Buxarest sülh müqaviləsi (1812)
Buxarest müqaviləsi | |
---|---|
Buxarest sülh müqaviləsi | |
| |
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 16 may 1812-ci il |
İmzalanma yeri | Buxarest,Rumıniya |
Qüvvəyə minməsi | 12 iyul 1812-ci il |
• şərtləri |
Bu razılaşma sayəsində Rusiyanın cənub-qərb sərhədlərinin təhlükəsizliyi təmin edildi, Anapa, Poti və Axalkələk Türkiyəyə qaytarıldı, Qərbi Gürcüstan hökmdarlarının Rusiya vətəndaşlığına könüllü keçməsi nəticəsində Rusiya tərəfindən ələ keçirilmiş Suxumi və digər məntəqələr Rusiyanın tərkibində qaldı. |
İmzalayanlar | Rusiya tərəfdən baş komissar Mixail İllarionoviç Qolenişev-Kutuzov, Türkiyə tərəfdən isə Əhməd paşa imzalamışdılar. |
Tərəflər | Rusiya və Osmanlı imperiyası |
Buxarest sülh müqaviləsi — Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında bağlanmış müqavilədir. Müqavilə nəticəsində 1806-1812-ci illəri əhatə edən Rusiya-Osmanlı müharibəsinə son qoyulmuşdur. Sülh danışıqları hələ 1811-ci ilin oktyabrında Jurjevdə, türklərin əsas qüvvələrinin Ruşşuk yaxınlığında (indiki Ruse, Bolqarıstan) məğlubiyyətindən və onların əksər hissəsinin Slobodzeya yaxınlığında mühasirəyə alınmasından sonra başlanmışdır. Sultanın nümayəndəsi Qalib-əfəndi, eləcə də ingilis və fransız diplomatları hər yolla danışıqları ləngitməyə çalışmış, lakin Kutuzov Napoleonun Rusiyaya hücumu başlamazdan bir ay əvvəl danışıqları başa çatdırmışdır. Osmanlı dövləti də öz növbəsində müharibədən mümkün qədər az ziyanla çıxmaq istəyirdi.
Uzun danışıqlardan sonra 28 may 1812-ci ildə Buxarestdə sülh müqaviləsi imzalandı[1]. Buxarest sülh müqaviləsi 16 açıq və 2 gizli maddədən ibarət idi.
Müqaviləni Rusiya tərəfdən Mixail Kutuzov, Osmanlı tərəfdən Əhməd paşa imzalamışdır. Müqaviləyə əsasən Prut çayı sərhəd qəbul edildi. Osmanlı dövləti Cənubi Qafqazdakı rus işğallarını tanımalı oldu. Dunay çayında rus gəmilərinə üzmə hüququ verildi. Dunay knyazlıqları özünü idarətmə, Serbiya isə daxili muxtariyyat hüququ qazandı. Müqavilə nəticəsində Rusiya imperiyası cənub sərhədlərinin təhlükəsizliyini təmin etdi. Dunay ordusunu isə qərb sərhədlərinin müdafiəsi üçün səfərbərliyə aldı. Osmanlı dövləti serblərə muxtariyyat hüququnu tanımadı. Napoleonun Rusiyaya hücumundan istifadə edən osmanlılar serb üsyanını yatırdı, lakin Fransa ilə müharibədən qalib çıxan Rusiya serb məsələsini daha qabarıq şəkildə qaldırmağa başladı. Bu razılaşma sayəsində Rusiyanın cənub-qərb sərhədlərinin təhlükəsizliyi təmin edildi və Türkiyə artıq Napoleonun Rusiyaya qarşı kampaniyasında iştirak edə bilməzdi. Bu, 1812-ci ildə Vətən Müharibəsi başlamazdan öncə Rusiyanın strateji vəziyyətini yaxşılaşdıran böyük hərbi və diplomatik qələbə idi. Dunay ordusu Rusiyanın qərb sərhədlərini əhatə edən qoşunları gücləndirmək üçün yenidən orada yerləşdirilə bilərdi. Həmçinin Türkiyə Fransa ilə ittifaqdan çıxdı.
Dördüncü maddəyə görə, Porta Moldova knyazlığının şərq hissəsini - sonralar Bessarabiya adı ilə tanınan Prut-Dnestr çayı arası ərazisini Rusiyaya güzəştə getdi. Knyazlığın qalan hissəsi türk hakimiyyəti altında qaldı. Rusiya ilə Porta arasında sərhəd Prut çayı boyunca quruldu. Altıncı maddəyə görə, Rusiya Qafqazın “silah gücünə tutulmuş...” bütün nöqtələrini Porta qaytarmalı idi. Anapa Poti və Axalkələk Türkiyəyə qaytarıldı, Qərbi Gürcüstan hökmdarlarının Rusiya vətəndaşlığına könüllü keçməsi nəticəsində Rusiya tərəfindən ələ keçirilmiş Suxumi və digər məntəqələr Rusiyanın tərkibində qaldı [2]. 1859-cu ildə Moldova və Valaxiya knyazlıqları birləşdirildi. 1873-cü ildə isə Bessarabiya quberniyası təşkil edildi. Rusiya ilk dəfə olaraq, Qara dənizin Qafqaz sahillərində hərbi dəniz bazalarına yiyələndi. Həmçinin Buxarest müqaviləsi Dunay knyazlıqlarının imtiyazlarını və Serbiyanın tam müstəqilliyinin əsasını qoyan daxili özünüidarəetməni təmin etdi. Müqavilənin əsas müddəaları 25 sentyabr (7 oktyabr) 1826-cı ildə Akkerman Konvensiyası ilə təsdiq edildi.
Buxarest sülhü bağlandıqdan sonra qoşunların Prutsahili Moldovadan və digər tərəfdən çıxarılması, bir il müddətinə əmlakla bağlı sərəncam vermək hüququnun təmin edilməsi haqqında manifest nəşr olundu, bu müddət ərzində Prutun hər iki sahilində yaşayan sakinlər öz xahişləri ilə Türkiyə və Rusiya ərazilərinə köçməkdə, əmlaklarını satmaqda sərbəst idilər. Həmin il bir çox əmlakın satışı və mübadiləsi həyata keçirildi.
1812-ci ildən sonra Moldova knyazlığının hər iki hissəsində müxtəlif siyasi, sosial-iqtisadi və mədəni mühitin inkişafı onların müxtəlif tarixi müqəddəratlarını əvvəlcədən müəyyənləşdirmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Sovet Ensiklopediyası II cild. səh. 360.
- 1812 Bükreş antlaşmasının maddeleri ve önemi Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine
- ↑ "Bükreş antlaşması". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-22.
- ↑ Бухарестский мир // Военная энциклопедия : [в 18 т.] / под ред. В. Ф. Новицкого … [и др.]. — СПб. ; [М.] : Тип. т-ва И. Д. Сытина, 1911—1915.