Şimooka Renco

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şimooka Renco
yap. 下岡蓮杖
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi 3 mart 1914(1914-03-03) (90 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Somey qəbiristanlığı[d]
Fəaliyyəti fotoqraf, mühəndis, rəssam
Fəaliyyət illəri 1860–1877
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimooka Renco (下岡 蓮杖?, 24 mart 1823, Şimoda3 mart 1914, Asakusa-ku[d]) və ya doğum adı ilə Sakurada Hisanosuke[2] (桜田 久之助?)Yaponiya fotoqrafı. Yaponiyanın ilk peşəkar fotoqraflarından biridir.

Şimooka 1862-ci ildə Yokohamada Yaponiyanın ilk kommersiya məqsədli fotostudiyalarından birini açmışdır. Ueno Hikoma ilə birlikdə "Yaponiya fotoqrafiyasının iki atası"ndan biri hesab olunur.[2]

Şimooka Renco 1823-cü ildə Yaponiyanın Şimoda şəhərində doğulmuşdur. Doğum adı Sakurada Hisanosukedir.[2] Ailənin üçüncü oğlu olan Şimookanın atası Tokuqava şoqunluğuna qulluq edən rəsmi yükvurma agenti idi. Şimooka başqa bir ailə tərəfindən övladlığa götürülmüş və 13 yaşında incəsənətə maraq göstərməyə başlamışdır. İncəsənət təhsili almaq məqsədilə Edo şəhərinə köçmüş və yerli bir tacirin şagirdi olmuşdur.[3]

Şimooka incəsənətdə uğurlu olmadıqdan sonra 1843-cü ildə Şimoda artilleriya batareyasının samurayı olmuşdur.[3] Burada rəssam Kano Tosen ilə tanış olmuş və onun şagirdi olmuşdur. 1844-cü ildə batareyadakı xidmət müddəti başa çatmış və Edoya qayıdaraq ikinci dəfə rəssam olmağa cəhd etmişdir. Tokuqava klanının bir üzvünün evində holland dagerotipiyalarını gördükdən sonra fotoqrafiya ilə maraqlanmağa başlamışdır. Fotoqrafiya haqqında əcnəbilərdən biliklər əldə etmək məqsədilə Uraqa limanında sahil mühafizə xidmətinin texniki rəssamı kimi işləməyə başlamışdır. O, Uraqa limanına gələn xarici gəmilərə yaxınlaşaraq fotoqrafiya haqqında yeni məlumatlar əldə etməyə çalışmışdır.[4] 1859-cu ildə yanğın nəticəsində məhv olan Edo qəsrinin restavrasiyasında iştirak etmişdir.[5]

Fotoqrafiya karyerası

[redaktə | mənbəni redaktə et]
"Kovairozukay" (1870).

Şimooka 1856-cı ildə Yaponiyaya gələn holland tərcüməçi Henri Hyuskendən fotoqrafiyanın əsaslarını öyrənmişdir. Hyusken ona fotoqrafiyanın əsas prinsiplərini təsvir etmişdir. Onun hazır fotoqrafiya ləvazimatları olmadığı üçün tripod yerinə bir neçə budaqdan, kamera yerinə qutu formasında qatlanmış kağızdan və linza yerinə bir şüşə parçasından istifadə edərən fotoqrafiyanı ona başa salmağa çalışmışdır.[4]

Şimooka 1859-cu ildə fotoqrafiya haqqında biliklərini artırmaq üçün xaricilər üçün açılmış Yokohama limanına köçmüşdür. Burada amerikalı tacir, həyat yoldaşı rəssam olan Rafael Şoyer və 1860-cı ildə Prussiyanın Yaponiyadakı səfirliyinin rəsmi fotoqrafı təyin olunmuş amerikalı Con Vilson ilə tanış olmuşdur. Vilson 1861-ci ilin sonunda öz kamerasını, fotoqrafiya ləvazimatlarını və kimyəvi maddələrini Şimookaya bağışlamışdır. Bu ərəfədə amerikalı missioner Samuel Robbins Braun ilə dostlaşmış və ondan fotoqrafiya dərsləri almışdır.[4] 1862-ci ildə Yokohamanın Noqe bölgəsində öz fotostudiyasını açmışdır. 1863-cü ildə studiyanı Benten-dori küçəsinə köçürmüşdür.[5] İlk bir neçə il ərzində uğur qazanmaqda çətinlik çəksə də, 1865-ci ildən sonra biznesi böyüməyə başlamışdır.[6] Yokohama və Tokioda yeni fotostudiyalar açmışdır. Əsasən xarici qonaqlar üçün yerlilərin ekzotik fotoportretlərini çəkmişdir.[2] Yokoyama Matsusaburo, Usui Şusaburo, Esaki ReyciI Suzuki Şiniçi kimi fotoqraflar onun şagirdləri olmuşdurlar.[6] 1865-ci ildə Şimooka Renco adını götürmüşdür.[5]

Şimooka fotoqrafiyadan əldə etdiyi gəlirlə digər sahələrə sərmayə yatırmışdır. Südçülük ferması satın almış, Tokio ilə Yokohama arasında at arabası xidmətini idarə etmiş[6] və qazla işıqlandırma şirkəti qurmuşdur.[7] 1877-ci ildən etibarən fotoqrafiyadan uzaqlaşmış,[2] studiyalarını köməkçilərinə etibar edərək yağlı boya rəssamlığına yönəlmişdir.[8] O, 1893-cü ildə Yaponiya Fotoqrafiya Cəmiyyətinə seçilmişdir.[5]

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]

Şimooka uzun müddət Yaponiyanın ilk peşəkar fotoqrafı kimi qəbul olunsa da, daha sonra Ukay Qyokusenin ondan bir il öncə fotostudiya açdığı məlum olmuşdur. Buna baxmayaraq, o, Ueno Hikoma ilə birlikdə "Yaponiya fotoqrafiyasının atası" kimi qəbul olunur.[8] "Şərqdə Renco, qərbdə Hikoma" onların həmin dövrdəki fotoqrafiya bacarıqları səbəbilə ortaya çıxmış ifadədir.[9] Şimookanın ilk yapon yağlı boya rəssamı və ilk yapon litoqraf olduğu da iddia olunur.[6] 1928-ci ilin mayında Şimoda şəhərinin Şiroyama parkında yerli fotoqrafiya icması tərəfindən Şimookanın abidəsi ucaldılmışdır.[10]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Şimooka 1872-ci ildə amerikalı missioner Ceyms Balla tərəfindən vəftiz olunaraq xristianlığı qəbul etmişdir. Yaponiyadakı xristian missionerlər Samuel Robbins Braun və Conatan Qobl ilə dostluq etmişdir.[4]

  1. RKDartists (nid.).
  2. 1 2 3 4 5 Hannavy. səh. 1266
  3. 1 2 Bennet. səh. 69
  4. 1 2 3 4 Bennet. səh. 70
  5. 1 2 3 4 Tucker. səh. 360
  6. 1 2 3 4 Bennet. səh. 71
  7. Worswick, Clark. "The Disappearance of Uchida, Kyuichi and the discovery of nineteenth-century Asian photography". Image (ingiliscə). 36. yaz/yay 1993: 24.
  8. 1 2 Bennet. səh. 72
  9. Tucker. səh. 24
  10. Tucker. səh. 320

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]