28 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2019.
- ↑ "15 il qabaq Dubrovkada Teatr mərkəzində insanlar girov götürülüblər / 15 лет назад захватили заложников в Театральном центре на Дубровке" (rus. ). novayagazeta.ru. 24 oktyabr 2017. 1 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2019.
- ↑ Ueyn Li. "Politkovskayanın işi: istintaq bitib / Дело Политковской: расследование завершено" (rus. ). golos-ameriki.ru. 18 aprel 2013. 28 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2019.
- ↑ ""Путинская Россия"" (rus. ). novayagazeta.ru. 22 oktyabr 2007. 2011-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2019.
- ↑ Anna Politkovskaya. "Концлагерь с коммерческим уклоном" (rus. ). politkovskaya.novayagazeta.ru. 6 fevral 2001. 3 may 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2019.
- ↑ Anna Politkovskaya. "Бес предела" (rus. ). politkovskaya.novayagazeta.ru. 1 mart 2001. 14 iyul 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2019.
- ↑ Anna Politkovskaya. "Рассказ неизвестного солдата" (rus. ). politkovskaya.novayagazeta.ru. 5 mart 2001. 13 iyul 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2019.
- ↑ Leonid Savçenko. "Приключения г-жи Политковской в тылу врага" (rus. ). smi.ru. 23 fevral 2001. 18 noyabr 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2019.
- ↑ "Политковскую переправили в Москву" (rus. ). graniru. 3 sentyabr 2004. 6 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2019.
- ↑ "Анна Политковкая о войне в Чечне" (rus. ). hro.org. 3 sentyabr 2004. 9 yanvar 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2019.
- ↑ "Темница и яд" (rus. ). memo.ru. 4 May 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2019.
- ↑ [www.gazeta.ru/politics/polonium/about/1152859.shtml "Как травили врагов Кремля"] (#bad_url) (rus. ). gazeta.ru. 14 dekabr 2006. 1 avqust 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2019.
- ↑ "Kremli tənqid edənlər bu maddələrdən zəhərlənib". azadliq.org. 24 may 2015. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Rusiyada azad mətbuatı məhv edən qətl". azadliq.org. 6 oktyabr 2016. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Politkovskayanın öldürülməsilə bağlı bəraət hökmü ləğv edilib". azadliq.org. 25 iyun 2019. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Rusiya: jurnalist Anna Politkovskayanı öldürməkdə beş kişi təqsirli bilinib". bbc.com. 21 may 2014. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Politkovskayanın qatilinə silah verən keçmiş polis zabiti 11 illik cəza aldı". azadliq.org. 14 dekabr 2012. 8 oktyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ "8 il qabaq Anna Politkovskayanı öldürüblər. Moskva jurnalisti yad edir / 8 лет назад убили Анну Политковскую. Москва вспоминает журналиста" (rus. ). currenttime.tv. 7 oktyabr 2014. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Amnesty İnternational: "Məhkəmə Politkovskayanın ölümünə kimin sifariş verdiyini cavabsız qoydu"". azadliq.org. 21 may 2014. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Anna Ploitkovskayanın qətlinin təşkilatçısı həbsxanada ölüb / Организатор убийства Анны Политковской умер в колонии" (rus. ). kommersant.ru. 13 iyun 2017. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Politkovskayanın işi: müttəhimlərin ikisi ömürlük həbsə məhkum edilib". bbc.com. 9 iyun 2014. 8 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2016.
- ↑ Yeva Merkaçeva. "Anna Politkovskayanı qatili ömürlük həbs cəzası alan məhbus dəmir barmaqlıqlar arxasında danışdı / Пожизненно осужденный убийца Анны Политковской разговорился за решеткой" (rus. ). Московский комсомолец. 6 avqust 2019. 6 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ Hasan Musayev. "Çeçenistan bloqu: 10 il Anna Politkovskayasız". bbc.com. 8 oktyabr 2016. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
- ↑ "Anna Politkovskaya ölümündən sonra Tisiano Tersiano mükafatına layiq görülmüşdür". azertag.az. 12 oktyabr 2006. 8 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2019.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Anna Politkovskayanın "Novaya Qazeta" qəzetində yazdığı yazılar (1998–2006) rus.
- Anna Politkovskayaya həsr olunmuş xatirə saytı rus.
- Jurnalisti öldürmək — Anna sənədli filmi / REN TV rus.
- Soverşenno Sekretno — Politkovskaya / SOVSEK TV rus.
- Annaya məktub (Ein Artikel zu viel) alm.
- A Bitter Taste of Freedom Anna Politkovskaya ing.
- Anna Politkovskayanın ölümünün 8-ci ilində Moskvada keçirilən aksiya
- 30 avqustda doğulanlar
- 1958-ci ildə doğulanlar
- 48 yaşında vəfat edənlər
- 7 oktyabrda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- Troyekurov qəbiristanlığında dəfn olunanlar
- Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunları
- Nyu-Yorkda doğulanlar
- Moskvada vəfat edənlər
- Rusiya jurnalistləri
- İnsan hüquqları aktivistləri
- Öldürülən jurnalistlər
- Rusiyanın qadın yazıçıları