Əsli dəlillər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Üsuli-Fiqh və ya Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şəri dəlillərin bir qismini əhatə edir. Şəri dəlillərin digər qismi isə fəri dəlillərdir.

Əsli dəlillər dörd yerə ayrılır, bunlar:

Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'anSünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir.

Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır.

Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2]

Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır.

İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.”[3] Son ayə isə vida həccində zilhiccənin doqquzuncu günü nazil olmuşdur. Bu ayə isə: “…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim…”[4] ayəsidir. Abdullah ibn Abbasa görə (r.anhumə) görə, bu ayə daha sonra nazil olmuşdur. “Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!”[5]

On üç il davam edən məkkə dövründə nazil olan ayələrdə daha çox axirətlə bağlı məlumatlar var idi. İnsanlar İslama öyrəşdikdən sonra halal və haramla əlaqədar ayələr enmişdir. Ayələrin əksəriyyəti ya bir sual, ya da bir hadisə nəticəsində nazil olurdu. Buna “əsabun-nüzul” (nazil olma səbəbləri) deyilir. Quran nazil olduqca, Allahın Elçisi nazil olan ayələri vəhy katiblərinə yazdırır və hansı ayənin hara yazılacağını deyirdi. Ayələrin sıralanmasının vəhyə istinadı mövzusunda hamı həmrəydir. Surələrin sıralanmasının vəhyə əsaslanması isə qüvvətli fikirdir.

Peyğəmbərin söz, əməl və təqrirləri bütövlükdə sünnə adlanır. Sözlə bağlı sünnəyə örnək: “Bir kimsə yataraq və ya unudaraq namazını ötürərsə, xatırladıqda qılsın.”[6] Əməli sünnəyə örnək: “Mən namazı necə qılıramsa siz də eynilə mənim kimi qılın.”[7] Təqriri sünnə; Peyğəmbərin gördüyü və ya eşitdiyi bir işi iqrar (təsdiq, təsvib) və qəbul etməsidir. Səfər əsnasında su tapa bilmədiyi üçün təyəmmümlə namaz qılan bir səhabənin namazdan sonra su tapmasına bamayaraq, namazını yenidən qılmaması və Peyğəmbərin onu təsdiqləməsi bunun ən məşhur nümunələrindəndir.

Fiqhdə Qurani-Kərimdən sonra ikinci mənbənin Sünnə olduğuna alimlər həmfikirdir. Sünnənin dini mövzularda bir dəlil olması, müxtəlif ayələrlə sabitdir. Bəziləri bunlardır:

“…Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin…”[8] ”Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.”[9] ”Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur…”[10]

Sünnə Peyğəmbərin Rəbbindən aldığı elçilik vəzifəsi olan təbliğdən ibarətdir.[11] Qurani-Kərim Peyğəmbərin vəhylə danışdığını xəbər verir. “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.”[12]

Sünnənin Qurani-Kərimdə dörd funksiyası vardır: a.Mübhəm və mücməl olan ayələri izah edir. b.Ümumilik bildirən hökmləri təxsis edib xüsusiləşdirir. c.Nasix və mənsuxu bildirir. d. Quranda olmayan bir sıra hökmlər qoyur. Məsələn, namaz və zəkat əmrlərinin tətbiqi sünnə ilə müəyyən edilmişdir; uzunqulaqların və vəhşi quşların ətinin qadağan edilməsi həmçinin sünnə ilə bildirilmişdir.[13]

Hədis rəvayət edənlərin sayına görə; mütəvatir, məşhur və ahad olmaqla üç qismə bölünür. Ahad xəbər də öz növbəsində səhih, həsən və zəif kimi qismlərə bölünür.

Mütəvati hədis; yalan söyləmək mövzusunda birləşmələri mümkün olmayan topluluq tərəfindən rəvayət edilən hədislərdir. “Kim bilə-bilə mənə yalan söz isnad edərsə, atəşdəki yerinə hazırlansın”[14] hədisini yüzdən çox səhabə rəvayət etdiyi kimi, “Vay (dəstəmazda quru qalan) topuqların atəşdəki halına!”[15] hədisini on iki səhabə rəvayət etmişdir. Əməli sünnələr arasında mütəvatir olanı çoxdur.. Dəstəmaz, namaz və həccin yerinə yetirilmə tərzi kimi. Mütəvatir hədisin sabit olması qətidir, ona əməl etmək fərzdir və Quran ayələrindən ümumilik ifadə edən təxsis və mütləqi də təqyid edir.

Məşhur hədis; Rəsulullahdan (s.ə.s) bir neçə səhabənin rəvayət etdiyi, hicri ikici və üçüncü əsrdən etibarən təvatür dərəcəsində rəvayət edilən hədislərdir. Məsələn, “Əməllər niyyətlərə görədir…” hədisini Peyğəmbərdən ilk illərdə yalnız Ömər rəvayət etmiş, daha sonra bunu təvatür dərəcəsinə çatan miqdarda ravilər rəvayət etmişdir. Məşhur sünnə qətiliyə yaxın bir məlumatdır. Bu da ümumilik bildirən ayələri təxsis və mütləqi də təqyid (qeyd-şərt altına alma) etmə gücünə sahibdir. Belə ki, “Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki,…”[16] ayəsindəki “uşaqlar” kəliməsinin ümumi mənası, “Miras qoyanı öldürən kəs, ona varis ola bilməz.”[17] məşhur hədisi ilə məhdudlaşmışdır. Həmçinin eyni miras ayəsində, “vəsiyyətə” mütləq olaraq yer verilmişdir. Səd İbn Vəqqasın tək varisi olan qızı üçün qoyacağı mirası çox görməsi və uşağı vəsiyyətlə başqasına vermək istəməsi üzərinə Allah Rəsulu belə demişdir: “Üçdə birə gəlincə, bu olar, lakin bu da çoxdur. Çünki sənin varislərini zəngin olaraq tərk etməyin, insanlara möhtac vəziyyətdə tərk etmədiyindən daha yaxşıdır.”[18] Bu hədis də məşhur hədis dərəcəsindədir və vəsiyyəti mal-dövlətin üçdə biri ilə məhdudlaşdırmışdır.

Ahad xəbər isə; bir-iki və ya daha çox səhabə tərəfindən rəvayət edilən və məşhur hədis dərəcəsinə çatmayan hədislərdir. Sünnənin əksəriyyəti məhz bu yolla rəvayət edilmişdir.

Əbu Hənifə ahad xəbərin dəlil olması üçün ravinin mötəbər və ədalətli olması ilə yanaşı, həm fiqh, həm də rəvayət etdiyi hədislə əməl etməsini şərt qoymuşdur. İmam Malik isə bu kimi hədislərin mədinəlilərin əməlinə uyğun olduqda dəlil kimi qəbul etmişdir. Ahad sünnə “elm” (qəti məlumat, bilgi) ifadə etmir, “zənn” ifadə edir. Məhz bu səbəblə etiqadi mövzularda bu növ hədislərə istinad edilmir. Lakin yuxarıdakı şərtləri daşıyan ahad hədislərlə əməli mövzularda əməl olunmalıdır.

İcma – lüğətdə bir işə əzm etmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. İslam hüquq terminalogiyasında isə Məhəmmədin (s.ə.s) ümmətindən olan müctəhidlərin Peyğəmbərin vəfatından sonrakı hər hansı bir dövrdə şəri-əməli bir hökm haqqında həmrəy olmalarıdır. Bu tərifə görə icmada aşağıdakı şərtlər olmalıdır: Müctəhid olmayanların ittifaqı dini bir dəlil sayılmaz. Müctəhid dəlillərdən dini-əməli hökmlər çıxarma mövzusunda bilik və qabiliyyətə malik olan kəsdir. Müctəhidlərin yekdilliyi, dini-əməli bir məsələnin hökmü üzərində ilk fikir birliyi meydana gələn zaman əsas alınır. Odur ki, daha sonra fikir dəyişdirməklə icma pozulmaz. Dinə aid olmayan mövzularda fikir birliyi icma sayılmaz.

İcmanın bir dəlil olması Kitab və Sünnə dəlillərinə əsaslanır. Belə ki, Qurani-Kərimdə belə buyurulur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.”[19] İcmanın dəlil olduğunu göstərən hədisi-şəriflər də vardır: “Müsəlmanların yaxşı hesab etdikləri şey Allah qatında da yaxşıdır.”[20] , “Ümmətim zəlalət üzərində birləşməz.”[21] hədisləri bunlardandır.

İcma sərih, sükuti və məsələnin müəyyən qismi üzərində eyni fikirləri səsləndirmək olmaqla üç qismə bölünür. Sərih icma; bir əsrdəki hər bir müctəhidin icma mövzusu olan məsələyə dair fikrini açıq-aşkar ifadə etdiyi icmadır. Sükuti icma; hər hansı bir əsrdə, ictihad etmə iqtidarına sahib olan kəs, müəyyən bir fikir ortaya qoyar, bu fikir digər müctəhid ya da müctəhidlərə çatar onlar da qəbul və ya rədd olmaqla hər hansı rəy bildirməsələr, o məsələdə “susma yolu ilə (sükuti) icma” meydana gəlmiş hesab olunur. Məsələnin bir hissəsində icmaya gəlincə, məsələn; ölənin qardaşları ilə birlikdə varis olan babanın (ata tərəfdən baba), qardaşları mirasdan məhrum edəcəyini iddia edən səhabələr olduğu kimi, babanın üçdə birdən az olmaqla varis olacağını iddia edən səhabələr də vardır. Odur ki, hər iki halda da miqdarı dəyişməklə birlikdə babanın varis olacağı mövzusunda həmfikirdirlər.[22]

Bir şeyi başqa bir şeylə ölçmək, qarşılaşdırmaq (müqayisə etmək) mənasına gəlir. Termin mənası isə, haqqında ayə və hədislərdə hökmü olmayan bir məsələni müştərək xüsusiyyətlərindən ötrü (illətin/səbəbin eyni olması), haqqında hökm olan bir məsələ ilə müqayisə edərək (analogiya yolu ilə) onun hökmünü digərinə də verməkdir.

Buna şərabı nümunə verə bilərik. Belə ki, şərab Qurani-Kərimdə qadağan edilmişdir. Lakin daha sonrakı dövrdə araq, konyak, viski, çaxır, pivə, şampan kimi müxtəlif adlarla içkilər ortaya çıxmışdır. Bunlar Quranda ad olaraq qeyd olunmur. Şərabın sərxoşedicilik xüsusiyyəti daşıdığı üçün qadağan olunduğu ağıl ilə anlaşıldığına görə müxtəlif çeşiddəki yeni içkilərin də içəni sərxoşedicilik xüsusiyyəti daşıdığı açıq-aşkardır. Məhz bu səbəblə şərabın hökmü müştərək xüsusiyyət olan sərxoşedicilik (iskar) cəhəti əsas alınaraq, qiyas (müqayisə, analogiya) yolu ilə digər spirtli içkilərə də şamil edilir.

Qiyasın dəlil olması ayə, hədis və səhabə tətbiqinə əsaslanır. Bir əyədə Mədinə yaxınlığında məskunlaşan və Uhud döyüşündən sonra müsəlmanların əlehinə Qüreyşlə əlbir Nadir oğulları yəhdilərinin başına gələn sürgün hadisəsi haqqında xəbər verildikdən sonra belə buyurulur: “Ey bəsirət sahibləri, ibrət alın!”[23]

Xəsəmli bir şəxs Peyğəmbərə gələrək atasının çox yaşlı olduğunu, həccin ona vacib olduğu halda yerinə yetirməyə gücü çatmadığını və onun yerinə həcc edib-edə bilməyəcəyini soruşdu. Peyğəmbər: “Atanın borcu olsaydı, onu ödəsəydin, atanın borcunu vermiş sayılmazdınmı?” sualını soruşmuş həmin şəxs də “bəli” -dedikdə, “belə olan təqdirdə atanın yerinə həcc edə bilərsən” buyurmuşdur. İbn Abbasdan gələn bir rəvayətdə, bu sualın vəfat edən ata haqqında soruşulduğu və Peyğəmbərin “Allaha məxsus bir borc daha əvvəl verilməlidir”[24] buyurduğunu bildirilir.

Bəzi səhabələr Əbu Bəkrə beyət edərkən, peyğəmbərin (s.ə.s) onu namaz üçün iman seçdiyini nəzərə almışlar və xilafəti namaz imamlığına qiyas etmişlər.[25]

Qiyasın dörd rüknü vardır: a. Əsil: Haqqında hökm olan nəss (ayə, hədis). b. Fər: Haqqında hökm olmayan və qiyasla hökmü verilən məsələ. c. Hökm: Qiyas yolu ilə eyni məsələyə verilən hökm. d. Müştərək illət: Həm əsil, həm də fərdə olan ortaq xüsusiyyətlərdir. Məsələn, içki nümunəsində şərabı qadağan edən ayə “əsil”, şərab hökmünün verildiyi yeni içki növü “fər”, şərabım hökmü olan haramlıq “hökm” və ortaq xüsusiyyət olan “iskar” (sərxoşedicilik) xüsusiyyəti “illət”dir. İllətlə hikmət bir-birindən fərqlidir. Hikmət hökmə münasib bir vəsfdir və birdən çox ola bilər. Belə olan halda İslam hüquqçularının əksəriyyətinə görə, hökmlər hikmətə görə deyil, illətə görədir.

Fəri dəlillər haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

İslam hüququnda hər hansı bir mövzu haqqında dəlil arandığı zaman, ilk öncə Kitab, yəni Qurana baş vurulur. Əgər Quranda birəbir qarşı gələn bir şey tapılmazsa, Sünnəte baxılır. Daha sonra sırasıyla icma və qiyas, sonra isə fər'i dəlillərə baş vurulur. Yəni sıra bu şəkildədir:

  1. Kitab yəni Quran
  2. Sünnə
  3. İcma
  4. Qiyas
  5. Fər'i dəlillər
  • [1] Nəhl, 16/89.
  • [2] Ənam, 6/38, Buradakı “kitab” kəlməsi “lövhi-məhfuz” kimi şərh olunur. Bax. Ənam,6/59; Nəml, 27/75; Yasin, 36/12.
  • [3] Ələq, 96/1-5.
  • [4] Maidə, 5/3.
  • [5] Bəqərə, 2/281.
  • [6] Əbu Davud, Səlat, 11; Darimi, Səlat, 26.
  • [7] Buxari, Azan, 18, Ədəb, 27.
  • [8] Həşr, 59/7.
  • [9] Nisa, 4/65.
  • [10] Nisa, 4/80.
  • [11] Bax. Maidə, 5/67.
  • [12] Nəcm, 53/3-4.
  • [13] M. Ebu Zehra, e.a.ə., s. 113, 114.
  • [14] Buxari, Elm, 38, Cənaiz, 33, Ənbiya, 50, Ədəb, 109; Müslim Zöhd, 72; Əbu Davud, Elm, 4; Tirmizi, Fitən, 70, Elm, 8, 13, Təfsir, 1, Mənaqib, 19; İbn Macə, Müqəddimə, 4; Darimi, Müqəddimə, 25, 46; Əhməd ibn Hənbəl, II, 47, 83, 125, 150, 159, 171, 202, 214.
  • [15] Buxari, Elm, 3, 30, Vüzu, 27, 29. Peyğəmbər dəstəmaz alarkən topuqlarının arxasını yumayan bir topluluq gördükdə bu sözü demişdir.
  • [16] Nisa, 4/11.
  • 17] Əbu Davud, Diyat, 18; Darimi, Fəraiz, 41; İbn Hənbəl, I, 49.
  • [18] Buxari, Cənaiz, 37, Mənaqib, 49, Mərza, 16; Müslim, Vəsiyyə, 5; İbn Macə, Vəsaya, 5: Malik, Müvəttə, Vəsiyyə, 4.
  • [19] Nisa, 4/115.
  • [20] Əhməd bin Hənbəl, Müsnəd, I, 379.
  • [21] İbn Macə, Fitən, 8.
  • [22] Ebu Zehra, e.a.ə., s.179.
  • [23] Həşr, 59/2.
  • [24] Bax. Nəsai, Mənasik, 11-14; Buxari, Həcc, 1; Müslim, Həcc, 407; Zəkiyüddin Şaban, Üsul əl-Fiqh, (tərc. Prof.Dr. İbrahim Kafi Dönmez), Ankara, 1990, s.114.
  • [25] Sərəxsi, Üsul, II, 131, 132; İbn Qəyyim əl-Cövziyyə, İlamul-Müvəqqiin, I, 253, Qahir 1325-1326.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]