Vassallıq
Feodal nərdivanı — feodal torpaq münasibətlərinin təzahürü olan feodal ierarxiyası. Feodalizmin strukturu torpaq mülkiyyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu.
Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal ierarxiyası formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süzeren və dövlətin nominal başçısı — kral (şah, xaqan,şoqun.) dururdu. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu — kralın bilavasitə vassalları — arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar (xan, knyaz,daymö) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə — kral vassallarının vassalları dururdular — baronlar (bəy, məlik). Onların iri mülkləri vardı və faktiki olaraq muxtar idilər. Ən sonuncu pilləni Avropada cəngavərlər, Yaponiyada samuraylar tuturdu. Birqalxanlı cəngavərlərin vassalları olmurdu, onların ancaq feodal nərdivanından kənarda qalan, asılı kəndliləri vardı. Hər bir feodal özündən yuxarıda duran feodalın vassalı və öz növbəsində daha aşağıda duranın süzereni idi. Ancaq kral öz ölkəsində heç kimin vassalı deyildi o ancaq başqa kralın və ya papanın vassalı ola bilərdi, Müsəlman şərqində Xəlifənin.
Vassal asılılığın əsasını şərti torpaq mülkiyyəti təşkil edirdi (benefisi, feod, len (alm.), fyef (frans.), iqta (ərəb). Adətən bu torpaq idi, bəzən müəyyən feodal gəlir qaynaqları — renta və başqa gəlir qaynağından istifadəyə icazə verən vəzifə. Feod formal olaraq senyorun — süzerenin ali mülkiyyəti altında qalırdı, amma bilavasitə o, rentanı bütövlükdə və ya onun əhəmiyyətli hissəsini alan, vassalın hökmündə idi. Senyor vassalın ancaq adətlə müəyyən olunmuş hərbi xidmətindən istifadə edirdi və bəzən ondan pul ödənişi — relyef alırdı. Vassalın mütləq hərbi xidməti 40 gündən artıq deyildi. Vassalın öz öhdəliyini yerinə yetirməməsi lenin itirilməsinə gətirirdi. Vassal hərbi müqavimət göstərə və öz torpağını müdafiə edə bilərdi və onun buna tam hüququ çatırdı. IX–XI əsrlərdə benefisilər irsi oldu və vassalı torpaqdan məhrum etmək daha da çətinləşdi.
Feodal adətə görə senyorun vassalın hökmünə feodun verilməsi (investitura) təntənəli, bir çox vassalın təmsil olunduğu şəraitdə baş verirdi. Vassal senyorun qarşısında bir dizi üstünə çökürdü və "onun adamı" olmasını elan edir və öz əlini senyorun əlinə qoyaraq ona sədaqət andı içirdi. Bu və ya digər tərəfin vassal süzeren münasibətlərini pozması münasibətlərin qırılmasına səbəb olurdu. Özü də əgər bu ağanın günahı idisə, vassal feodu özündə saxlayaraq, öz ağasını tərk etmək hüququna malik idi. Əla dərs
Mənbə
[redaktə | mənbəni redaktə et]- Orta Əslər Tarixi "Maarif" Nəşriyyatı Bakı-1988 səh. 119
- История Средних Веков. Москва: Просвещение, 1986, səh. 116–117.