Bakının işğalı (1723)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rusların Bakını işğal etməsi
Səfəvi-Rusiya müharibəsi (1722-1723)
Hücum planı və Bakı şəhərinin tutulması. F. İ. Soymonovun “Xəzər dənizini təsvir edən jurnaldan çıxarış” əlyazmasından
Hücum planı və Bakı şəhərinin tutulması. F. İ. Soymonovun “Xəzər dənizini təsvir edən jurnaldan çıxarış” əlyazmasından
Tarix 1723
Yeri Bakı, Səfəvilər dövləti
Səbəbi I Pyotrın Xəzəryanı bölgələrə hücumu
Nəticəsi Çar Rusiyası qalib gəldi
Münaqişə tərəfləri

Çar Rusiyası
Kartli çarlığı

Səfəvilər İmperiyası

Komandan(lar)

I Pyotr
Fyodor Apraksin
VI Vaxtanq

II Təhmasib
Nadir xan

Tərəflərin qüvvəsi

15 gekbot gəmisi

700 nəfərlik qarnizon[1]

Bakının işğalı və ya Bakının tutulmasıRusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı (1722-1723) baş vermiş döyüşlərdən biridir. Bakının hələ 1722-ci ildə, Dərbəndin alınmasından sonra işğal edilməsi planlaşdırılırdı, lakin dənizdə baş verən davamlı tufanlar bunu həyata keçirməyə imkan vermədi. Bakının dənizdən mühasirəsi 1723-cü ilin iyulunda başladı. 4 günlük güclü bombardmandan sonra bakılılar təslim olublar.

Dərbəndin işğalından sonra Rusiyaya qayıdan I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib etdi. Bakının tutulması Rusiya imperiyasına Xəzər dənizində iri dəniz limanlarından birini əldə etməyə imkan verirdi ki, bu da gələcəkdə rus tacirlərinə Şərq ölkələri ilə dəniz yolu ilə fəal ticarət aparmağa imkan verəcəkdi. Çar hökuməti Bakının neft yataqlarının istismarında çox maraqlı idi. Abşerondakı neft quyularının əksəriyyəti xanın mülkiyyəti idi. Ağ neft çıxarılan quyular daşla bağlanırdı və bu lövhədə Bakı xanının adı yazılırdı.[2] I Pyotr bu yerlərdə möhkəmlənmək üçün Xəzərsahili vilayətlərdən, xüsusən Bakıdan yerli camaatı – azərbaycanlıları köçürüb, onların torpaqlarında erməniləri, gürcüləri və rusları yerləşdirmək, özünə xaçpərəstlərdən ibarət istinadgah yaratmaq istəyirdi.[3] Bakının işğalı haqqında göstəriş M.A.Matyuşkinə 1722-ci il noyabrın 4-də Böyük Pyotr tərəfindən verilmişdir. Orada deyilirdi ki, gələn ilin yayında şəhər rus ordusunun nəzarətinə keçməlidir. Qış və yaz aylarında hərbi əməliyyatlara fəal hazırlıq başladı. 1723-cü ilin martında rus imperatoru M. A. Matyuşkin türklərin Bakını quru yolu ilə alaraq rus donanmasını qabaqlaya biləcəyi təhlükəsini görərək tələsməyə başladı. M.A.Matyuşkinin Bakını mühasirəyə almasına az qalmış Böyük Pyotr rezident İ.İ.Neplyuyevə Osmanlı İmperiyası ilə münasibətləri qaydaya salmağı tapşırmışdı. 14 iyul İstanbulda İ. İ. Neplyuev, Fransız səfiri de Bonakın vasitəçiliyi ilə Türkiyə hökuməti ilə bir konfrans keçirdi və onlar bu zaman İrandakı vəziyyətlə məşğul ola bildilər. Fransadan gələn bir səfirin vasitəçiliyi ilə Rusiya İmperiyası portuqaliyalıları İranın müstəqil dövlət kimi qorunub saxlanması lazım olduğuna inandırmağa müvəffəq oldu[4].

Rusların Bakıya dəniz vasitəsilə yürüş hazırladığı bir zamanda Səfəvi dövlətinin düşdüyü ağır vəziyyətdən istifadə edən əfqanlar onun ərazilərinə basqın etməyə başladılar. Onlar İsfahanı mühasirəyə aldılar. Şah Sultan Hüseyn paytaxtı tərk etmək istəmədi, lakin əlavə qüvvə toplamaq üçün oğlu Təhmasibin mühasirədən çıxmasını təşkil etdi. Əfqanlar İsfahanı tutdular. 1722-ci ildə Təhmasib özünü şah elan etdi.

Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Osmanlı imperiyası da öz qoşunlarını Cənubi Qafqaza yeritdi. Osmanlılar tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi I Pyotru Bakını işğal etməyə tələsdirdi, çünki Bakı strateji-coğrafi mövqedə yerləşirdi. Buradan Hindistana gedən yol Ümid burnundan keçən dəniz yolundan xeyli qısa idi.

Rus qoşunlarının Xəzərsahili əyalətlərə yürüşü ərəfəsində yazılmış «Manifest» Bakıya da göndərilmişdi. I Pyotr hələ Dərbənd şəhərinə daxil olmamışdan əvvəl, avqustun 22-də Bakı əyanlarının bir qrup nümayəndəsi tərəfindən onun göndərdiyi "Manifest"ə cavab məktubu almışdı. F.İ.Soymonovun səyahətnaməsində həmin məktubun məzmunu göstərilib. Məktubun məzmunu belədir:

«Allahın mərhəmətilə, İmperator Həzrətlərinin Şaha olan dostluluq sədaqətinə sadiq qalaraq, qiyamçıları cəzalandırmaq üçün Şirvan vilayətinə yollandığını, onlara göndərilmiş manifestdən öyrənmişlər. Onlar Əlahəzrətə xidmət etmək və ona itaət göstərmək istəyirlər. Həmçinin, iki ildən bəri Əlahəzrət şahın düşmənlərindən müdafiə olunduqlarını, həmin cinayənətkarların dərhal layiqincə cəzalandırılmasını, özlərinin isə Əlahəzrət tərəfindən mühafizə edilməsini arzuladıqlarını bildirirlər»

Bu məktub on üç nəfərin imzası ilə göndərilmişdi. Məktubu yazanlar arasında Bakı sultanı Məhəmməd Hüseynin də imzasının olduğunu iddia edilir. Əslində, məktub bütün Bakı əhalisinin arzusunu əks etdirmirdi və həmin məktub Bakı şəhər hakimindən deyil, əvvəlcədən Rusiya padşahından özləri üçün mərhəmət axtaran qeyri-rəsmi adamlar tərəfindən yazılmışdı. Bakı şəhərindən belə məzmunda məktubun alınması I Pyotru çox sevindirir. Buna görə də I Pyotr Dərbənd şəhərinə daxil olduqdan bir qədər sonra avqustun 25-də leytenant Lunini dəniz yolu ilə xüsusi hazırlanmış şnav gəmisində Bakıya göndərmişdi. I Pyotr Bakı şəhərini asanlıqla ələ keçirəcəyini xəyal edirdi. Leytenant Luninin geri qayıtmasını gözləməyən İmperator 1722-ci ilin 30 avqustunda Moskvaya Dövlət Senatına göndərdiyi məktubunda «Bakı şəhərinin məktub vasitəsilə Əlahəzrətin ixtiyarına» verildiyini yazırdı. Lakin sonrakı hadisələr I Pyotrun belə nəticələyə gəlməkdə çox tələsdiyini göstərirdi. Bakı əhalisi Lunini şəhərə buraxmadı və Rusiyanın kömək barədə təklifinə rədd cavabı verildi. Buna baxmayaraq, Dərbənddə olduğu kimi Bakı şəhərində də rus qoşununa münasibətdə iki qruplaşma əmələ gəlmişdi. Birinci qrupa Bakı sultanı Məhəmməd Hüseyn bəy başçılıq edirdi. O, Rusiyanın barışmaz düşməni idi və Hacı Davudla gizli əlaqə saxlayırdı. İkinci qrupa Məhəmmədqulu bəy və Dərgahqulu bəy başçılıq edirdi. Onların tərəfdarları əsasən tacir və sənətkar olduğundan, onlar iqtisadi maraqlar naminə Rusiya ilə yaxınlaşma siyasəti yeridirdi. Bu səbəbdən onlar Bakı şəhərini rus qoşununa təslim etmək istəyirdilər. I Pyotrun məktubuna mənfi cavabı isə Bakı sultanı və onun tərəfdarları vermişdi.[1]

Pyotr Bakı əhalisindən gözləmədiyi cavabı aldıqdan sonra şəhəri hərbi yolla işğal etmək qərarına gəlmişdi. O, Həştərxanda olarkən Bakı şəhərinə yürüşə hazırlaşmaq əmrini verdi. General-mayor M.A.Matyuşkin isə Bakı şəhərinə hücum edəcək rus qoşunlarının baş komandanı təyin olunur. Pyotr tezliklə Bakının işğalına çalışırdı. Buna görə general Matyuşkinə Kazandan 15 hekbot gəmisi gələn kimi dörd alay götürərək Bakıya getməyi və oranı tutmağı əmr edir. Son nəticədə Bakıya hücum edəcək donanma 15 hekbot, 5 qoliot və 1 neçə busdan ibarət idi. Yürüşdə iştirak edəcək gəmilər ərzaq, silah və sursatla təchiz olunmuşdu. Donanma üç dəstəyə bölünmüşdü. Birinci dəstəyə baş komandan general-mayor M.A.Matyüşkin, ikincisinə general-mayor knyaz Trubetskoy, üçüncüsünə isə briqadir knyaz Baryatinski başçılıq edirdi. Üç dəstəyə bölünmüş donanmanı F.İ.Soymonov, knyaz Urusov və Puşkin idarə edirdi. Artilleriya isə mayor İ.Q.Gerberin rəhbərliyi altında olmalı idi. Rusların döyüş planına əsasən ilk növbədə polkovniklər Ostafyev və Bezobrazov dörd batalyonla sahilə çıxmalı, mayor İ.Q.Gerber isə iki hekbotu və 18 funtluq çuğun topun yerləşdiyi 5 digər gəmini hazırlıq vəziyyətinə gətirməli idi.[1]

Bakıya hücumda iştirak etmiş hekbotların nümunə profil görüntüsü

Rusiyanın döyüş eskadrilyası iyunun 20-də Xəzər dənizinə daxil oldu və 1723-cü il iyulun 17-də Bakı buxtasına çatdı. Bakı Sultanı Məhəmməd Hüseynin rusların üzünə qapılarını açması üçün mayor Neçayev ultimatumla şəhərə göndərildi. Rusiya donanmasının gəlişi Bakını qorumaq tədbiri kimi izah edilirdi. Bakı sultanı iki gündən sonra cavab verdi və bildirdi ki, Səfəvi şahının bununla bağlı heç bir fərmanı olmadığı üçün qapını aça bilməzlər. 21 iyul 1723-cü ildə M.A. Matyuşkin rus donanmasına qoşunları sahilə endirmək və şəhəri tutmağa davam etmək əmrini verdi. İyul ayının 21-də səhər saat 7-dən etibarən rus əsgərləri bir neçə gəminin köməyi ilə şlyupka və botlarda sahilə çıxarılmağa başladı. Bakının müdafiəçiləri onların bu hərəkətinə mane ola bilmədi. Nəticədə rus əsgərlərinin xeyli hissəsi sahilə çıxaraq mövqe tutdular. Sahilə çıxarılan rus əsgərləri topları sahildə quraşdırana qədər şəhərdən güclu süvari dəstəsi rus əsgərlərinə qarşı hücuma keçir. Lakin mayor İ.Q.Gerberin rəhbərliyində rus əsgərləri iki səhra topunu vaxtında quraşdırdığından, onlardan atılan atəş şəhərin müdafiəçiləri olan süvariləri yenidən qalaya geri qayıtmağa məcbur edir. Dəniz tərəfdən də rus gəmiləri Bakı şəhərinə hücuma hazırlıq vəziyyətinə gətirilmişdi. Bunun üçün yeddi gəmi şəhərə yaxınlaşaraq yarımdairə şəklində lövbər saldılar. Əmrə əsasən hekbotlardan ikisi şəhərə atəş açmalı, beşi isə şəhər divarlarını dağıtmalı idi. İlk olaraq mühasirədəkilər toplardan şəhərə yaxınlaşan rus gəmilərinə atəş açmağa başladılar. Lakin rus gəmiləri mövqe tutub toplardan bakılılara cavab atəşi açanda Bakının müdafiəçiləri bir saat belə davam gətirə bilməyərək toplarını qoyub qalaya doğru geri qaçırlar. Mortirlər (qısalüləli top) də öz işini gördü. Ştikyunker Çirkovun ustalığı sayəsində onlardan atılan üçüncü mərmi atəşindən sonra Bakı şəhərində yanğın baş verir. Həmin gün rus ordusu tərəfindən axşama qədər Bakıya 94 mərmi atılır. Eyni zamanda ruslar sahilə enərək iki batalyon batareya düzəldib oraya dörd haubitsa (qısalüləli ağır top) yerləşdirirlər. Mühasirədəkilərə qala divarlarında top atəşinin açdığı yarığları tutmağa macal verməmək üçün şəhər gecə-gündüz atəşə tutulurdu. Lakin bakılılar təslim olmaq fikrində deyildilər. Əksinə, Bakının süvari dəstəsi imkan düşən kimi quruda quraşdırılmış batareyaya tez-tez hücumlar edirdi.[1]

Bakının müdafiəçilərinin inadkarlığını görən M.A.Matyuşkin hiyləyə əl atır. O, iyulun 25-də diversiya hücumu etmək barədə göstəriş verir. Həmin göstərişə əsasən, gecə sahildə olan düşərgədə haradan hücumun olunacağını göstərən çaşdırıcı həyəcan siqnalı verilməli, mühasirədəkilər bütün qüvvələrini həmin yerə yönəltdikdə gəmilərdə yerləşən qoşun desant çıxarıb top mərmisinin qala divarının dağıtdığı yerdən şəhərə daxil olmalı idilər. Lakin gecə sahildən əsən külək planın həyata keçirməsinə mane olmuşdu. Güclü külək gəmiləri silkələdiyinə görə, atəşi dəqiq aparmaq mümkün olmamışdı. Artıq Bakı müdafiəçiləri gecə mərminin dağıtdığı divarı yenidən hördülər. Nəticədə ertəsi günü rus qoşunu hücumu dayandırmalı olur.[1]

Lakin Bakının müdafiəçiləri ağır atəş açmağa başladı, buna görə rus əsgərləri sahili itkilərlə tərk etdilər. Bakı süvariləri gəmilərdən atəşə tutuldu, nəticədə onlar böyük itki verdilər. Bakılılar təslim olana qədər şəhəri gəmilərdən bombardman etmək qərara alındı. Gekbot gəmiləri aktiv şəkildə atəş açırdılar, nəticədə şəhərdə böyük yanğın baş verdi. Bakılılar tamamilə dənizdən mühasirəyə alınmışdılar. İyulun 26-da davam edən atışma zamanı qala divarı praktiki olaraq dağıdıldı. Şəhər hökuməti şəhərin təslim edilməsi ilə bağlı danışıqlara başlamaq qərarına gəldi. İyulun 28-də qarnizonun rəisi Dərgah Qulubəy təslim olduğunu elan etdi və qapıları açdı. Qoşunlar bütün küçələri, qüllələrdəki postları, silah və toz anbarlarını zəbt etdilər. Bakı sultanı tutduğu vəzifədən uzaqlaşdırıldı. M. A. Matyuşkin Həştərxana üzmək məcburiyyətində qaldığı üçün şəhəri knyaz Baryatinskinin rəhbərliyi altında qoyaraq Bakını tərk etdi[5].

Bu torpaqların müqabilində Böyük Pyotr fars taxtının varisi II Təhmasibə türk qoşunlarına və əfqan üsyançılarına qarşı mübarizədə köməklik edəcəyini vəd etdi. Fars səfiri ilə 1723-cü ildə bağlanmış Peterburq sülh müqaviləsinə əsasən Bakı Rusiya imperiyasının tərkibinə daxil oldu. Lakin II Təhmasib sonralar bu müqavilənin şərtlərini tanımırdı[6]. 1723-cü ilin noyabrında Böyük Pyotr M. A. Matyuşkinə bir fərman yazdı, orada rezident İ. İ. Neplyuevin Osmanlı İmperiyası tərəfindən İranda hərbi əməliyyatların dayandırılmasına nail olması lazım olduğunu söylədi. Rus ordusu da öz növbəsində əməliyyatları dayandırmağa hazır olacaq. Lakin türklər bu təklifi rədd etdilər. Yalnız 1724-cü ilin yanvarında Səfəvilərin Xəzəryanı torpaqlarında üç ay müddətinə atəşkəs yaratmağa razı oldular[7]. Rusiya işğalı dövründə Bakıda neft istehsalı azaldı, ticarət və həyat səviyyəsi kəskin şəkildə aşağı düşdü. 12 ildən sonra zəbt edilən bu torpaqlar, həmçinin Bakı şəhəri Gəncə Sülh Müqaviləsi əsasında Səfəvilərə geri qaytarıldı.

  1. 1 2 3 4 5 Qarayev, Elçin. F.İ.Soymonovun "Xəzər Dənizinin və Orada Həyata Keçirilən Rusiya İşğallarının Böyük Pyotrun Tarixinin Bir Hissəsi Kimi Təsviri" Adlı Səyahətnaməsi Azərbaycan Tarixinin Mənbəyi Kimi. Bakı: Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov Adına Tarix İnstitutu. 2006. (#accessdate_missing_url)
  2. Bəhramov, Cəbi. "Rusiya imperiyasının qafqaz siyasəti və Bakı nefti". ikisahil.az (az.). 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2023.
  3. Qulusoy, Etibar. "I Pyotrun Xəzərsahili vilayətlərin sakinlərinə manifesti 15 İyul 1722". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2023.
  4. Rusiya siyasətinin Qafqaz vektoru. T. 1. XVI—XVIII əsrlər. Tərtib edənlər: M. A. Volxovski, V. M. Muxanov. Moskva. 2011. С. 98 — 103
  5. Курукин И. В. Персидский поход Петра Великого. Низовой корпус на берегах Каспия (1772—1735) / И. В. Курукин; Науч. ред. к.и.н. Т. А. Коняшкина; Московский государственный университет им. М. В. Ломоносова. — М.: Квадрига; Объединённая редакция МВД России, 2010. — 384 с.
  6. Курукин И. В. Артемий Волынский. — М.: Молодая гвардия, 2011. — 448 с.
  7. Кавказский вектор российской политики. Т. 1. XVI—XVIII вв. Составители: М. А. Волховский, В. М. Муханов. Москва. 2011. С. 111—112

Баку // Военная энциклопедия : [в 18 т.] / под ред. В. Ф. Новицкого …. — СПб. ; [М.] : Тип. т-ва И. Д. Сытина, 1911—1915.