Numerologiya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Numerologiya (lat. numerus – rəqəm) — bir insanın xarakterini şərh etmək və ya gələcəyini təyin etmək üçün rəqəmlərdən istifadəyə əsaslanan psevdoelm.
Bütün qədim mədəniyyətlərdə "elm" və "magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiya – astrologiyadan, tibb – xalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır.
Numerologiyanın yaranma tarixi
[redaktə | mənbəni redaktə et]Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir. Uşaqlıqda Pifaqor kahinlərin himayəsinə verilir. Pifaqor onların yanında – mənəviyyatı bol olan məkanda boya başa çatır, orada meditasiyanı öyrənir və ulduzları sevməyə başlayır. O, qeyri-adi ideyaları, fikirləri ilə hamını heyran edir.
Pifaqorun elmi 2 hissədən ibarət idi: Rəqəmlər haqqında elm və Miqdar nəzəriyyəsi. Birinci hissə özündə cəbr və musiqini, ikinci hissə isə həndəsə və astronomiyanı birləşdirirdi. O, rəqəmləri adi hesablama elementləri deyil, həyatın real ünsürləri kimi qəbul edirdi. Pifaqor deyirdi: "Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir". Bu şifrələrin çözülməsi, aydınlaşdırılması üçün "Numerologiya" elmi yaradıldı.
Pifaqor kvadratı (Psixomatrisin qurulması)
[redaktə | mənbəni redaktə et]Hər bir elmin açarı olduğu kimi, numerologiya elminin açarı Pifaqor kvadratıdır. Pifaqor kvadratı – psixomatrisin maketidir. Bu kvadrat hər hansı bir şəxsin doğum tarixinin üzərində hesablamalar aparmaqla onun xarakteri, sağlamlığı, taleyi, gündəlik proqnozları barədə məlumat əldə etmək üçün qurulur. Hesablamalar aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Nümunə: Doğum tarixi: 15.04.1972 (15 aprel 1972-ci il)
- 1. İlk hesablama doğum tarixinin təşkil etdiyi bütün rəqəmlərin toplanması.
- 1+5+4+1+9+7+2=29 (ilk şifrə)
- 2. İkinci hesablama ilk şifrənin (29) təşkil etdiyi rəqəmlərinin toplanması.
- 2+9=11 (ikinci şifrə)
- 3. Üçüncü hesablama ilk şifrədən (29) doğum günü tarixinin ilk rəqəmini (1) 2-yə (sabit əmsal)
vurmaqla çıxılır:
- (Qeyd:Doğum gününün tarixi bir rəqəmli olduqda, həmin rəqəmin özü götürülür).
- 29-(1*2)=29–2=27 (üçüncü şifrə)
- 4. Dördüncü hesablama üçüncü şifrənin (27) təşkil etdiyi rəqəmlərinin toplanması:
- 2+7=9 (dördüncü şifrə)
Dördüncü şifrə müəyyənləşdikdən sonra hesablama sona çatır və Pifaqor kvadratı (Psixomatris) qurulur. Bu rəqəmlərin hamısı Pifaqor kvadratında yerləşdirilir.
- Doğum tarixi: 1541972
- Şifrələr: 2911279
Qeyd: Xanalara doğum tarixi və şifrələrin birlikdə rəqəmləri daxil edilir. Məsələn, birinci xanaya "1" rəqəmi 4 dəfə daxil edilir. Hər hansı bir rəqəm olmadıqda isə həmin rəqəmin yeri xanada boş olaraq qalır. Məsələn, "3" rəqəminə təsadüf edilmir. Ona görə də 3 xanasına rəqəm daxil edilmir. (Qeyd: 0 nəzərə alınmır)
Psixomatrisin xarakteristikası
[redaktə | mənbəni redaktə et]Pifaqor kvadratı qurulduqdan sonra həmin kvadratın sətirləri, sütunları, diaqonalları və ayrı-ayrı xanalar üzrə təhlil aparılır. Təhlil müvafiq insanın doğum gününə uyğun olaraq onun xarakteri, sağlamlığı, həyatda tutduğu mövqeyi və s. müəyyənləşdirilir. Pifaqorun kvadratı nümunədə də göründüyü kimi 3 sətir, 3 sütun, 2 diaqonal və 9 xanadan ibarətdir. Hər bir sətir, sütun, diaqonal və xana müvafiq anlam daşıyır. Psixomatrisin hər bir kateqoriyası rəqəmlərinin sayına görə keyfiyyət dərəcələrinə malikdir. Həmin keyfiyyət dərəcələri aşağıdan yuxarıya doğru yüksələn xətlə inkişaf edir.
Psixomatrisin sətirləri
[redaktə | mənbəni redaktə et]Psixomatrisin üfüqi cizgi üzrə 3 sətri var. Sətirlərin keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sətrdəki müvafiq rəqəmlərin sayının cəmi götürülür.
Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə bərabərdir. Əgər birinci sətirdə "1" xanasında iki simvol, "4" xanasında bir simvol, "7" xanasında simvol yoxdursa, birinci sətrin keyfiyyət dərəcəsi: 2+1+0=3 (3) olaraq qiymətləndirilir.
Psixomatrisin I sətri
[redaktə | mənbəni redaktə et]Psixomatrisin birinci sətri "1", "4" və "7"-ci xanalardan ibarətdir.
Birinci sətir aşağıdakı kimi xarakterizə olunur:
- İnsanın həyatda məqsədli yaşaması
- Müəyyən məqsədi əldə etməyə çalışması
- Qarşıya məqsəd qoyma və öz hüquqlarını müdafiə
Birinci sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün birinci sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
- Əgər heç bir rəqəm yoxdursa (birinci sətir boşdursa) – Bu insan qarşısına məqsəd qoymur, başqa insanlara və təsadüflərə güvənir. Onu öz fikrindən daşındırmaq və öz planlarını rədd etməyə məcbur etmək olduqca asandır.
- Bir rəqəm – Nisbətən zəif məqsədlidir. Bu keyfiyyətə malik insanlar tez-tez mübahisə edirlər. Ancaq mübahisə etmələri heç də o demək deyildir ki, onlar mübahisənin qalib gələn tərəfi olurlar. Onlar sadəcə mübahisədə qalib gəlməyə can atırlar. Dostlarına və təsadüflərə güvənir.
- İki rəqəm – Normal məqsədli yaşam. Bu insan həyatda yavaş-yavaş irəliləyir. Əvvəlcə öz potensialını müəyyən etdikdən sonra, qarşısına müvafiq məqsədlər qoyur.
- Üç rəqəm – Bu insan öz məqsədini gözlənilmədən dəyişir. Tez-tez onun qəbul etdiyi qərarlar heç cür izah olunmur və bəraət qazanmır.
- Dörd rəqəm – Güclü məqsədli yaşam. İlk öncə insan öz qarşısına müəyyən etdiyi məqsədi qoyur və ondan sonra həmin məqsədə çatıb-çatmamağı və ya həmin tapşırığın öhdəsindən gəlib-gəlməməyi düşünür. Çox vaxt öz maraq dairəsinə və potensialına cavab verməyən məqsədlərə nail olur.
- Beş rəqəm – Çox güclü məqsədli yaşam. Bu insanlar qarşılarına məqsəd qoyduqları zaman öz yaxınlarını belə unudurlar. Onlar məqsədə çatmaq uğrunda çox şey itirə bilərlər, amma məqsədlərinə çatırlar.
- Altı və daha çox rəqəm – Bu göstərici keyfiyyət dərəcəsinin həddindən artıq yüklənməsinə işarədir. İnsan qarşısına eyni anda müxtəlif məqsədlər qoyur və özünü o qarışıq məqsədlərin arasında idarə edə bilmir.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin birinci sətri 7 rəqəmdən ibarətdir. Bu isə həmin şəxsdə keyfiyyət dərəcəsinin həddindən artıq yüklənməsinə, qarşısına eyni anda müxtəlif məqsədlər qoyub, sonradan həmin məqsədləri idarə edə bilməməsinə işarədir.
Psixomatrisin II sətri
[redaktə | mənbəni redaktə et]Psixomatrisin II sətri "2", "5" və "8"-ci xanalardan ibarətdir. İkinci sətir aşağıdakı kimi xarakterizə olunur:
- Ailəcanlı olmaq keyfiyyəti
- Ailə sahibi olmağa meyl
- Yaxınlarının arasında olmaq
İkinci sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün ikinci sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
- Əgər heç bir rəqəm yoxdursa (II sətir boşdursa) – Bu insan ailəcanlı deyil. Bu o deməkdir ki, ailə həmin insanın fikirləşəcəyi ən son şeydir. Bir qayda olaraq, bu keyfiyyətə malik insanlar ailə qurmağa tələsmirlər. Onları ən çox iş, karyera və dostları düşündürür.
- Bir və ya iki rəqəm – Bu insan başa düşür ki, ailə qurmaq lazımdır, lakin bu istiqamətdə xüsusi səy göstərmir. Gözləyir ki, nə vaxt hər şey öz-özünə həll olunacaq.
- Üç rəqəm – Bu insanlar ikili istək içində olurlar. Ailə qurmaq və ya qurmamaq arasında tərəddüd edirlər. Bir tərəfdən hədsiz dərəcədə ailə qurmaq istəsələr də, digər tərəfdən ümumiyyətlə ailə qurmaq haqqında düşünmək belə istəmirlər. Əgər bu tipli insanlar ailə qurmaq üçün qərar veriblərsə, tezliklə bunu reallaşdırmaq lazımdır, əks halda onun ailə qurmağı uzun bir zaman tələb edə bilər.
- Dörd rəqəm – Bu insan ailə qurmaq istəyir və istəyir ki, bu iş tezliklə baş versin. Bəzən ailənin dağılma təhlükəsi yarandıqda ailəsini qorumaq üçün çalışır.
- Beş rəqəm – Ailəcanlı olmağın ən güclü keyfiyyət göstəricisi. Bu tipli insanlar ailələrinin ideal görünməsini istəyirlər və bu mənada ailələrinə qarşı həddindən artıq tələbkar olurlar. Ailələrinə tələbkar olduqları kimi, özlərinə də eyni səviyyədə tələbkar davranırlar. Ümumiyyətlə, bu insanlar özlərini ailəsiz halda düşünə bilmirlər.
- Altı və daha çox rəqəm – Ailəcanlı olmaq keyfiyyətinin həddindən artıq yüklənməsi, bu keyfiyyət dərəcəsinin zəifləməsi ilə izah olunur ki. Bu insanlar öz ideallarını uzun müddət axtarırlar və ailə qura bilmirlər. Və ya ailələrini vaxtında qursalar da, həddindən artıq ailə problemləri ilə üzləşirlər. Bu proses onların ailəcanlı olmaq keyfiyyət dərəcəsini aşağı salır.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin 2. sətri 4 rəqəmdən ibarətdir. Deməli, bu insan ailə qurmaq istəyir və istəyir ki, bu proses uzanmasın. Və ailəsinin dağılmaması üçün əlindən gələni etməyə hazırdır.
Psixomatrisin III sətri
[redaktə | mənbəni redaktə et]Psixomatrisin III sətri "3", "6" və "9"-cu xanalardan ibarətdir. Üçüncü sətir aşağıdakı kimi xarakterizə olunur:
- İnsanın stabilliyi
- Dəyişikliyi xoşlamaq
- Vərdişlər, bağlılıqlar, qorxular
Üçüncü sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün üçüncü sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
- Rəqəm yoxdursa (III sətir boşdursa) və ya 1 rəqəm – Ruhən inqilabçı insandır. Ətrafında olan hər şeyi dəyişməyə can atır. Mühitin, iş yerini, bir sözlə, özünü və ətrafındakılarını daim dəyişməyə çalışır.
- İki rəqəm – Bu insan dəyişikliyə meyllidir, lakin öz istəyi ilə inqilabçı ruhunu boğa bilir.
- Üç rəqəm – Qeyri-stabil və vərdişləri olan insandır. Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişləri birləşdirsə də, digər tərəfdən çox asanlıqla heç bir səbəbi olmadan onlardan imtina edə bilər. Bütün bunlar gözlənilmədən baş verir.
- Dörd və ya beş rəqəm – Çox stabil insanlardır. Özlərini müxtəlif vərdiş və bağlılıqları ilə mühasirəyə alırlar. Bununla da özləri üçün stabil mühit yaradırlar. Dəyişiklik etməyi ağıllarına belə gətirmirlər.
- Altı və daha çox rəqəm – Keyfiyyət dərəcəsinin yüklənməsi. Bu insanlar o qədər vərdişlərə malik olurlar ki, axırda özləri vərdişlərindən bezirlər. Çünki həmin vərdişlər həyatda onlara mane olmağa başlayır. Demək olar ki, bu insanlar öz vərdişləri ilə mübarizə edirlər.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin III sətri 3 rəqəmdən ibarətdir. Deməli, bu insan qeyri-stabil və vərdişləri olan insandır. Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişləri birləşdirsə də, digər tərəfdən çox asanlıqla heç bir səbəbi olmadan onlardan imtina edə bilər.
Psixomatrisin sütunları
[redaktə | mənbəni redaktə et]Psixomatrisin şaquli cizgi üzrə 3 sütunu vardır. Sütunların keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sütundakı müvafiq rəqəmlərin sayının cəmi götürülür.
Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə bərabərdir. Əgər I sütunda "1" xanasında iki simvol, "2" xanasında bir simvol, "3" xanasında simvol yoxdursa, I sütunun keyfiyyət dərəcəsi:2+1+0=3 (3)olaraq qiymətləndirilir.
Psixomatrisin I sütunu
[redaktə | mənbəni redaktə et]Psixomatrisin I sütunu "1", "2" və "3"-cü xanalardan ibarətdir. Üçüncü sütun aşağıdakı kimi xarakterizə olunur:
- İnsanın özünü qiymətləndirməsi
- Ümumi kütlədən seçilmə arzusu
- Eqoizm
Birinci sütunun keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün birinci sütunda olan rəqəmlərin sayının cəmi hesablanır.)
- Bir, iki və ya üç rəqəm – Hər üç göstəricidən birinə sahip olan şəxs zəif özünüqiymətləndirmə xüsusiyyətinə malikdir. Öz qabiliyyətini aşkara çıxara, qiymətləndirə bilmir. Çox vaxt özlərinə əmin deyillər.
- Dörd rəqəm – Yaxşı özünüqiymətləndirmə. İnsan ümumi kütlədən seçilməyə cəhd göstərir və bunun üçün bütün gücünü ortaya qoyur.
- Beş rəqəm – Çox güclü özünüqiymətləndirmə. Öz gücünü, potensialını çox yaxşı bilir və yaradıcı işlə məşğul olanlar öz sahələrində uğurlar əldə edirlər.
- Altı və daha çox rəqəm – Özünüqiymətləndirmənin yüklənmə vəziyyəti. Bu göstəriciyə uyğun olaraq insan öz daxili gücünü unudub daha çətin işlərlə məşğul olur və bəzi hallarda da öz məqsədlərinə nail ola bilmirlər.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin I sütunu 7 rəqəmdən ibarətdir. Deməli, bu insanda özünüqiymətləndirmə yüklənmə vəziyyətindədir. Bu insan öz daxili gücünü unudub daha çətin işlərlə məşğul olur və bu səbəbdən də məqsədinə nail ola bilmir.
Psixomatrisin II sütunu
[redaktə | mənbəni redaktə et]Psixomatrisin ikinci sütunu "4", "5" və "6"-cı xanalardan ibarətdir. Bu xanalar olduqca aktiv xanalardır və insandan çoxlu güc və zəhmət tələb edir (sağlam olmaq üçün pəhriz saxlamaq, fiziki iş görmək, uzunmüddətli planları reallaşdırmaq).
Psixomatrisin ikinci sütununun analizi:
- Rəqəm yoxdur (II sütun boşdur) – Bu insan öz-özünü təmin etmək istəmir. Özünə kiminsə üstünə (valideynlər, ər, arvad) yıxılmağı rəva bilir. Bu keyfiyyət qadınlar üçün o qədər də təhlükəli sayılmır, belə ki, ailənin təminatı, əsasən, kişilərdən asılıdr.
- Bir rəqəm – Bu insanlar ailələrini təmin etmək üçün nisbətən səy göstərirlər.
- İki rəqəm – Bu insan başa düşür ki, ailənin maddi ehtiyacını qarşılamaq lazımdır. Bunu göz önünə gətirərək, sonradan özünə iş axtarmağa başlayır. Bu iş onun istədiyi iş olmasa belə həmin işdə işləməyi qəbul edir, yetər ki, stabil məvacibli olsun. Beləliklə, bu xüsusiyyətə malik insanlar stabil məvacibə görə öz xəyallarından belə keçə bilərlər.
- Üç rəqəm – Bu insanlar impulsiv çalışırlar. Onların prinsipi belədir: "Tez işləyim və əvəzində əldə etdiyim məvacib hansısa bir müddət üçün yetərli olsun. Sonra yenə işləmək olar."
- Dörd və ya beş rəqəm – Bu insanlar öz güc və vaxtlarını ailələrini təmin etmək üçün qurban verirlər. Bu tipli insanların həyatda yeganə məqsədləri ailələrini təmin etmək olur.
- Altı və daha çox rəqəm – Keyfiyyət dərəcəsinin yüklənməsi. Bu insan cürbəcür işlərlə məşğul olur. İntensiv çalışır. Sonda isə özü də bu qədər işləməkdən bezir və yorulur.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin II sütunu 2 rəqəmdən ibarətdir. Deməli, bu insan başa düşür ki, ailənin maddi ehtiyacını qarşılamaq lazımdır. Və bunu göz önünə gətirərək özünə iş axtarmağa başlayır, yetər ki, stabil məvacibli olsun. Həmin stabil məvacibli işə görə öz xəyallarından belə əl çəkə bilər.
Psixomatrisin III sütunu
[redaktə | mənbəni redaktə et]Psixomatrisin III sütunu "7", "8" və "9"-cu xanalardan ibarətdir. Üçüncü sütun hər bir insanın istedadının keyfiyyət dərəcəsini müəyyənləşdirməyə imkan verir. Üçüncü sütunda nə qədər çox rəqəm yerləşərsə (5 rəqəmə kimi, 5 rəqəmini aşarsa həmin keyfiyyətin
yüklənmə prosesi gedir), bir o qədər də həmin şəxsin istedadı güclü olar.
Üçüncü sütunun analizi:
- Bir və ya İki rəqəm – İstedadın zəif olmasına işarədir.
- Üç və ya Dörd rəqəm – İstedadın normal səviyyədə olmasını göstərir.
- Beş rəqəm – İstedadın yüksək səviyyədə inkişafına işarədir.
- Altı rəqəm – Keyfiyyətin yüklənməsi. İstedadın həddindən artıq olması istedad sahibinin onu itirməsinə səbəb olur.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin III sütunu 5 rəqəmdən ibarətdir. Deməli, bu insanda ən yüksək istedada malikdir.
Psixomatrisin diaqonalları
[redaktə | mənbəni redaktə et]Psixomatrisin diaqonalları qalxan və enən olmaqla iki yerə ayrılır. Psixomatrisin diaqonallarının keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin diaqonaldakı müvafiq rəqəmlərin sayının cəmi götürülür.
Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə bərabərdir. Əgər III xanada iki simvol, V xanada bir simvol, VII xanada simvol yoxdursa, bu diaqonalın keyfiyyət dərəcəsi:2+1+0=3 (3)olaraq qiymətləndirilir.
Psixomatrisin qalxan diaqonalı
[redaktə | mənbəni redaktə et]Psixomatrisin qalxan diaqonalı "3", "5" və "7"-ci xanalardan ibarətdir. Psixomatrisin qalxan diaqonalı aşağıdakı kimi xarakterizə olunur:
- İnsanın intim həyatı
- Temperamentin dərəcəsi
- Cinsi əlaqəyə meyl
Psixomatrisin qalxan diaponalını analiz edək:
- Rəqəm yoxdur və ya Bir rəqəm – Bu göstəriciyə malik insanlar soyuq temperamentə malik olurlar. Əsasən, kişi cinsinin nümayəndələri həyatda daim özlərinə müvafiq xanım axtarışında olurlar. Belə ki, həmin xanım da soyuq temperamentə malik olur. Həm kişi qadını, həm də qadın kişini məmnun edir.
- İki və ya Üç rəqəm – Normal temperament. Bu tipli insanlar hər gün cinsi əlaqədə ola bilərlər. Digər tərəfdən isə, əgər mümkün şərait yoxdursa, səbirlə gözləmək iradəsinə malikdirlər.
- Dörd rəqəm – Güclü temperament. Bu insana cinsi yaxınlıq mütləqdir.
- Beş rəqəm – Temperamentin ən yüksək nöqtəsi. Bu insan cinsi yaxınlıq olmadan keçinə bilmir. Bu insana cinsi yaxınlığın kimlə və necə reallaşması maraqlandırır. Ona qarşı tərəfin ehtirası lazımdır. Bu insan cinsi yaxınlığı incəsənət kimi qəbul edir.
- Altı və daha çox rəqəm – Yüklənmə. Bu insan çox fərqli insanlarla bərabər olur və bu istiqamətdə həm ölçünü, həm də işin mənasını itirir. Bu proses özü-özlüyündə ona cinsi yaxınlığa soyuqluq və istəksizlik gətirir.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin qalxan diaqonalı 3 rəqəmdən ibarətdir. Deməli, bu insan normal temperamentə malikdir, hər gün cinsi əlaqədə ola bilər. Digər tərəfdən isə, əgər mümkün şərait yoxdursa, sabirlə gözləmək iradəsinə malikdir.
Psixomatrisin enən diaqonalı
[redaktə | mənbəni redaktə et]Psixomatrisin enən diaqonalı "1", "5" və "9"-cu xanalardan ibarətdir. Psixomatrisin enən diaqonalı aşağıdakı kimi xarakterizə olunur:
- İnsanın mənəviyyatı
- Allaha inamı
- Mənəvi aləmə meyllilik
Psixomatrisin enən diaqonalını analiz edək:
- Bir və ya İki rəqəm – Mənəvi aləmə meylliliyin zəif göstəricisi.
- Üç və ya Dörd rəqəm – Mənəvi aləmə meylliliyin normal göstəricisi.
- Beş rəqəm – Mənəviyyatı bol olan və Allaha inamın yüksək səviyyədə göstəricisi.
- Altı rəqəm və daha çox rəqəm – Yüklənmə. Bu göstəriciyə malik insanlarda mənəviyyat həddindən artıq artaraq fanatizmlə əvəz olunur. Bu keyfiyyət isə heç də arzu olunan keyfiyyət deyil.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin enən diaqonalı 8 rəqəmdən ibarətdir. Deməli, bu insanda mənəviyyat həddindən artıq artaraq fanatizmlə əvəz olunmuşdur.
Psixomatrisin xanaları
[redaktə | mənbəni redaktə et]Psixomatrisin xanalarının sayı doqquzdur. Bu xanalar "1", "2", "3", "4", "5", "6", "7", "8" və "9"-dur. Psixomatrisin hər bir xanası özünə məxsus məna daşıyır. Bu xanaların təhlili onların tərkibindəki rəqəmlərin sayı ilə müəyyən olunur. Psixomatrisin hər bir xanasının qısa mənası aşağıdakı kimidir:
- I Xana – Xarakter
- II Xana – Enerji
- III Xana – Elmə maraq (xüsusilə, dəqiq elmlərə)
- IV Xana – Sağlamlıq
- V Xana – Məntiq və intuisiya
- VI Xana – Fiziki əməyə meyllilik
- VII Xana – Uğur
- VIII Xana- Dözümlülük və mərhəmət
- IX Xana – Yaddaş
Psixomatrisin I xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisin birinci xanası aşağıdakıları xarakterizə edir.:
- İnsanın xarakteri
- İradi xüsusiyyətlərini
- Hökmranlığa meyl gücünü
- Öz fikirlərini müdafiə etmək qabiliyyətini
Psixomatrisin birinci xanasının analizini aparaq:
- Xarakter "1" TƏK RƏQƏM: Zəif iradəli və eqoist. Demək olar ki, ən çətin xarakterə malik insanlardır. Onlar öz şəxsi təbiətlərində bir çox ziddiyətlərlə qarşılaşırlar. Zəif iradəli olduqlarına görə, müəyyən qərarların qəbulundan boyun qaçırırlar. Belə ki, həmin yükü başqasının çiyninə atmağa çalışırlar. Bu insanlar tez-tez mübahisələrdə olurlar. Onun üçün nə haqqında mübahisə etməsi, mübahisənin mövzusu maraqlandırmır. Onları mübahisədə maraqlandıran yeganə şey qələbədir. Bununla da hamıya öz gücünü göstərməyə can atırlar. Tez-tez eqoist olurlar, belə ki, qələbə qazandıqdan sonra başqalarının xahişini və ya bədbəxtliyini görmürlər. Heç vaxt bu tipli insanlara öz gerçək xasiyyətlərini üzlərinə söyləmək olmaz. Çünki, onlar inciyəcək və həmin mübahisəli xarakterləri işə düşəcək.
- Xarakter "11" İKİ RƏQƏM": Psixomatrisində "11" olan insanlar, yumşaq xarakterləri ilə seçilirlər. Tərifi çox sevirlər və həm də onu qazanırlar. Buna görə də, başqalarına kömək etməyi çox sevirlər. Asanlıqla istənilən mühitə daxil olur və oradakı nəzərləri öz üzərinə cəlb edə bilirlər. Bu insanlar başqalarını dinləməyi bacarırlar. Çox nadir hallarda başqalarına təzyiq göstərirlər.
- Xarakter "111" ÜÇ RƏQƏM": Psixomatrisində "111" olan insanlara "qızıl xasiyyət" adı verilir. Bu insanlar hamıyla dil tapa bilirlər. Söhbət burasındadır ki, onlar mübahisədə istənilən şəxsə güzəştə gedə bilirlər.(hətta psixomatrisind tək bir olana da.) Ən əsası onu bilmək lazımdır ki, bu tipli insanları təhqir etmək olmaz, lazım gəldikdə istənilən despot adamın üzərində qələbə çala bilər.
- Xarakter "1111" DÖRD RƏQƏM": Psixomatrisində "1111" işarəsinə sahib olanlar heç vaxt özlərini başqasının üzərində asanlıqla liderlik edə biləcəyi ilə aldatmasın. Siz lider işarəsi ilə anadan olmusunuz, lakin bunu əldə edə bilmədikdə,(səbəbi: zəif enerji və ya başqa səbəblər) işdə liderliyi qazanmadıqda depresiyaya qapılmayın. Bunu yadda yadda saxlamaq lazımdır ki, hər bir şəxs unikaldır. O cümlədən siz. Siz çox istedadlısınız və psixomatrisin birinci sətrinə görə də özünüzü qiymətləndirməyi bacarırsınız. Siz işdə başqasının üzərində liderlik yox, məhz öz şəxsi karyeranızı qura bilərsiniz. Kişilər çox vaxt idarəçi və ya hərbçi olurlar. Yaltaqlıq və zarafatı xoşlamırlar.
- Xarakter "11111" BEŞ RƏQƏM": Çox özündən əmin, başqasının sözünü ciddiyə almayan və onu yerinə yetirməyən, icra etdiyi əməllərdə yalnız özünə güvənən bir insandır. Hökmranlıqdan əl çəkin. Bu sizin uçurum və böhran nöqtənizdir. Özünüzü elmdə, incəsənətdə, peşədə axtarın. Öz istedadınızı kəşf edin. Əgər sizinlə eyni xarakterə malik insanla yaşayırsınızsa, sizin iki çıxış yolunuz var: Həmin insanın sizin üzərinizdə hökmranlığına yol verməmək və ya ona boyun əymək.Əgər siz üzərinizdə kiminsə ağalıq etməsini xoşlamırsınızsa, o zaman bu keyfiyyətlərə məxsus insanla ailə qurmayın.
- Xarakter "111111" ALTI RƏQƏM VƏ DAHA ÇOX": Əgər keyfiyyət göstəricisi altı rəqəmə çatdısa, artıq bu xarakterin yüklənməsi deməkdir. Yəni hökmran xarakterin dəyişilməsi. Bu insanlar ikili hiss yaşayırlar. Bir yandan bilirlər ki, hakimiyyət onların olmayacaq, digər tərəfdən isə ən aşağı səviyyədə də yaşamaq istəmirlər. Bu tipli insanlar öz sirlərini sərxoş olduqda söyləyirlər. Çox sakit və dözümlüdürlər. Lakin bu sakitlikləri heç də o demək deyildir ki, onlar acıqlı olmurlar. Zaman keçdikcə bütün hirslərini özlərində toplayırlar. Bir müddətdən sonra onlarda emosiya partlayışı baş verir. Ona görə də, yaxınları onun bu xüsusiyyətini bilib qabaqcadan həmin insanı sakitləşdirməlidirlər.
Psixomatrisin II xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisdə iki rəqəmi insanın enerjisini müəyyən edir. Enerji dedikdə, başa düşmək lazımdır ki, enerji insanın ailədə, işdə və cəmiyyətdə hərəkətinə və fəaliyyətinə bilavasitə təsir göstərir. İnsanların xarakteri haqqında danışdıqda, bu insan enerjilidir ifadəsi işlədirik. Bu ifadə həmin insanın cəmiyyətdə aktiv hərəkəti zamanı işlədilir. İki rəqəmi həmçinin insanların energetik əlaqələrini xarakterizə edir. Əsrlər boyu insanlar mövsud energetikanın bədəndə artırılmasına çalışmışlar. Halbuki, insanlar qarşılıqlı münasibət zamanı həm enerjilərini itirə, həm də enerjilərini artıra bilər. Söhbət "Vampirizim" və "Donorluq"dan gedir. Onu yadda saxlamaq lazımdır ki, hər hansı bir söhbət zamanı tərəflərdən biri "vampir" digəri isə "donor" rolunu oynayır. Bu isə həmin şəxslərin psixomatrisində yerləşən ikilərin sayından asılıdır.
Psixomatrisin ikinci xanasının analizini aparaq:
- ENERJİ "2-YOXDUR": Psixomatrisdə iki rəqəminin olmaması çox zəif enerjidən xəbər verir. Bu tipli insanları "enerji vampiri" adlandırırlar, ancaq bu sözdən qorxmaq lazım deyil. Hər bir insan (hətta donor) digərlərinin enerjilərini xəstəlik, mübahisə, stres, kədər zamanı sovururlar. Zəif enerjiyə malik və ya heç enerjisi olmayan insanlar təhsildə, fiziki əməkdə, mübahisədə belə tənbəllikləri ilə seçilirlər. Bir qayda olaraq, onlar həmişə mübahisə iştirakçısı olmaqdan çəkinirlər, lakin mübahisəni kənardan izləməyi sevirlər. Onlara öz daxili qabiliyyət və bacarıqlarını kəşf etmək, ortaya çıxarmaq daxili tənbəlliklərinə görə olduqca çətindir. İtləri çox sevirlər, digər tərəfdən isə pişikləri heç xoşlamırlar. Ona görə ki, itlər "enerji donoru", pişiklər isə "enerji vampiri"ndən ibarətdir.
- ENERJİ "2" BİR RƏQƏM: Psixomatrisin ikinci xanasında bir 2-nin olması həmin insanda defisit enerjinin olmasına işarədir. Demək olar ki, bu insanlar psixomatrisində heç iki olamayanın xüsusiyyətləri ilə eyni keyfiyyətlərə malikdirlər: tənbəllik, dəyişkənlik, qərarsızlıq. Ancaq bu insanların bir fərqli xüsusiyyəti var ki, onlar istəsə, bu keyfiyyətlərini dəyişə bilərlər. Onlar da mübahisədən qaçır, çünki ona sərf edəcək artıq enerjiləri yoxdur. Tez-tez insanlara yaxşılıq edirlər və inanırlar ki, nəticədə əldə etdikləri tərif onların itirilmiş enerjilərini bərpa edir. Tərif, kompliment, liderlik, digərlərindən seçilmə – bütün bunlar bu tipli insanlara məxsusdur. Fiziki əmək onları az maraqlandırır, çünki onların ona sərf edəcək enerjiləri yoxdur.
- ENERJİ "22" İKİ RƏQƏM: Əgər sizin psixomatrinizdə "22" varsa, demək olar ki, sizin bəxtiniz gətirib. Bu normaldır, hansı ki, bütün insanların bu enerji dərəcəsinə ehtiyacı var. Bu insanların yaxşı enerjiləri var, digər insanlarla rahatlıqla ünsiyyət qura bilirlər. "22" enerjisinə sahib insanlar, yaxşı nitq mədəniyyətinə sahib olurlar. Qarşıya istənilən sayda məqsəd qoymaq olar. Çünki, onların enerjiləri həmin məqsədlərə çatmağa kömək edəcək. Yaxşı enerjiyə malik insanlar tənbəlliyə meylli deyillər.
- ENERJİ "222" ÜÇ RƏQƏM: Əgər psixomatrisdə "222" varsa, bu ekstrasens işarəsinin göstəricisidir. Doğulandan və ya sonradan siz ekstrasens keyfiyyətlərə sahib olursunuz. Ekstrasens kimdir?. Bu sualın cavabı olduqca asandır: ekstrasens – xüsusi (fövqəladə) keyfiyyətlərə malik olurlar. Hamının sahib olmadığı hipnoz, şəfavermə, gələcəyi görmə kimi xüsusiyyətlər ekstrasensorikanın mühüm hissələridir. Bu enerjiyə sahib insanlar digərlərindən enerjini alıb, başqalarına ötürmək qabiliyyətinə malikdirlər.
- ENERJİ "2222" DÖRD RƏQƏM VƏ DAHA ÇOX: Əgər psixomatrisdə dörd "2" və daha çoxdursa, bu o deməkdir ki, siz "enerji donoru"sunuz. Bu insanlarda enerji boldur və istədikləri qədər onu sərf edə bilərlər. Bu qədər enerjiyə sahib olmağın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də vardır. Mənfi tərəfləri ondan ibarətdir ki, bu insanlar televiziya proqramlarına çox baxdıqda onlarda tənbəllik hissi oyanır. Bəzən hər şeyə soyuqqanlılıqla yanaşırlar. Hər şeydən əvvəl, bu enerjiyə sahib insanlar özlərini idmanda, tibbdə, müəllimlikdə və fiziki əməkdə sınaya bilərlər. Çünki, bu sahələr yüksək enerji tələb edən sahələrdir. Bu insanlar enerjilərini sərf etməsələr, onlarda enerji artıqlığı yaranacaq və bu proses onların qıcıqlı, əsəbi olmasına gətirib çıxaracaq, tez-tez mübahisə edəcəklər. Mübahisə və konfliktlərdən sonra artıq enerjilərini itirib, yenə normal enerjilərinə sahib olacaqlar. Ancaq, enerjinin bu tərzdə sərfi, təbii ki, məsləhət deyil. Bu ilk növbədə, insan sağlamlığına, onun ruhi vəziyyətinə ziyan gətirə bilər. Enerjini işləməklə, fiziki əməklə itirmək daha məqsədəuyğundur. Artıq enerjini yaxşı itirməyin digər vasitəsi dişi pişikləri bəsləməkdir.(erkək pişiklər daha az enerji sovururlar).
Psixomatrisin III xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisdə 3 rəqəmi elmlərə – ilk növdəbə texnikaya və dəqiq elmlərə marağı əks etdirir. Yadda saxlamaq lazımdır ki, psixomatrisdə 3 rəqəminin çoxluğu həmin insanın dəqiq elmlərə və texnikaya nə qədər maraq göstərdiyini, 3 rəqəminin azlığı isə həmin insanın humanitar elmlərə maraqlı olduğunu ifadə edir. İnsanın dəqiq elmlərdə yaxşı nəticə göstərməsi üçün onun psixomatrisində 3 rəqəmindən savayı, 2,5 və 9 rəqəmlərinin də olması şərtdir.
Psixomatrisin üçüncü xanasının analizini aparaq:
- MARAQ "3-YOX": Psixomatrisdə 3 rəqəminin olmaması insanın humanitar elmlərə və incəsənətə meylli olduğuna işarədir. Biz uşağın maraqları haqqında söhbət apardıqda, xüsusən, oğlan uşaqları problemlə üzləşirik. Demək olar ki, bütün atalar belə düşünürlər ki, humanitar elmlər və incəsənət kişi maraqları ilə üst-üstə düşmür və uşaqlıqdan onları dəqiq elmlərlə maraqlanmağı məcbur edirlər. Bu davranış məntiqi deyil, çünki təbiət həmin uşağı formalaşdırır və onun həyatdakı təyinatını qabaqcadan müəyyənləşdirir.
- MARAQ "3" BİR RƏQƏM: – Sizin psixomatrisinizdə bir 3 var, bu yaxşı əlamətdir, yoxsa pis? Hər şey sizdən asılıdır. Əgər siz qarşınıza öz qabiliyyətinizi inkişaf etdirmək məqsədi qoyursunuzsa, o zaman siz istədiyinizə nail olacaqsınız. Yəni siz istədiyiniz elmlə, həm humanitar, həm də dəqiq elmlərlə məşğul ola bilərsiniz. Belə ki, psixomatrisdə bir 3-ün olması, sizin humanitar elmlərdən ayrılmadığınızı, dəqiq elmlərə isə yenicə atıldığınıza işarədir. Ona görə də seçdiyiniz ixtisas aralıq xarakteri daşımalıdır: iqtisadiyyat, təbiyyat elmləri, siyasi praktika və s.
- MARAQ "33" İKİ RƏQƏM: Psixomatrisdə iki 3-ün olması sizin dəqiq elmlərə və texnikaya marağınızın olmasına işarədir. Əgər siz psixomatrisdə həm də "22" kombinasiyasına maliksinizsə, deməli, siz bu sferada uğurlar əldə etmək imakanına maliksiniz.
- MARAQ "333" ÜÇ RƏQƏM: Psixomatrisdə "333" kombinasiyası varsa, bu insanın elmə marağı stabil deyil. Bu maraq müxtəlif istiqamətlərdə təzahür edə bilər. Dəqiq elmlərə və texnikaya güclü maraq, onları elmin müxtəlif sahələrinə cəlb edir. Bu da onların maraqlarının tez-tez dəyişməsinə səbəb olur. Bu göstəriciyə malik insanlar, əsasən, riyaziyyat, fizika, texnika (avtomatlaşdırma, komputerləşdirmə) sahələrinə maraq göstərir.
- MARAQ "3333" DÖRD RƏQƏM VƏ DAHA ÇOX: Psixomatrisdə "3333" kombinasiyasına XX və XXI əsrlərdə çox az hallarda təsadüf edilir. Bu göstərici çox nadir insanların psixomatrisində mövcuddur. Bunlar, əsasən, tanınmış fizik, riyaziyyatçı, kimyaçı, və digər dəqiq elmlər sahəsindəki şəxsiyyətlərə məxsusdur. Psixomatrisin mövcud işarəsi həmin insanın elmə və texnika olan böyük marağını əks etdirir.
Psixomatrisin IV xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisdə 4 rəqəmi insanın sağlamlığı barədə məlumat verir. İnsanın doğum tarixi vasitəsilə onun sağlamlığının "zəif", "normal" və "güclü" olması barədə informasiya vermək mümkündürmü? Qədim Çində "Numerologiya Sistemi" mövcud idi. Bu sistem insanın daxili orqanlarının müvafiq rəqəmlərlə kombinasiyasını təşkil edirdi. Qədim Çində orqanlar "İn" və "Yan" olmaqla iki qrupa bölünürlər. Əgər hər hansı orqanın uyğun rəqəmi psixomatrisdə çoxluq təşkil edirsə, bu həmin orqanın sağlam olmasına işarədir. Psixomatrisdə hər hansı bir rəqəmin olmaması, ona uyğun orqanın zəif olduğundan xəbər verir. "İn" və "Yan" orqanlar aşağıdakı cədvəldə verilmişdir:
İn orqan | Uyğun rəqəm | Yan orqan | Uyğun rəqəm | Element |
Ürək | 7 | Nazik bağırsaq | 4 | Alov |
Dalaq | 5 | Mədə | 3 | Torpaq |
Ağ ciyər | 9 | Yoğun bağırsaq | 2 | Dəmir |
Böyrək | 6 | Sidik kisəsi | 1 | Su |
Qaraciyər | 8 | Öd kisəsi | 0 | Ağac |
Psixomatrisin dördüncü xanasının analizini aparaq:
- SAĞLAMLIQ "4-YOX": Psixomatrisdə 4 rəqəmi yoxdursa, bu o deməkdir ki, siz doğuşdan zəif orqanizmə sahibsiniz. Ona görə də, siz sağlamlığınızı möhkəmləndirməli və onun qayğısına qalmalısınız. Peşəkar idmanla məşğul olmaq məsləhət deyil, çünki məşqlər sizdən böyük enerji tələb edir və nəticə etibarilə xəstələnməyinizə səbəb ola bilər. Bir qayda olaraq, psixomatrisində 4 rəqəmi olmayan insanlar fiziki əməyə o qədər də meylli deyillər. Əks halda, fiziki əməklə məşğul olduqda zəifləyir və alkoqol, narkotik, mübahisə və ailə daxili konfliktlərə səbəb olur. Sağlamlığınız möhkəm olduqdan sonra siz qarşınıza istədiyiniz məqsədi qoya və reallaşdıra bilərsiniz.
- SAĞLAMLIQ "4" BİR RƏQƏM: Psixomatrisdə cəmi bir 4 varsa, bu o deməkdir ki, doğuluşdan sizə sağlamlıq verilib, ancaq o elə də möhkəm deyil. Həyatın irəliləyən dövrlərində sağlamlıqlarında problemlərlə üzləşirlər. Əgər psixomatrisdə həm də "2222" varsa, siz idmanla və fiziki işlə məşğul ola bilərsiniz.
- SAĞLAMLIQ "44" İKİ RƏQƏM VƏ DAHA ÇOX: Psixomatrisdə iki 4 və ya daha çoxdursa, bu insana doğuluşdan möhkəm sağlamlıq verilib. İdmanla profesional səviyyədə məşğul olmaq olar. Bu göstəriciyə sahib insanlar nadir hallarda xəstələnirlər. Kiminləsə mübahisə etdikdə, öz fiziki gücündən istifadə etməklə qarşı tərəfi susdurmağa cəhd göstərirlər.
Psixomatrisin V xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisdə 5 rəqəmi insanın məntiq və intuisiyasını ifadə edir. Məntiq və intuisiya, gələcəkdəki planları qurmaq, situasiyaların analizini aparmaq, dəqiq elmlərdə təhlil aparmaq üçün insanın ehtiyacı olduğu ən vacib elementdir.
Psixomatrisin beşinci xanasının analizini aparaq:
- MƏNTİQ "5-YOX": Psixomatrisdə 5 rəqəminin olmaması, həmin insanın məntiqdən istifadə etməməsinə işarədir. Həmin insanı xəyalpərəst adlandırmaq olar. Ona görə də, onlar çox uzun müddətli planlar qura bilmirlər. Demək olar ki, onlar plan qurmur, sadəcə xəyallarındakı fikirləri təsvir edirlər. Belə insanların öz dünyaları var və onlar həmin dünyada yaşamaqdan məmnundurlar. Psixotrisində 5 rəqəmi olmayanlar ciddi surətdə texnika və ya dəqiq elmlərlə məşğul olmasınlar. Onların, əsasən, humanitar sahələr və incəsənətlə məşğul olmaları məqsədəuyğundur.
- MƏNTİQ "5" BİR RƏQƏM: Psixomatrisdə bir 5-in olması, o deməkdir ki, bu insan məntiqə sahibdir. Amma o çox zəifdir. Belə insanlar xəyal qurmağı və onun içində yaşamağı sevirlər.Psixomatrisdə üçlər və doqquzlar olarsa, onlar texnikaya maraq göstərirlər. Bu insanların xarakterik xüsusiyyəti xəyallarını məntiq çərçivəsində qururlar.
- MƏNTİQ "55" İKİ RƏQƏM: Psixomatrisdə iki 5-in olması, ondan xəbər verir ki, bu insan güclü məntiqə sahibdir. Dəqiq elmlərlə və texnika ilə məşğul ola bilər. Bu tip insanlar öz gələcəklərini yaxşı planlaşdıra bilirlər. Bu o demək deyil ki, onlar həyatda səhv etmirlər. Çox vaxt onların qəbul etdiyi qərarlar ətrafındakı insanlardan asılı olur. Belə insanları aldatmaq mümkün deyil, çünki onlar yalan ilə doğrunu bir-birindən asanlıqla ayıra bilirlər. Onlar xaricdən mülayim təbiətli görünə bilərlər, lakin yalan söyləyən adama ikinci şans vermirlər.
- MƏNTİQ "555" ÜÇ RƏQƏM VƏ DAHA ÇOX: Psixomatrisdə üç 5-in olması həmin insanın həddindən artıq məntiqdən əziyyət çəkdiyini göstərir. Bu insanlar riyaziyyat, fizika, texnika ilə məşğul olurlar. Hətta bu insanlar əvvəlcədən hadisələri hiss etmək, onları görmək qabiliyyətinə malikdirlər. İntuisiya çox güclüdür. Əgər psixomatrisdə dörd 5 rəqəmi varsa, bu "peyğəmbərlik işarəsi" adlanır. Yəni həmin insanlar gələcəyi görmə qabiliyyətinə malik olurlar.
Psixomatrisin VI xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisdə 6 rəqəmi numeroloji sistemdə ən çətin və ziddiyətli rəqəmdir. Rəqəmin xarakteriskasını verməzdən əvvəl, rəqəm barədə bəzi izahatlar verək: İlk növbədə 6 rəqəmi ilə bağlı müqəddəs "Bibliya"da da məlumat verilmişdir ki, "666" – canavar (yırtıcı, vəhşi heyvan) işarəsidir. Həmçinin bu işarə "şeytan" və ya "cadugər" işarəsidir. Ümumilikdə isə 6 rəqəmi fiziki əməyə meyllilik, zəhmətlə çalışmağı bildirir.
Psixomatrisin altıncı xanasının analizini aparaq:
- ƏMƏK "6-YOX": Psixomatrisdə 6 rəqəmi yoxdursa, bu o deməkdir ki, bu insan fiziki əməyə meylli deyil. Fiziki əməyi sevmir, ancaq lazım gəldikdə fiziki əməklə məşğul olur. Bu insanlar elm və incəsənət üçün doğulublar. Onları heç vaxt fiziki əməyə məcbur etmək olmaz, onlardan yaxşı işçi (fiziki əməklə məşğul olan) çıxmayacaq.
- ƏMƏK "6" BİR RƏQƏM: Psixomatrisdə bir 6-nın olması, həmin insanın fiziki əməklə məşğul olduğunu göstərir. Ancaq, onun fiziki əməklə məşğul olması, təmamilə, həmin insanın istəyi ilə reallaşa bilər. Yəni, siz onu fiziki əməyə məcbur edə bilməzsiniz. Bu işarəyə malik insanlar monoton xasiyyətə malik olurlar.
- ƏMƏK "66" İKİ RƏQƏM: Bu işarəyə malik insanlara "qızıl əllər" adını verirlər. Onlar bütün işləri bacarırlar, söhbət əllərlə bağlı işlərdən gedir. Bu insanlar arasında istedadlı memarlar mövcuddur. Həmçinin, onlar kitab oxumağı, televiziya proqramlarını seyr etməyi xoşlayırlar.
- ƏMƏK "666" ÜÇ RƏQƏM VƏ DAHA ÇOX: Psixomatrisdə "666" kombinasiyası "şeytan rəqəmi" anlamını verir. Bu insanlar "cadugər işarəsi"nə malikdirlər. Əgər siz, bu işarəyə maliksinizsə, heç də qorxmaq və ya özünüzü cadugər adlandırmaq lazım deyil. Bu işarə özünü insanlarda aktiv və passiv mənada göstərir. Əgər insanın yaşadığı ətraf mühit onu qəzəbli, sevgisiz, mərhəmətsiz, digərlərinə qarşı paxıl formalaşdırırsa, o zaman işarə öz aktiv təsirini işə salır və həmin insanda mənfi bioenergetik sahə yaranır. Digər tərəfdən, əgər insanın yaşadığı ətraf mühit onu sevgi, mərhəmət, və digər müsbət keyfiyyətlərə formalaşdırırsa, o zaman həmin işarə öz təsirini göstərə bilmir, yəni passiv formada özünü göstərir. Psixomatrisdə "6666" kombinasiyası daha da təhlükəlidir. Belə insanlar ətrafa zərər verir və özü kimi insanlarla birlikdə ittifaq qurur.
Psixomatrisin VII xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisdə 7 rəqəmi uğura işarədir. Bəzən bu işarəni "mələk işarəsi" də adlandırırlar. Psixomatrisdə 7 rəqəminin sayı insanın uğur dərəcəsini göstərir.
Psixomatrisin yeddinci xanasının analizini aparaq:
- UĞUR "7-YOX": Psixomatrisdə 7 rəqəminin olmaması, o deməkdir ki, insanın uğuru təbiət tərəfindən olan böyük güclə idarə edilmir. Onlara kainat üçün yerinə yetirmələri olan hər hansı bir tapşırıq verilməyib. Onlar həyatda müxtəlif sahələrdə özlərini sınayırlar və bununla da bir çox sınaqlardan keçirlər. Həyatlarında cürbəcür uğursuzluq və hadisələrlə qarşılaşa bilərlər. Təbii ki, bu situasiyalardan təbiətin ona bəxş etdiyi məntiq, elm, iradə vasitəsilə çıxış yolu tapmalıdır.
- UĞUR "7" BİR RƏQƏM: Psixomatrisdə bir 7-nin olması həmin insanın uğurunun zəif olmasına və hadisələrdən siğortalanmadığını göstərir. Bu insan özünü müxtəlif sferalarda kəşf etmək istəyir, daim axtarışda olur. Əgər uşaqların psixomatrisində bir 7 rəqəmi varsa, həmin uşağa öz istedadını kəşf etməyə kömək etmək lazımdır.
- UĞUR "77" İKİ RƏQƏM: Psixomatrisdə iki 7 varsa, bu insan uğurlu insandır. El arasında, bəxti gətirən insan deyirlər. Risk etmək qabiliyyətinə malik olur və qarşısına çətin məqsədlər qoyur, hansı ki, onların öhdəsindən gəlmək iqtidarına malikdir. Bu insanların həyatda üzləşdikləri çətinliklər yalnız onların yanlış seçimlərindən asılı olur.
- UĞUR "777" ÜÇ RƏQƏM VƏ DAHA ÇOX: Psixomatrisdə üç 7-nin olması artıq uğurun keyfiyyət dərəcəsinin aşağı düşməsinə işarədir. Uğurun keyfiyyət dərəcəsinin maksimal göstəricisi 77-dir. Bu insanlar ətraflarına güvəndikləri şəxsləri toplayırlar. Çünki, həyatda fəaliyyətləri o insanlardan asılıdır. Bu insanların həyatda üzləşdikləri uğursuzluqlar çox vaxt yanlış qərar seçimlərindən asılı olur. Bu işarəyə malik insanlar əsasən, həkim, müəllim və ya psixoloq olurlar və bu sferalarda müvəffəqiyyət qazanırlar.
Psixomatrisin VIII xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisdə 8 rəqəmi insanın bir sıra keyfiyyətlərini söyləməyə imkan yaradır. Bu işarə yaxınlarına (ailə, valideynlər) olan borcluluq, dözümlülük, mərhəmət hisslərini xarakterizə edir. 8 rəqəminin niyə məhz bu keyfiyyətləri xarakterizə etdiyini Pifaqor belə izah edir: "Bu sualın cavabı olduqca asandır. Ən yaxın qohumların siyahısını qeyd edək: ata, ana, qardaş (və ya bacı), arvad, oğul, qız, qayınata, qayınana. Siyahıda 8 insan var və onlara qarşı sizin xüsusi borcluluq hissiniz var.Əsas yeri valideynlər tutur, çünki biz onları seçmirik, onlar bizə həyat veriblər və buna görə də biz həmişə valideynlərə qayğı ilə yanaşmalıyıq." 8 rəqəminin xarakterizə etdiyi digər keyfiyyət dözümlülük hissidir. Bu hər bir insanın mütləq sahib olacağı keyfiyyətlərdəndir. Hamıya qarşı səbirli və bütün vəziyyətlərdə dözümlü olmaq lazımdır.
Psixomatrisin səkkizinci xanasının analizini aparaq:
- DÖZÜMLÜLÜK "8-YOX": Psixomatrisdə 8 rəqəmi yoxdursa, bu insanın dözümlülük hissi yox dərəcəsindədir. Bu insanlar çox vaxt əsəbi olurlar.
- DÖZÜMLÜLÜK "8" BİR RƏQƏM: Psixomatrisdə bir 8-in olması o deməkdir ki, bu insana valideynlərinə qarşı borcluluq hissi verilib. Həmçinin dözümlülük hissinə də malikdirlər. Bu insanlar bəzən valideynləri ilə mübahisəli vəziyyətə düşürlər və ailələrinə qarşı zəif dözümlülük nümayiş etdirirlər. Bu zaman onlar düşünməlidirlər ki, onların övladları da eynilə onların təkrarları olacaq. Bu əlaqələr təbiətdə bir-birilə sistemli surətdə sıx bağlıdır.
- DÖZÜMLÜLÜK "88" İKİ RƏQƏM VƏ DAHA ÇOX: Bu insanlar doğuluşdan valideynlərinə borcluluq hissi, valideynlərinə qayğı hissi ilə dünyaya göz açırlar. Bu insanlar mərhəmətli olurlar. Çox dözümlü, yaxınlarını düşünəndirlər. "888" işarəsinə sahib olanlar da eyni xüsusiyyətlərə malikdirlər. Onlar həddindən artıq dözümlü, valideynlərinin qayğısını çəkən, yaxınlarını düşünən olurlar.
Psixomatrisin IX xanası
[redaktə | mənbəni redaktə et]Psixomatrisdə "9" insanın yaddaş və gələcəyi görmə keyfiyyətinə işarədir. Həmin rəqəmin sayından asılı olaraq insanda bu xüsusiyyətlərin də keyfiyyət dərəcələri dəyişir.
Psixomatrisin doqquzuncu xanasının analizini aparaq:
- YADDAŞ "9" BİR RƏQƏM: Bu o deməkdir ki, bu insan unutqandır və başqasına qarşı kin saxlamır. Söyləmək olarmı, bu insan savadlı deyil? –Əsla. Yaddaşla məntiqi qarışdırmaq olmaz. Yaddaş sadəcə olaraq verilən informasiyanı yadda saxlamaq gücüdür.
- YADDAŞ "99" İKİ RƏQƏM: Psixomatrisdə "99" güclü yaddaşdan xəbər verir. Bu insanlar asanlıqla verilən informasiyanı qəbul edir və yaddaşlarında uzun müddət saxlaya bilirlər. Bu onlara elmi işlərlə məşğul olmaq üçün böyük imkanlar yaradır.
- YADDAŞ "999" ÜÇ RƏQƏM VƏ DAHA ÇOX: Bu işarə həmin insanda gələcəyi görmə xüsusiyyətinə işarədir. Onlarda tez-tez dejavü (bir hadisəni qabaqcadan yaşamaq hissi) halları baş verir. Gördükləri yuxular çox vaxt həyatda reallaşır. Bu insanların psixomatrisində ikilərin sayı nə qədər çox olarsa, bir o qədər onlarda gələcəyi görmə gücü yüksək olar. Ən güclü gələcəyi görməyə malik insanların psixomatrisində "9999 və ya 99999" işarəsinə təsadüf edilir.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Джуно Джордан. Классическая нумерология. Издательский дом "София".,2005
- Александр Федорович Александров. Дата рождения — ключ к пониманию человека.Издательский дом "София".,2000
- А.И. Печёнкин.Нумерология.Издательский дом "ACT".,2005
- Калюжный В.В..Нумерология.Издательский дом "Харвест".,2009
- Андрей Костенко.Числа Судьбы.Издательский дом "Харвест".,2008
- Глэдис Лобос.Практическая нумерология.Издательский дом "Харвест".,2004
- Məlikov, Ə. Əbcəd Hesabı və Cəfr Elmi // ResearchGate elmi bazası, 2019, səh.1-6 (http://dx.doi.org/10.13140/RG.2.2.28449.76646)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://www.rodurago.net/en/ Arxivləşdirilib 2013-12-15 at the Wayback Machine
- http://www.pifagor.org
- http://www.numerology.w-world.ru Arxivləşdirilib 2016-04-08 at the Wayback Machine
- http://www.galactica.ru/numeroschool/numeroschool.php
- http://www.akvilon.org.ua/books/a_numer.htm Arxivləşdirilib 2010-03-22 at the Wayback Machine
- http://www.mirknig.com/knigi/.../1181232694-numerrologiya.html[ölü keçid]