Urud qalası
Urud qalası | |
---|---|
Ölkə | Ermənistan |
Yerləşir | Sünik mərzinin Qafan və Qacaran şəhərləri arasında, Oxçuçay və Kığı çaylarının qovuşan yerində, Novruzyurd adlı təpənin üstündə |
Aidiyyatı | Sünik knyazlığı |
Tikilmə tarixi | III-IV əsrlər |
|
Urud qalası - Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Urud qalası qədim Zəngəzurun Qarakilsə nahiyəsinin Urud kəndində Bazarçayın sağ sahilindəki təpəlikdə VIVII əsrlərdə inşa edilmişdir.
Haqqında
[redaktə | mənbəni redaktə et]Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1075–1094-cü illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.[1]XIII əsrin əvvəllərində Xəzərin şimalından gələn qıpçaq Orbelilər nəsli Zəngəzurda məskunlaşaraq xristianlığı qəbul etmişlər. Orbelilər nəsli sonradan erməniləşmişlər. Əmir Teymurun qoşunları 1386-cı ildə Süniki işğal edərkən Urud qalasını da zəbt etmişdir. Qaraqoyunlu hökmdarı Qara Yusif 1407-ci ildə Urud qalasını almış və yerli feodal məlik Bağırı qalanın hakimi təyin etmişdir. Qaraqoyunlu feodallarından olan Məlik Bağırın tayfası üç yüz ilə yaxın bir müddətdə Urud qalasının hakimi olmuşlar. Məlikbağırlılar XX əsrin əvvəllərinə kimi Urudda yaşamış, yüksək dini təhsil görmüş, dini rütbə daşımış, savadlı, sayılıb seçilən bir nəsil kimi tanınmışlar. Urud qalası indi uçulub-dağılmış haldadır, qalanın yuxarıdan görünüşü şimal-qərb və cənub-şərqə doğru uzanan yəhər formasındadır. Qala hər üç tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Yalnız cənub-qərb tərəfdən qoşa hasar divarlarının qalıqları görünür. Hasar iri, yonulmamış bazalt daşlarla və gəc məhlulla hörülmüşdür. Urud qalasının Bazarçaya baxan divarında çaya doğru gedən yeraltı yolun qalıqları indiyədək saxlanılmaqdadır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Urud qalası haqqında Sultan fərmanından çıxarışı: "Bitlis hakimi Şərəf xan ilə Maku sancaqbəyisi Əvəz bəy Sultana məktub göndərib, bildirdilər ki, Naxçıvan əyanından Əmir Ziyaülmülkün övladlarından olan mövlana Məhəmməd bəd əməlli qızılbaşlardan üz döndərib, öz adamları ilə gəlib Urud qalasına yerləşmişdir. Urud qalasında olduğu müddət ərzində qızılbaşlarla dəfələrlə vuruşmuş və onları məhv etmişdir. Qalanın hakimi Urud qalasını zəbt etmək məqsədilə üzərinə hücum etmişdirsə də, döyüşləri uduzub geri çəkilmişdir. Urud qalasını lazımınca müdafiə etmiş mövlana Məhəmməd sultan üçün də böyük xidmətlər göstərmişdir. Deyilənləri nəzərə alaraq, mövlana Məhəmmədə məxsus və Naxçıvanın Cəhrik, Qıvraq adlı kəndlərindən və Türküt adlı məzrədən ibarət övlad vəqfinin yenə də onun istifadəsində qalması üçün Sultandan xahiş olunmuş, Sultanın cümadüləvvəl ayı 995-ci il tarixində bu barədə fərmanı (əmri-şərif) verilmişdir[3]
Adının dəyişdirilməsi
[redaktə | mənbəni redaktə et]Hündür, sıldırım qayanın zirvəsində yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən divarla əhatələnmişdi. Yerli camaatın dediyinə görə, qalanın zirvəsindən çaya gizli yol varmış. Qala-qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. 03.07.1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişib Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Urud kəndində 1988-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Bu kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçmüşlər. Urud qalasının yalnız xarabalıqları qalır.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 44–45
- ↑ "Qədim türk qalası Urud". genderi.org. İstifadə tarixi: 19 sentyabr 2023.[ölü keçid]
- ↑ Musa Urud. Zəngəzur. (Elmi-publisistik nəşr). Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2005
- ↑ "Ermənilər hər zaman tarixi torpaqlarımızda terror və vandalizm siyasəti həyata keçiriblər". ikisahil.az. 2022-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.