İslam iqtisadi sistemi
İslam insanların həyat tərzini nizamlayan və tənzimləyən sosial-iqtisadi, sosial-siyasi, hüquqi-etik, mədəni-əxlaq qaydalarını əhatə edən bütov bir elmi sistemdir.[1] .
İslam iqtisadiyyatı İslamın ictimai və əxlaq normaları ilə müəyyən edilən xüsusi iqtisadi inkişaf yolunun mümkünlüyü haqqında təsəvvürləri ifadə etmək üçün işlədilən termindir.[2]
Bir sıra Afrika və Asiya ölkələri istiqlaliyyət qazandıqdan sonra həmin ölkələrdə fəal inkişaf etdirilməyə başlanmış bu konsepsiya XX əsrin 70-ci illərinin axırlarından etibarən təkcə inkişaf etməkdə olan ayrı-ayrı ölkələrdə deyil, eləcə də ümumdünya miqyasında təsərrüfat dəyişikliklərinə dair layihələrlə getdikcə daha sıx əlaqələndirilir və "islamsayağı yeni iqtisadi qayda" yaradılmasına dair müxtəlif planlara daxil edilir. Planların və layihələrin yaradıcıları onları bir tərəfdən kapitalist inkişaf yolundan prinsipcə fərqlənən xüsusi inkişaf yolunun əsası kimi təbliğ edirlər.[3]
İslam iqtisadi sistemi mahiyyətinə görə real həyatda gedən iqtisadi proseslərin ümumbəşəri dəyərlər əsasında dərk olunması və özünəməxsus spesifikliyi ilə səciyyələnən anlayışdır.
Məzmununa görə ilahi göstəriş əsasında insanların təsərrüfat prosesində davranış qaydalarını müəyyən edən islam iqtisadiyyatı formasına görə sərvət və nemətlərin istehsalında, bölgüsündə, istifadəsində ədalətli fəaliyyət göstərmələrini əks etdirir. İslam iqtisadi sistemində əsas məqsədlər kimi aşağıdakıları göstərmək olar:
- Bütün cəmiyyət üzvlərinin rifahını yaxşılaşdırmaq;
- Faydalı fəaliyyəti təmin etmək;
- Hər bir kəs üçün iqtisadi potensialdan istifadə etməyə bərabər şərait yaratmaq;
- Yoxsulluğu aradan qaldırmaq;
- Əldə olunmuş sərvət və nemətlərdən könüllü sədəqə vermək.
İqtisadi sahədə İslamın başlıca təlimi onun ilkin və fundamental mənbəsi olan Qurani-Kərimə əsaslanır. Quranda iqtisadi konsepsiyanın təməlini təşkil edən iqtisadi məsələləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- Həddən çox varlılığın tənqidi;
- Yığılan məbləğin xərclənməsi;
- Sələmçiliyin tənqidi;
- Ticarətin dəstəklənməsi;
- Mülkiyyət münasibətləri;
- Mirasçıların hüquqları;
- Sədəqə və ehsan;
- Borclar.
Quran Allahın yerdə və göylərdə olan bütün şeyləri insana boyun əydirdiyini, Allahın quruda, suda və səmada olan hər şeyi insan üçün yaratdığını bildirir. Allahın yaratdıqlarından necə faydalanmağın və gələcək nəsilləri də, nəzərə almaqla onlardan ağıllı bir şəkildə necə istifadə etməyin məsuliyyəti insanın öz üzərinə düşür.
Quran bir çox ayədə insanın öz maddi rifahına xor baxmamasının zəruri olmasına diqqəti yönəldir. Quran maddi rifaha xor baxmamağın zəruriliyini Nisa surəsində "Allahın sizə dolanmaq üçün bəxş etdiyi mallar…"[4] ifadəsi ilə təsdiqləyir və Qəsəs surəsində bu əmri verir: "Dünyadakı nəsibini də unutma"[5]. Ancaq Quran insanı formalaşdıran iki cəhət ― yəni ruh ilə bədənin vəhdəti üzərində dayanaraq bu zərurəti Bəqərə surəsində belə qeyd etmişdir: "İnsanların bəzisi: "Ey Rəbbimiz, bizə nə verirsənsə, elə bu dünyada ver", deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Bəziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!" deyərlər. Belə şəxsləri qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir"[6].
İslamın iqtisadi siyasəti Quranda Həşr surəsində açıq-aydın ifadələrlə müəyyənləşdirilib: "Bu ona görədir ki, (mal-dövlət) içinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın"[7]. Var-dövlət, rahat yaşayış baxımından bütün insanların bərabərliyi ideal səviyyədə olsa belə, bu, cəmiyyətə mütləq və birmənalı şəkildə xeyir gətirməz. Çünki insanların hamısı heç də eyni qabiliyyətə malik olmurlar. Belə ki, üzvləri bərabər olan insan qrupu formalaşdırılsaydı, çox keçmədən mal-dövlətini sağa-sola səpib sovuranlar iqtisadi çətinliyə düşərdilər və başqalarının sərvətinə göz dikərdilər.
İnsan əməyi ilə əldə etdiyi qazancdan özünün, ailəsinin və mirasçılarının faydalanacağını bildiyi zaman daha səylə çalışmağa və yeni-yeni təşəbbüslər göstərməyə can atar. Bu cəhətdən insanlar arasında maddi baxımdan dərəcələnmənin, sıralanmanın onun öz yararına olduğu görünür. Çünki belə olduqda aşağı dərəcədə olanlar yuxarı dərəcəyə qalxmaq üçün nə lazım olduğunu və öz səyləri ilə nə edə biləcəklərini görür və bilirlər. Ona görə də, Quran Nəcm surəsində belə buyurur: "İnsana ancaq öz zəhməti qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti görünəcəkdir"[8].
İslam dini özünün iqtisadi sistemini bu əsas prinsipdən çıxış edərək müəyyənləşdirmişdir. Azlıq təşkil edən varlı, zəngin insanların olmasına icazə verilir, amma onlara çox xərc tələb edən vəzifələr də tapşırılır, həvalə edilir. Çünki varlılar yoxsulların xeyrinə olaraq vergi ödəməyə borcludurlar. Həmçinin onların sərvəti, var-dövləti əxlaqsız yollarla qazanmaları, yığmaları qəti qadağandır.
İslam dinində başqasına yardım edən şəxslər hədsiz tərifə layiq görülmüşlər. Dilənçilik haqqında isə İslam ən ağır ifadələrdən istifadə etmişdir. Qeyd olunur ki, dilənçilik qiyamət günündə utanc səbəbi olacaqdır[9]. Eyni şəkildə İslamda xəsislik və ifrat da qadağan edilmişdir.
Qeyd etmək lazımdır ki, islam iqtisadiyyatı azad mübadiləni, şəxsi mülkiyyəti və sazişlərin təhlükəsizliyini müdafiə edir. Mülkiyyət məsələsi hər zaman iqtisadiyyatın hüquqi tənzimlənməsi məsələlərində əsasdır. Bununla bərabər yaddan çıxartmaq lazım deyil ki, yerdə və göydə olan bütün mülkiyyət Allaha məxsusdur. Bunlar Quranda öz əksini tapmışdır[10]. Beləliklə, islam konsepsiyasında mülkiyyət qəti, təbii və ilahi hüquqda mülkiyyətə sahib olmaya əsaslanmışdır. Allah əmanət kimi etibar etdiyi Yer kürəsində insanı öz canişini edib və ona sahibolma, idarəetmə və istifadəetmə hüququnu verib[11].
Quran islamın ilkin dövrlərində mövcud olan sələmçiliyə qarşı çıxmışdır. Belə yanaşma maliyyə sistemində faiz dərəcələrinin yenidən şərh edilməsinə və ya aradan qaldırılmasına istiqamətlənən fəaliyyətlərə səbəb olmuşdur. Bunu həyata keçirməklə islam iqtisadçıları da "İslami Cəmiyyət"in yaradılmasına ümid edirlər, lakin islamdakı liberal cərəyanlar isə bundan imtina edərək islamı müasir dünyəvi institut və normalarla uyğunluq içərisində qəbul edirlər.
Qeyd etmək lazımdır ki, islam iqtisadiyyatı nəyin pis və ya qadağan (haram), nəyin isə yaxşı və ya icazə olunmuş (halal) olması haqqında mühakimələrə əsaslanır. Ona görə də, qərbin iqtisad elmindən fərqli olaraq burada İslam (şəriət) hüququ fundamental məna alır. İslam hüququ, qalan hüquqi sistemlər kimi, iqtisadi və başqa fəaliyyətləri üçün öz "çərçivəsini" yaradır, lakin burada önəmli bir fərq vardır. Dünyəvi sistemlərdə qanunlar insan izni ilə hazırlanır, dəyişilir və ləğv olunub nəticədə dünyəvi xarakter daşıyırsa, İslam sistemində qanunlar İlahi təbiətlərini daşımalıdırlar ki, dəyişilməz, əbədi və insan müdaxiləsindən azad bir xarakterə malik olsunlar[12].
Bütövlükdə iqtisadiyyatda "haramı" belə qruplaşdırmaq olar:
- Sələmçilik ilə məşğul olmaq;
- Rüşvət vermək və almaq;
- Fırıldaq və yalan yolu ilə qazanc əldə etmək;
- Haram kateqoriyasına aid məhsul (narkotik maddələr, spirtli içkilər, donuz və ondan hazırlanmış məhsullar, fahişəlik, qumar və s.) istehsal etmək və satmaq;
- Bazarı monopollaşdırmaq məqsədilə tədbirlər görmək və səhlənkar rəqabət aparmaq;
- Oğurlanmış və ya zəbt olunmuş mülkiyyətin və ya qanuni yolla əldə olunmayan hər hansı bir şeyin alqı-satqısını təşkil etmək;
- Alıcıları çaşdırmaq və qorxutmaq;
- Süni şəkildə artırılmış qiymətlərlə məhsulları satmaq.
Haram bu siyahı ilə bitmir, hər qrupun öz alt qrupu, mənası və interpretasiyası vardır. Qadağa qoyulmayan fəaliyyətlər avtomatik olaraq icazə olunanlar kateqoriyasına aid olunur, lakin hər icazə olunan arzu olunan demək deyildir. Məsələn: satılan malın müqayisəli nöqsanlarının gizlədilməsi ― əgər bu yalan deyilsə. Yox əgər yalandırsa, o zaman bu haramdır.
İslama görə ticarət əlaqələri zamanı saziş imzalandıqdan sonra endirimlərin istənilməsi arzu olunmazdır. Ümumiyyətlə, qanuni və doğru saziş imzalandıqdan sonra, düzəlişlərin birtərəfli tələbi doğru deyildir.
Qaranlıq yerlərdə ticarətin aparılması da doğru deyil, çünki bu müştəriyə mala yaxşı baxmaqda maneəçilik törədir.
Hər hansı bir yolla olursa olsun həddən çox qazanc əldə etmək arzu olunan deyil. Baxmayaraq ki, "həddən çox qazanc" ifadəsinin tam mənası aydın deyildir. Bu məsələ alimlər arasında çoxlu mübahisələrə səbəb olmuşdur. Bir şey aydındır ki, qazanc tək motivasiya faktoru olmamalıdır. Bu "islami şəxs"i (Homo İslamicus) "iqtisadi şəxsdən" (Homo Oeconomicus) fərqləndirir. Bütövlükdə İslam həyat fəaliyyətinin bütün sahələrinə, o cümlədən də iqstiadiyyata təsir göstərir. Bütün həyat boyu qəssablıq, kəfənlərin və tabutların hazırlanması ilə məşğul olmaq da arzuolunmazdır. Bunun izahı odur ki, insanların qana və ölümə vərdiş etmələri onların hisslərinin sərtləşməsinə gətirib çıxardır.
İslamda insanlara məsləhət görülən iqtisadi fəaliyyət növləri isə bunlardır:
- Möminlərə faizsiz borcun verilməsi;
- Qazancın bölünməsi prinsipləri əsasında müxtəlif layihələrin maliyyələşdirilməsi;
- Kasıb müştərilər istisna olmaq şərti ilə hamıya eyni qiymətlərlə malların satılması;
- Müştəri alınan malın keyfiyyəti və qiymətindən narazı qaldıqda, satıcı tərəfindən onun geri götürülməsi (islama görə müştəri üstünlük təşkil edir);
- Bazarda bütün dəyişikliklərlə ayaqlaşan çevik qiymət sisteminin olması;
- İqtisadi fəaliyyətin açıq şəkildə aparılması və şəffaflığın təmin olunması;
- İqtisadi fəaliyyətin xəsisliklə deyil, alicənablıq prinsiplərində aparılması;
- Malların keyfiyyət baxımından istehsalının və satışının təkmilləşdirilməsi;
- Daima əməklə məşğul olmaq və bu məqsədlərlə səhər yuxudan tez oyanmaq və s.
Göründüyü kimi, bu qaydalar sadəcə cənnətdə yer qazanmaq üçün yox, həm də uğurlu iqtisadi fəaliyyətin aparılması və dünya nemətlərinin əldə edilməsi üçün çox faydalıdır. Yuxarıda sadalanan kateqoriyaları bilmək və icazə verilən və icazə verilməyənlər arasında sərhəd qoymaq bacarığı düzgün iqtisadi fəaliyyətlərin aparılmasının əsasıdır. Beləliklə, "islam iqtisadçısı" iki əsas keyfiyyətə malik olmalıdır:
- öz sahəsində mütəxəssis olmaq;
- müsəlman hüququnda bilik və təcrübəyə malik olmaq.
Bu keyfiyyətləri hər bir əmək adamına aid etmək olar. Çünki onlar öz peşələrindən başqa dini suallardan da baş çıxarmalıdırlar.
Ədəbiyyat siyahısı
[redaktə | mənbəni redaktə et]- ↑ Meybullayev M. X., "İslam iqtisadiyyatı", Bakı, "Ünsiyyət", 2001 s.54
- ↑ "İslam: Qısa məlumat kitabı", Bakı, "Azərnəşr", 1985 s.67
- ↑ 3, s.67–68
- ↑ Qurani-kərim, 4/5
- ↑ Qurani-kərim, 28/27
- ↑ Qurani-kərim, 2/200–202
- ↑ Qurani-kərim, 59/7
- ↑ Qurani-kərim, 53/39–40
- ↑ Məhəmməd Həmidullah, "İslama giriş", Bakı, "Qismət", 2006, s.181
- ↑ Qurani-kərim, 2/107; 2/255; 2/284; 5/120; 48/14
- ↑ Qurani-kərim, 2/30, 2/40
- ↑ Nomani, F. and A. Rahnema, "Islamic Economic Systems", London & New Jersey, Zed Books Ltd, 1994
Mənbə
[redaktə | mənbəni redaktə et]- Tərxan Paşazadə, "İslam iqtisadi sisteminin əsasları", "Dövlət və Din" İctimai fikir toplusu, (№ 3 (11)), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı – may-iyun 2009, səhifə: 166–170.