Tənbur
Tənbur | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 321.321 |
Vikianbarda əlaqəli mediafayllar |
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub.[1]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur.
Tarixçə
[redaktə | mənbəni redaktə et]Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var. Orta əsr miniatür sənəti əsərlərində bir sıra musiqi alətləri ilə yanaşı tənburun da geniş təsviri verilmişdir. 1530-cu ildə ustad Soltan Məhəmmədin çəkdiyi Zöhhakın edamı rəsmində yerdə oturub iki telli, qısa qollu Şirvan tənburu çalan musiqiçinin təsviri verilmişdir.
Bəzi mənbələr, məsələn, Ə.Fərabinin "Kitab ül-musiqiyi-kəbir" kitabı tənburun yunan filosofu Pifaqor tərəfindən eramızdan əvvəl VI əsrdə icad edildiyini göstərir. Sənətşünaslıq namizədi Aslan Məmmədov isə Cənubi Azərbaycanın Cığamış şəhərindən tapılmış saxsı qaba istinadən, alətdən eramızdan əvvəl VI minillikdə Urmiya bölgəsində istifadə edildiyini bildirir.
Orta əsrlərin musiqişünas-alimi Dərviş Əli tənburu "bütün musiqi alətlərinin müəllimi" hesab edirdi. Füzuli "Yeddi cam" poemasında "Sitar ilə söhbət" başlığında yazır:
Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən,
Rəğbət açarı ilə ona da bir qapı aç sən.
Aç bir qapı ki, zahir olub nəşələr ondan,
Qəlblər gülərək daim olar gül kimi xəndan.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Tənbur növlərinə görə müxtəlifdir. Gövdəsi tut və ərik, üzü şam, qolu isə qoz ağacından hazırlanır. Qədimliyi ilə bir çox müsiqi alətlərindən fərqlənən tənbur musiqi alətinin təsvirinə hələ miniatür rəsminin bir o qədər təşəkkül tapmadığı dövrlərdən əvvəl rast gəlmək olar. Yaxın Şərqdə qazıntılar zamanı tapılmış XI əsrə aid bir çini boşqab üzərində iki simli tənbur çalan varsağın təsviri verilmişdir. Bundan başqa, XII–XIII əsrlərə aid edilən bir çox saxsı qablar üzərində tənburun təsviri verilib. Orta əsrə aid musiqi alətlərinin təsvirində tənbur ilə yanaşı qopuz, dütar, uzan və başqa alətlərin təsviri var. Ümumiyyətlə, bir çox musiqişünaslar, dütar, setar, çahartar, qopuz və onlara bənzər simli musiqi alətlərini tənburun növlərindən hesab edirlər.
Müasir tənbur armudvari olub kiçik çanaqdan və uzun qoldan ibarətdir. Bu qola 16-dək pərdə bağlanır. Simlərin sayı beşdən çox olmur. Baş və orta barmaqla çalınır.
Növləri
[redaktə | mənbəni redaktə et]Tənburun bir sıra növləri var: Bağdad tənburu, Şirvan tənburu, dütar, setar, çahartar, pənctar, şeştar, sənc, dambur və s. Türk tənburu Şirvan tənburundan kasasının və səthinin kiçikliyi ilə fərqlənib.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Qədim musiqi alətlərimiz zəngin mədəni tariximizi əks etdirir". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.