İngilis-Maysur müharibələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İngilis-Maysur müharibələri — Hindistanın Maysur knyazlığına qarşı İngiltərənin XVIII əsrin 60-90-cı illərində apardığı işğalçı müharibə.

Birinci müharibə ingilis Ost-Hind şirkətinin və onun müttəfiqi olan hind knyazlarının, həmçinin, Karnatik əyalətinin knyazının qoşunlarının Maysura soxulması ilə başladı. İlk döyüşlər müttəfiqlər üçün uğurlu oldu, onlar 1767-ci ildə Trinkoli və Çanqam yaxınlığında maysur dəstələrini darmadağın etdilər, həmçinin, Koimbatur və Baramaxal dairələrini işğal etməyə müvəffəq oldular. Maysur ordusuna təcrübəli sərkərdə və knyazlığın faktiki hakimi Heydər Əli xan başçılıq edirdi. O, ilk uğursuzluqlardan nəticə çıxararaq döyüş taktikasını dəyişdi və partizan metodlarından geniş istifadə etməyə başladı. Maysurlar qəfil hücumlarla ayrı-ayrı ingilis dəstələrinə hücumlar təşkil edir, ingilis qalalarənə və limanlarını ələ keçirirdilər. Bu döyüş manevrləri maysurlara böyük uğurlar qazandırdı. Nəticədə Heydər Əli öz knyazlığının ərazisini Heydərabad və Karnatik knyazlıqları hesabına genişləndirə bildi. Müharibə 1769-cu ildə sülh müqaviləsi ilə bitdi. Hər iki tərəf əldə etdikləri ərazilərdən imtina etdilər.

Birinci və ikinci Maysur müharibələri

Maysur ingilislərə qarşı Heydərabadla və maratxlarla birgə çıxış etdi. Müttəfiqlərin məqsədi ingilislərin tamamilə Hindistandan qovulması idi. Bu zaman beynəlxalq vəziyyət İngiltərə üçün əlverişli deyildi. Şimali Amerika müstəmləkələrinin İngiltərəyə qarşı İstiqlaliyyət müharibəsi (1775-1783), Fransa, İspaniyaHollandiya ilə aparılan müharibələr İngiltərənin özünü çətin vəziyyətə salmışdı. Fransa Hindistanda öz mövqeyini bərpa etmək üçün İngiltərəyə qarşı müharibəyə qoşulmuşdu. Fransız hərbi eskadrası ingilis donanmasına zərbələr endirdi, 1780-ci ildə ingilis donamasını Hindistan sahillərində məğlub etdi. Lakin Şimali Amerikadakı müstəmləkələrini itirən İngiltərə Hindistanda öz mövqelərini qorumaq və yeni ərazilər ələ keçirmək üçün hərbi əməliyyatları genişləndirirdi. Hindistanın feodal knyazlıqları arasında davam edən ziddiyyətlərdən istifadə edən ingilislər "parçala və hökmranlıq et" siyasətini həyata keçirirdilər. Onlar konfederasiya ilə separat sülh müqaviləsi bağlayaraq, Bombey rayonunda işğal edilmiş əraziləri daha da genişləndirdilər. İngiltərə ilə Fransa arasında bağlanan Versal sülh müqaviləsi (1783-cü il) Tipu Sultanı fransızların yardımından məhrum etdi. Maysur ingilislərlə təkbətək vuruşmalı oldu. 1784-cü il imzalanan Manqalur sülh müqaviləsinə görə tərəflər müharibəyə qədərki vəziyyəti saxlamaq üçün işğal etdikləri əraziləri və əsirləri qayrtardılar.

Üçüncü müharibədə ingilislər Maysurla mübarizədə marath knyazlarını və Heydərabadı öz tərəfinə çəkə bildilər. Müharibə ərəfəsində Maysur hökmdarı Tipu Sultan da öz qoşunlarını xeyli gücləndirdi. Qoşunlarında süvarilər çoxluq təşkil edən digər hind knyazlarından fərqli olaraq Tipu Sultanın ordusunda süvarilərdən başqa piyadalar və artilleriya da vardı. Orduya aşağı kastaların nümayəndələri, o cümlədən toxunulmazlar də buraxılırdılar ki, bu ordunun sosial bazasını xeyli genişləndirir, onun döyüş qabiliyətini yüksəldirdi. Müharibə, biri qərbdən -Mumbaydan, o birisi isə şərqdən, Madrasdan hərəkət edən iki ingilis ordusunun hucumu ilə başladı. Lakin müharibənin əvvəlində ağır zərbələr alan Ost-Hind şirkətinin qoşunları geri çəkilməyə məcbur oldu. Vəziyəti düzəltmək üçün, Benqaliyadan gələn ingilis ordusunun yeni baş komandanı general-qubernator Kornuollis ingilislərin əlavə qüvvələrini səfərbər etdi. Marathların 10 minlik ordusunun ingilislərə köməyi onların qüvvələrini xeyli artırdı. İngilis ordusu Maysurun paytaxtı Serinqapatam şəhərini mühasirəyə almağa və Tipu Sultanı 1792-ci ildə sülh müqaviləsi bağlamağa məcbur etdi. Həmin sülh müqaviləsinə görə Tipu Sultan knyazlığın ərazisinin yarısı Ost-Hind şirkətinə və onun müttəfiqlərinə verilməli və 33 milyon rupi məbləğində təzminat ödənilməli idi.

Fransadan silah alınması üçün aparılan danışıqlar dördüncü maysur müharibəsi üçün bəhanə oldu. Şiddətli bombardmandan sonra Maysurun paytaxtı alındı və talan olundu, xəzinə ələ keçirildi. Tipu Sultan öldürüldü, Maysur isə Ost-Hind şirkətinin vassalına çevrildi. İngilislərin qələbəsi ancaq onların iqtisadi və hərbi qüdrəti ilə bağlı deyildi, eyni zamanda Hindistanın siyasi pərakəndəliyindən irəli gəlirdi. İngilislər məharətlə ayır-buyur siyasətini yeridərək Maysuru və bütün Hindistanı işğal etdilər.

  • Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год. Т. 1 стр.183
  • Антонова К. А. «Английское завоевание Индии в XVIII веке», Москва 1958.
  • Индийские войны англичан. Военная энциклопедия: в 18 т. под ред. В. Ф. Новицкого и др. — СПб. : Товарищество И. В. Сытина, 1911—1915.
  • Khan M.H. «History of Tipu Sultan», Calcutta 1951.