Validə sultan

Vikipediya, azad ensiklopediya
(Validə Sultan səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Validə sultan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Validə sultan vəya Sədəf-i Dürr-i Xilafət (Osmanlıca: والده سلطان) — taxta çıxan Osmanlı padşahlarının həyatda olan analarına verilən bu ünvan bəzi mənbələrdə "validə-i padşah", "validə-i səadətpənah", "məhdi-ülya-i səltənət" olaraq da qeyd olunur. Kösəm Sultan üçün "ümmül-möminin", Pərtəvniyal Sultan üçün "ümmül-cahan" ünvanları istifadə edilmiş, Dəftərdar Sarı Mehmed Paşa, ölümünün ardından Turhan Xədicə Sultanı "dövlətin bir rükn-ü rəkini" olaraq adlandırmışdır. Osmanlı sülaləsinin hərəmdəki ən yüksək təmsilçisi və hərəmxana sistemində ən yüksək rütbəli şəxs olan validə sultan icazə vermədən ona yaxınlaşmaq, yanında danışmaq vəya oturmaq olmazdı.

Osmanlı tarixində oğlunun səltənətini görə bilən validə sultan sayı 23-dür. Bunlar Orxan Qazini anası Malhun Xatun, I Muradın anası Nilüfər Xatun, I Mehmedin anası Dövlət Xatun, II Mehmedin anası Hüma Xatun, II Bəyazidin anası Gülbahar Xatun, I Süleymanın anası Hafsa Sultan, III Muradın anası Nurbanu Sultan, III Mehmedin anası Safiyə Sultan, I Əhmədin anası Handan Sultan, I Mustafanın anası Həlimə Sultan, II Osmanın anası Mahfiruz Sultan, IV MuradSultan İbrahimin anası Kösəm Sultan, IV Mehmedin anası Turhan Xədicə Sultan, II Süleymanın anası Saliha Dilaşub Sultan, II MustafaIII Əhmədin anası Rabiyə Gülnuş Əmətullah Sultan, I Mahmudun anası Saliha Sultan, III Osmanın anası Şahsüvar Sultan, III Səlimin anası Mihrişah Sultan, IV Mustafanın anası Aişə Səniyəpərvər Sultan, II Mahmudun anası Nəqşidil Sultan, I Əbdülməcidin anası Bəzmialəm Sultan, I Əbdüləzizin anası Pərtəvniyal SultanV Muradın anası Şevkəfza Sultandır. II Əbdülhəmid isə kiçik yaşlarında anasını itirdiyi üçün onu böyüdən mənəvi anası Piristü Sultanı validə sultan elan etmişdir.

Padşahın anası, xanımları, qızları, şahzadələri, qısaca padşahın ailəsi XVI əsrin ortalarına qədər bu gün İstanbul Universitetinin olduğu yerdə Köhnə Sarayda yaşayırdılar. Qanuni Sultan Süleymanın xanımı Xürrəm Sultan qaynanası Hafsa Sultanın vəfatının ardından hərəmin bir hissəsi ilə 1534-cü ildə Topqapı sarayına köçdü. Xələfi Nurbanu Sultan da iqamət olaraq bu sarayı seçmişdi. Beləliklə, yeni sarayın hərəmxana hissəsi getdikcə böyüdü. Validə sultan ünvanını ilk dəfə III Muradın anası Nurbanu Sultan istifadə etmişdir. Topqapı Sarayında mütəmadi olaraq yaşayan ilk validə Sultan isə Safiyə Sultan olmuşdur. Validə Sultan olan bir qadın bir daha evlənə bilməzdi. Padşaha övlad verən qadınlar XVIII əsrədək xatun, hasəki, nadir olaraq sultan adlanır, III Əhmədin dövründən etibarən isə qadın vəya qadın əfəndi ünvanı alırdı. Şahzadənin anası oğluyla birlikdə sancağa çıxar, ona nəzarət edib təhlükələrdən qoruyardı və təcrübə qazanmasına kömək edərdi. 1583-cü ildə Şahzadə Mehmedin sancağa göndərilməsinin ardından bu sistem tədbiq edilmədi və şahzadələr sarayda qapalı sistemdə yaşadılar. Hərəmdə padşahdan sonra ən görkəmli otaq validə sultan otağıdır. Otaq yataq otağı, qübbəli taxt otağı, xüsusi məscid və hamamdan ibarət olub, xidmətçilərin otağı ilə mətbəx, anbar və ocaqlar Validə sultan daşlığı adlanan meydançanın ətrafında yerləşirdi. Validə sultanlar padşah, darüssəadə ağası, qadın əfəndilər və digər xidmətçilərilə taxt otağında görüşər, hərəmdəki böyük əyləncələr də burada baş tutardı. Sultan Əbdülməcidin XIX əsrdə inşa etdirdiyi Dolmabağça sarayında da böyük bir validə sultan otağı mövcuddur.

Padşah vəfat etdikdən şahzadələr xaricindəki bütün hərəmxana əhli — anası, qadınları, qızları və kölələri Köhnə saraya göndərilirdi. Şahzadələr Topqapı sarayında şimşirlik otağında həbs olunar, xanımları qalan ömrünü sürgündə yaşayar, sürgün edilən padşah qızları isə yalnız evlilik yolu ilə Köhnə saraydan göndərilə bilərdi. Yalnız oğlu taxta çıxan qadınlar cülusdan bir neçə gün sonra validə alayı adlanan böyük bir mərasimlə Topqapı sarayına geri dönərdi. Köhnə sarayda gözləmə müddəti bəzən 27 ilədək yüksəlirdi (Saliha Sultan). İlk validə alayı III Murad dövründə baş tutmuşdur. Validə sultanlar alay əsnasında at arabasıyla saraya gətirilirdi, ancaq istisna hal olaraq 1754-cü ildə taxta çıxan III Osmanın anası Şahsüvar Sultan kəcavə ilə gətirilmişdi. Bəzən uzun illərdir anasını görməyən yeni padşah (məsələn III Səlim) cülusdan öncə anasını saraya gətirtmişdir.

Alayın ertəsi günü validə sultan divan məclisinin keçirildiyi divanxanaya bir fərmanla birlikdə samur kürk və xəncər göndərərdi. Sədrəzəm divanxana önündə bu hədiyyələri qəbul edər, hədiyyələri gətirən ağaya samur kürk, 1000 qızıl sikkə və başqa hədiyyələr verib geri göndərərdi. 1754-cü ildə validə sultan olan Şahsüvar Sultan şeyxülislama da kürk göndərmiş, ardından bu, ənənə halını almışdır. IV Mustafanın anası Ayşə Səniyəpərvər Sultana validə alayından əvvəl sədarət naibi, şeyxülislamkaptan-ı dərya adından səbət dolusu meyvə və çiçəklər göndərilmişdi. 8 avqust 1808 tarixində baş tutan II Mahmudun anası Nəqşidil Sultanın alayı isə imperiya tarixinin son validə sultan alayıdır.

Validə sultanın hərəm və ailə içərisindəki önəmini ona təsis edilən maaşdan və mülklərdən də anlamaq mümkündür. Nurbanu Sultanın günlük gəliri 2000 axca idi. III Mehmed anası Safiyə Sultan üçün bu məbləği 3000 axcaya yüksəltmişdi. Safiyə Sultan oğlunun 1603 tarixində vəfatının ardından Köhnə saraya göndərilsə də, yükək dərəcəli bu maaşını almağa davam etmişdir. O günlərdə taxtda oğlu olan Handan Sultanın günlük gəliri isə 1000 axca idi. IV MuradSultan İbrahimin anası olaraq uzun müddət validə sultan olan Kösəm Sultan günlük 3000 qızıl sikkə alırdı. IV Mehmedin anası Turhan Xədicə Sultan isə əvvəlcə 2000, Kösəm Sultanın qətlindən sonra isə günlük 3000 qızıl sikkə maaş alırdı. Bundan başqa validə sultanlar XVI əsrin sonlarından etibarən onlara təsis olunan mülklərin və torpaq sahələrinin gəlirlərini də almağa başlamışdı. "Başmaqlıq" adlanan bu gəlirlər ömürləri boyunca onlara aid olurdu və ölümlərinin ardından xəzinəyə yönləndirilirdi. Kösəm Sultanın illik başmaqlıq gəliri 20 milyon axcadan çox olduğu halda, Turhan Sultanın gəlirləri 12 milyon axcaydı. Başmaqlıq hesabları xəzinə gəlirlərindən ayrı hesablanırdı. Digər tərəfdən padşah, vəzifəyə gətirilən dövlət adamları və xarici elçilər tərəfindən göndərilən hədiyyələr də validə sultanlara önəmli dərəcədə gəlir gətirirdi.

1838-ci ildə qurulan Maliyyə nazirliyi dövlətin bütün gəlir və xərclərini nizamlamaq məqsədilə validə sultanların da gəlirlərini sabitlədi. Belə ki, Sultan Əbdülməcidin anası Bəzmialəm Sultanın maaşı 1839-cu ildə 2500, 1840-cı ildə 3500 lirəyə yüksəldildi. Sultan Əbdüləzizin anası Pərtəvniyal Sultanın maaşı isə 5000 lirə idi. Bundan başqa validə sultanların günlük, aylıq və illik olaraq verilən meyvə, şam, qaymaq, süd, zeytun, buz, odun kimi qida və ləvazimatları da vardı. Taxta çıxan padşah düzgün, namuslu, təcrübəli və dövlət tərbiyəsi almış birini validəsinin saray xaricindəki işlərini idarəə etmək üçün anasına kəndxuda təyin edərdi. Kəndxuda sədrəzəm tərəfindən dəyərli hədiyyələrlə təltif edilirdi. Bundan başqa validə sultanın hərəmdəki qızların tərbiyəsi ilə məşğul olan bir qadın kəndxudası, müsahibəsi, xüsusi xidmətçiləri də vardı.

Validə sultan saraydan padşah kimi izdihamlı bir alayla çıxardı. Saraylara, məscidlərə və xüsusilə də Ədirnəyə alayla gedib qayıdardı. Xüsusilə Ədirnəni mərkəz seçən IV Mehmed dövründə gediş-gəlişlər tez-tez baş tuturdu. Bu səyahətlər əsnasında validə sultanı dövlət adamlarından biri və böyük miqdarda hərbi dəstə müşayiət edirdi. Turhan Sultanın 28 dekabr 1672 tarixində Ədirnəyə hərəkət edən alayını 3000 yeniçəri qoruyurdu. Validə sultanların şəhər içərisindəki gəzintiləri də izdihamlı olurdu. 2 iyul 1668 tarixində Turhan Sultanın Ədirnədən İstanbula gəlişini detallı şəkildə qeyd dən fransız taciri J.B. Tavernier 5–6 min nəfərlik validə alayının keçidinin təxminən 3 saat davam etdiyini yazır.

Padşahın övladı dünyaya gələndə validə sultan hədiyyələr paylayardı. Doğuşdan öncə hərəmdə bütün işlər nizamlanır, uşaq və anası üçün zinət əşyaları, ipək parçalar, geyimlər hazırlanırdı. Bundan başqa validə sultanın beşik alayı adlanan və təxminən XVII əsrdən etibarən tərtib olunan alayı da önəmlidir. Şahzadənin dünyaya gəlməsini qeyd etmək üçün qiymətli daş-qaşla bəzədilən bir beşik Köhnə saraya göndərilər, oradan alayla birlikdə şəhəri gəzərək Topqapıya gətirilərdi.

Validə sultanların dövlət işlərinə müdaxilələri və siyasi nüfuz qazanmaları əsasən XVI əsrin sonunda meydana gəlmiş, ancaq bu kimi fəaliyyətlər daha keçmiş illərdə də davam etmişdir. II Bəyazidin anası Gülbahar XatunQanuni Sultan Süleymanın anası Hafsa Sultanın oğullarına yazdıqları siyasi məzmunlu məktubları günümüzədək gəlib çatmışdır. Validə sultanların dövlət idarəsinə birbaşa müdaxiləsi isə XVI əsrin sonlarından XVII əsrin ortalarına qədər davam etmişdir. Belə ki, III Muradın 1574 tarixində taxta çıxmasıyla validə sultan olan Nurbanu Sultan oğlu üzərindəki nüfuzundan istifadə edərək dövlət işlərinə qarışmış, əslən venesiyalı bir kölə olan Nurbanu Sultan daim Venesiyanın lehinə siyasət yürütmüşdür. Hətta Venesiya senatının 1583-cü ildə Nurbanu Sultana 2000 Venesiya qızılı dəyərindəki hədiyyə göndərməsi bu siyasətin nə dərəcədə önəmli olduğunu göstərir.

Safiyə Sultan da oğlu üzərindəki nüfuzu ilə dövlət idarəsində söz sahibi olmuşdur. İngilis elçisi Lello onun "oğlu böyük türkü" tamamilə əlində tutduğunu, xarici siyasətdə qaynanası Nurbanu Sultanın davamçısı olaraq hədiyyə almağı sevdiyini qeyd edir. Validənin elçilərlə olan əlaqələrini isə yəhudi əsilli Esparanzo Malxi qururdu. Safiyə Sultanın rüşvət çarxının mərkəzində olan və bu yolla böyük sərvət qazanan Esparanzo 1 aprel 1600 tarixli sipahi üsyanında oğluyla birlikdə qətlə yetirildi. Safiyə Sultan isə bu fəlakətdən zorla xilas ola bildi.

XVII əsrdə kiçik yaşdakı padşahların taxta çıxması ilə dövlət, onlara naibəlik edən anaları tərəfindən idarə olunmağa başlandı. 1617–1618 tarixlərində 3 ay və 1622–1623 tarixlərində təxminən 1 il taxtda oturan I Mustafanın zehni geriliyi səbəbilə onun adına dövləti anası Həlimə Sultan idarə etdi. I Mustafanın ardından 11 yaşında taxta çıxan IV Muradın hakimiyyəti ələ aldığı 1632-ci ilədək dövlət işləri anası Kösəm Sultanla sədrəzəm və dövlət adamları tərəfindən aparıldı. 1640-cı ildə dövlət işlərinə uzaq olan digər oğlu Sultan İbrahimin taxta çıxmasıyla birlikdə oğlunun yaratdığı boşluğu Kösəm Sultan doldurdu. Sultan İbrahim 1648-də taxtdan endirilsə də, Kösəm Sultanın dövlət idarəsindəki gücü və nüfuzu azalmadı. Çünki o əsnada yeni padşah IV Mehmed 6 yaşında, anası Turhan Sultan isə 21 yaşında idi. Buna görə də Kösəm Sultan böyük validə adı ilə dövləti idarə etdi. Bununla da imperiya tarixində ilk dəfə olaraq iki validə eyni anda dövlət idarəsinə qarışırdı. Ancaq yeniçərilərlə iş birliyi quran Kösəm Sultanın, əvvəlcə Sədrəzəm Sofu Mehmed Paşa və ardından Turhan Sultanla münasibətləri pozuldu. İki validə sultanın mübarizəsi dövlət adamları arasında da qütbləşməyə səbəb oldu. Nəticədə 2 sentyabr 1651 tarixində Kösəm Sultanın qətl edilməsi ilə bu mübarizə başa çatdı.

Turhan Sultan da dövlət işlərinə qarışan digər validə sultanlar kimi dövlət adamlarının padşah önündə apardığı müzakirələrə pərdə arxasından iştirak edir, bəzən bu müzakirələrə qarışaraq fikrini də bildirirdi. 1656-cı ildə isə sədarətə gətirdiyi Körpülü Mehmed Paşaya bütün dövlət işlərini tapşırıb, qalan ömrünü xeyriyyə işlərinə sərf etdi. Beləliklə, IV Mehmeddən sonra validə sultanların naibəlik dönəmi başa çatdı. Buna baxmayaraq Gülnuş Əmətullah Sultan da oğullarının səltənətlərində bəzi dövlət işlərinə qarışmışdır. 1703-cü ildə Şeyxülislam Feyzullah Əfəndi əleyhinə baş verən Ədirnə hadisələri əsnasında II Mustafanın şeyxülislamdan əl çəkməmiş, ancaq Gülnuş Əmətullah Sultanın səyləri ilə şeyxülislam vəzifədən alınmışdır. Buna baxmayaraq bu qərarında gecikən II Mustafa üsyançılar tərəfindən taxtdan salınmış, yerinə qardaşı III Əhməd sultan elan edilmişdir. Ədirnədəki yeniçərilər isə II Mustafanı yanlış yönləndirdiyi üçün Gülnuş Əmətullah Sultanın Topqapıya yenidən bir validə sultan kimi getməsinə qarşı çıxmış, III Əhmədin məsələyə müdaxiləsi ilə ayaqlanma sona çatmışdır.

III Səlimin anası Mihrişah Sultan isə dövlət işlərində çox da maraqlı olmamışdır. Buna baxmayaraq qısa müddətlik də olsa validə sultan olan və Kösəm Sultandan sonra, oğlu taxtdan endirilsə də, Köhnə saraya göndərilməyən yeganə validə sultan olan Ayşə Səniyəpərvər Sultanın oğlu IV Mustafanı yenidən taxta çıxrmaq üçün bəzi dövlət adamları ilə müzakirələr apardığı məlumdur. Nəqşidil Sultan da dövlət işləri ilə məşğul olmamışdır. Bəzmialəm Sultanın oğlu Sultan Əbdülməcid üzərində güclü nüfuzu vardı ancaq bu nüfuzunu dövlət işlərində yox, xeyriyyəçilik işlərində istifadə etdi. Pərtəvniyal Sultan isə dövlət işləriylə yaxından məşğul olan, ehtiraslı bir qadın idi. Hələ Safiyə Sultan dövründə dövlət adamları öz işlərini gördürmək üçün validə sultanlara müraciət edirdi. Bu kimi məktublar Pərtəvniyal Sultana da ünvanlanmışdır. 3 ay kimi qısa bir müddət validə sultan olan V Muradın anası Şevkəfza Sultan da dövlət işlərinə maraq göstərmişdi. II Əbdülhəmid validə sultan elan etdiyi ögey anası Piristü Sultanı daim dövlət işlərindən uzaq tutmuşdur. Piristü Sultan, validə tacı adlanan zümrüd daşlı bir sancaq taxardı.

Padşahların taxtdan endirilməsi əsnasında dövlət adamlarının saraydakı tərəfdaşları çox vaxt validə sultanlar olurdu. I Mustafa, Sultan İbrahimII Mustafa taxtdan endiriləndə anaları sağ idi. Əqli geriliyi səbəbilə I Mustafanın taxtdan endirilməsi gündəmə gələndə anası Həlimə Sultanla da müzakirələr aparılmış, validə sultan oğlunun öldürülməməsi şərtilə taxtdan endirilməsinə razı olduğunu bildirmişdir. Yenə eyni səbəblə oğlu Sultan İbrahimin yerinə, nəvəsi IV Mehmedin taxta çıxarılmasında razılığı alınan Kösəm Sultan olmuşdur. II Mustafanın taxtdan endirilməsində də dövlət adamları Gülnuş Əmətullah Sultanın xeyir-duası alınmış, sabiq padşahın taxtdan endirilməsi qarşılığında həyatı bağışlanacağı bildirilmişdir. Validə sultanların ölümlərində vəzirlər, üləma, dövlət adamları, bəzən də padşahların qatıldığı mərasimlər keçirilirdi. Şeyxülislam, RumeliAnadolu başqazıları və digər yüksək dərəcəli din adamlarının rəhbərliyi ilə keçirilən bu mərasim əsnasında mərhum validə sultanın cənazə namazı şeyxülislam tərəfindən qılınırdı.

Validə sultan vəfat edəndə məscidlərdə əzanlar oxunur, cənazə namazının qılınacağı yer təyin edilir. Padşahlar cənazə namazlarına qatılar, ancaq dəfn prosesində iştirak etməzdilər. Cənazə namazları müxtəlif yerlərdə qılınırdı. Nurbanu Sultanın cənazə namazı Fateh məscidində qılınmış, oğlu III Murad matəm geyimində piyada olaraq alayla birlikdə məscidə qədər getmişdir. I Mahmudun anası Saliha Sultanın cənazə namazı vəfat etdiyi köşkün önündə padşahın da iştirakı ilə qılınmışdır. III Səlimin anası Mihrişah Sultanın cənazə namazı isə padşahın iştirakı ilə sarayda qılınmışdır. Validə sultanın cənazəsi dəfn olunacağı yerə alayla aparılar, alayın axırında iki nəfər vəzifəli pul səpərdi. Sədrəzəmşeyxülislamın mərasimin ertəsi günü padşaha başsağlığı verməsi isə ənənəvi idi.

III Mehmedin anası Safiyə Validə Sultan tərəfindən tikilən Yeni Məscid

Validə sultanlar istər hasəkilik, istərsə də validə sultanlıq dövründə topladıqları sərvətlə xeyriyyəçiliklə məşğul olmuş, çətin vəziyyətdə olanlara, hətta bəzən dövlət xəzinəsinə də kömək etmişdir. Mövcud məlumatlara görə, xeyriyyə qurumu təsis edən ilk validə sultan I Muradın anası Nilüfər Xatundur. O, Bursada bir təkkə, bir məscid və öz adını daşıyan körpü inşa etdirmişdir. Bundan başqa oğlunun 1388-ci ildə onun adına İznikdə inşa etdirdiyi bir imarət də vardır. II Bəyazid, anası Gülbahar Xatun üçün 3 sentyabr 1493 tarixində xeyriyyə qurumu təsis etmiş, Tokatda imarət, mədrəsəməsciddən ibarət külliyə inşa etdirmiş, bunlara yüksək gəlirli torpaqlar vəqf etmişdir. Bundan başqa Gülbahar Xatunun Tokatda inşa etdirdiyi bir məscidi də var. Qanuni Sultan Süleymanın anası Hafsa Sultanın ən önəmli əsəri isə Manisada 1523-cü ildə inşa edilən və məscid, mədrəsə, məktəb, təkkə, imarət, hamam və xəstəxanadan ibarət Hafsa Sultan külliyəsidir. Külliyəyə aid olan hamam və xəstəxana isə 1538–1539 tarixlərində oğlu tərəfindən inşa olunmuşdur. Hafsa Sultanın xeyriyyə qurumunun sənədlərinə görə, onun İzmirdə də bir məscidi var. Nurbanu Sultan da əsərlər inşa etdirən validələrdən biridir. Ən önəmli əsəri 1570–1579 tarixlərində Üsküdarda Memar Sənan tərəfindən inşa edilən Atik Validə Sultan külliyəsidir. Külliyə məscid, mədrəsə, təkkə, məktəb, imarət, hamam və xəstəxanadan ibarətdir. Külliyədə yerləşən kitabxana Osmanlı tarixində qadın tərəfindən qurulan ilk kitabxanadır. Safiyə SultanKösəm Sultan da qurumlar yaradaraq geniş xeyriyyəçilik işləri görmüşdür.

Turhan Sultan, Safiyə Sultanın 1598-ci ildə inşasını başlatdığı Yeni məscid külliyəsini tamamlamış, 30 oktyabr 1665 tarixində özünün də iştirak etdiyi mərasimlə açıq elan etmişdir. Bu məscid qadın sultan tərəfindən inşa olunan ilk məsiciddir. Bundan başqa XVII əsrin ortalarında Çanaqqala boğazının təhlükəsizliyi səbəbilə, Qelles qalası və Qumqalanı inşa etdirmişdir. Hər iki qalanın içində məscid, məktəb, hamam, dükanlar, bazarlar və qala mühafizəçiləri üçün evlər inşa etdirmişdir. 1669-cu ildə Krit adasının fəthi ilə İraklion şəhərindəki Müqəddəs Salvador kilsəsi Validə Turhan Sultan adına məscidə çevrilmişdir. 1681-ci ilin iyulunda Zal Mahmud Paşa məscidi yaxınlığında inşasına başlanan köşk daha sonralar Validə Sultan köşkü adlanmışdır.

Kavalalı Mehmed Əli Paşanın banisi olduğu və 1805-ci ildən etibarən Misirin idarəsini ələ alan Kavalalı ailəsində də, Misir hakimləri və xədivlərinin anaları Osmanlılara nisbət olaraq "Validə Paşa" ünvanı daşımışdır.

  • BA, İrade-Dahiliye, nr. 101585, 10 Receb 1280;
  • BA, KK, nr. 676M(1), s. 97;
  • Selânikî, Târih (İpşirli), I, 140–141;
  • Peçuylu İbrâhim, Târih, II, 72;
  • Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr Zeyli (haz. Nevzat Kaya), Ankara 2003, s. 12–13;
  • Abdurrahman Abdi Paşa, Vekāyi‘nâme (haz. Fahri Çetin Derin), İstanbul 2008, tür.yer.;
  • The Report of Lello Third English Ambassador to the Sublime Porte: Bâbıâli Nezdinde Üçüncü İngiliz Elçisi Lello’nun Muhtırası (nşr. ve trc. Orhan Burian), Ankara 1952, s. 41–43, 45–46, 49, 50, 54–56;
  • Hezârfen Hüseyin Efendi, Telhîsü’l-beyân fî Kavânîn-i Âl-i Osmân (haz. Sevim İlgürel), Ankara 1998, s. 103–104;
  • J.-B. Tavernier, Topkapı Sarayında Yaşam (trc. Perran Üstündağ), İstanbul 1984, s. 158–161;
  • Naîmâ, Târih (haz. Mehmet İpşirli), Ankara 2007, I, III, IV, tür.yer.;
  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (nşr. Abdülkadir Özcan), Ankara 1995, s. 123, 156, 523, 526;
  • Uşşâkīzâde İbrâhim, Uşşâkīzâde Târihi (haz. Raşit Gündoğdu), İstanbul 2005, I, 179–180;
  • Subhî Tarihi: Sami ve Şakir Tarihleri ile Birlikte (haz. Mesut Aydıner), İstanbul 2007, s. 718, 769, 819;
  • Hâkim Mehmed, Târih, TSMK, Bağdat Köşkü, nr. 231, vr. 94b-95b, 101a-b, 102a, 190a;
  • Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 178;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 249–250, 309;
  • Mehmed Emin Edîb Efendi’nin Hayatı ve Târîhi (haz. Ali Osman Çınar, doktora tezi, 1999), MÜ Sosyal Bilimler Enstitüsü, s. 124–127, 162, 172;
  • Ahmed Câvid, Hadîka-i Vekāyi‘ (haz. Adnan Baycar), Ankara 1998, s. 20–21, 141–142;
  • Vâsıf, Târih, I, 42, 44, 46, 77;
  • Teşrîfât-ı Kadîme, s. 124–125;
  • Şânîzâde Mehmed Atâullah Efendi, Târih (haz. Ziya Yılmazer), İstanbul 2008, I, 32, 42–43, 46, 48, 168;
  • Tayyarzâde Atâ Bey, Târih, İstanbul 1293, III, 65–67;
  • Cevdet, Târih, IX, 283–284;
  • Lutfî, Târih, VIII, 112;
  • Uzunçarşılı, Saray Teşkilâtı, s. 76, 150, 154–161, 168–170;
  • İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943–45, I, 194, 220, 222, 250;
  • M. Çağatay Uluçay, Harem’den Mektuplar, İstanbul 1956, I, 19, 20, 79, 80;
  • a.mlf., Padişahların Kadınları ve Kızları, Ankara 1980, tür.yer.;
  • a.mlf., Harem II, Ankara 1985, s. 61–66;
  • a.mlf., "İstanbul’da XVIII. ve XIX. Asırlarda Sultanların Doğumlarında Yapılan Törenler ve Şenliklere Dair", İstanbul Enstitüsü Mecmuası, sy. 4, İstanbul 1958, s. 199–213;
  • Ayşe Osmanoğlu, Babam Abdülhamid, İstanbul 1960, s. 13–14;
  • Nurhan Atasoy — Filiz Çağman, Turkish Miniature Painting, İstanbul 1974, plate 30;
  • Pars Tuğlacı, Osmanlı Saray Kadınları, İstanbul 1985, s. 291, 321–326;
  • A. Galland, İstanbul’a Ait Günlük Hâtıralar: 1672–1673 (nşr. Ch. Schefer, trc. Nahid Sırrı Örik), Ankara 1987, I, 192, 215, 219;
  • Feridun M. Emecen, XVI. Asırda Manisa Kazası, Ankara 1989, s. 95–96;
  • Ali Akyıldız, Tanzimat Dönemi Osmanlı Merkez Teşkilâtında Reform: 1836–1856, İstanbul 1993, s. 97 vd.;
  • a.mlf., Mümin ve Müsrif Bir Padişah Kızı Refia Sultan, İstanbul 2003, s. 8–9;
  • Gravürlerle Türkiye: İstanbul (haz. Mustafa Sevim), Ankara 1996, III, pl. 66;
  • L. P. Peirce, Harem-i Hümayun: Osmanlı İmparatorluğu’nda Hükümranlık ve Kadınlar (trc. Ayşe Berktay), İstanbul 1996, tür.yer.;
  • Arzu T. Terzi, Hazine-i Hassa Nezareti, Ankara 2000, s. 18;
  • Anonim Osmanlı Tarihi: 1099–1116/1688–1704 (haz. Abdülkadir Özcan), Ankara 2000, s. 107–109, 117, 140, 231–232, 244–245, 248–253, 270–272, 275;
  • An Ottoman Protocol Register: Containing Ceremonies from 1736 to 1808 (ed. Hakan T. Karateke), İstanbul-London 2007, s. 109–110, 125–128, 150–154, 157, 159;
  • Mustafa Güler, Gülnuş Vâlide Sultan’ın Hayatı ve Hayrâtı I, İstanbul 2006;
  • Gülru Necipoğlu, 15. ve 16. Yüzyılda Topkapı Sarayı, Mimarî, Tören ve İktidar (trc. Ruşen Sezer), İstanbul 2007, s. 210–214, 227–228;
  • İsmail E. Erünsal, Osmanlı Vakıf Kütüphaneleri: Tarihî Gelişimi ve Organizasyonu, Ankara 2008, s. 149;
  • Lucienne Thys-Şenocak, Osmanlı İmparatorluğu’n-da Kadın Baniler: Hadice Turhan Sultan (trc. Ayla Ortaç), İstanbul 2009;
  • Cerîde-i Havâdis, nr. 525, İstanbul 28 Cemâziyelevvel 1267, s. 1;
  • Tahsin Öz, "Selim III. Mustafa IV. ve Mahmut II. Zamanlarına Ait Birkaç Vesika", TV, sy. 1 (1941), s. 21–22;
  • İbrahim Hakkı Konyalı, "Kanunî Sultan Süleyman’ın Annesi Hafsa Sultan’ın Vakfiyyesi ve Manisa’daki Hayır Eserleri", VD, sy. 8 (1969), s. 50;
  • Ömer Lutfi Barkan, "İstanbul Saraylarına Ait Muhasebe Defterleri", TTK Belgeler, IX/13 (1979), s. 155;
  • M. Hüdai Şentürk, "Bezmiâlem Vâlide Sultan’ın Hayatı ve Hayır Eserleri", İstanbul Araştırmaları, sy. 6, İstanbul 1998, s. 7–69;
  • J. Deny, "Vâlide Sultan", İA, XIII, 178–187;
  • Virginia H. Aksan, "Wālide Sulŧān", EI² (İng.), XI, 130–131.