Ağdaş rayonu

Azərbaycanda rayon
Bu məqalə Ağdaş rayonu haqqındadır. Şəhər üçün Ağdaş səhifəsinə baxın.

Ağdaş rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Ağdaş şəhəridir. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir.

Rayon
Ağdaş rayonu

40°38′ şm. e. 47°28′ ş. u.HGYO


Ölkə
Daxildir Mərkəzi Aran
İnzibati mərkəz Ağdaş
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi
  • 1.050 km²
Hündürlük
18 m
Əhalisi
Əhalisi
  • 105.500 nəf.
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-AGS
Telefon kodu +994 2023
Poçt indeksi 0300
Avtomobil nömrəsi 03
Rəsmi sayt
Ağdaş rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar ən qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Strabon bu ərazilərdə insanların məskunlaşdığını, təsərrüfat fəaliyyəti ilə məşğul olduqlarını, Türyançayın orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini qeyd etmişdir.

Təbii iqlim və torpaq şəraiti burada qədim dövrlərdən əkinçilik və maldarlığın yüksək inkişafı üçün əlverişli imkan və şərait yaratmışdır. Tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı.

Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.

1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 km². əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1926-cı ildə ləğv edilmiş, ərazisinin bir hissəsi Şəki, bir hissəsi – Ağdaş şəhəri və Ağdaş nahiyəsi, Göyçay qəzasına verilmişdi. Ağdaş rayonu ərazisi 1918-ci il may ayında ADR elan olunarkən erməni-bolşevik qüvvələrinin işğalı altında idi. Qafqaz İslam Ordusu Göyçay döyüşündə qələbə qazanaraq Ağdaşı işğaldan azad etmişdi. Həmin döyüşdə Qafqaz İslam Ordusuna 389 nəfərlik Ağdaş konüllülər dəstəsi dəstək verirdi.[2] 1930-cu ildə Ağdaş rayonu yaradılır. Rayonun inzibati mərkəzi XVI əsrdə salınmış, 1900-cü ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.

1999-cu il iyun ayının 4-də Ağdaşda orta güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində insan itkisi olmasa da, 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür. Lakin sonrakı illərdə bu evlərin bir çoxu əsaslı təmir edilmişdir. Zəlzələ nəticəsində dəyən iqtisadi ziyanın miqdarının 2,5 milyon dollar olduğu təxmin edilir.[3]

Coğrafi mövqeyi

redaktə

Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Səthi, əsasən, düzənlik, şimal hissədə dağlıqdır. Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntüləri yayılmışdır. Ərazisində gil çıxarılır. Rayonun ərazisindən Türyançay, cənub-qərb sərhədi boyu isə Kür çayı axır. Baş Şirvan kollektoru Ağdaş rayonu ərazisindən başlanır. Türyançayda su qovşağı yaradılmışdır. Rayonda, əsasən, boz-çəmən torpaqları yayılmışdır. Bitkiləri, əsasən, çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində tuqay meşələri, rayonun şimal hissəsində (Türyançay Dövlət Təbiət Qoruğunda) ardıc və saqqız ağaclarından ibarət seyrək arid meşələr vardır. Heyvanları: canavar, tülkü, çöldonuzu, quşlardan kəklik, turac, qırqovul, kərkəs, sürünənlərdən gürzə, kələz məskunlaşmışdır. Rayonun ərazisindən Bakı-Tiflis, Bakı-Qəbələ dəmir yolu, Bakı-Qazax şose yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir.

İqlimi

redaktə

Rayonun iqlimi düzənlik yerlərdə mülayim isti və quru-subtropikdir. Rayonda orta illik temperatur 14,2 dərəcədir. Orta temperatur yanvarda 1,2–1,4 °C, iyulda isə 25–27 °C-dir. İllik yağıntı miqdarı 300–450 mm-dir.

Yaşayış məntəqələri

redaktə

Rayonun yaşayış məntəqələrinin sayı 74-dür (1 şəhər, 2 qəsəbə, 71 kənd)

1. Ağdaş şəhəri
2. Ləki qəsəbəsi
3. Ərəb kəndi
4. Kükəl kəndi
5. Hüşün kəndi
6. Xosrov kəndi
7. Sadavat kəndi
8. Birinci Aral kəndi
9. İkinci Aral kəndi
10. Şəmsabad kəndi
11. Qarağansaatlı kəndi
12. Əmirmahmud kəndi
13. Tofiqi kəndi
14. Qarağan Şıxlar kəndi
15. Qarağan Sədi kəndi
16. Yuxarı Qəsil kəndi
17. Bulaqotağı kəndi
18. Qulbəndə kəndi
19. Orta Qəsil kəndi
20. Aşağı Qəsil kəndi
21. Bəylik kəndi
22. Şordəhnə kəndi
23. Dəhnəxəlil kəndi
24. Türyançay qəsəbəsi
25. Yuxarı Ağcayazı kəndi
26. Aşağı Ağcayazı kəndi
27. Qolqəti kəndi
28. Korarx kəndi
29. Cüvə kəndi
30. Qoşaqovaq kəndi
31. Şəkili kəndi
32. Ərəbocağı kəndi
33. Pirkəkə kəndi
34. Aşağı Zeynəddin kəndi
35. Tatlar kəndi
36. Yeniarx kəndi
37. Mürsəl kəndi
38. Şıxlı kəndi
39. Qarasuqumlaq kəndi
40. Aşağı Nemətabad kəndi
41. Yenikənd kəndi
42. Qəribli kəndi
43. Yuxarı Nemətabad kəndi
44. Aşağı Qobuüstü kəndi
45. Qobuüstü kəndi
46. Hacılar kəndi
47. Qaradağlı kəndi
48. Malay kəndi
49. Cücük kəndi
50. Gürcuva kəndi
51. Pirəyir kəndi
52. Nehrəxəlil kəndi
53. Kotanarx kəndi
54. Cardam kəndi
55. Güvəkənd kəndi
56. Əmirarx kəndi
57. Binələr kəndi
58. Davudlu kəndi
59. Yenicə kəndi
60. Orta Ləki kəndi
61. Yuxarı Ləki kəndi
62. Aşağı Ləki kəndi
63. Hapıtlı kəndi
64. Ovçulu kəndi
65. Abad kəndi
66. Qaradeyin kəndi
67. Eymur kəndi
68. Ərəbşəki kəndi
69. Ağcaqovaq kəndi
70. Pirəzə kəndi
71. Qaraoğlan kəndi
72. Ağzıbir kəndi
73. Kotavan kəndi
74. Xınaxlı kəndi

Əhalisi

redaktə

1 yanvar 2022-ci il tarixə olan məlumatlara əsasən rayon əhalisinin sayı – 112 min nəfərdən artıqdır. . Əhalinin sıxlığı – 1 km²-də 109 nəfərdir. Əhalisinin 34%-i şəhərdə, 66%-i kəndlərdə yaşayır. Rayon əhalisinin çoxu yerli əhalidən ibarətdir. Rayonda eyni zamanda çox sayda qaraçılar da məskundur.

Etnik tərkibi

redaktə
Etnik quplar əhalinin Sayı (Nəfər)
Azərbaycanlılar 50.141 (86,4%)
Talışlar 27 (0,1%)
Ruslar 2.386 (4,1%)
Ermənilər 522 (0,9%)
Ləzgilər 4.555 (7,8%)
Gürcülər 19 (0,1%)
Bütün rayon üzrə 58.064 (100%)
Ağdaş rayonu : 1959-cu il siyahıya alması
Etnik quplar əhalinin Sayı (Nəfər)
Azərbaycanlılar 37.678 (93,1%)
Talışlar – (-)
Ruslar 982 (2,4%)
Ermənilər 144 (0,4%)
Ləzgilər 1.057 (2,6%)
Gürcülər 8 (0,1%)
Bütün rayon üzrə 40.466 (100%)
Ağdaş rayonu: 1970-ci il siyahıya alınması
Etnik quplar əhalinin Sayı[4](Nəfər)
Azərbaycanlılar 58.307 (96,9%)
Talışlar – (-)
Ruslar 535 (0,9%)
Ermənilər 226 (0,4%)
Ləzgilər 602 (1,0%)
Gürcülər 20 (0,1%)
Bütün rayon üzrə 60.172 (100%)

Ağdaş rayonu : 2009-cu il siyahıya alması

Etnik qruplar Əhalinin sayı (nəfər)
Azərbaycanlılar| 98.388 (99,7%)
Talışlar - (-)
Ruslar 49 (0,04%)
Ermənilər - (-)
Ləzgilər 105 (0,1%)
Türklər 31 (0,03%)
Tatarlar 4 (0,004%)
Bütün rayon üzrə 98599 (100%)

Tanınmış şəxsləri

redaktə

İqtisadi xarakteristikası

redaktə

Sovet dönəmində Ağdaşın iqtisadiyyatında pambıqçılıq əsas yer tuturdu. Ağdaş rayonunun əlverişli coğrafi mövqeyi və təbii şəraiti hələ XIX əsrin sonralarında burada texniki bitkilərin əkilib-becərilməsinə və onların dünya bazarına çıxarılmasına imkan vermişdi. 1883-cü ildən Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra onsuz da əhəmiyyətli ticarət yollarının üstündə yerləşən Ağdaşda emal müəssisələri qurulmağa başladı. Məhsul tədarükü və xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın inkişafına səbəb oldu.

1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod fəaliyyət göstərirdi. Beləliklə, XIX əsrin ikinci yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrilmişdi. Qafqaz pambıqçılarının I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir. 1888-ci ildə Ağdaş bazarında 3100 pud pambıq satılmışdırsa, 1892-ci ildə bu rəqəm 28000 puda çatmışdı.

XIX əsrin 70-ci illərində fəaliyyət göstərən Ağdaş bazarında pambıqdan başqa digər ənənəvi məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz" qəzeti yazırdı ki, "Ağdaş xaricə, Marsel və İtaliyaya göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəzdir". 1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası AmerikaFransaya ixrac edilirdi. Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cü ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək xarici bazarlara daşınmışdı.

Hazırda rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əkinçilik, meyvəçilik və heyvandarlıq inkişaf etmişdir. "Orelay" şirniyyat firması, "FA kom BİCA" MMC, Kükəl kərpic istehsalı zavodu, "Damla" un fabriki, "Arşınmalçı" tikiş-trikotaj müəssisəsi və s. kimi müəssisələr yaradılmışdır. Rayon ərazisində köhnə pambıqtəmizləmə zavodunun, süd zavodunun, respublika kənd təsərrüfatı texnikası birliyinin rayon şöbəsinin, yerli sənaye kombinatının, meşə təsərrüfatının binaları hələ də qalmaqdadır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

redaktə

Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri — 25 oktyabr 1882-ci ildə Ağdaşda maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. O dövrdə Azərbaycanda fəaliyyət göstərən bu tipli 3 məktəbdən birinin məhz Ağdaşda açılması heç də təsadüfi deyildir. Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil bazasına malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi. XX əsrin əvvəlində Ağdaşda "Nəşri-Maarif" cəmiyyəti, qiraətxana, "Səadət" qızlar məktəbi, "Darülirfan", "Ruşdiyyə" kimi tədris ocaqları fəaliyyət göstərirdi. Bu məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə, Həsən Əfəndiyev kimi maarifçi ziyalılar çalışırdılar. Məhz belə marifçilik bazası üzərində sonralar Ağdaşda təhsilin səviyyəsi yüksək xətlə inkişaf etmişdir. Rayonda Pedaqoji məktəb, Tibb məktəbi, Kənd Təsərrüfatı texnikumu, Peşə məktəbləri açılmış, bəziləri bu gün də fəaliyyət göstərir.

Ağdaş mədəniyyəti və incəsənəti dərin köklərə malikdir. 10 aprel 1908-ci ildə Zülfüqar Hacıbəyovun yaxından iştirakı ilə Rəşid bəy Əfəndiyevin "Qan ocağı" adlı əsəri ilə fəaliyyətə başlayan Ağdaş teatrı rayonun mədəni həyatında böyük rol oynamışdır. 1940-cı ildə bu rayondan deputat seçilmiş Azərbaycan şairi Səməd Vurğunun təşəbbüsü ilə Ağdaş teatrına Dövlət Dram Teatrı statusu verilmiş, teatrın səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun," "Arşın mal alan" kimi klassik əsərlər oynanılmışdır. 1960-cı ildən teatr Xalq Teatrı kimi fəaliyyət göstərir.

Maddi-mədəni irsi

redaktə

Hələ neçə yüz illər öncə tacirlər ticarət məqsədilə Ağdaşın ərazisindən tranzit dəhlizi kimi istifadə etmişlər. Rayon ərazisində karvansaraylar indi də qədim mədəniyyət abidələri kimi qalmaqdadır. Rayon ərazisində həmçinin tarix-diyarşünaslıq muzeyi də mövcuddur.

Ağdaşda orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları var. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Kukəl kəndi yaxınlığında yerləşir.

Tarixi abidənin adı Tikilmə tarixi Yerləşdiyi ərazi
Şahərgah arxeoloji abidəsi XVI əsr Türyançay qəsəbəsi, Kiçik Qafqaz dağlarının ətəyinin şimal hissəsi
Qarabəy karvansarası XIX əsr Ağdaş şəhəri
Hacı Osman məscidi XIX əsr Ağdaş şəhəri
Türbə XVIII əsr Bulaqotağı kəndi
Surxay qalası XVIII əsr ƏrəbKükəl kəndləri arası, kəndlərin şimal tərəfində Kiçik Qafqaz dağlarında

Yerli media

redaktə

Rayonda iki qəzet – "Ağdaş " və "Gənc Pedaqoq" qəzetləri nəşr olunur.

"Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1932–1937-ci illərdə "Ağdaş pambıqçısı", 1938–1962-ci illərdə "Pambıq uğrunda mübarizə", 1962–1966-cı illərdə – Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub, daha sonra isə rayonda 1966–2003-cü illərdə "Əmək" adı ilə çap olunub. 2003-cü il noyabrın 16-dan qəzet "Ağdaş" adı ilə nəşr olunur. 1938-ci ildən 1968-ci ilədək "Pambıq uğrunda mübarizə" və "Əmək" qəzetlərinin redaktoru Kərim Abdullayev olub. Qəzetin 4 dəfə 1957-ci ildə 25 illik, 1983-cü ildə 50 illik, 2002-ci ildə 70 illik və 2007-ci ildə 75 illik yubileyləri keçirilmişdir. Qəzet 1983-cü ildə Azərbaycan Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. 1983-cü ildə 50 illiyilə əlaqədar qəzetin bir qrup işçisi Azərbaycan Jurnalistlər Ittifaqının diplom və fəxri fərmanlarına təltif olunub, həmçinin rayon partiya komitəsinin fəxri fərmanını alıb. Qəzetin redaktorlarından iki nəfəri – Fikrət Hacıyev və Fariz Rüstəmov "Əməkdar jurnalist" fəxri adına və "Qızıl Qələm" mükafatına layiq görülüb. "Əmək" qəzetində "Zərrəbin" satirik guşəsi və "Tər çiçəklər" ədəbi birliyi fəaliyyət göstərmişdir. Qəzet ayda iki dəfə nəşr olunur. "Gənc Pedaqoq" qəzeti Ağdaş Dövlət Humanitar Kollecinin orqanıdır və 2000-ci ildən nəşr olunmağa başlanmışdır. Qəzet ayda bir dəfə çap olunur.[5]

Şəkillər

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. İstiqlal Yürüşü 1918 Arxivləşdirilib 2019-08-07 at the Wayback Machine Ağayev Yusif, Əhmədov Səbuhi Bakı, "Altun Kitab", 2009, səh 84
  3. "Azerbaijan – Earthquake OCHA Situation Report No. 2 – reliefweb.com". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-09.
  4. "Azərbaycanın Əhalisi". 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
  5. "Ağdaş haqqında". 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-22.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə