Qızılgül yarpaqbükəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qızılgül yarpaqbükəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Qızılgül yarpaqbükəni
Beynəlxalq elmi adı

Qızılgül yarpaqbükəni (lat. Archips rosana L.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyin qanadları açılmış halda 15–22 mm olmaqla, erkək fərdin qabaq qanadları tünd- bozdur. Yumurtası oval formada olub, yaşıl-göyümtül rəngdədir. Tırtılları isə bir neçə rəngin çalarlarına malikdirlər (tünd-yaşıl, açıq-yaşıl, sarımtıl- qəhvəyi), bədənin uzunluğu 18–20 mm-dir.[2] İmaqo: A.rosanus yetkin fərdlərin ön qanadları qırmızımtıl-sarı, tünd-qəhvəyi ləkəlidir, qanadların ölçüsü 15–22 mm-dir. Arxa qanadlar qəhvəyi-bozdur. Pup: Pupları 10–12 mm-dir, sarımtıl-qəhvəyi rənglidir. Tırtıl': Tırtılların ölçüsü 18–20 mm-dir, rəngi açıq yaşıldan tünd yaşıla qədər dəyişir. Yumurta: Yumurtaları uzunsov-oval olub, əvvəlcə yaşılımtıl sonra isə qəhvəyimtil qonur rəngdə olur. Yumurtaların üzəri kəpənəyin pulcuqları ilə qarışmış şəffaf mumabənzər maddə ilə örtülür.

Yarpaqbükənlər (Tortricidae) fəsiləsinə daxil olan kiçik olçülü kəpənəkdir. Azərbaycanın şərq ərazilərində rast gəlinir. Çoxsaylıdır.

Görünüşü.

Qızılgül yarpaqbükəni yumurta mərhələsində ağac budaqlarının qabığı altında qışlayır. Yazda tumurcuqların açılması dövründə gündəlik orta temperatur 18oC olduqda qışlama yerlərindən çıxan tırtıllar, əvvəl tumurcuqlar və çiçəklərlə, sonralar isə təzəcə əmələ gəlmiş yarpaqlara keçərək 2–3 yarpağı ifraz etdiyi maye ilə birləşdirib boru formasına salıb içəri tərəfdən onlarla qidalanırlar. Nəticədə yarpaqların lətli hissəsi yeyilir, damarlanmış hissəsi qalır, belə yarpaqlar tezliklə öz rəngini itirir və quruyub yerə tökülürlər. Zərərvericinin yaşlı tırtılları bəzən meyvələrə də ciddi zərər verir. Tırtıl mərhələsi 35–40 gün davam edir. Puplaşma may ayının axırı iyun ayının əvvəllərində burulmuş yarpaqlar içərisində gedir. 14–18 gündən sonra iyun ayının ikinci ongünlüyündə puplardan kəpənəklər çıxmağa başlayır. Kəpənəklərin yumurta qoyması uçuşun 3–4-cü günü baş verir və 15–20 gün davam edir. Yumurtalarını ağac gövdəsinin qabıq altına (arasına) qoyur. Kəpənək 2–8 gün müddətində 230-a qədər yumurta qoya bilir. Azərbaycanda, o cümlədən Abşeronda zərərverici il ərzində bir nəsil verir. Bölgənin aran hissələrində uçuş iyun ayının əvvəllərində, dəniz sahili yerlərdə isə iyun ayının axırlarında başlayır. Abşeronda qızılgül yarpaqbükəninin tırtıl və puplarından 8 növ (Pimpla turionella L., İtoplectis alternans Grav., Scambus calobata Grav., Bracon hebetor Say., Meteorus confinus Ruth., Ascogaster quadridentata Wesm., Brachymeria intermedia Nees., Trichoqramma cacoecia March.) parazit və yırtıcı aşkar edilmişdir. Bu entomofaqlar zərərvericinin sayının biotənzimlənməsində kompleks şəkildə mühüm rol oynayırlar. A.rosanus monovoltin növdür. Qış diapauzasına topa şəklində qoyulmuş yumurta mərhələsində gedir. Ziyanvericinin diapauzadan çıxması üçün alma ağaclarının tumurcuqlarının partlaması fenoloji siqnal rolunu oynayır.[3]

Yumurtadan çıxmış kiçik yaşlı tırtıllar əvvəlcə bir yarpağı buraraq onun içərisində qidalanır. A.rosanus-un tırtılları yarpaqları tək və qrup şəklində bururlar: tək yarpağı orta damara doğru boru şəklində uzununa bururlar, birdən çox yarpağı ipək tellərlə bir-birinə bağlayıb, çələng halına gətirirlər.[4] Tırtıllar I–II yaş dövründə tumurcuq və qönçələri gəmirir, sonra çiçəklərə keçərək onları zədələyir, eləcə də cavan yarpaqların parenximasını gəmirərək, ancaq damarları qaldıqda yarpaqları tərk edirlər. Ən çox uc tumurcuqlar və zoğları zədələyirlər. Böyük yaşlı tırtıllar meyvələri gəmirərək onların üzərində müxtəlif formalarda deşiklər açır və bəzən toxum kamerasına və tumlara qədər gedərək onlara ziyan vurur. Tırtıllar 4 yaş dövrü keçirərək burulmuş yarpaqlar içərisində puplaşırlar. Puplaşma aprelin axırından başlayır. Puplaşma orta damar istiqamətində burulmuş yarpaq içərisində baş verir. Pupun inkişafı 10–15 gün çəkir. Yetkin fərdlərə mayın 2-ci ongünlüyündən iyulun sonuna qədər rast gəlinir. Yetkin fərdlər 10–25 günə qədər yaşayır. Kəpənəklər gün batandan sonra aktiv olurlar. Pupdan çıxan kəpənəklər 4–5 gün sonra yumurta qoymağa başlayırlar. Kütləvi yumurtaqoyma iyunun ortalarında baş verir. Bir dişi fərdin orta məhsuldarlığı 250-ə qədər yumurtadır. Yumurtanı ağacın hamar budaqları üzərinə topa şəklində qoyur. Hər topada təxminən 60-a qədər yumurta olur. Qoyulmuş yumurtalar gələn ilin yazına qədər diapauzada olurlar. İldə 1 nəsil verir. Trofik əlaqələri: A.rosanus polifaq növdür. Bitkilərin tumurcuq, çiçək, yarpaq və meyvələri ilə qidalanaraq, onlara ciddi ziyan vurur. Qida bitkilərinə bütün enliyarpaq bitkilər — Rosaceae fəsiləsi nümayəndələri, meşə bitkiləri, dekorativ və kol bitkiləri, eləcə də subtropik bitkilər və giləmeyvəlilər də daxildir. Azərbaycanın şərq ərazilərində 26 növ qida bitkisi müəyyən edilmişdir. Əsas qida bitkisi kimi Q.castaneifolia, Malus sp., Armeniaca vulgaris və s. üstünlük verir. Parazitoidləri: Azərbaycanın şərqində A.rosanus-u tırtıl və pup mərhələlərini 28 növ parazitoid yoluxdurur. Parazitoid kompleksinin əsas tərkib hissəsini Ichneumonidae (10 növ), Braconidae (9 növ) nümayəndələri təşkil edir. Kompleksdə Eulophidae fəsiləsi 3 növlə, digər fəsilələr (Tachinidae, Bethylidae, Chalcididae, Pteromalidae, Torymidae, Mymaridae) hər biri bir növlə təmsil olunurlar.[5]

Albaniya, Almaniya, Avstraliya, Belçika, Bosniya və Herseqovina, Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Malta, Niderlandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Siciliya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Krım, Qafqaz, Sibir, Orta Asiya, Azərbaycan.[6] Azərbaycanda Abşeronda qeyd olunub.[2]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. 1 2 E. F. Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  3. Məhərrəmova Ş. M. Parazitoid kompleksinin Archips rosana L. (Lepidoptera, Tortricidae)-in sayının tənzimlənməsində rolu / Azərbaycan Zooloqlar Cəmiyyətinin I qurultayının materialları. Bakı: 2003, s.230–236
  4. Fərzəliyev V. S., Məhərrəmova Ş. M. Mərkəzi Nəbatat Bağında yayılmış bəzi ziyanvericilər və onların parazitoidlərinə dair / Bitkilərin introduksiyası və iqlimləşdirilməsi. Mərkəzi Nəbatat Bağının əsərləri. IV. Bakı: Elm, 2004, s.164–170
  5. Məhərrəmova Ş. M. Azərbaycanın şərqində meşə-meyvə bitkilərinə ziyan vuran yarpaqbükənlərin (Lepidoptera. Tortricidae) növ tərkibi və onların parazitoid kompleksi: B.ü.f.d. dis. ..avtoref., Bakı, 24 s.
  6. "Arxivlənmiş surət". 2017-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.