Divani xətti
Divani xətti — Ərəb xətt növü.
Tarixi
[redaktə | mənbəni redaktə et]Nəstəliq xəttinin iranlı xəttatlar tərəfindən ixtirasından sonra iranlı xəttatlarla Osmanlı xəttatları arasında əsl rəqabət başlanır. Osmanlı xəttatları nəstəliq xəttini dəyişdirərək yeni –divani xəttinin əsasını qoyurlar. Yəni, divani xəttini osmanlılar, daha dəqiq, XV əsrin xəttatı İbrahim Münif yaratmışdır.
Bu xətt növü yaradıldıqdan sonra bir çox müsəlman ölkələrində yayılmış, Osmanlı dövlətində pul vəsiqələri, verilən hökm, əmr və fərmanlar, habelə məktub və digər yazılı sənədlər məhz divani xətti ilə yazılmağa və çap olunmağa başlanmışdır.
Divani xətti ilə kitab üzü köçürülməsinə o qədər də əhəmiyyət verilməmişdir. AMEA Əlyazmalar İnstitutunda divani xətti ilə yazılmış sənədlər mövcuddur ki, onların da arasında M.F.Axundovun adına Türkiyədə tərtib edilmiş fərman diqqəti xüsusilə cəlb edir. Burada həmçinin təmiz divani xətti ilə yazılmış 7 ərəbdilli əlyazma kitabı və divani ünsürlü nəsxlə köçürülmüş daha bir ərəbdilli əlyazma qeydə alınmışdır. Sonralar divani təkmilləşdirilərək özünün hazırkı mükəmməl görünüşünə çatdırılmışdır.
Hazırda divaninin iki növü – qəliz divani və qırma divani mövcuddur.
Qırma divanidən fərqli olaraq qəliz divani növündə özündən sonrakı hərflərlə birləşməyən əlif, dəl, zəl, ra və vav hərfləri əyri xətlərlə özündən sonrakı hərflərlə birləşdirilir, xəttin oxunuşunu həm qəlizləşdirir, həm də ona özünəməxsus gözəllik vermiş olur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Adilov M. M.. Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2009, 224 s.