Səlim bəy Behbudov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səlim bəy Behbudov | |
---|---|
Səlim Mehrəli bəy oğlu Behbudov | |
Doğum tarixi | 4 (16) iyun 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 1943 (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Fəaliyyəti | tərcüməçi |
Səlim bəy Behbudov (4 (16) iyun 1883, Üçoğlan, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 4 yanvar 1943, Bakı) — tərcüməçi, pedaqoq.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Səlim bəy Mehrəli bəy oğlu 1885-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Ali savad ardınca Rusiyaya üz tutmuşdu. 1905-ci ilin 9 yanvar bazar günü Sankt-Peterburq Texnologiya İnstitutu hökumət rəsmi şəkildə bağladı. Səlim bəy də tutulmaq təhlükəsindən yaxa qurtararaq institutla vidalaşıb, doğma Şuşasına qayıtdı. Şuşafa fransız dilini öyrənməklə məşğul oldu, Avropanın ali məktəblərindən birinə daxil olmağa hazırlaşdı. Həmin vaxt atası Mehrəli bəyin qəflətən vəfat etməsi maddi cəhətdən Səlim bəyin vəziyyətini xeyli ağırlaşdırdı. Lakin Səlim bəy xeyriyyəçi Əjdər bəy Aşurbəyovun yanına getdi, gəlişinin məqsədini və arzusunu bildirdi. Aşurbəyov ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil almağa göndərdi. 1906-cı ilin yayında Səlim bəy Behbudov Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsinə qəbul olundu. Burada o, gələcəkdə Türkiyə Kommunist Partiyasının banilərindən və rəhbərlərindən olacaq Mustafa Sübhi ilə eyni kursda oxudu. Ərəb, fars, rus dillərini gözəl bildiyi üçün ikinci kursda oxuyarkən böyüklər üçün açılmış Berlits məktəbində rus və türk dillərindən dərs deməyə dəvət olundu. Beləliklə, o, tələbəykən həm də müəllim oldu, fransızlara bu dilləri öyrətməyə başladı.
1910-cu ildə təhsilini başa vuran Səlim bəy Behbudov Berlits məktəbinin müdiriyyəti ilə müqavilə əsasında Parisdə qalaraq üç il də müəllimlik fəaliyyətini davam etdirdi və 1913-cü ildə Şuşaya qayıtdı. Dövlət idarələrində münasib iş tapmayan bu ali təhsilli mütəxəssis bir müddət şəxsi evlərdə fransız dili dərsi dedi. 1917-ci ildə vaxtilə oxuduğu Şuşa Real Məktəbinə müəllimliyə dəvət olundu və eyni zamanda qız progimnaziyasında fransız dilini tədris eləməyə başladı.
1918-ci ildə Qarabağda baş verən hərc-mərclik, xüsusilə də, getdikcə alovlanan erməni-müsəlman davası Səlim bəyin real məktəbdən və qız progimnaziyasından getməsinə səbəb oldu. O, yenə də əvvəlki kimi evlərdə dərs deməyə başladı.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hökumət Səlim bəyi Ağdama qaçqınlar üzrə müvəkkil vəzifəsinə göndərdi. O, bir müddət Aşağı və Yuxarı Qarabağda qaçqınların problemləri ilə, xüsusən də, onların yerləşdirilməsi ilə məşğul oldu.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Səlim bəy Behbudovu yüksək ixtisaslı kadr kimi dövlət idarələrinə işə cəlb elədilər. O, bir müddət Qarabağ İnqilab Komitəsində katib, tərcümə şöbəsinin, Azərbaycan Kənd Təsərrüfatı Bankı Ağdam şöbəsinin, Ağdam İcraiyyə Komitəsində torpaq şöbəsinin müdiri vəzifələrində çalışdı. Lakin çox çəkmədən ictimai mənşəyinə görə işdən azad olundu. Daha sonra kənd təsərrüfatı işləri ilə məşğul olmağa başladı. Sonra isə Üçoğlan kəndində atasından qalma 25 desyatin torpaq sahəsini və əmisi oğlu Cahangir bəylə şərikli kəhrizini kəndlilərə icarəyə verdi. Bir müddət işsiz qalan Səlim bəy Behbudov 1926-cı ildə həmişəlik Bakıya köçdü, Dövlət Plan Komitəsində mədəniyyət bölməsinin katibi vəzifəsinə işə düzəldi. Dörd il burada çalışdı, sonra altı il də Azərbaycan Sənaye Şurasında, Azərxalçaittifaqda kadrlar üzrə iqtisadçı işlədi. O, eyni zamanda Bakıdakı 25 nömrəli orta məktəbdə fransız dilini tədris edirdi.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Səlim bəy də gözəl avazla oxuyur, həm yaxşı qarmon çalır, həm də poeziyaya və xalq yaradıcılığına böyük həvəs göstərirdi. O, folklor nümunələrini — atalar sözlərini, zərb-məsəlləri, nağılları, bayatıları, tapmacaları və s. toplayır, dövri mətbuatda dərc etdirirdi. Qohum-əqrəba, dost-tanış arasında "Səlim qağa", "Səlim dadaş" kimi müraciət olunan Səlim bəy mətbuat və elm aləmində "Bəy Behbudov", ya da "Behbud bəy Behbudov" kimi tanınır, bədii yazılarını isə bəzən "Bəy Behbud" təxəllüsü ilə imzalayırdı. Yaxın qohumlarından tibb elmləri doktoru Şəmsi Behbudov xatırlayır ki, Səlim bəy onun atası Mirzəli bəyə və əmilərinə göndərdiyi məktubları nəzmlə yazırdı.
Salman Mümtazın 1932-ci ildə İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsinin yeganə nüsxəsini Xan qızı Xurşidbanu Natəvanın nəvəsi Xasay xan Usmiyevin yaxından köməkliyi ilə Azərbaycan Dövlət Muzeyində tapıb üzə çıxarması ədəbiyyat aləmində sensasiyaya səbəb olmuş və yeniliyə çevrilmişdi. Salman Mümtaz bu əsəri kitab halında çap etdirmək üçün 1933-cü ilin sonlarında "Azərnəşr"in ədəbi irs şöbəsinə təqdim eləmişdi. Tərcümə barədə danışılıb razılaşandan sonra hekayəni Səlim bəyə verdi. Redaktorluq isə Əsəd Axundova həvalə olundu. Salman Mümtaz "Ədəbiyyat" qəzetinin 1936-cı il 11 mart tarixli nömrəsində "Yüz il bundan əvvəl Azərbaycan nasiri" adlı məqaləsində bu tərcümə barəsində belə yazırdı: "Mənim tövsiyəmə görə hekayənin tərcüməsi Səlim Behbudov yoldaşa və sətirləri qaralamaqla mənə mühəvvəl edildi".
"Rəşid bəy və Səadət xanım"ın fransızcadan tərcümə olunub, nəşr edilməsi Səlim bəy Behbudovu ədəbi ictimaiyyət arasında istedadlı bir mütərcim kimi də tanıtdı və onun adı "Azərnəşr"in tərcüməçiləri siyahısına həmişəlik yazıldı. Çətin və mürəkkəb əsərlərin dilimizə çevrilməsi ona etibar edildi. Çox çəkmədən bu tərcüməçi "Azərbaycanca-fransızca-rusca lüğət" üzərində işləməyə başladı. Tərtibçiyə bu işdə bir qadın mütəxəssis də kömək edirdi. Bu iş hələ başa çatmamış nəşriyyat fransız şairi Pyer Jan Beranjenin "Seçilmiş şeirlər" toplusunu plana saldı və tərcüməni Səlim bəyə tapşırdı. Kitabın redaktoru isə Məmməd Rahim idi.
Tərcümə olunan kitabds tərcüməçinin ad-familiyası belə yazılmışdı: "B. Behbudov". Və bu tərcümə də Səlim bəyə böyük şöhrət gətirdi. O, "Azərnəşr"lə müqavilə əsasında əməkdaşlığını bir müddət davam etdirdi, müxtəlif səpkili əsərləri ana dilimizə çevirdi.
İkinci Dünya müharibəsi ərəfəsində Səlim bəy nədənsə "Azərnəşr"lə əlaqəsini kəsmişdi və daha tərcümə işləri ilə məşğul olmur, yalnız orta məktəbdə dərs deməklə kifayətlənirdi.
Həbsi
[redaktə | mənbəni redaktə et]Əvvəllər bəy olmasını, xarici ölkədə ali təhsil almasını bəhanə edərək onu hökumətin gözündə şübhəli şəxs kimi qələmə verdilər və izləməyə başladılar. Repressiya illərində minlərlə günahsız insanın, xüsusən də, əsilli-nəsilli adamların, milli ruhlu ziyalıların məhv edilməsini gözlərilə görən Səlim bəy yaşadığı quruluşla qəti barışa bilmirdi. O, artıq bu hökumətdən əlini üzmüş, küskünləşmişdi. Hətta işə də getmir, bəzi adamlardan uzaq gəzirdi. Gedəcəyi yer isə yalnız yaxın qohum-əqrəbalarının və dost-tanışlarının evləri idi. Hər gün axşamçağı gözündə eynək, başında hündür şlyapa, əynində qara rəngli pencək olan Səlim bəy sədəfə tutulmuş əsasını da götürərək bəzən ailəsi ilə, bəzən də tək-tənha evdən çıxır, bir də gecəyarısı qayıdırdı. Bu isə onu qarabaqara izləyən dövlət təhlükəsizlik orqanları əməkdaşlarının nəzərindən yayınmırdı. Onun ardınca düşən agentlər Səlim bəyin hər bir addımına göz qoyurdular.
1941-ci il dekabrın sonları idi. Səlim bəy xanımı Şəmsini və qızı Dilsuzu da götürüb, Yeni ili qeyd eləmək üçün yaxın qohumu Məmməd Muradovun evinə yollandı. Ağalar bəy Əliverdibəyov arvadı Məhbubə xanımla, Xan Şuşinski arvadı Tovuz xanımla, Cəmil bəy Behbudov xanımı Səltənət xanımla, Yusif Məlikov xanımı Sona xanımla, digər qohumları — Cahangir bəy Behbudov, İbrahim bəy Fuladov, Firudin bəy Behbudov, Mövsüm bəy Əhmədov da məclisdə idilər. Qonaqlar keçmişdən, gələcəkdən, təzəcə başlanan müharibədən danışır, tez-tez Hitlerin, Stalinin adlarını çəkirdilər. Pəncərənin önündə, qaranlıq bir küncdə özünə yer eləyən agent isə eşitdiklərini bir-bir bloknotuna qeyd edirdi. Məlumat toplayan agent Məmməd Muradovun mənzilində olan "antisovet təbliğat" barədə yuxarı orqanlara məlumat verdi. Rəis müavini, dövlət təhlükəsizlik leytenantı B. İ. Kalyagin 1942-ci il yanvarın 22-də onun cinayət işini belə rəsmiləşdirdi: "Səlim bəy Behbudov antisovet ünsürdür. 1940–1942-ci illərdə o, hökumətdən narazı olan bir dəstə adamı başına toplayaraq müntəzəm surətdə Sovet hakimiyyətinə qarşı gizli əksinqilabi təşviqat aparır. Köhnə bəy-xan ağalığı dövrünün qanun-qaydalarını tərifləyərək onun bərpa olunması mövqeyində dayanır. Kolxoz quruluşuna böhtan atır, sosialist tədbirlərinə, vergi siyasətinə qarşı çıxır. Faşistlərin müvəqqəti olaraq tutduqları rayonlarda dinc əhaliyə və hərbi əsirlərə qarşı etdikləri vəhşiliklər barədə Sovet informasiya bürosunun məlumatlarının yalan olduğunu təsdiqləyir. Bir sözlə, Böyük Vətən müharibəsində Sovet xalqının məğlubiyyətinin tərəfdarı kimi çıxış edir və sair və ilaxır"
Yanvarın 24-də Səlim bəy Behbudov həbs olundu. On bir ay həbsxanada işgəncələrə məruz qalandan sonra Mövsüm bəy Əhmədovla birlikdə 1942-ci ildə güllələndi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008, 168 səh;
- Ənvər Çingizoğlu. Qarabağda maarif. Bakı: Zərdabi LTD, 2013, 288 səh;
- Vasif Quliyev. Biz gedəsiyik, dünya qalası. Bakı: "Şuşa", 2001, 400 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Quliyev, Vasif. ""Bəy Behbud" - Səlim bəy Behbudov". 525-ci qəzet. 2021-06-01. 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-03.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 16 iyunda doğulanlar
- 1883-cü ildə doğulanlar
- Şuşa qəzasında doğulanlar
- 4 yanvarda vəfat edənlər
- 1943-cü ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Behbudovlar
- Azərbaycan pedaqoqları
- Azərbaycanlı pedaqoqlar
- Azərbaycan tərcüməçiləri
- Azərbaycanlı tərcüməçilər
- Repressiya qurbanları