Alois Musil
Alois Musil | |
---|---|
çex. Alois Musil | |
Doğum tarixi | 30 iyun 1868[1][2][…] |
Vəfat tarixi | 12 aprel 1944[1][2][…] (75 yaşında) |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], ilahiyyatçı, pedaqoq, yazıçı, universitet müəllimi[d], katolik keşişi[d], müəllim, şərqşünas, səyyah, etnoqraf, nasir, keşiş |
Elmi dərəcələri | |
Vikianbarda əlaqəli mediafayllar |
Alois Musil (çex. Alois Musil) — çex kəşfçisi, şərqşünası, bibliya alimi, səyyahı, etnoqrafı, yazıçısı və katolik keşişi. XVIII-XIX əsrlərin sonlarında ən böyük şərqşünas və ərəbşünaslardan biri hesab olunur.
İngilis sosial antropoloqu Ernest Gellner ona Moraviyalı Lourens ləqəbini vermişdir (Tomas Edvard Lourensin şərəfinə)[3].
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Gənclik
[redaktə | mənbəni redaktə et]Alois Musil 1868-ci ildə Rıxtarjovda Vişkovun ailəsində kənd ailəsində anadan olmuşdur[4]. Onun ən yaxın qohumu çex əsilli məşhur Avstriya yazıçısı Robert Musil idi[5]. O, Kromerjije, Brno və Vysoke Mitoda gimnaziyalarda oxuyub[6]. Gimnaziyanı bitirdikdən sonra 1887-1891-ci illərdə Olomouts Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1891-ci ildə keşiş təyin edilir və 1895-ci ildə ilahiyyat üzrə doktorluq dərəcəsi alır. Onun teoloji araşdırmaları dərinləşdirmək səyləri onu ərəb dünyasına maraq göstərməyə vadar edir. 1895-1898-ci illər arasında Qüdsdəki Dominikan İncil Məktəbində və Beyrutda Müqəddəs Yusif universitetində təhsil alır. 1898-ci ildə İordaniyada apardığı tədqiqatlar zamanı Petra yaxınlığında Qusayr-Əmra qalasını kəşf edir, sonralar bu qala haqqında yazıb bir neçə kitab nəşr etdirir.
Elmi iş
[redaktə | mənbəni redaktə et]1904-cü ildə Olomouts Universitetinin ilahiyyat fakültəsinin professoru, 1909-cu ildə Vyana Universitetinin ilahiyyat fakültəsinin professoru olur. Vyana və Praqa alim icmasının dəstəyi ilə 1908-1912-ci illər arasında o, Fələstin, Suriya və İraqa bir sıra elmi ekspedisiyalar etmiş, bu ekspedisiyalarda topoqrafik tədqiqatlar aparmış, İslamdan əvvəlki və İslam arxeoloji abidələri, etnoqrafiya və folklor öyrənmiş və ərazinin ilk istifadəyə yararlı ətraflı xəritələrini hazırlamışdır. O, uzun müddət Ərəbistanın şimalında bədəvi Ruvalla qəbiləsində yaşamış və Şeyx Musa ər Ruaili adı ilə onun üzvü olmuşdur. O, həmçinin yerli dilləri öyrənmiş, klassik və müasir dünya dilləri ilə yanaşı otuz beş ərəb ləhcəsini də mənimsəmişdir.
Birinci Dünya müharibəsi illərində Alois Musil ərəb qəbilələrinin dəstəyini almaq, İngiltərənin bölgədəki təsirini məhdudlaşdırmaq və Avstriya-Macarıstanın Orta İmperiyaya iqtisadi nüfuzunu asanlaşdırmaq üçün Osmanlı İmperiyasının ərəb əyalətlərində bir neçə gizli siyasi missiyalar həyata keçirmişdir. İmperator I Frans İosif-in ölümündən və İmperator I Karlın taxtına çıxdıqdan sonra onun təsiri nəzərəçarpacaq dərəcədə artır, çünki o, imperator Zitanın şəxsi etirafçısı idi. O, imperatorun Antanta ölkələri ilə ayrıca sülh bağlamaq təşəbbüsündə iştirak etmiş və bir çox çex siyasətçiləri Karel Kramarj, Alois Raşin və Vatslav Klofaxın, habelə Kotor üsyanının üzvlərinin amnistiyasını dəstəkləmişdir.
Avstriya-Macarıstanın dağılması və Çexoslovakiyanın qurulmasından sonra Vyanadan Praqaya köçür. 1920-ci ildə Çarlz Universitetində professor olurr və 1938-ci ilə qədər burada çalışır. O, 1922-ci ildə Şərq İnstitutunun qurulmasına mühüm töhfə vermiş, 1927-ci ildə İnstitutun təşkilati strukturunu və maliyyə təminatını qurduqdan sonra onun ilk üzvlərindən biri olmuşdur. 1923-1924-cü illərdə və 1925-1928-ci illərdə Nyu-Yorkda olmuş, Amerika Coğrafiya Cəmiyyəti və sahibkar Çarlz Kreynin dəstəyi ilə əsərlərini tərcümə edib nəşr etdirmişdir. 1929-1932-ci illər arasında Alois Musil öz əsərlərinin sadələşdirilmiş variantlarını çex dilində səkkiz cilddə nəşr etdirmiş və prezident Masarikin təşəbbüsü ilə Ərəbistan yarımadasında, Efiopiyada, İraq, Misir, Hindistan, İran, Əfqanıstan, Fələstin, Suriya, Liviya, Türkiyə və Sudanda cari siyasi və iqtisadi hadisələrə həsr olunmuş “Bugünkü Şərq” seriyasını nəşr etməyə başlamışdır. Əsər on bir cilddə nəşr olunur, Musil fransız Şimali Afrikasına həsr olunmuş sonuncu cildi bitirə bilməmişdir.
Ömrünün son illəri
[redaktə | mənbəni redaktə et]Musilin ərəbşünaslıq sahəsində elmi fəaliyyəti böyük beynəlxalq rəğbət qazanmışdır. Musil əksər Avropa elmi cəmiyyətlərinin üzvü idi və 1928-ci ildə Amerika Coğrafiya Cəmiyyəti onu Çarlz P. Deyli Qızıl Medalı ilə təltif edir. Alois Musil Marko Polo və Devid Livinqstonla bərabər Şöhrət Zalına daxil edilmişdir. Onun biliklərinin, xüsusən də gənclər arasında geniş təbliği istiqamətində göstərdiyi səylər çox layiqli olmuşdur. Bu məqsədlə Musil ərəb dünyasında baş verən, ərəb və islam ənənələrinin izah edildiyi iyirmi macəra kitabı yazır. 1933-cü ildə Bonn Universitetində doktorluq dərəcəsi almışdır. 1936-cı ildə təqaüdə çıxır və ömrünün sonuna qədər Çeski-Şternberk yaxınlığındakı Otrıbaxdə yaşayır.
Ölüm
[redaktə | mənbəni redaktə et]Alois Musil 12 aprel 1944-cü ildə Çeski Şternberk yaxınlığındakı Otrıbaxdə vəfat edir[7]. 1948-ci ilin fevral hadisələrindən sonra Musilin adını tarixdən silməyə çalışlırlar, kitablarına qadağa qoyulur, onun adını çəkmək qadağan edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Alois Musil // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France Alois Musil // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Геллнер. Э. А. Times Literary Supplement. — М. : 19. 8. 1994, чис. 4768. — 12-14 с. — ISSN 0307-661X.
- ↑ "Matriky - ACTA PUBLICA". 2021-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
- ↑ "The great Austrian writer Robert Musil | Virtual Vienna". 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.
- ↑ "První český beduín". 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.
- ↑ "Digitálnà knihovna Kramerius". 2021-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.