Mirzə Cabbar Məmmədzadə

Vikipediya, azad ensiklopediya
(Cabbar Məhəmmədzadə səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Cabbar Məmmədzadə
bayraq
Ermənistan Demoratik Respublikası Parlamentinin I çağırış deputatı
1 avqust 1918 – 4 iyun 1919
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1882(1882-01-20)
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1938(1938-01-03) (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Təhsili
Fəaliyyəti pedaqoq, universitet müəllimi[d]
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır.

Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir.[1] Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-müsəlman məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir.[2] Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır.[3][4] O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.[4][5]

İrəvan Müəllimlər Seminariyasının XVIII buraxılışında (1901–1902) aşağıda soldan 3-cü Mirzə Cabbar Məmmədzadə

19 yanvar 1913-cü ilə qədər İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili müəllimi işləmişdir.[6][7] Bəzi mənbələrə görə isə 1910–1918-ci illərdə seminariyada müəllim işləmişdir.[8]

1906-cı il sentyabr 1-də İbadulla bəy Muğanlinskinin İrəvanda açdığı şəxsi hazırlıq məktəbinə rus dili və riyaziyyat müəllimi kimi dəvət edilib.[9] Birinci Dünya müharibəsi dövründə Rusiya hökuməti İrəvan seminariyasını sərhəd şəhəri olan İrəvandan Armavirə köçürür. Mirzə Cabbar Məmmədzadə də 2 fevral 1915-ci ildən 1916-cı ilin mayına kimi burada dərs deyib. Bu illərə qədər onun tərtib etdiyi üç kitab nəşr olunur: "Türki-Azərbaycan dilinin xod amuz kitabı" (İrəvan, 1913), "Azərbaycan türklərinin rusca oxumaq, yazmaq və danışmaq öyrənməsi üçün müfid bir düstürüləməldir" (İrəvan, 1913), "Samouçitel russkoqo yazıka dlya persiyan" (Tiflis, 1917).[10][11]

Mirzə Cabbar Məmmədzadə 1918-ci ildə daşnaklar hakimiyyətə gəldikdən sonra İrəvan gimnaziyası və müəllimlər seminariyası bağlandığına görə ailəsi ilə birgə Naxçıvana köçür. Buradakı ali ibtidai məktəbdə rus, türk və Azərbaycan dillərindən dərs deyir. Bundan başqa Naxçıvanın daşnaklardan müdafiəsində də iştirak edir.[4]

1920-ci ildə Ermənistan bolşeviklər tərəfindən işğal edildikdən sonra Mirzə Cabbar İrəvana qayıdır. Həmin ilin axırında ailəsi ilə İrəvandan Bakıya köçərək burada Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Kooperativ İnstitutda pedaqoji fəaliyyətini davam etdirib. Şeirlər yazmaqla yanaşı, dilçiliklə bağlı araşdırmalar aparmış, "Azərbaycan dilinin tədrisi metodikası" adlı bir vəsait də yazmışdır. 1920-ci illərdə tək və müştərək Azərbaycan və rus dillərində ibtidai və orta məktəblər üçün iyirmiyədək dərsliyin tərtibçi-müəllifi olub[12]. Azərbaycan Kooperativ İnstitutunda kafedra müdiri, dosent vəzifəsinə seçilir. 1935-ci ildə dil və ədəbiyyat üzrə elmlər namizədi və professor, 1937-ci ildə isə elmlər doktoru adına layiq görülür. O, Əsəd Şeyxzadə, Maqsud Məmmədov, akademiklər Mustafa Topçubaşov, Heydər Hüseynov, professor Əziz Əliyev və digər görkəmli şəxsiyyətlərin müəllimi olub.[13]

1937-ci ilin oktyabr ayında[11] özü və ailə üzvləri həbs olunub.[14] 12493 nömrəli istintaq işi üzrə ittiham edilərək güllələnib.[15] Həyat yoldaşı və qızı isə sürgün edilib. 1957-ci ildə günahsızlığı sübut edildikdən sonra bəraət qazanıb.[16]

Sağdan: Mirzə Cabbar Məmmədzadə, atası Mirzə Abbas və İbadulla bəy Muğanlinski, İrəvan, XX əsrin əvvəlləri

Atası Mirzə Abbas Məhəmmədzadə Naxçıvan və İrəvanın ictimai-siyasi, mədəni və ədəbi mühitində tanınan ziyalılardan biri olub. İrəvanda pansionda, həm də gimnaziyada fars dilindən dərs deyib. Onun farsca "Güldəstə" və ya "Bədrəqətül-ətfal" ("Balalara hədiyyə") dərsliyi 1911-ci ildə Bakıda Orucov qardaşlarının mətbəəsində,[17] 1913-cü ildə isə İrəvanda "Budaqov" mətbəəsində nəşr olunmuşdur. Kitabın üstündə "İrəvanda satış üçün" sözləri yazılmışdır. Mirzə Abbas Məhəmmədzadə SədininCaminin tərbiyəvi əhəmiyyət kəsb edən nəsihatamiz şeirlərindən istifadə etmişdir. Gözəl şair olan, "Razi" təxəsllüsü ilə şeirlər yazan Mirzə Abbas "Güldəstə" kitabında öz şeirlərində də bol-bol istifadə etmişdir. O, şeirlərində xalqı maarifə, elmə çağırır, maarifçilik ideyalarını təbliğ edir. 1913-cü ildə Mirzə Abbasın tərtib etdiyi "Samouçitel farsidskoqo yazıka dlya russkix" adlı kitab Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr edilir.[1] Dərslik kimi uzun müddət istifadə olunmuş bu kitab həm də tərtibçinin rus dilini çox gözəl bildiyini təsdiq edir.[18][19][20]

Oğlu Cəlal Məmmədov Azərbaycan Teleradio Dövlət Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində çalışıb. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyib.[20]

Əmisi oğlu Maqsud Məmmədov Azərbaycan Dövlət Universitetinin rektoru olmuş, Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1937-ci ilin sentyabr ayında həbs edilərək güllələnmişdir.[21]

Bakı şəhərinin Yasamal rayonunda Mirzə Cabbar Məmmədzadənin adı küçəyə verilib.[11][22]

  1. 1 2 Tarverdiyeva, Kövsər. Məslək dostları. Bakı: Azərnəşr. 1992. 3.
  2. Allahverdiyev, Cəlal. "İctimai-pedaqoji fikir tarixinin görkəmli nümayəndəsi". 525-ci qəzet. 2022-04-09. 03.11.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.11.2022.
  3. Зейналов, Аскер. Эриванская интеллигенция (PDF) (rus). Баку: Мютерджим. 2011. 23. 2019-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-04.
  4. 1 2 3 Quliyev, Musa. "Maarifçi və ictimai xadim Mirzə Cabbar Məhəmmədovun ömür yolu haqqında qeydlər". 525-ci qəzet. 2020-01-10. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  5. Məhərrəmov, Ziyəddin. İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) (PDF). Bakı: Nurlan nəşriyyatı. 2010. səh. 87. 2021-05-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-03.
  6. Мустафа, Назим. "Наука и образование". iravan.preslib.az (rus). 2013. 12.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.11.2022.
  7. Məhərrəmov, Samir. "İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllimləri və onların tədris etdiyi fənlər". sdu.edu.az. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  8. Rüstəmov, Fərrux. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. 135. ISBN 978-9952-5455-010.
  9. Зейналов, Аскер. Эриванская интеллигенция (PDF). Баку: Мютерджим. 2011. 53. 2019-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-04.
  10. Zeynalov, Əsgər. İrəvan ziyalıları. Bakı: Oğuz eli. 1999. 46.
  11. 1 2 3 Зейналов, Аскер. Эриванская интеллигенция (PDF) (rus). Баку: Мютерджим. 2011. 54. 2019-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2022-11-04.
  12. Məhərrəmov, Ziyəddin. İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) (PDF). Bakı: Nurlan nəşriyyatı. 2010. 87. 2021-05-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-03.
  13. Cəmşidov, Cəmşid. "Unudulmaz xatirələrin işığında..." "Ədəbiyyat qəzeti". 2018-12-08. 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  14. Саидов, Али. "Ровесник республики" (rus). kaspiy.az. 23.12.2018. 03.11.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.11.2022.
  15. "Дело № 12493 - имена проходящих по делу" (rus). ourbaku.com. 31.07.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.11.2022.
  16. Саидов, Али. "«Большой человек» с голосом Левитана" (rus). atalar.ru. 16.12.2018. 20.05.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.11.2022.
  17. Tərtib edəni: Əliyev, Ə. Y., redaktorAzərbaycan kitabı. C. 1 1780–1920. Bakı. 1963. 93.
  18. Zeynalov, Əsgər. İrəvan ziyalıları. Bakı: Oğuz eli. 1999. 44–45.
  19. Məhərrəmov, Ziyəddin. İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) (PDF). Bakı: Nurlan nəşriyyatı. 2010. 86. 2021-05-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-03.
  20. 1 2 "Abbas Məhəmmədzadə" (az.). goyce.az. 26.01.2018. 03.11.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.11.2022.
  21. Zeynalov, Əsgər. İrəvan xanlığı... Gerçəkliyin aydınlığı. Bakı: Lulu Enterprises Inc. 2016. 72–75. ISBN 978-1-329-95408-3.
  22. "Mənim küçəm" (az.). yasamal-ih.gov.az. 03.11.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.11.2022.